Ömrümüzə
yazılan Gün
Neftçilər
günü ölkəmizdə artıq 15-ci dəfədir qeyd
edilir
Bu peşə bayramının təsis edilməsi ulu öndərimiz Heydər Əliyevin adı və 21 il bundan qabaq onun iradəsi və qətiyyəti sayəsində Azərbaycanın iqtisadi və siyasi həyatında baş vermiş böyük hadisə ilə bağlıdır.
1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” məşhur Saziş imzalandı. Dünyanın 7 ölkəsinin 11 iri neft şirkəti ilə SOCAR-ın işbirliyini rəsmiləşdirən və sonralar “Əsrin müqaviləsi” adlandırılan bu sənədin imzalanması ümummilli liderimizin böyük müdrikliklə işləyib hazırladığı neft strategiyasının həyata keçirilməsi və Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi yolunda ilk mühüm addım oldu. 2001-ci ildə isə prezident Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalandığı günün ölkəmizdə Neftçilər günü kimi bayram edilməsi barədə fərman verdi.
Buna görə də hər dəfə Neftçilər gününü qeyd edərkən biz “Əsrin müqaviləsi”nin “doğum” gününü də böyük məmnuniyyət hissi ilə yad edirik. Bunun səbəbi isə Azərbaycanda hamıya məlumdur.
Ötən əsrin 90-cı illərində dərin böhran içində boğulan respublikada iqtisadi və sosial həyatın misilsiz inkişafı məhz “Əsrin müqaviləsi”nin imzalanması və reallaşdırılması ilə başlandı. Neft sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyması iqtisadiyyatın digər sahələrinin də dirçəlişi üçün geniş yollar açdı.
Həm karbohidrogen ehtiyatlarının, həm də qoyulan sərmayələrin həcminə görə dünyanın ən iri kontraktları sırasına aid edilən “Əsrin müqaviləsi” bu gün də ölkəmizə və xalqımıza yüksək səviyyədə xidmət göstərir.
Respublikada karbohidrogen hasilatı artımının əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir. Hazırda “Çıraq”, “Azəri” və “Günəşli” yatağının dərinsulu hissəsində 87 işləyən quyudan gündə orta hesabla 85 min tondan artıq neft və 35 milyon kubmetr qaz hasil olunur. İşlənmənin əvvəlindən bu il sentyabr ayının 1-dək “Azəri-Çıraq-Günəşli” yatağından 375,5 milyon ton neft və 111,5 milyard kubmetr qaz hasil edilmişdir.
Artıq 16-cı ildir ki, Azərbaycan “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində “mənfəət nefti”ndən gəlir əldə edir. 2015-ci il sentyabr ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 205,4 milyon ton “mənfəət nefti” satılmışdır. Mənfəət neftinin həcmi ilbəil artır. Təkcə 2015-ci ilin 8 ayı ərzində “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilmiş 20,9 milyon ton neftin 13,3 milyon tonu, yəni 64 faizi Azərbaycanın payına düşən mənfəət nefti olmuşdur.
“Mənfəət nefti”nin satışından əldə edilən gəlir ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış “Neft Fondu”nda toplanır, Azərbaycan Respublikasının qeyri-neft sektorunun inkişaf etdirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına sərf olunur.
2015-ci il sentyabr ayının 1-dək dünya bazarlarına 390 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan kəməri ilə 283 milyon ton, Bakı-Supsa kəməri ilə 74 milyon ton, Bakı-Novorossiysk kəməri ilə 12 milyon ton və dəmir yolu ilə 21 milyon ton neft ixrac edilmişdir.
Peşə bayramımız günündə biz belə bir faktı da böyük qürur hissi ilə qeyd edirik: “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı.
İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 64 milyard kubmetrdən çox qaz və 16,3 milyon ton kondensat hasil edilmişdir. 2015-ci il sentyabrın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi-Qafqaz Boru Kəməri ilə Gürcüstana 4,7 milyard kubmetr və Türkiyəyə 35,4 milyard kubmetr qaz verilmişdir.
“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılmışdır. “Trans-Anadolu” (TANAP) və “Trans-Adriatik” (TAP) təbii Qaz Boru kəmərləri layihələrinin reallaşdırılması üçün artıq praktiki işlər görülür ki, bunlar da yaxın illərdə Cənub Qaz Dəhlizinin meydana gəlməsi ilə nəticələnəcəkdir.
2013-cü il iyunun 28-də Bakıda “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün “Trans-Adriatik” Boru Kəmərinin (TAP) seçildiyini elan etdi. “Trans-Anadolu” layihəsi “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. Bu layihə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və “Trans-Anadolu” Qaz Kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır.
“TAP” kəməri layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci mərhələsi çərçivəsində hasil olunacaq Azərbaycan qazıdır. İlkin mərhələdə qaz kəməri ilə Avropaya ildə 10 milyard kubmetr “mavi yanacağın” çatdırılması, daha sonra isə həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
2014-cü ilin sentyabrında Bakıda bir sıra dövlətlərin prezidentləri və baş nazirlərinin iştirakı ilə “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş möhtəşəm mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözlərini xatırlamaq yerinə düşər ki, əgər “Əsrin müqaviləsi” XX əsrin müqaviləsi idisə, “Şahdəniz-2” XXI əsrin müqaviləsidir.
Son illərdə olduğu kimi, bu il də SOCAR-da neft və qaz hasilatı əsasən yeni quyuların qazılması, geoloji-texniki tədbirlərin həyata keçirilməsi, yataqlarda lay təzyiqinin saxlanması, neftveriminin artırılması məqsədilə laylara mütərəqqi təsir üsullarının tətbiqi və fəaliyyətsiz quyularda bərpa işlərinin görülməsi sayəsində sabitləşdirilir. Bununla əlaqədar olaraq, mən ilk növbədə Bulla-dəniz yatağında görülmüş işləri qeyd etmək istəyirəm. Bu il həmin yataqda qazılmış 90 və 124 nömrəli quyular Bakı arxipelaqındakı yataqlarda ilk dəfə Qırməkialtı (QA) horizontun neftliliyi və qazlılığının aşkar edilməsinə imkan vermişdir. Quyularda sınaq işlərinin nəticələrinə əsasən yatağın 2-ci blokunun çıxarılabilən qaz ehtiyatı 16 milyard kubmetr, kondensat ehtiyatı isə 2,0 milyon ton artmışdır.
“Bulla-dəniz” yatağında əldə edilmiş nəticələr və əvvəlki illərdə kəşf olunmuş “Abşeron” və “Ümid” kimi iri qaz-kondensat yataqları Xəzərin Azərbaycan sektorunda yeni neft-qaz yataqlarının açılması ehtimalını artırmışdır. Əldə edilmiş yeni məlumatlar “Babək”, “Naxçıvan”, “Zəfər”, “Məşəl”, “Asiman”, “Şəfəq” strukturlarının perspektivliyinə inamı doğrultmuşdur.
Cari vəziyyətə gəlincə, deyə bilərik ki, işlərimizin əsas hədəfi, qeyd etdiyim kimi, hasilatın sabitləşdirilməsidir.
2014-cü ildə Azərbaycanda 42 milyon ton neft və 29,6 milyard kubmetr qaz çıxarılmışdır. Neftin 8,3 milyon tonunu və qazın 7,2 milyard kubmetrini SOCAR hasil etmişdir. ABƏŞ isə həmin il 33,7 milyon ton neft və 22,4 milyard kubmetr qaz çıxarmışdır.
2015-ci ilin 8 ay ərzində Azərbaycanda 27,8 milyon ton neft və 19 milyard kubmetr qaz çıxarılmışdır. Neftin 5,5 milyon tonunu və qazın 4,6 milyard kubmetrini SOCAR hasil etmişdir. ABƏŞ isə həmin vaxtda 22,3 milyon ton neft və 14,4 milyard kubmetr qaz çıxarmışdır.
Hazırda “Günəşli” yatağında 7 nömrəli platformanın tikintisi davam edir. Bu platformadan ilkin olaraq 20 quyunun qazılması, 2017-ci ildən isə platformanın genişləndirilməsi və quyuların sayının 32-yə çatdırılması nəzərdə tutulur.
“Neft Daşları” yatağında da hasilatın sabit saxlanması və qismən artırılması məqsədilə böyük işlər görülür. 34 quyuluq üç meydançanın (1954a, 1637a, 602a nömrəli) tikintisini bu ilin sonunadək başa çatdırmaq və gələn il quyuların qazılmasına başlamaq nəzərdə tutulur. 2016-cı ildə 8 quyuluq 620a nömrəli meydança da tikilib qurtaracaq və burada qazmaya başlanacaq. Növbəti illərdə 14 quyuluq 1541a və hər biri 10 quyuluq 331, 1646, 1779, 363, 360, 750 nömrəli özüllər quraşdırılacaq və bu özüllər üzərindən də yeni quyular qazılacaq.
2015-ci ildə “Bulla-dəniz” yatağında 3 quyuluq 122 nömrəli özüldən ikinci quyunun qazılmasının başa çatdırılması və 4 quyuluq 6 nömrəli yeni özüldən birinci quyunun qazılması nəzərdə tutulur. Bu özüllərdə qazma işləri 2016-cı ildə də davam etdiriləcək.
2015-ci ildə “Qərbi Abşeron” yatağında 10 quyuluq 20 nömrəli özülün tikintisi başa çatdırılmışdır və hazırda burada yeni texnikanın tətbiqi ilə horizontal quyunun qazılmasına başlanmışdır. Bundan başqa, yataqda 10 və 54 nömrəli özüllər tikilir. Bu özüllərin hər birindən 10 yeni quyunun qazılması planlaşdırılır.
Qazma işləri neft və qaz yataqları hüdudunda yeni sahələrin və istismar obyektlərinin işlənməyə cəlb olunmasına, işlənmədə olan obyektlərdə quyu şəbəkəsinin qismən bərpa edilməsinə, texniki səbəbdən sıradan çıxmış köhnə quyuların yeniləri ilə əvəz olunmasına və son nəticədə yataqların işlənməsinin səmərəliliyinin artırılmasına şərait yaradır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə iştirakı ilə işlənib hazırlanmış neft-qaz strategiyasının üfüqləri geniş, perspektivləri əvvəlkitək cəzbedicidir. Bu strategiya hələ onilliklər boyunca Azərbaycana xidmət edəcək və onu müvəffəqiyyətlə həyata keçirən Azərbaycan neftçilərinə gələcəkdə də böyük şöhrət qazandıracaqdır.
Xoşbəxt
YUSİFZADƏ,
Azərbaycan
Respublikası
Dövlət
Neft Şirkətinin birinci
vitse-prezidenti, Azərbaycan
Milli
Elmlər Akademiyasının
həqiqi üzvü.
Respublika.- 2015.- 19 sentyabr.- S. 3.