Əsrlərdən gələn səslər

 

Qədim dövlətlərin tarixinin öyrənilməsində arxeoloji qazıntıların mühüm əhəmiyyət daşıdığı şübhəsizdir. İbtidai icma quruluşunun müəyyən tarixi mərhələdə sinifli cəmiyyətlə - dövlət qurumu ilə əvəzlənməsi barədə uzun illər elmdə möhkəmlənmiş nəzəriyyə son dövrlərdə daha dərindən araşdırılmaqdadır. Son iyirmi ildə aparılan tədqiqatlar nəticəsində irəli sürülmüş ən dolğun nəzəriyyələrdən birini 2,5 milyon illik ibtidai icma quruluşunun iki mərhələyə bölünməsi təşkil edir. Birinci, erkən mərhələdə tələbata görə bölgü hökm sürmüş, istehsal vasitələri və istehlak məhsulları üzərində icma mülkiyyəti mövcud olmuşdur. Lakin müəyyən müddətdən sonra bunlardan bir çoxu üzərində fərdi nəzarət meydana çıxır. İkinci - son mərhələdə əmək bölgüsü, fərdi mülkiyyət və müəyyən əmlak bərabərsizliyi meydana çıxır, lakin istehsal vasitələri üzərində ümumi icma mülkiyyəti saxlanılır. Son illərin arxeoloji tədqiqatları əsasında bura onu da əlavə etmək olar ki, bu dövrdə istehsal üzərində nəzarət sistemi formalaşır.

Bu nəzəriyyənin müddəaları kontekstində Azərbaycanın Miladdan əvvəlki VI-III minilliklər tarixini ibtidai icma dövrünün ikinci mərhələsinə aid etmək olar. Arxeoloji tədqiqatlar göstərir ki, yuxarıda sadalanan tarixi proseslər Azərbaycan ərazisində istehsal təsərrüfatının formalaşması və inkişafı ilə əlaqədar qeyd edilən xronoloji çərçivədə baş vermişdir.

Azərbaycan Yaxın Şərq - Qafqaz regionunda qədim dövlətçilik ənənələrinə malik ölkələrdən biridir. Onun təbii-coğrafi və geostrateji mövqeyi hələ qədim dövrlərdən bu ərazilərdə məskunlaşmış əcdadlarımızın iqtisadi və sosial həyatında mühüm rol oynamışdır. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan tarixən baş vermiş regionlararası qlobal xarakterli beynəlxalq proseslərin cərəyan etdiyi ərazilərdən olmuşdur. Məhz bu səbəblərdən Azərbaycan ərazisində hələ qədim zamanlardan cəmiyyətdə dövlət sisteminin rüşeymlərini təşkil edən müəyyən idarəçilik-inzibati sistem yaranmışdır.

Ənənəvi olaraq belə hesab edilir ki, Şimali Azərbaycan, yəni müasir Azərbaycan Respublikasının ərazisində ilk dövlət Miladdan əvvəl IV əsrdə yaranmış Qafqaz Albaniyası olmuşdur. Bütün ali və orta məktəb dərsliklərində də belə yazılmışdır. Bu onunla əsaslanır ki, bu dövlət haqqında müxtəlif dilli qədim yazılı mənbələrdə geniş məlumatlar öz əksini tapmış, eyni zamanda arxeoloji qazıntılar nəticəsində də bu dövlətin şəhərləri və çoxsaylı qəbir abidələri tədqiq edilmişdir. Beləliklə də, Albaniya haqqında tarixi və arxeoloji araşdırmalar bir-birini tamamlayır. Başqa sözlə, uzun əsrlər mövcud olmuş Albaniyanın Azərbaycanın dövlətçilik tarixində mühüm yeri vardır.

Albaniya dövlətinin yaranmasına qədərki bütün tarixi mərhələlər isə bir qayda olaraq ibtidai icma quruluşuna aid edilmişdir. Ən yaxşı halda Miladdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəlləri isə ibtidai icma quruluşundan sinifli cəmiyyətə keçid, dövlətin ilk rüşeymlərinin yaranma mərhələsi kimi qiymətləndirilmişdir. Lakin bu mərhələyə qədərki xalkolit və xüsusilə də Tunc dövrünün yaşayış məskənlərindəki o dövr üçün mükəmməl memarlığı, qalaları, üzərində nəzarətin təşkil edildiyi istehsal mədəniyyətini, uzaq ölkələrlə ticarət əlaqələri ilə müşayiət edilən iqtisadi yüksəlişi, mis, qızıl, gümüş və digər qiymətli metalların istehsalını, zəngin maddi mədəniyyət nümunələrini, o cümlədən hərb işinin danılmaz sübutları olan çoxsaylı qılınc, xəncər, nizə və ox ucluqlarının aşkar edildiyi nəhəng kurqanları çətin ki, ümumi mülkiyyətə əsaslanan ibtidai icma quruluşunun erkən mərhələsində yaşayan cəmiyyətlərə aid etmək düzgün olsun.

Şübhəsiz, hər hansı qədim dövlətin tarixindən bəhs edərkən ilk növbədə yazılı mənbələrə müraciət edilməlidir. Digər tərəfdən, Azərbaycanın Albaniyaya qədərki daha qədim dövrlərə aid tarixi yazılı mənbələrin olmaması səbəbindən yalnız arxeoloji qazıntılar əsasında öyrənilir. Eyni zamanda, həm Albaniya, həm də sonrakı orta əsrlər dövrünün tarixini də arxeoloji qazıntılarsız mükəmməl öyrənmək qeyri-mümkündür. Onilliklər ərzində və xüsusilə də son zamanlar aparılan arxeoloji tədqiqatlar Şimali Azərbaycan ərazisində erkən dövlətçilik, idarəçilik ənənələrinin daha qədim tarixə malik olduğunu göstərir.

Hələ Neolit dövründə - Miladdan əvvəlki VII-VI minilliklərdə bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycanda erkən istehsal təsərrüfatı təşəkkül tapmışdır. O dövrün abidələri Gəncə-Qazax, Naxçıvan və Qarabağ bölgələrində tapılmışdır. Bu mərhələdə oturaq əkinçilik və maldarlıq genişlənir, daşdan və sümükdən istehsal alətləri tətbiq edilirdi. İstehsal təsərrüfatının yaranması ilə istehsal vasitələri və ümumi məhsul üzərində, şübhəsiz, müəyyən nəzarət də meydana çıxırdı. Eyni zamanda bu dövr abidələrində aşkar edilən, müxtəlif daşlardan hazırlanmış əsa başlıqları və ya toppuzlar tədqiqatçılar tərəfindən birmənalı şəkildə hakimiyyət simvolu hesab edilir.

Sonrakı tarixi mərhələdə Miladdan əvvəl V minilliyin ikinci yarısı - IV minilliyi əhatə edən xalkolit dövründə istehsal təsərrüfatı daha da yüksəlmiş, Azərbaycanın qədim əhalisinin qonşu regionların tayfaları ilə mədəni-iqtisadi əlaqələri genişlənmişdir. Həmin dövrdə Azərbaycan Yaxın Şərq sivilizasiyalarının tərkib hissəsi kimi inkişaf edirdi. Arxeoloji qazıntılar bu tarixi mərhələdə Azərbaycan ərazisində Leylatəpə mədəniyyətinin yayıldığını sübuta yetirmişdir. Bu dövrdə, yəni Miladdan əvvəl IV minilliyin birinci yarısında Leylatəpə mədəniyyətinin sıx bağlı olduğu Yaxın Şərq əraziləri, yəni Şimali Mesopotamiya və Şərqi Anadolu erkən dövlətlərin yaranma ərəfəsində idi. Həmin regionlardakı bir sıra istehsal, idarəçilik ənənələrinin bir qismi Arazdan şimaldakı Azərbaycan torpaqlarında da yayılmışdır. Bu ənənələr sırasında ilk növbədə kütləvi istehsalın məhsulu olan keramika məmulatını qeyd etmək lazımdır. Qafqazda ilk dəfə olaraq məhz Leylatəpə mədəniyyəti abidələrində keramika istehsalında dulus çarxının tətbiq edilməsi faktları məlumdur. Azərbaycanda ilk dəfə olaraq məhz Leylatəpə mədəniyyətinin saxsı qabları üzərində dulusçuların vurduqları tanınma işarələri diqqəti cəlb edir. Bu spesifik işarələr gil qabların hazırlanması zamanı istehsal üzərində xüsusi nəzarət sisteminin olduğunu göstərir.

Bu mərhələdə qədim metallurgiyanın görünməmiş yüksək vüsət aldığını xüsusilə qeyd etmək lazımdır. Məlum olduğu kimi, metalın kəşfi qədim insanların həyatında mühüm dönüş nöqtəsidir. Arxeoloji qazıntılar zamanı Leylatəpə mədəniyyəti abidələrindən də həm çoxsaylı metal əşyalar, həm də metal istehsalında istifadə edilən alətlər - qəliblər, butələr və s. aşkar edilmişdir. İlk dəfə olaraq məhz bu dövrdə mis əsaslı metaldan xəncərlər hazırlanmışdır. Bu isə heç şübhəsiz, cəmiyyətdə sosial-iqtisadi bərabərsizliyin, iyerarxik strukturun mövcudluğunu və silahlı toqquşmaların baş verdiyini göstərir. Əvvəlki tarixi mərhələyə aid abidələrdə çox nadir hallarda metal məmulatına (kiçik ölçülü muncuqlar və s.) rast gəlinirdi. Lakin Leylatəpə mədəniyyəti abidələrindən o dövr üçün çoxsaylı hesab edilən onlarca metal əşyalar tapılmışdır və bütün bunlar metallurgiyanın müstəqil bir sahə kimi təşəkkül tapdığını göstərirdi. Bu da öz növbəsində heç bir halda ibtidai əmlak bərabərliyi zəminində mümkün ola bilməzdi.

Xalkolit dövründə cəmiyyətin sosial-iqtisadi həyatında mühüm rol oynayan əsas nəqliyyat vasitələrindən biri olan arabaların ixtira edilməsi yeni coğrafi arealların mənimsənilməsi, miqrasiyalar, əlaqələrin genişlənməsi və s. problemlərin həllində əsaslı rol oynamışdır. Miladdan əvvəlki IV minilliyə aid həm Leylatəpə, həm də Kür-Araz mədəniyyətləri abidələrindən gildən hazırlanmış çoxsaylı araba təkəri nümunələrinin aşkar edilməsi bu cəmiyyətlərdə artıq sosial bərabərsizliyin mövcudluğundan xəbər verir. Belə ki, o dövrdə ən mühüm və mükəmməl nəqliyyat vasitəsinə nə hər kəs sahib ola, nə də arabalar ümumi istifadədə ola bilərdi.

Leylatəpə mədəniyyəti cəmiyyətində sosial bərabərsizliyi qəbir abidələrinin qazıntıları zamanı da müşahidə etmək mümkündür. Bu mədəniyyətə aid Soyuqbulaq kurqanlarında (Ağstafa rayonu) azsaylı avadanlıqlarla müşayiət edilən qəbirlərlə yanaşı, qızıldan və gümüşdən hazırlanmış zəngin metal məmulatının olduğu qəbir də tədqiq edilmişdir. Şübhəsiz, bu, cəmiyyətdə yüksək sosial statusa malik şəxsin şərəfinə qurulmuş dəfn abidəsidir.

Leylatəpə mədəniyyəti dövründə xüsusi mülkiyyətin, sosial bərabərsizliyin mövcudluğunu sübut edən ən mühüm tapıntılardan biri gildən hazırlanmış möhürlərdir. Belə möhürlər Böyük Kəsik yaşayış məskənində (Ağstafa rayonu) aşkar edilmişdir. Möhürlərdən istifadə isə müəyyən əmlak üzərində xüsusi mülkiyyətin ilkin əlamətidir.

Qarabağda - Ağcabədi rayonu ərazisində Azərbaycan-Almaniya birgə ekspedisiyasının Neolit dövrü (Miladdan əvvəlki VI minillik) yaşayış məskənindəki qazıntıları zamanı gildən hazırlanmış konusşəkilli, elmi ədəbiyyatda “jeton” və ya “token” adlandırılan əşyalar aşkar edilmişdir. Şərurda Kür-Araz mədəniyyətinə aid I Maxta (m.ə. IV minillik) yaşayış yerində isə yastı-diskşəkilli əşyalar tapılmışdır. Ön Asiyanın hələ Miladdan əvvəlki VII-VI minilliklərə aid abidələrindən məlum olan müxtəlif formalı belə əşyalardan istehsal məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi üçün istifadə edilmişdir. Leylatəpə mədəniyyəti abidələrində aşkar edilmiş saxsı qab fraqmentlərindən hazırlanmış diskşəkilli əşyalar da çox güman ki, eyni funksiyanı daşımışlar. Bu faktlar Miladdan əvvəlki VI-IV minilliklərdə Ön Asiya-Cənubi Qafqaz regionunda xüsusi mülkiyyətin təzahürlərindən olan ticarət əlaqələrinin, malların mübadiləsinin inkişaf etdiyini göstərir.

Leylatəpə mədəniyyətində qeyd etdiyimiz ənənələr sonrakı dövrlərdə - Miladdan əvvəlki III minillikdə Kür-Araz mədəniyyətinin sonrakı mərhələsinə aid cəmiyyətlərdə daha geniş şəkildə yayılmışdır. Bu mədəniyyətin ilk yarandığı arealdan - Araz çayının orta hövzəsindən Şimali Qafqaza, digər tərəfdən isə Aralıq dənizi sahillərinə qədər yayılması heç şübhəsiz həmin cəmiyyətdə müəyyən idarəçilik qaydaları zəminində baş verə bilərdi. Məhz Miladdan əvvəlki III minillikdə Kür-Araz mədəniyyətinin də yayıldığı Urmiya hövzəsində, Şərqi Anadolu-Şimali Mesopotamiyada artıq sinifli cəmiyyətlər və erkən şəhər dövlətləri yaranmışdı. Əlbəttə bu bölgələrlə sıx iqtisadi-mədəni münasibətlərdə olan Azərbaycan ərazisindəki, xüsusilə də Araz çayı vadisindəki əhali bu dövlətçilik ənənələrinin müəyyən cəhətlərini mənimsəməmiş deyildi. Naxçıvan ərazisindəki Kür-Araz mədəniyyətinə aid iri yaşayış məskənləri bunu sübut edir. Babək rayonu ərazisindəki I Kültəpə, II Kültəpə və digər yaşayış məskənlərində bəzən 10 metrə yaxın mədəni təbəqənin aşkar edilməsi burada uzun əsrlər boyu fasiləsiz yaşayışın olduğunu sübut edir. Həyatın uzun müddət bir məskəndə fasiləsiz olaraq davam etməsi, əlbəttə, o dövrdə yalnız müəyyən idarəçilik sisteminə əsaslanan cəmiyyətlərdə mümkün ola bilərdi. Miladdan əvvəl IV-III minilliklərə aid eyni həcmli mədəni təbəqəsi olan və artıq sinifli cəmiyyətlərin mövcud olduğu Yaxın Şərq abidələri buna nümunədir.

Miladdan əvvəl IV-III minilliklərdə Şimali Azərbaycan ərazisində yuxarıda qeyd etdiyimiz yüksəliş sosial-iqtisadi proseslərin, məhsuldar qüvvələrin inkişafını və bunların nəticəsi olaraq cəmiyyətdə sosial təbəqələşmə meyillərinin gücləndiyini söyləməyə əsas verir. Lakin erkən, qədim dövlətlərin meydana çıxması minilliklər ərzində inkişaf etmiş belə sosial-iqtisadi proseslərin məntiqi nəticəsi olaraq baş vermişdir. Buna görə də həmin dövrlərdə Arazdan şimaldakı Azərbaycan torpaqlarında hər hansı dövlət sisteminin tam formalaşdığını iddia etmək üçün əlimizdə hələlik kifayət qədər fakt yoxdur.

Yaxın Şərqlə sıx iqtisadi-mədəni əlaqələr kontekstində inkişafın məntiqi nəticəsi olaraq artıq Orta Tunc dövründə - Miladdan əvvəl II minilliyin birinci yarısında Naxçıvan və Qarabağ bölgələrində erkən şəhər tipli yaşayış məskənləri meydana çıxır. Müdafiə istehkamlarına malik bu şəhər yerlərində aparılan qazıntılar o dövrün yüksək inkişafından xəbər verir. Belə abidələr sırasında Naxçıvandakı II Kültəpə və Qarabağda, Ağdam rayonu ərazisindəki Üzərliktəpə və Füzuli rayonundakı Qaraköpəktəpə abidələrini xüsusilə qeyd etmək lazımdır. Müdafiə divarlarına malik bu yaşayış yerləri hələ 3,5-4 min il əvvəl dövlətin erkən forması olan şəhər dövlətlərin Azərbaycanda yarandığını söyləməyə əsas verir. Azərbaycan ərazisində tədqiq edilmiş Orta Tunc dövrünün nəhəng kameralı kurqanları bəhs edilən məsələ ilə əlaqədar diqqəti cəlb edir. Çoxsaylı, zəngin arxeoloji materiallarla müşayiət edilən Qaracəmirli (Şəmkir), Həsənsu (Ağstafa) və Kərimli (Oğuz) kurqanlarının cəmiyyətin imtiyazlı şəxslərinin şərəfinə qurulduğu şübhə doğurmur. Bu dövrdə Naxçıvanda yayılmış boyalı qablar isə məhz şəhər iqtisadiyyatının məhsulu idi.

Miladdan əvvəl II minilliyin sonrakı əsrlərində bu proses daha da genişlənmiş, xüsusilə Naxçıvan ərazisində çoxsaylı şəhər tipli yaşayış yerləri salınmışdır. Onlar müşahidə bürclərinə və müəyyən müdafiə sistemi qanunlarına uyğun olan qala divarlarına malik idilər. Belə erkən şəhər-qalalardan Naxçıvandakı Sədərək qalası, Oğlanqala, Qızqala, Şahtaxtı, Çalxanqala, Qalacıq və s. abidələri göstərmək olar. Şərur rayonundakı Oğlanqala abidəsini xüsusilə qeyd etmək lazımdır. Burada Azərbaycan-ABŞ beynəlxalq ekspedisiyasının son 5 ildə apardığı qazıntılar nəticəsində m. ə. II minilliyin sonu - I minilliyin əvvəllərinə aid möhtəşəm şəhər-qala memarlığı, eyni zamanda mixi yazı nümunələri aşkar edilmişdir. Abidənin tədqiqatçılarının fikrincə, Oğlanqala bu tip digər şəhərləri birləşdirən dövlətin mərkəzi olmuşdur.

Qarabağ və Gəncə-Qazax bölgələrində yayılmış Miladdan əvvəl II minilliyin ikinci yarısı - I minilliyin əvvəllərinə aid Xocalı-Gədəbəy, Naxçıvan ərazisini əhatə etmiş Naxçıvan, Cənub bölgəsində yayılmış Muğan arxeoloji mədəniyyətləri Azərbaycanın erkən dövlətçilik tarixində mühüm mərhələlərdən birini təşkil edir. Bu dövrdə insanların iqtisadi həyatında əkinçiliklə yanaşı, maldarlıq da xüsusi yer tuturdu. Maldarlığın yüksək inkişafı ilə əlaqədar olaraq hələ Erkən Tunc dövründən başlanmış yüksək dağlıq ərazilərin məskunlaşması prosesi daha geniş vüsət almışdır. Bu dövrdə aran və dağlıq zonalarda ətrafı müdafiə qalaları ilə möhkəmləndirilmiş və belə divarların olmadığı yaşayış məskənləri meydana çıxır. Belə yaşayış məskənlərindən qərb bölgəsi üçün səciyyəvi olan, xalq arasında qalaçalar adlandırılan, iri qayalardan inşa olunmuş tikililəri xüsusilə qeyd etmək lazımdır. Əlbəttə, belə möhtəşəm qalaların inşa olunduğu Miladdan əvvəl II minilliyin ikinci yarısı-I minilliyin əvvəllərini əhatə edən Son Tunc-Erkən Dəmir dövrünün bu vaxtadək ənənəvi olaraq ibtidai icma quruluşunun son mərhələsi kimi təqdim edilməsi doğru deyil. Müdafiə və digər məqsədli belə tikililər yalnız sosial təbəqələşməyə əsaslanan, dövlət qurumunun mövcud olduğu cəmiyyət zəminində inşa edilə bilərdi.

İqtisadiyyatın sürətli inkişafı, istehsal məhsullarının artımı xüsusi mülkiyyət sisteminin formalaşması üçün hərtərəfli zəmin yaratmışdır. Azərbaycanın qərb bölgəsində (Qazax, Ağstafa) aşkar edilmiş bu dövrə aid pintaderlər - gildən hazırlanmış iri ölçülü möhürlər cəmiyyətdə xüsusi mülkiyyət münasibətlərinin əsaslı yer tutduğunun bariz nümunəsidir.

Xocalı-Gədəbəy mədəniyyətinə aid bir sıra zəngin qəbir abidələri, xüsusilə də Qarabağ bölgəsində qazılmış Borsunlu, Sarıçoban, Bəyimsarov kurqanları heç şübhəsiz müəyyən tayfa ittifaqlarının başçılarına, artıq sinifli cəmiyyətdə yüksək mövqe tutan insanlara məxsus idi. Bu dövrdə metal istehsalı xüsusilə geniş yayılmışdır. Eyni zamanda dəmirin kəşfi ilə yeni və daha keyfiyyətli metal insanların həyatına daxil olmuşdur. Xocalı-Gədəbəy, Naxçıvan və Muğan mədəniyyətlərinə aid abidələrdən aşkar edilmiş tuncdan və dəmirdən hazırlanmış çoxsaylı xəncərlər, təbərzin baltalar, nizə və ox ucluqları, qılınclar və s. silah növləri artıq geniş əraziləri əhatə etmiş, müəyyən silahlı, güc strukturları olmuş erkən dövlət qurumlarının mövcudluğunu sübut edir.

Təəssüf ki, Şimali Azərbaycan ərazisində mövcudluğu arxeoloji araşdırmalarla təsdiq edilən bu qədim dövlət qurumlarının siyasi tarixini əks etdirən, adlarının qeyd olunduğu yazılı mənbələr hələlik məlum deyil. Lakin buna baxmayaraq fikrimizcə, təhsil müəssisələrində bu dövlətlərin arxeoloji araşdırmalarla öyrənilmiş maddi mədəniyyət tarixi geniş tədris olunmalıdır. Eyni zamanda həmin dövlətlərin tarixinin arxeoloji, tarixi tədqiqatlarının genişləndirilməsi zəruridir.

 

Nəcəf MÜSEYİBLİ,

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun

elmi işlər üzrə direktor müavini

 

Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 11.