Şərəfli ömür
yolu
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universiteti mənəvi böyüklüyümüzün simvolu, elm, təhsil və mədəniyyətimizin məbədidir. Ölkəmizin ali məktəblərinin flaqmanına çevrilən və bu günlərdə yaradılmasının 95 illiyi yüksək səviyyədə qeyd edilən BDU-da elmin, təhsilin inkişafında Elmi Kitabxananın fəaliyyəti danılmazdır. Kitabxana professor-müəllim və tələbə heyətinin mədəni və mənəvi mərkəzinə çevrilmişdir.
BDU-nun Elmi Kitabxanası müasir kitabxana və biblioqrafik təcrübənin geniş yazılması və tətbiqi məqsədilə vaxtaşırı treninqlər, seminarlar keçirir, müasir elmi və tədrisi tələbat baxımından məqsədyönlü metodik vasitələrlə respublikada ali məktəb kitabxanalarının təkmilləşməsinə və tənzimlənməsinə çalışır. Elmi kitabxana bütün dövrlərdə xalq təsərrüfatının müxtəlif sahələri üçün kurs hazırlanmasında böyük rolu olan Bakı Dövlət Universitetinin birinci laboratoriyası olmuşdur. Universiteti bitirən hər bir məzunun üzərində kitabxana işçilərinin böyük əməyi vardır.
1961-ci ildən Elmi Kitabxanada əmək fəaliyyətinə başlamış Sara xanım İbrahimova 1984-cü ildən kitabxanaya rəhbərlik edir. Tələbə və müəllimlərin gözündə pillə-pillə ucalan, universitetdə hamının sevimlisinə çevrilən Sara xanımın yanvarın 6-da 75 yaşı tamam oldu. Bu gün istər respublikamızdan və istərsə də MDB ölkələrindən elm və təhsilin inkişafında böyük xidmətləri olan Əməkdar Mədəniyyət Xadimi fəxri adını daşıyan, elmi kitabxananın direktoru Sara xanım İbrahimovaya təbriklər ünvanlanmış, dəstə-dəstə gül buketləri bağışlanmışdır, bir sözlə, bu yubiley, ad günü BDU-nun kollektivi üçün sevimli bayrama çevrilmişdir.
Biz Sara xanımla universitetin 95 illik yubileyi ərəfəsində Elmi Kitabxanada, iş yerində görüşdük. O, gəlişimizdən məmnun qaldığını bildirdi. Sonra isə əsl mətləbə keçdik. Onun mənalı ömür kitabını vərəqlədik. Hiss etdik ki, qəlbi universitetlə, Vətən, Azərbaycan eşqi ilə döyünür.
Söhbət əsnasında Sara xanım bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:
—Dünyanın inkişaf etmiş ölkələri ilə elmi və mədəni əlaqələrin yaradılmasında beynəlxalq informasiya mübadiləsinin böyük əhəmiyyəti vardır. BDU-nun Elmi Kitabxanası dünyanın bir çox ölkələrinin universitetləri ilə mübadilə aparır. Mübadilə həm çap, həm də elektron formada həyata keçirilir.
Elmi Kitabxana Azərbaycanın qloballaşan dünyada öz layiqli yerini tutması və bugünkü gəncliyin, sabahkı kadrların dolğun, yetkin, hərtərəfli biliyə malik, intellektual səviyyəli insanlar kimi yetişməsi istiqamətində fəaliyyət göstərir. Bakı Dövlət Universitetinin əsas strukturlarından biri olan Elmi Kitabxana universitetin təsis edildiyi tarixdə, 1919-cu ildə təşkil olunmuşdur. Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında 88 əməkdaş çalışır, onlardan 6 nəfəri fəlsəfə doktoru, 78 nəfəri ali və 4 nəfəri isə orta təhsillidir.
Elmi Kitabxananın fəaliyyəti dəfələrlə müxtəlif mükafatlarla, diplomlarla, Fəxri fərmanlarla və medallarla qiymətləndirilmişdir. Kitabxananın əməkdaşları “Azərbaycanın Əməkdar Kitabxanaçısı”, “Azərbaycanın Əməkdar Mədəniyyət Xadimi” kimi fəxri adlara layiq görülmüşlər.
Elmi kitabxananın direktoru Sara İbrahimova sözünə davam edərək bildirdi ki, hazırda Elmi Kitabxana respublika ali təhsil müəssisələri kitabxanalarının Metodik Mərkəzi olmaqla yanaşı, Respublika Mərkəzi Metodiki Kitabxana Komissiyasının, Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasının, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin və Avrasiya Kitabxanaşünaslıq Assambleyasının üzvüdür.
95 il ərzində universitetin Elmi Kitabxanası həmişə axtarışda olan əməkdaşlarının işə məsuliyyətlə yanaşmasının və universitetin rəhbərliyi tərəfindən göstərilən dəstəyin nəticəsində zəngin elm və mədəniyyət, intellekt və milli dəyərlər mərkəzinə çevrilmişdir.
Bu gün anadan olmasının 75 illik yubileyi qeyd olunan Sara İbrahimovanın iştirak etdiyi respublika və beynəlxalq əhəmiyyətli konfrans, simpozium və seminarlarda əldə etdiyi nəzəri və əməli yeniliklərin həm Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, həm də respublika ali təhsil müəssisələri kitabxanalarında tətbiq olunması elmin və təhsilin məqsədyönlü inkişafına yönəldilmişdir.
Elmi Kitabxananın direktoru Sara İbrahimova 18 qrantın, iki biblioqrafik göstəricinin, bir metodiki vəsaitin, 40-a yaxın elmi və elmi-publisistik məqalənin müəllifidir. O, dəfələrlə fəxri fərmanlara, SSRİ Təhsil Nazirliyinin “Əməkdə əla nəticələrə görə” döş nişanı, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmaqla, “Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüş, haqqında mətbuatda geniş yazılar verilmişdir.
Elmi kitabxana bu gün elm məbədgahı olmaqla yanaşı, tələbələrin və professor-müəllim heyətinin mənəvi qida mənbəyidir. Direktoru Sara xanım olduğu Bakı Dövlət Universitetinin müasir Elmi Kitabxanası şəxsiyyətinin hərtərəfli formalaşması üçün mədəniyyət ocağıdır. O, yaradılan mədəni sərvətləri və informasiya resurslarını toplayır və qoruyur, eyni zamanda, onların istifadəsini və yayılmasını təmin edir.
El məhəbbəti qazanan Sara xanımı yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətində ona uğurlar diləyirik.
Qədir ASLAN
Respublika.- 2015.- 7 yanvar.- S. 4.