Milli Məclisin payız sessiyasının başladı

 

Dünən Milli Məclisin payız sessiyası öz işinə başladı. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndi. İlk plenar iclasda 39 məsələ müzakirəyə çıxarıldı. Bunlar Azərbaycan Respublikası ilə digər ölkələr və beynəlxalq təşkilatlar arasında imzalanan sazişlərin təsdiq edilməsi, eləcə də müxtəlif qanun layihələrinə edilən dəyişikliklər idi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, birbaşa qanun layihələrinin müzakirəsinə keçirilir.

Gündəlikdəki ilk məsələ Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı idi. Müzakirələrdə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bir neçə təklif səsləndirdi. Deputat səhiyyə qanunvericiliyində müəyyən dəyişikliklərin edilməsini zəruri saydı. Qeyd etdi ki, bu dəyişikliyə əsasən anadangəlmə danışma və eşitmə qüsuru olan uşaqların müalicəsi üçün hökumət tərəfindən müəyyən qədər vəsait ayrılarsa bunun müsbət nəticəsi ola bilər. Çünki həmin uşaqların böyüdükdən sonra sağalmaları böyük problemə çevrilir. Komitə sədrinin müavini, həmçinin müəllimlərə və həkimlərə ipoteka kreditlərinin verilməsində müəyyən güzəştlərin edilməsini də vacib bildi: “Təklif edirəm ki, “İpoteka haqqında” qanunda bir sıra dəyişiklik edilsin. Hətta müəllim və həkimlər həmin qanunda xüsusi kateqoriyalı şəxslər kimi qeyd olunsun ki, onlar ipoteka kreditlərini güzəştli şəkildə götürə bilsinlər”.

Deputat Zahid Oruc isə “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edilməsi təklifi ilə çıxış etdi. Onun fikrincə, son vaxtlar cəbhə xəttində vəziyyətin gərginləşməsi müşahidə olunur. Bəzi mətbuat orqanları Müdafiə Nazirliyinin yaydığı məlumatları qeyri-məhdud formada dərc edirlər. Ona görə də mövcud qanunda dəyişiklik edilməlidir ki, Müdafiə Nazirliyinin xəbərləri ön planda olsun, yəni televiziyalar nazirliyin məlumatlarını birinci xəbər kimi təqdim etsinlər. Onun fikrincə, müharibə şəraitində yaşayan bir dövlətdə cəbhə xəbərləri ön sırada olmalıdır.

Deputat Qənirə Paşayeva da Musa Quliyevin təklifini müdafiə etdi. Bildirdi ki, dövlətin sosial ipotekadan daha çox insanlarımızın yararlanması istiqamətində apardığı siyasət cəmiyyətdə çox yüksək qiymətləndirilir və hər kəs inanır ki, yaxın zamanlarda orta məktəb müəllimlərinin, hərbçilərin, elm arxasınca gedən insanların sosial ipotekadan güzəştli şərtlərlə yararlana bilməsi üçün addımlar atılacaq.

Deputat Qüdrət Həsənquliyev isə qeyd etdi ki, cəbhədəki son hadisələr ATƏT-in Minsk qrupunu nəinki narahat etmədi, hətta qurum işğalçı Ermənistana şifahi xəbərdarlıq belə etməkdən çəkindi. Bu isə bir daha sübut edir ki, münaqişənin həlli istiqamətində fəaliyyət göstərən Minsk qrupu status kvonun dəyişdirilməsində maraqlı deyil, əksinə, vəziyyətin bu cür qalmasının tərəfdarıdır.

Deputat Xanhüseyn Kazımlı isə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda dəyişikliklərin edilməsinin vacibliyini vurğuladı.

Gündəlikdəki ilk məsələ təsdiqləndikdən sonra Milli Məclisdə Səriyyə Seyidovanın yenidən Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar qəbul edildi.

2015-ci il aprelin 28-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları barədə Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi” haqqında isə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Bildirildi ki, bu qanun ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Parlament tərəfindən 2015-ci il 28 aprel tarixində qəbul edilmiş bu qanun imzalanmaq üçün Azərbaycan Prezidentinə təqdim edilmişdir. Ancaq qanunun bəzi müddəaları Azərbaycan Konstitusiyasının 93-cü maddəsinin IV hissəsi və 109-cu maddənin 7-ci bəndi ilə ziddiyyət təşkil edib. Yenidən Milli Məclisə göndərilən sənəd üzərində iş aparılmış və ziddiyyətli məqamlar aradan qaldırılmışdır.

Sənəd səsə qoyularaq qəbul edildi.

“Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Sənədlə bağlı məlumat verən parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, bu qanun Azərbaycan Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Layihəyə əsasən bəzi hallar istisna olmaqla vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılacaq. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olundu.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəlikdə olan 7 məsələ Azərbaycan Respublikasının digər ölkə və təşkilatlarla qarşılıqlı münasibətlərini daha da möhkəmləndirəcək saziş, bəyannamə və memorandumlardır. Bu sənədlər NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında xüsusi təyinatlı qüvvələrin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası hökuməti ilə Özbəkistan Respublikası hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası hökuməti ilə Polşa Respublikası hökuməti arasında dəniz nəqliyyatına dair” Sazişin təsdiq edilməsi barədə qanun layihələri idi. Deputatlar bu sənədlərə müsbət rəy bildirdilər və qeyd etdilər ki, milli maraqlarımıza xidmət edən bu sazişlər, bəyannamələr ölkəmizin beynəlxalq əlaqələrinin daha da güclənməsinə və münasibətlərin inkişafına öz təsirini göstərəcək.

Sənədlərin təsdiqindən sonra iclasda “Azərbaycan Respublikası hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarıldı. Bu sənədlə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Bildirdi ki, bu sazişə qoşulmaqla Azərbaycan uğurları sırasına daha birini əlavə etmiş olacaq. Belə ki, Bakı şəhərində FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı)-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi təsis ediləcək. Bu qurumda yalnız yerli mütəxəssislər işə cəlb olunacaq.

Hər iki sənəd səsə qoyularaq qəbul edildi.

“Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə isə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. O, bildirdi ki, bu sənəd Azərbaycanda ödənişli məzuniyyətə çıxan insanlar üçün önəmlidir. Belə ki, bu qanuna uyğun olaraq Azərbaycan vətəndaşları üçün ən aşağı məzuniyyət 21 gün təyin ediləcək. Qanun layihəsi səsə qoyularaq qəbul olundu.

Gündəlikdəki Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli məlumat verdi. Bildirildi ki, bu dəyişikliklərə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri genişləndirilir. Dəyişikliklərə əsasən, konsula Azərbaycan vətəndaşlarına pasport vermək, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək hüququnun verilməsi nəzərdə tutulur. Xatırladaq ki, hazırda konsulun səlahiyyəti yalnız Azərbaycan vətəndaşlarına pasport vermək hüququ ilə məhdudlaşır.

Digər sənədə edilən dəyişikliyə əsasən, nöqsanlara yol verən diplomatik əməkdaşlara qarşı cəzalar sərtləşdirilir. Qanun layihəsində qeyd olunub ki, “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.

Müzakirələrdə çıxış edən deputatlar İsa Həbibbəyli və Zahid Oruc dəyişiklikləri müsbət qiymətləndirərək bildirdilər ki, Azərbaycanı istəyənlərlə yanaşı, istəməyən qüvvələr də mövcuddur və həmin dairələr hərdən bəzi şəxslərdən istifadə etməyə cəhd göstərirlər. Ona görə də bu dəyişiklik diplomatik korpus əməkdaşlarını daha diqqətli olmağa sövq edəcək.

İclasda 7 sənədə - “Hərbi qulluqçuların statusu haqqında”, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, İnzibati Xətalar Məcəlləsində, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanun layihələrinə texniki dəyişiklik edildi. Bildirildi ki, bu dəyişikliklər Milli Məclis tərəfindən qəbul olunmuş “Hərbi vəzifə, hərbi xidmət” haqqında qanun layihəsinə uyğunlaşdırmaq məqsədi daşıyır.

Deputatlar həmçinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə müsbət rəy bildirdilər.

Qısa fasilədən sonra gündəlikdəki məsələlərin müzakirəsi davam etdirildi. Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, dəyişikliyə əsasən, qanunun 7-ci maddəsinin 1-ci hissəsinin altıncı abzasında “yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların” sözlərinin “bələdiyyə yollarının və təsərrüfatdaxili yolların” sözləri ilə əvəz olunması nəzərdə tutulur. Qanun layihəsi təsdiq olundu.

İclasda daha sonra Mülki Məcəllədə, Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də, “Torpaq bazarı haqqında” və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarıldı. Bildirildi ki, qanun layihələri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1145-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1025 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Dəyişikliklər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxsin həmin torpaq sahəsini 5 il müddətində özgəninkiləşdirə bilməməsi barədə məhdudiyyət və belə məhdudiyyətin bələdiyyənin qərarında və tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmasına dair məsələləri tənzimləyir.

Qanun layihələri təsdiq olundu.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun məlumatından sonra deputatlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələrinə müsbət münasibət bildirdilər.

İclasda daha sonra Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarıldı. Milli Məclisin deputatı Rafael Cəbrayılov bildirdi ki, layihələr “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 6.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Dəyişikliklər torpaqların, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə olunmasına görə cinayət məsuliyyəti müəyyən edən qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur.

Hər iki qanun layihəsi təsdiq olundu.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli və 07 avqust 2015-ci il tarixli 575 nömrəli fərmanlarının icrası ilə əlaqədar bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi üçün lazım olan vəsaitin cəlb edilməsindən ötrü sözügedən qanunla təsdiq edilmiş daxili dövlət borclanmasının yuxarı həddinin (limitin) 3 milyard manat artırılaraq 4,5 milyard manat olmasını nəzərdə tutur.

Qanun layihəsi qəbul edildi.

İclasda deputatlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələrinə də müsbət münasibət bildirdilər.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Babək rayonunun Qoşadizə kəndinin Babək qəsəbəsinə birləşdirilməsi haqqında qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirildi ki, Qoşadizə kəndi sosial-iqtisadi, kommunikasiya, kommunal təsərrüfat, əhalinin məşğuliyyəti baxımından Babək qəsəbəsi ilə əlaqəlidir. Deputat İsa Həbibbəyli də Qoşadizə kəndinin Babək qəsəbəsinə birləşdirilməsinin tamamilə doğru addım olduğunu diqqətə çatdırdı.

Qanun layihəsi təsdiq olundu.

Milli Məclisin dünən keçirilən iclasında son olaraq “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarıldı. Layihə ilə bağlı Milli Məclisin deputatı Rafael Cəbrayılov məlumat verdi. Qeyd olundu ki, qanunun qəbulunda məqsəd Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən etməkdir. Publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və bələdiyyə orqanı olmayan təşkilatdır.

Müzakirələr zamanı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, deputatlardan Məlahət İbrahimqızı, Asim Mollazadə layihə ilə bağlı fikirlərini bildirdilər.

Yekunda qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Milli Məclisin Sədri Oqtay Əsədov yaxın günlərdə gələn ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan məsələlərin müzakirəyə çıxarılacağını bildirdi. Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV,

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 2.