DİNAMİK SOSİAL-İQTİSADİ
İNKİŞAF SİYASİ MÜSTƏQİLLİYƏ
GÜCLÜ ZƏMİN YARADIR
Azərbaycanın Avrasiyada mühüm
iqtisadi, siyasi, mədəni mərkəzə
çevrilməsi dövlət
rəhbərliyinin güclü
siyasi iradəsinin, xalqın yürüdülən
siyasətə inamının
və birmənalı
dəstəkləməsinin nəticəsidir
Azərbaycan hazırda dünyanın beynəlxalq nüfuzu yüksək, siyasi-iqtisadi sahədə ən islahatçı və dinamik inkişaf edən ölkəsidir. Ölkənin müstəqilliyinin bərpasının 24 ilində qazanılmış bu müvəffəqiyyətin əsasında düşünülmüş siyasətlə, elmi-praktiki əsaslarla ölçülüb-biçilmiş, daxili və xarici siyasi-iqtisadi amillər nəzərə alınmaqla, gələcək perspektivlərə hesablanmış islahatlar və Dövlət proqramları dayanır. Davamlı inkişafı şərtləndirən daha bir amil isə reallaşmış islahat və layihələrin digərlərinin həyata keçirilməsində əsas olması, bir-birini tamamlamasıdır. Bu vəhdətliliyin əyani sübutu ümummilli lider Heydər Əliyevin neft strategiyasının bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Baki-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismarının qeyri-neft sektorunun inkişafi üçün stimul yaratması və müstəqilliyin möhkəmlənməsində çox mühüm rol oynamasıdır. Qeyri-neft sektorunun inkişafı isə Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığını aradan qaldırdı və çoxsahəliliyinə səbəb oldu, sahələrin dinamik innovativ tərəqqisinə yol açıldı.
Hazırda Azərbaycan regionun söz sahibi olan, qüdrətli və nüfuzlu dövləti mövqeyindədir. Lakin bu, dövlətin çatmaq istədiyi son hədd deyil. Azərbaycan Prezidenti İlham Əliyev əldə edilməsi hədəflənən iqtisadi və siyasi mövqe barədə deyib: “Biz uzunmüddətli inkişaf perspektivimizi də bilirik. Ona görə ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli iqtisadi inkişafını təmin etmək üçün bu gün işləməliyik, çalışmalıyıq və biz bunu edirik. Biz elə etməliyik ki, ölkəmiz bu gün olduğu kimi, bütün dövrlərdə də öz hesabına yaşaya bilsin, xalqımız öz müqəddəratını həmişə olduğu kimi, özü müəyyən etsin. Biz heç kimdən asılı olmayaq, öz siyasətimizi həmişə ləyaqətlə aparaq və ölkəmizi möhkəmləndirək”. Dövlət başçısı çatılacaq mövqeləri çox aydın ifadə və müəyyən edib: dinamik inkişafı qorumaq; iqtisadiyyatın uzunmüddətli innovativ, səmərəli inkişafını təmin etmək üçün fasiləsiz fəaliyyət göstərmək; iqtisadi və siyasi müstəqilliyə nail olmaq və onu daim möhkəmləndirmək; bu zəmində xalqın öz taleyinin sahibi olmasını təmin etmək! Artıq aydındır ki, dövlətin yürütdüyü düşünülmüş, müasir tələblərə cavab verən və gələcəyə istiqamətlənmiş siyasəti bu hədəfə uğurla nail olunacağına şərait yaradır. Hazırda ölkəmizin beynəlxalq iqtisadi-siyasi meridianlarda nüfuzu və mövqeyi elə səviyyədədir ki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə səmərəli həyata keçirilə bilməz.
Azərbaycan bu gün həm də Avrasiya materikində mühüm iqtisadi, siyasi və mədəni mərkəzə çevrilib. Təbii ki, bu mövqe dövlət rəhbərliyinin güclü, prinsipial siyasi iradəsinin, gələcək perspektivi aydın təsəvvür və vaxtında düzgün qərarlar qəbul edə bilməsinin, müasir çağırışlara dövlətin cavab verə bilməsinin, xalqın yürüdülən siyasətə inamının və birmənalı şəkildə dəstəkləməsinin nəticəsidir. Fərəhli haldır ki, dövlət başçısı öz fəaliyyətində siyasi və iqtisadi müstəqillik prinsipini, milli mənafeyi qorumağı əsas tutur və bu istiqamət artıq ölkə həyatının bütün sahələrində pozitiv nəticələrlə özünü büruzə verib.
Dövlətin iqtisadi gücünün daim artması üçün bütün bölgələrdə mövcud potensialın dövriyyəyə qoşulması və yeni müvafiq səmərəli layihələrin hazırlanıb reallaşdırılması həlledici əhəmiyyətə malikdir. Azərbaycanda keçirilən islahatlar, ölkədə icra edilən bütün layihələr dünya standartlarına uyğun, kompleks şəkildə, biri-digərini tamamlamaqla həyata keçirilir, hər bir sahədə—kənd təssərrüfatı, ağır, yüngül, yeyinti, emal sənayesində iri layihələr reallaşdırılıb və yenilərinin bünövrəsi qoyulur.
İqtisadi rayonların potensialının aşkara çıxarılıb iqtisadi dövriyyəyə cəlb edilməsinın davamlılığı bu rayonları daha yüksək inkişaf mərhələsinə çatdırır. Regionların iqtisadi potensialının gücləndirilməsi üçün bütün lazımi addımlar operativ atılır. Bu, innovativ dinamik inkişaf bir tərəfdən ölkə bölgələrinin paralel inkişafına xidmət edir, digər tərəfdən də həmin regionların öz məhsulları ilə dünya bazarına çıxa bilməsinə, nəhayətdə sahələrin dominant inkişafına da səbəb olur. Respublikada müasir, dinamik inkişaf edən dayanıqlı iqtisadiyyata nail olmaq üçün hər bir sahədə potensial diqqətlə öyrənilir, perspektivlidirsə, dünya standartlarına cavab verən məhsul istehsalına nail olmaq üçün ən müasir, səmərəli texnologiya tətbiq edilməklə reallaşdırılır. Bütün bunlar isə son nəticədə sosial-iqtisadi inkişafın sürətinin daim artırmasına səbəb olur. Uğurla aparılan düşünülmüş siyasət sayəsində 2004-2008-ci və 2009-2013-cü illər üçün nəzərdə tutulmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilib. Hazırda Regionların sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramı da müvəffəqiyyətlə reallaşdırılır. Dövlət başçısı yüksək templi inkişafın dinamizminin qorunmasının, ilbəil yeni yüksək mərhələyə qalxmasının səbəbi barədə demişdir: “Azərbaycanda iqtisadiyyat inkişaf edir. Bax indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artım görürük. Yəni bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir. Azərbaycanda inflyasiya aşağı səviyyədədir—3,5 faiz. Əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyir və 6,2 faiz artmışdır. Kənd təsərrüfatı 7 faizdən çox artmışdır, daha doğrusu, 7,3 faiz. Bu da son illər ərzində ən yüksək artım tempidir. Bu da görülən işlərin nəticəsində mümkün olmuşdur. Ölkəmizə 6 ayda 12,7 milyard manat sərmayə qoyulmuşdur. Bu da çox böyük rəqəmdir və bu birinci 6 ayda xarici investisiyalar üstünlük təşkil edir. Son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil edir . Bu ilin 6 ayında isə xarici investisiyalar üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur”.
Davamlı innovativ sosial-iqtisadi inkişaf siyasi müstəqilliyin əsaslarını möhkəmləndirən amillərdəndir. Azərbaycanda tətbiq olunan iqtisadi modelin əsasını çoxşaxəliliyin innovativ inkişafının təmini təşkil edir. Dövlətin apardığı islahatların, müvafiq Dövlət proqramlarının yerinə yetirilməsinə şəxsən Prezident İlham Əliyev nəzarət edir. Bunun üçün ölkə başçısı yerlərdə vəziyyəti öyrənmək, problemlərin vaxtında aradan qaldırılmasını operativ təmin etmək üçün regionlara davamlı surətdə səfər edir, müəssisə və obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edir. Beləliklə, qarşıya qoyulan bütün vəzifələrin yerinə yetirilməsi və başlanmış işin başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilir.
Ataş CƏBRAYILOV,
Respublika.-2015.- 6 sentyabr.- S.1.