BİLƏSUVAR:
KEYFİYYƏTLİ SUVARMA BOL MƏHSUL DEMƏKDİR
Son illərdə Biləsuvar rayonunda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyin artırılması, şoranlaşmanın qarşısının alınması və təsərrüfatların suvarma suyu ilə təminatının yüksəldilməsi istiqamətində xeyli iş görülmüş, təsirli tədbirlər həyata keçirilmişdir. Ərazilərə drenaj kanalları çəkilmiş, müasir suvarma sistemləri yaradılmış, torpaqlar əkin üçün yararlı vəziyyətə gətirilmişdir.
Biləsuvar Suvarma İdarəsinin kollektivi bu sahədə öz işlərini müasir tələblər səviyyəsində qurmağa çalışır. Ölkənin ərzaq təhlükəsizliyinə layiqli töhfələr verməyə çalışan idarə 1963-cü ildə yaradılmışdır və onun əsas vəzifəsi əkin sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılmasını, sahələrin suvarma suyu ilə etibarlı şəkildə təminatını təşkil etməkdən ibarətdir.
Kollektivin rəhbəri Ədalət Babayev uzun illərdir ki, burada çalışır, böyük iş təcrübəsi vardır. O, söhbət zamanı bildirdi ki, ulu öndər Heydər Əliyevin meliorasiya və irriqasiya, suvarma obyektlərinin təşkili sahəsində apardığı islahatlardan sonra keçən dövr kollektiv üçün həmişə uğurlu olmuşdur.
Su, həyat, dirilik deməkdir. Bu deviz müasir həyatımızın ən mühüm şüarlarından birinə çevrilmişdir, əslində ata-babadan təsdiq olunmuş bir məntiq olsa da, indiki zamanda yeni məna kəsb edir. Zamanın tələbi belədir ki, hazırkı şəraitdə təkcə təbiətin bizə bəxş etdiyi hazır məhsullarla kifayətlənmək olmaz, biz təbiətə ən müxtəlif üsullarla təsir göstərməli, ona qayğı ilə yanaşmaqla, istədiyimizi almalıyıq. Məqsədlərə çatmağın əsas yollarından biri suvarma işinin düzgün təşkilindən keçir. Biləsuvar rayonunun təbii-coğrafi şəraitində aqrar bölməni inkişaf etdirmək üçün ən əsas vəzifələrdən biri budur. Rayonun suvarma işçiləri bunu yaxşı başa düşürlər.
İdarənin rəisi Ə.Babayev qeyd etdi ki, mövcud su ehtiyatlarının idarə olunmasına və onlardan maksimum səmərə ilə istifadə edilməsinə, suvarma suyunun kifayət qədər verilməsinə xüsusi diqqət yetirilmiş, su itkiyə yol verilmədən sahələrə çatdırılmışdır. Bu tədbirlər nəticəsində rayonda aqrar bölmə sürətlə inkişaf edir, xüsusilə ərzaqlıq məhsul istehsalının artımında inkişaf templəri yüksəkdir.
İdarənin əməksevər kollektivi 44129 hektar suvarılan əkin sahələrinə xidmət edir. Bu ərazilərin 38909 hektarı dövriyyədə olan suvarılan torpaqlardır. Həmin sahələrin 20352 hektarı nasoslar, 18557 hektarı öz axını ilə suvarılır.
2014-cü ildə təsərrüfatlarda 20648 hektar taxıl, 261 hektar pambıq, 2458 hektar bostan-tərəvəz, 1132 hektar günəbaxan, 9406 hektar yem bitkiləri, 449 hektarlıq nar bağı, habelə 2 min hektardan çox həyətyanı sahə suvarılmışdır. Ötən il həmçinin, suvarılan torpaqlar dövriyyəsindən əlavə olaraq 5500 hektar sahədə əkin aparılmış və suvarmaya cəlb olunmuşdur. AzərSun Kənd Təsərrüfatı MMC-nin 3420 hektar, “STI” Aqro MMC-nin öhdəsində olan 2000 hektar sahədə əkinlərdə xüsusilə yüksək məhsul bolluğu müşahidə edilmişdir ki, bu da keyfiyyətli suvarma ilə bağlıdır.
İdarədə 63 nasos stansiyası, xeyli hidrotexniki qurğu fasiləsiz fəaliyyətdədir. Hazırda bütün hidrotexniki qurğular, elektrik mühərrikləri işlək vəziyyətdədir.
Ötən il ərzində xeyli ərazidə kompleks meliorasiya işləri başa çatdırılmış, həmin ərazilərdən keçən 1487 kilometrlik suvarma kanallarında lildəntəmizləmə işləri aparılmış, 146 kilometr təsərrüfatlararası kanallar təmizlənərək mülkiyyətçilərin istifadəsinə verilmişdir.
Yerli fermerlərin suya olan ehtiyaclarının ödənilməsinə kömək göstərilir. 11 Sudan İstifadə Birliyi ilə sıx əlaqələr yaradılmışdır. Ötən ilin suvarma mövsümündə Zəhmətabad və Əsgərabad kəndlərinin fermerlərinin müraciətləri nəzərə alınaraq 140 hektar sahənin suvarılmasından ötrü 2 sudartan nasos alınaraq onların istifadəsinə verilmişdir. Burada maşın-texnika parkının komplektləşdirilməsinə diqqət gücləndirilmişdir. Hazırda idarənin balansında kifayət qədər texniki vasitələr, maşın və mexanizmlər vardır. Müxtəlif qoşqular, müasir ekskavatorlar, kanalqazanlar, güclü buldozerlər, yük və minik avtomaşınları və digər texnika növbəli iş rejimi üzrə fəaliyyətdədir.
İdarənin rəhbəri bir daha vurğuladı ki, dövlətimizin başçısının meliorasiya və suvarma işlərinə ciddi münasibəti işçilərin ruh yüksəkliyini xeyli artırmışdır və bu fəallığı indi hər yerdə, ən ucqar ərazilərdə gecə-gündüz növbədə dayanan melioratorların fəaliyyətində müşahidə etmək mümkündür. Onlar ümumi iş üçün əllərindən gələni əsirgəmirlər.
Sabir Mustafayev
Respublika. - 2015.- 9 yanvar.- S.4.