Rixard Zorgenin 120 illik
yubileyi qeyd olundu
Dünən Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin, Rusiyanın ölkəmizdəki səfirliyinin, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin, Ali Hərbi Məktəbin, muzeylərin, digər idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Öncə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndirildi. Sonra Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-Zadə “Əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin həyatı və hərbi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, 1895-ci il oktyabrın 4-də Bakıda anadan olan alman əsilli əfsanəvi kəşfiyyatçı, “gizli cəbhə”nin qorxmaz döyüşçüsü Rixard Zorge İkinci Dünya müharibəsində faşizmlə mübarizədə fəal iştirak edib, Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirib. Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci Dünya müharibəsi zamanı Almaniya, Çin, Yaponiya və Avropanın bir sıra ölkələrində “Ramzay” kod adı ilə böyük agentura şəbəkəsinə nəzarət etmiş R.Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən Hitler Almaniyası tərəfindən SSRİ-yə qarşı başlanacaq hücum barədə qabaqcadan məlumat verməsidir.
Diqqətə çatdırıldı ki, fəaliyyətinə görə R.Zorge 1941-ci ilin oktyabrında Yaponiya polisi tərəfindən həbs edilib və 1944-cü ildə edam olunub. Əfsanəvi kəşfiyyatçının ölümündən 20 il sonra - 1964-cü il noyabrın 5-də Rixard Zorge Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə muzeyin hərb tarixi şöbəsinin rəisi Gülşən Hüseynova “Rixard Zorge alim, jurnalist, yoxsa kəşfiyyatçı” mövzusunda çıxış etdi. O bildirdi ki, R.Zorge həm də siyasi elmlər sahəsində sınanmış savadlı xadim kimi tanınıb və 1919-cu ilin avqustunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Universal bacarığı və istedadı ona xidməti tapşırıqlarının layiqincə yerinə yetirilməsində geniş imkanlar yaradıb.
Digər çıxış edənlər də R.Zorgenin həyatı və hərbi fəaliyyəti barədə danışdılar. Qeyd olundu ki, əfsanəvi kəşfiyyatçının xatirəsi ölkəmizdə əbədiləşdirilib, Bakıda R.Zorgenin adına park, küçə və məktəb var.
Tədbirdə kəşfiyyatçı barədə qısametrajlı film göstərildi və R.Zorge adına 90 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi kompozisiya nümayiş etdirildi.
Elnur HADIYEV,
Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 11.