Fransanın “Le Nouvel Observateur”
qəzetində Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli
qətnaməsi tənqid
edilib
Fransanın nüfuzlu “Le Nouvel Observateur” qəzetində Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini tənqid edən məqalə dərc olunub.
Məqalədə deyilir ki, Avropa Parlamenti bu qətnaməni qəbul edərkən gələcəkdə Azərbaycanın Avropa İttifaqının əsas ticarət potensialı ola biləcəyini unudub. Əgər Avropa Parlamenti özünü insan hüquqlarının keşişçisi hesab edirsə və gələcəkdə Bakı ilə müxtəlif formada əlaqələrini gücləndirmək istəyirsə beynəlxalq münasibətlərdə vacib sayılan fundamental amilləri nəzərə almalıdır. Beynəlxalq münasibətlərdə təhdid qarşılıqlı münasibətlərə əks təsir göstərir. Beləliklə, sual yaranır ki, Avropa İttifaqının bu üsullardan şərq sərhədlərində yerləşən dövlətlərə qarşı istifadəsi nə dərəcədə onun maraqlarına cavab verir?
Məqalənin müəllifi İlan Scialom qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda yerləşən yeganə Şərq Tərəfdaşlığı ölkəsidir ki, nə Avropa İttifaqı ilə, nə də Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığa dair assosiativ saziş imzalayıb. Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə Azərbaycanla münasibətlərin soyumasına səbəb olur. Eyni zamanda, belə bir qətnamənin qəbul edilməsi digər qonşu dövlətlərə mənfi siqnal verir və onlarda bu cür sənədin növbəti qurbanının hansı ölkə olacağı düşüncəsini yaradır.
Məqalədə bildirilir ki, Azərbaycan Avropa İttifaqı üçün regionda mühüm rol oynaya biləcək ölkədir, mühüm strateji coğrafi mövqeyə malikdir. Bir neçə digər mühüm amillərlə də Azərbaycanın Avropa İttifaqı üçün əlverişli ölkə olduğunu sübut etmək mümkündür. Bu sırada TAP və TANAP layihələri vasitəsilə enerji təminatı, Xəzər dənizi vasitəsilə Türkmənistan qazının Avropa İttifaqı ölkələrinə çatdırılması və eləcə də Azərbaycanın regionda terrorizmə qarşı mübarizəsi vurğulanmalıdır. Bununla belə, ilk dünyəvi müsəlman ölkəsi olan Azərbaycan Avropadakı tərəfdaşlarından demokratik dəyərlərin təbliğinə dair aydın strategiyanın ortaya qoyulmasını gözləyir.
Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 4.