Azərbaycanın
dünya enerji sisteminə inteqrasiyası
“Cənub”
qaz dəhlizinin bölgənin enerji qaynaqlarının
dünya bazarına çıxışında əhəmiyyəti
Bu gün dünyada baş verən qloballaşma prosesi zamanın tələbidir və daimi irəli getməyi iqtisadiyyatda, o cümlədən qeyri-neft sektorunda da elmi və texnoloji tərəqqini tətbiq etməklə dayanıqlı, sabit inkişaf etməyi bir vəzifə kimi ölkələrin, cəmiyyətlərin qarşısına qoyur. Azərbaycan da məhz bu yolla, düşünülmüş, proqnozlaşdırılmış siyasətlə inamla irəliləyir. Ölkəmizdə real iqtisadiyyatın inkişafı dünya birliyinə üzv ölkələrlə əməkdaşlıqda böyük perspektivə malikdir.
Uğurla həyata keçirilmiş neft-qaz sektoruna aid transmilli layihələr də ölkənin iqtisadi və siyasi müstəqilliyində öz əhəmiyyətli mövqeyini qoruyur. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilib. Transanadolu (TANAP) qaz kəməri layihəsinin tikintisinə başlanması isə bu prosesi yeni yüksək mərhələyə çatdırdı.
Azərbaycanda real sektora, infrastruktura yatırılan sərmayənin perspektivinə böyük önəm verən dövlət başçısı cənab İlham Əliyev bildirib ki, biz hər şeyi vaxtında etməli idik və etmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi - bu layihələr regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir: “Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə istifadəyə verilmişdir, dəhliz yaradılmışdır. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur.
Əgər biz liderliyi göstərməsəydik, heç vaxt “Cənub” qaz dəhlizi icra edilməyəcəkdi. Mən vaxtilə şəxsən “Nabukko” layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etmişəm. Yəni orada müzakirədən başqa heç nə yox idi. Bəyanatlar, çıxışlar, qətnamələrin qəbul edilməsi, vəssalam. Ondan sonra hamı dağılır gedir, iş də qalır kənarda. Mən minimum on tədbirdə iştirak etmişəm. Hər dəfə də demişəm ki, burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək lazımdır? Bunun əsas elementləri nədən ibarətdir? Bu o qədər də çətin məsələ deyil. Amma elə mən deyirdim, mən eşidirdim. Daha sonra gördük ki, artıq bu layihə yerində sayır. Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı. Bunu etməsə idik, nə olacaqdı?! Elə belə də qalacaqdı. Ya da ki, Bakı-Tbilisi-Qars. Bu məsələ on il bundan əvvəl müzakirə olunurdu və hələ müzakirə kimi gedirdi. Əgər təşəbbüs göstərməsəydik, real təklifi, maliyyə resurslarını ortaya qoymasaydıq, elə indi də danışardıq”.
Böyük iradə hesabına davamlı surətdə aparılan və beləliklə, reallaşdırılan iqtisadi islahatlar və qlobal layihələr öz növbəsində Azərbaycanın ilbəil yeni yüksək mərhələyə qalxmasını təmin edir. Konkret, sözügedən bu layihələrə gəldikdə isə inamla deyə bilərik ki, bu, Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayacaq və tarixi əhəmiyyəti olan nəhəng transmilli layihələrdir. Azərbaycanın beynəlxalq əməkdaşlıqda apardığı siyasətin ən mühüm, digər dövlətlər üçün də məqbul olan mahiyyəti budur ki, ölkələr arasında qarşıdurmaya yol verilməsin, əksinə, maksimum əməkdaşlığa nail olunsun.
Azərbaycanın dünya enerji sisteminə real inteqrasiya istiqamətində davamlı addımları kimi dəyərləndirilən TANAP layihəsinə 2012-ci ildə start verildi, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçildi. Keçən ilin sonunda “Cənub” qaz dəhlizinin təməl daşı qoyuldu. Bütün bu layihələrin təşəbbüskarı Azərbaycandır. Eyni zamanda Azərbaycan bu layihələrin icrası üçün böyük maliyyə yükünü öz üzərinə götürüb. TANAP layihəsi 2018-ci ildə, TAP layihəsi isə ondan bir il sonra işə düşəcəkdir. “Şahdəniz” yatağının işlənməsi boru kəmərinin tikintisi ilə birlikdə bu layihələrin sərmayə dəyəri ən azı 45 milyard dollar həcmində olacaq. Təbii ki, bu böyük miqyaslı layihənin icrası ilə Avropa ölkələrində yeni iqtisadi imkanlar yaranacaqdır. Məsələn, məlum marşrut boyunca Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Balkan ölkələrində biznes fəaliyyətinə stimul yaranacaqdır.
Dövlət başçısı cənab İlham Əliyev bu layihənin istehsalçı qismində Azərbaycana, tranzit və istehlakçı qismində Avropa ölkələrinə önəmini ifadə edərək bildirib: “Aydındır ki, Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə qaz mənbəyidir. Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim mənbəyimiz yenidir və əgər belə demək mümkündürsə, təzə üzə çıxıb. “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var. Bizim digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetr təşkil edir. Bu on illərlə, yüz illərlə davam edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək”.
Məlumat üçün bildirək ki, Azərbaycanın “Şahdəniz- 2” yatağından hasil olunacaq qazın Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın uzunluğu təxminən 1850 kilometrdir. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu imkanının 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. “Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: ““Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC)-58 faiz, BOTAS—30 faiz və BP şirkəti—12 faiz.
“SOCAR Turkey Enerji A.Ş”nin (SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş” adı ilə davam etdirir. —müəllif) rəhbəri Kənan Yavuz bildirib ki, Azərbaycan və Türkiyə birgə həyata keçirdikləri nümunəvi layihələrlə bölgə və dünya sülhünə əhəmiyyətli dərəcədə orijinal layihələr təqdim edirlər. Son illərdə əhəmiyyəti getdikcə artan Xəzər dənizinin enerji qaynaqlarının Avropaya daşınması üçün reallaşdırılmaqda olan “Cənub” qaz dəhlizi layihəsi bölgədəki digər enerji resursları üçün qabaqcıl bir layihə olma xüsusiyyətini qazanıb. “Cənub” qaz dəhlizinin ən əhəmiyyətli hissəsi olan Trans-Anadolu qaz boru kəməri (TANAP) kimi layihələrin Türkiyənin geosiyasi mövqeyini gücləndirdiyini deyən K.Yavuz qeyd edib: “Biz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olaraq Türkiyə Respublikası ilə birlikdə çalışaraq reallaşdırdığınız “Cənub” qaz dəhlizinin ən əhəmiyyətli hissəsi olan TANAP layihəsini həyata keçiririk. TANAP bölgədəki digər enerji qaynaqlarını Avropa bazarına çıxışını təmin edəcək lider və qabaqcıl bir layihədir”.
Xatırladaq ki, Trans-Adriatik (TAP) qaz boru kəmərinin uzunluğu təxminən 870 kilometrdir və Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın səhmdarları belədir: SOCAR (20 faiz), bp (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz), Axpo (5 faiz). Qeyd edək ki, TAP çərçivəsində bu ilin aprelində Albaniyada giriş yollarının və körpülərin tikintisi ilə bağlı, iyulda isə boru kəmərinin böyük diametrli top klapan və işə salan qurğularla (aktuatör) təchizatı ilə əlaqədar əsas müqavilələr imzalanıb. TAP-ın icraçı direktoru Yan Bradşou deyib ki, çox ciddi qiymətləndirmə və tender prosesindən sonra “Siemens” qaz boru kəmərinin əsas hissəsi sayılan yüksək etibarlı qaz-turbin turba kompressorlarla təmin edəcək şirkət seçilib. “Siemens” şirkəti Trans-Adriatik (TAP) qaz kəmərini 6 qaz-turbin turbo kompressor stansiyası ilə təmin edəcək. Bununla bağlı TAP və “Siemens” arasında müqavilə imzalanıb. Həmin kompressor stansiyaları TAP-ın keçəcəyi Yunanıstanın Kipoi məntəqəsində və Almaniyanın Fieri bölgəsində quraşdırılacaq.
Azərbaycan artıq Avropanın qaz bazarında mühüm iştirakçıya çevrilməkdədir, - deyən dövlət başçısı cənab İlham Əliyev bildirib ki, Azərbaycan tərəfindən irəli sürülmüş “Cənub” qaz dəhlizi layihəsi Avropada gələcək bir neçə il ərzində ümumi investisiya həcmi 45 milyard dollardan çox olan ən böyük infrastruktur layihələrindən biridir: “Bu layihədə Azərbaycan investor, podratçı və layihənin təşkilatçısı kimi geniş şəkildə iştirak edir. Bunun sayəsində, biz hasil edə biləcəyimiz qədər qazı ixrac edə biləcəyik və Avropa istehsalçılarına təchizat marşrutlarını şaxələndirmədə yardım edəcəyik. Bu vəziyyətdən biz—hasilatçılar, tranzit haqlarından geniş şəkildə fayda götürəcək tranzit ölkələr və alternativ marşrutlara malik olacaq istehsalçılar, yəni bütün tərəflər udur. Enerji təhlükəsizliyi və digər sahələrdə alternativin olması istənilən halda yaxşıdır”.
Şükür
ƏLİZADƏ,
Respublika.- 2015.- 19 sentyabr.- S. 1, 3.