Görülən işlər
Azərbaycanda sosial siyasətin mərkəzində
insan amilinin
dayandığını bir daha təsdiqləyir
Milli Məclisin deputatı,
yazıçı-publisist, Əməkdar Jurnalist
Elmira Axundova AzərTAc-a
müsahibə verib. Müsahibəni təqdim
edirik.
- Elmira xanım, Siz Milli Məclisin sosial siyasət komitəsinin üzvüsünüz.
Azərbaycanda həyata keçirilən sosial
siyasətin əsas istiqamətlərini necə xarakterizə
edərdiniz? Hazırda bu sahə üzrə
hansı qanun layihələri üzərində
iş aparılır?
- Son
on il ərzində Azərbaycanda
sosial sahədə çoxlu
qanunlar qəbul olunub,
əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi
istiqamətində mühüm tədbirlər
həyata keçirilib. Cəmiyyətin bütün təbəqələrinin vəziyyəti
xeyli yüksəlib, insanların güzəranı
yaxşılaşıb.
Əlil və şəhid ailələrinin mənzil
və məişət şəraitinin
yaxşılaşdırılması dövlət siyasətinin
mühüm prioritetlərindən biridir. Həmin kateqoriyadan
olan insanlar üçün müasir
tələblərə cavab verən fərdi
və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni
zamanda, dövlət
başçısı tərəfindən imzalanan
müvafiq fərman və sərəncamlara
əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği
hər il artırılır. Bütün respublika
üzrə sosial məsələlər həll
olunur.
Mən 2005-ci ildən Milli
Məclisin Masallı rayonundan seçilmiş üzvüyəm. Deputat seçildiyim dairənin
ərazisində əvvəllər təmir olunmuş
məktəblər, təbii qaz yox idi, yollar
bərbad vəziyyətə düşmüşdü.
Sonradan isə mənzərə tamamilə
dəyişdi. Bildiyiniz kimi,
Prezident İlham
Əliyev insanların sosial
rifahının yaxşılaşmasını prioritet
elan edib. Təkcə
mənim deputat seçildiyim
dairənin ərazisində 15-ə qədər məktəb tikildi, kəndlərarası yollar
çəkildi. Üç xəstəxanadan
ikisi artıq yüksək səviyyədə
təmir olunub, müasir
avadanlıqla təchiz edilib. Bu il mərkəzi klinik xəstəxana da
açılacaq. Olimpiya kompleksləri, idman mərkəzləri tikilir.
Milli Məclis sosialyönümlü qanunların bir çoxunu artıq qəbul
edib. Bütün bunlar bir daha
sübut edir ki, ölkəmizdə sosial
siyasətin mərkəzində insan amili dayanır. Mən çox
istərdim ki, dövlətin gənclərə
sosial dəstəyi, xüsusən gənc
ailələrə dövlət dəstəyinin gücləndirilməsi
haqqında da qanun qəbul
edilsin. Mən belə bir
təkliflə çıxış etmişəm və bunun üzərində iş
aparılır. Sosial siyasət komitəsində
bir neçə qanun
layihəsi müzakirə olunub və plenar iclasa təqdim edilib. Reproduktiv
sağlamlıq haqqında, uşaqların asudə
vaxtlarının səmərəli keçirilməsi
haqqında, mərasimlər haqqında və s.
qanunlar artıq işlənib
hazırlanıb. Sosial qanunvericilik
demək olar ki,
hazırdır. Talassemiya, diabet
haqqında, uşaqların məcburi dispanserizasiyası
haqqında, nikaha girənlər üçün tibbi
arayışlar haqqında və digər qanun
layihələrini də qeyd etmək olar.
- Bir müddət əvvəl
mərasimlər barədə qanunun qəbulu
məsələsi qaldırıldı. Belə bir qanuna ehtiyac
nədən irəli gəlir? Siz Milli Məclisdə məzarlıqlardakı vəziyyəti
də gündəmə gətirdiniz. Bu məsələləri
necə tənzimləmək olar?
-Mərasimlər haqqında qanunun
qəbuluna mütləq ehtiyac var. Mən əslində əvvəllər
qaldırdığım bir məsələni
yenidən gündəmə gətirdim. Məzarlıqların
salınmasında nizam yoxdur.
Qəbir yerlərinin müəyyən olunması, yer haqları ilə bağlı tariflərin
müəyyən edilməsi vahid qaydalarla tənzimlənmir. Halbuki
bu işdə vahid
tariflər müəyyən olunmalıdır. Bu,
zamanın tələbidir. Mən təklif etdim ki, bütün
sadaladığım məsələlər müvafiq
qanunda öz əksini
tapsın. Ən əsası isə məzarlıqlardakı vəziyyətin
müsbətə doğru köklü
surətdə dəyişdirilməsi üçün
maliyyə mənbələri
araşdırılmalıdır. Ölkənin inkişaf səviyyəsini
iki amil səciyyələndirir:
yollar və məzarlıqlar.
Yollarımızı ölkə rəhbərliyinin dəstəyi
ilə sahmana salmışıq. Bakı məzarlıqlarında
da vəziyyətin düzəldilməsinə
ehtiyac var.
- Azərbaycanda bir milyondan artıq
qaçqın və məcburi köçkün
var. Onların sosial problemlərinin
həlli istiqamətində görülən işləri necə
qiymətləndirirsiniz?
- Son 10 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Həmin müddətdə Azərbaycan Prezidenti tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı fərman və sərəncamlar imzalanıb, onların yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı qəbul edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də bu istiqamətdə mühüm işlər görür. Məcburi köçkünlər üçün yeni qəsəbələr, şəhərciklər salınır. Onlar dövlət dəstəyi ilə tam əhatə olunublar. Ötən dövrdə dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği artırılıb, ünvanlı sosial yardımlar verilib. Kommunal xidmətlər üçün vəsaitin məbləği çoxalıb. Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin edilməyən məcburi köçkünlərə orta aylıq əməkhaqqı ödənilir. Dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan məcburi köçkün tələbələrin təhsil xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilir.
- Bəzi beynəlxalq qurumlar
və ölkələr Azərbaycanın Dağlıq Qarabağ, qaçqın və məcburi köçkün problemini
deyil, insan haqları, siyasi məhbus və digər bu
kimi qondarma məsələləri
gündəmə gətirirlər. Sizcə bu
cür yanaşma nədən
irəli gəlir?
- Beynəlxalq standartları yaradan böyük dövlətlərin, qurumların həmin standartlara əməl etməməsi əlbəttə, təəssüf doğurur. Son vaxtlar Azərbaycan ədalətsizliklərlə, ikili standartlarla daha çox üzləşir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə biganəlik, ölkəmizlə bağlı yayılan əsassız və qərəzli bəyanatlar buna nümunədir. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Təəssüf ki, bəzi beynəlxalq qurumlar, özlərini demokratiyanın beşiyi adlandıran dövlətlər beynəlxalq hüququ pozmaqda davam edirlər. Hamı bilir ki, bizdə qanunsuz həbs olunmuş məhbus yoxdur. Heç kim söylədiyi hansısa fikrə görə həbs edilmir. Bunların hamısı Azərbaycanın beynəlxalq miqyasda imicinə kölgə salmaq, ölkəmizi dünya ictimaiyyətinə qeyri-demokratik bir ölkə kimi göstərmək üçündür. Azərbaycan isə yürütdüyü müstəqil daxili və xarici siyasətlə öz milli maraqlarını qorumaqda davam edir. Bu cür təzyiqlər, ikili standartlar ölkəmizin milli maraqlara söykənən müstəqil siyasətinə heç bir təsir göstərə bilməz. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, “Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar”.
- Siz ixtisasca
jurnalistsiniz və yetərincə peşə
təcrübəniz var. Mövzumuzun
kontekstindən bir qədər kənara
çıxıb soruşmaq istərdim:
müharibə şəraitində olan
ölkədə jurnalistin üzərinə
hansı vəzifələr düşür?
Media təmsilçilərinin bununla bağlı fəaliyyəti sizi qane edirmi?
- Mən jurnalist kimi reportajlar hazırlayanda həmişə fikirləşirdim ki, heç vaxt ölkəmizin adına xələl gətirməməliyəm. Həmişə düşünmüşəm ki, mən Azərbaycanın təmsilçisiyəm, ölkəmizin milli maraqlarını müdafiə etməliyəm. Həmişə də çalışmışam ki, Azərbaycanla bağlı həqiqətləri yayım. Hesab edirəm ki, indi hərbi jurnalistika böhran keçirir. Hərbi jurnalistika ilə peşəkar şəkildə məşğul olmaq lazımdır. Bütün ali təhsil müəssisələrində jurnalistika fakültələrində ixtisaslaşma getməlidir, hərbi jurnalistlər hazırlanmalıdır. Müdafiə Nazirliyi ilə sıx əlaqə qurulmalıdır. Mütəmadi olaraq treninqlər keçirilməlidir, jurnalistlər tez-tez hərbi hissələrdə olmalıdırlar. Biz bu mövzuda az yazırıq, hərbi hissələrdə az oluruq. Böyük Vətən müharibəsi illərində bütün qəzet və jurnallarda hərbi müxbirlər var idi. Düşünürəm ki, indi də hər bir mətbu orqan hərbi jurnalist hazırlamalıdır. Hərbi hissələrə gedib reportajlar hazırlanmalı, milli qəhrəmanlarımız haqqında yazılar yazılmalı, filmlər çəkilməlidir.
Müharibə şəraitində olan ölkədə jurnalistin üzərinə hansı vəzifələrin düşdüyü ilə əlaqədar, bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin yanında müşavirə də keçirilmişdi. Bu müşavirədə ölkənin informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlər müzakirə edilmişdi. Ötən il avqust ayının əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq şəkildə nümayiş etdirdi. Bəzi KİV-lər tərəfindən cəbhə xəttində vəziyyət barədə yanlış, düşmənin maraqlarına xidmət edən məlumatlar yayıldı. Təbii ki, bütün bunlar təəssüf doğurur. Müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər bu məsələlərə ciddi yanaşmalıdırlar.
Ülviyyə Məmmədli
Respublika.-2015.-25 fevral.-S.5.