MƏDƏNİ-KÜTLƏVİ TƏDBİRLƏRƏ DİQQƏT

 

İmişli rayonunda iqtisadi və sosial sahələri inkişaf etdirmək üçün məqsədyönlü layihələr yüksək səviyyədə həyata keçirilir. Bu işdə mədəniyyət işçilərinin əməyi böyükdür. İnsanların zövqünə uyğun xidmət göstərmək, onların istirahətini mənalı təşkil etmək günün vacib şərtidir.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Süleyman Bəşirov turizmin inkişaf etdirilməsi sahəsində görülən tədbirlər haqqında sualımıza cavab olaraq bildirdi ki, rayonda mədəniyyət sahəsində son illər görülən işlər Heydər Əliyevin təməlini qoyduğu möhtəşəm islahatların tərkib hissəsidir. Bütün ölkə vətəndaşları kimi biz mədəniyyət işçiləri də olduqca sevinirik ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında daim güclənir, öz qüdrətini artırır.

Bu gün rayonda mədəniyyət və turizm sahəsində görülən tədbirlərin miqyası da getdikcə genişləndirilir. Bu sahədə mədəni-maarif müəssisələrinin fəaliyyəti göz qabağındadır. Son vaxtlar vətəndaşlara mədəni xidmətin səviyyəsini yüksəltmək üçün xeyli tədbirlər həyata keçirilmişdir. 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, mərkəzi kitabxana, 46 kitabxana filialı, 26 klub müəssisəsi, tarix-diyarşünaslıq muzeyi, 2 musiqi məktəbi, mədəniyyət və istirahət parkları, rəsm qalereyası sakinlərə xidmət göstərir. Rayonda yaradılmış Heydər Əliyev Mərkəzi sakinlərin ən çox sevdiyi məkana çevrilmişdir.

Əlamətdar günlər münasibətilə keçirilən tədbirlər ictimaiyyət tərəfindən maraqla razılıqla qarşılanır. Görkəmli şəxsiyyətlərin, ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərinin yubileyləri yüksək səviyyədə qeyd olunur. Milli Qurtuluş, Silahlı Qüvvələr və digər əlamətdar günlər münasibətilə kütləvi tədbirlər, kitab sərgiləri, konserttamaşalar təşkil olunmuşdur. “Kitab bayramı” hamının xoşuna gəlmişdir.  “Ailə kiçik ittifaqdır”,  Bizim ailə”, “Sağlam ailə” mövzularında kitab sərgiləri nümayiş etdirilmişdir. Respublika Günü, Beynəlxalq Uşaqları Müdafiə Günü və digər tədbirlərdə mədəniyyət və turizm şöbəsinin bütün kollektivi var qüvvəsini sərf etmişdir. İl ərzində xalqın tarixində qan yaddaşına çevrilmiş hadisələrə dair tədbirlər diqqət mərkəzində olmuşdur. “Qara Yanvar”, “Xocalı faciəsi”, “Xocalı soyqırımı”, Xocalı şəhidləri”, “Xocalının haqq səsi”, “31 Mart – Soyqırım” haqqında sərgilər, stendlər, ədəbi-bədii kompozisiyalar anım mərasimləri təşkil edilmişdir.

Rayon mərkəzindəki rəsm qalereyası xalqın mənəvi dəyərlərinin qoruyucusuna və təbliğat vasitəsinə çevrilmişdir. Burada Azərbaycanın və dünyanın incəsənət nümunələri, həvəskar rəssamların və məktəblilərin əl işləri nümayiş etdirilir. Hərbi-vətənpərvərlik və hərbi hissələrə mədəni hamilik işi ilə bağlı tədbirlər daha geniş vüsət almışdır. Mədəniyyət evinin özfəaliyyət qrupu, instrumental ansambl tez-tez ərazidə yerləşən hərbi hissələrdə maraqlı və rəngarəng konsert proqramları ilə çıxış edirlər.

Mərkəzi kitabxanadaKitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” və “İnformasiya-resurs” şöbələri yaradılmışdır. Bəhramtəpə qəsəbə, Qaralar, Boşçalılar, Muradalılı, Yalavac kənd kitabxanaları “Ən yaxşı kitabxana” və “Ən yaxşı kitabxanaçı” müsabiqələrində yüksək yerlər tutmuşlar. Bir sözlə, hər yerdə mədəniyyət işçilərinin xüsusi zövqlə hasilə gətirdikləri tədbirlərin, səliqə-sahmanın, yüksək əhval-ruhiyyənin şahidi olduq.

İmişlidə mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına diqqət göstərilir. Tarix-diyarşünaslıq muzeyində eksponatların ümumi sayı 4 minə yaxındır, bunların 1400-ü fond otaqlarında nümayiş etdirilir. Rayon mədəniyyət sarayında da xeyli təmir işləri aparılmışdır, sarayın səhnəsi tamamilə yeniləşdirilmiş, müasir dekorasiya və işıqlandırma vasitələri ilə təchiz olunmuşdur. Allahmədədli, Yalavac, Məhəmmədli, Boşçalılar, Çaxırlı, Qaralar, Otuziki və Ölcələr kənd kitabxana filialları üçün yeni binalar inşa olunmuş, Soltanmuradlı, Rəsullu, Mürsəlli kənd kitabxanalarının binaları isə təmir olunmuşdur. Kitabxanalar üçün xeyli yeni kitab, inventar, müasir elektron cihazlar alınmışdır.

Rayonun ərazisində qədim yaşayış məskənlərinin olduğu məlumdur. Rayonun saf suları, yeraltı yerüstü sərvətləri gözəl iqlimi vardır. Ona görə də İmişlidə turizmin perspektivləri barədə layihələr hazırlanmışdır.

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2015.- 7 yanvar.- S. 3.