Azərbaycan
metallurgiyası və “Baku Steel Company”
Ölkə Prezidenti cənab İlham Əliyevin
apardığı uğurlu iqtisadi siyasətin əsas xəttini
qeyri-neft sektorunun inkişaf etdirilməsi təşkil edir. Neftdən gələn
gəlirlərin əsas hissəsinin məhz bu sahəyə
yönəldilməsi də bunu bir daha təsdiq edir. Son zamanlar dünyada gedən proseslər, neftin qiymətinin
aşağı düşməsi bu mövzunu daha da
aktuallaşdırır. Bu baxımdan sənayenin
bazası hesab edilən və əsas dayağı olan
metallurgiyanın inkişaf etdirilməsi çox vacib bir faktor
kimi özünü təsdiq edir. Metallurgiya
bizim həyatımızın bütün sahələrini əhatə
edir və Azərbaycanın metallurgiyasının da ənənəvi
və böyük tarixi vardır.
Azərbaycanlı mühəndis-metallurqlar və alimlər
Sovet İttifaqı dövründə ölkənin
iqtisadiyyatına və metallurqiyanın inkişafina öz əvəzsiz
töhfələrini vermişlər. Lakin Sovet
İttifaqının süquta uğramasından sonra sənayenin
digər sahələri kimi, metallurgiyamız da
acınacaqlı duruma düşdü.
Yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra bu sahədə də canlanma
başlandı. Məhz ulu öndərin özəl sektor
olaraq təməlini qoyduğu və 2001-ci ildə
açılışını etdiyi “Baku Steel Company” ilə
Azərbaycan metallurgiyasına yeni nəfəs gəldi. Son illər şirkətimizin rəhbərliyi tərəfindən
aparılan yenidənqurma işləri və qoyulan
böyük investisiyalar “Baku Steel Company” MMC-ni Qafqazın ən
böyük metallurgiya müəssisəsinə çevirməklə
yanaşı Avropanın ən öndə gedən
zavodları ilə müqayisə olunacaq səviyyəyə
çatdırmışdır. Şirkətdə
aparılmış abadlıq və yenidənqurma işləri
ilə yanaşı, məhsulun maya dəyərinin
aşağı salınması məqsədi ilə
dünyanın ən son texnologiyaları tətbiq olunmaqdadır.
Belə ki, Almaniyanın “Siemens VAİ” şirkətinin
istehsalı olan müasir, tam
avtomatlaşdırılmış, kombinə edilmiş
qaz-oksigen odluqları və karbon injektorları ilə təchiz
edilmiş (bu da öz növbəsinidə elektrik enerjisinin məsrəfini
azaltmış), EBT tökmə sisteminə malik elektrik
qövs sobası quraşdırılmışdır. Ardıcıl olaraq
poladın sobadan kənar, inert qaz mühitində emalı
üçün daha müasir soba-çalov
avadanlığı və ən son texnoloji standartlara cavab verən,
yüksək tökmə sürətinə malik (v=5m/dəq),
həmçinin maye metalın tökülmə zamanı
kristallaşdırıcı gilizlərdə elektromaqnit
qarışdırma sistemi ilə təchiz edilmiş, ən
müasir (Power-Mold, Fastcastcube-FCC) kombinə edilmiş tökmə
maşınının quraşdırılması prosesi gedir.
İstehsalat prosesi zamanı əmələ gələn
toz-qaz qarışıqlarını tutan toztutucu qurğu yenilənərək
gücü iki dəfə artırılmışdır.
Bu da bütün ekoloji standartlara cavab verməklə
ətraf mühitin çirklənməsinin
qarşısını tamamilə alır.
Şirkət illik istehsal gücünü 1 milyon tona
çatdırmaqla yanaşı, istehsal etdiyi məhsulun
çeşidini də artırmışdır. Belə ki,
inşaat armaturları ilə yanaşı, müxtəlif
ölçüdə künclük, şveller, ikitavr və
katanka istehsalına da başlanılmışdır. Beləliklə
də “Baku Steel Company” MMC ölkənin bu növ metal məhsullarına
olan tələbatını artıqlaması ilə ödəmək
gücündədir və istehsal etdiyi bütün məhsulların
keyfiyyəti İSO 9001-2008 idarəetmə sisteminin tələbləri
əsasında yerinə yetirilir.
Son zamanlar ölkədə təkrar qara metalın
(metallomun) azalması şirkət rəhbərliyini alternativ
xammaldan istifadə etmək üzərində ciddi addımlar
atmağa vadar etmişdir və bu yaxınlarda İtaliyanın
“Danieli” şirkəti ilə ferroərintilərin,
DRİ/HBİ (dəmirin filizdən birbaşa bərpası məhsulları)
materiallarının sobaya fasiləsiz verilməsi qurğusunun
alınmasına dair müqavilə imzalanmışdır. Bu qurğunun
quraşdırılması İran və Rusiyadan ixrac edilən
DRİ/HBİ-ın əritmə prosesində 80 faizə qədər
artırılmasına imkan verməklə yanaşı metallom
qıtlığının aradan qaldırılmasına imkan
verəcəkdir.
Təəssüf ki, son zamanlar ictimaiyyətdə belə
bir fikir formalaşdırılıb ki, guya Azərbaycanda
metallurgiya sənayesi ibtidai formadadır və bunun indi-indi
qurulması planlaşdırılır. Həmçinin
“Baku Steel Company” MMC-nin istehsal etdiyi armaturlar təkrar qara metal
qırıntısındandır, yəni bu armaturlar dəmirin
filizdən reduksiya olunmuş (ingiliscə DRİ - Direct Reduced
İron) məhsulundan istehsal olunmadığına görə
keyfiyyəti aşağıdır. Bu
düzgün olmayan fikirlərin birincisinə cavab olaraq
yuxarıda qeyd olunanlara diqqətlə nəzər yetirmək
kifayətdir. İkinci məsələni
isə aşağıdakı şəkildə izah etməyə
çalışacağam. Amma bundan öncə qeyd etmək
istəyirəm ki, bu ikinci fikri səsləndirənlər
sözsüz ki, bu sahədən məlumatı az
olan adamlardır. Çünki metallurqlar və
metallurgiyanın içində olan insanlar heç vaxt belə
bir fikir səsləndirməzlər ki, yüksək mərtəbəli
binaların tikintisində istifadə olunan armaturlar ancaq
DRİ-dan istehsal olunmalıdır. Bu baxımdan armatur
poladlarına qoyulan tələblərə nəzər yetirək:
1) Armatur
digər inşaat materialları kimi adi keyfiyyətli poladlar qrupuna
aiddir.
2) Bu
materialların keyfiyyətinə qoyulan tələblər digər
məhsullar kimi müvafiq standartlarla tənzimlənir və bu
standartların heç birində armaturun istehsalında
hansı xammaldan, yəni DRİ/HBİ və ya təkrar
qarametaldan istifadə olunması haqqında tələb yoxdur
3)
Armaturun müvafiq standartlara görə keyfiyyətinə
qoyulmuş tələblər əsasən
aşağıdakı xassələrin ödənilməsini
ciddi tələb edir:
-Axma həddi,
Rt, Nmm2
-Möhkəmlik
həddi, Rm, Nmm2
-Nisbi
uzanma, b%
-Əyilmə
sınağı
-Dartılma
zamanı dağılmaya qarşı müvəqqəti
müqavimət
-Müvafiq
həndəsi parametrlər.
QOST
10884-94, QOST 52544-2006 (bunlar Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir və
inşaat armaturlarının keyfiyyətinə qoyulan tələblər
həm ölkəmizdə, həm də MDB məkanında bu
standartlar ilə tənzimlənir) və bu standartların
analoqları olan DİN 488 (Almaniya), BS 4449-97 (Böyük
Britaniya), ASTM A615 (ABŞ) və s. heç birində inşaat
armaturların istehsalında DRİ-dan və ya təkrar
qarametaldan istifadə olunmasının vacibliyi haqqında
heç bir məlumat qeyd olunmayıb. İnşaat
armaturlarının və eyni zamanda bütün poladların
keyfiyyətinə qoyulan tələblərdən biri də
onların tərkibindəki qeyri-metallik birləşmələrin
müvafiq normativ tələblərlə tənzimlənməsidir.
Bunlar poladın tərkibində ayrı bir faza olaraq, onun
həmcinsliyini pozur və mexaniki xassələrinə mənfi
təsir edir.
Beləliklə də qeyri-metallik birləşmələrin
poladın tərkibindən təmizlənərək
azaldılması, strukturda onların ölçülərinin
kiçik olması, həmin fazaların itibucaqlı olmaması
və deformasiya zamanı səthlərə düşməməsi
vacibdir. Əks halda strukturda kristal dənələrin
sərhədlərində yığılaraq gərginliyin
artmasına və kristal qəfəsin deformasiyasına gətirib
çıxarır. Bu səbədən də
qeyri-metallik birləşmələrin poladın mexaniki xassəsinə
təsirinin azaldılması baxımında onların öyrənilməsi
bu sahənin alimləri üçün aktual mövzu olaraq
qalır. Bu qeyri-həmcins fazaların
ölçüləri, forması, kimyəvi və fiziki xassələri,
kimyəvi tərkibləri və həmçinin onların
tökülmüş metalın tərkibində yerləşmələrini,
yəni kristallik dənələrin sərhədlərinə əsasən
müəyyən edilməsi vacibdir ki, bununla da daim
laboratoriyalarda araşdırmalar aparırıq. Bunların öyrənilməsi və elmi tədqiqi
məqsədilə polad nümunələrin makro və mikro
şlifləri şüa mikroskopunda mütəmadi olaraq təhlil
olunur.
Metallurgiyanın son nəaliyyətlərindən olan,
poladın sobadan kənar maye fazada, inert qaz (Ar) mühitində
emalı, bu növ birləşmələrdən poladın tərkibinin
təmizlənməsi daha da böyük effekt vermişdir. Baxmayaraq ki,
armatur poladları adi keyfiyyətli poladlar qrupuna aiddir və
qeyri-metallik birləşmələrə görə bunlara
qoyulan tələblər digər keyfiyyətli və yüksək
keyfiyyətli (yüksək legirli) poladlara nisbətən
yüngüldür, “Baku Steel Company” MMC bu cür tam müasir
qurğuya malikdir. Belə ki, istehsal
prosesində desulfurasiya, defosforasiya, oksigensizləşdirmə
və legirləmə bu qurğuda aparılır. Yuxarıda qeyd olunanları bildirməkdə məqsədim
odur ki, bu qeyri-metallik birləşmələr təkrar emal
üçün sobaya verilən metallomda (hansı ki, bir dəfə
bu qeyri-metallik birləşmədən təmizləmə
etapını keçmişdir) DRİ-ya nisbətən daha
çox təmizdir. DRİ-ın tərkibi
isə qeyri-metallik birləşmələrlə zəngindir.
Bir çoxları elə bilir ki, DRİ dedikdə
bu, 100 faiz təmiz dəmirdir. Lakin bu, tam
yanlış bir fikirdir və DRİ-ın tərkibi
bütün dünyaya məlumdur.
Bütün
bu deyilənlərə əlavə olaraq onu qeyd etmək istəyirəm
ki, armaturun keyfiyyəti DRİ-dan istifadə etdikdə
“yaxşı”, təkrar qara metaldan istifadə etdikdə isə
“pis” kimi qeyd olunan qeyri-düzgün mülahizənin heç
bir elmi əsası yoxdur. Əksinə, təkrar
qara metaldan istifadə etdikdə qarşıya qoyulmuş
keyfiyyət göstəricilərini daha asan almaq
mümkündür.
Ümumilikdə
ötən il dünya üzrə 600 milyon
tondan çox polad məmulatlarının istehsalında xam
material kimi təkrar qara metaldan istifadə edilmişdir.
Mən çalışdım ki, bu çox geniş bir
mövzunu maksimum qısaltmaqla və başa düşülən
sadələşdirilmiş formada izah edim ki, anlaşılan
olsun. Həmçinin metallurgiyanın asan bir peşə və
sadə sahə olduğunu düşünənlər və
bu sahə ilə bağlı qeyri-peşəkar fikirlər
söyləyənlər nə qədər yanlış
olduqlarını dərindən başa düşsünlər.
Geosiyasi məkanda bizə qonşu olan ölkələrdən
əsasən Rusiya, Türkiyə və İran böyük
metallurgiya ölkələridir. Bu baxımdan biz yeni
metallurgiya zavodları qurmamışdan öncə yerli bazarı
təhlil etməklə yanaşı regionda da hansı
metallurgiya nəhəngləri ilə rəqabət
aparacağımızı və eyni zamanda hansı növ
polad məmulatlarını istehsal edəcəyimizi çox
ciddi təhlil etməliyik.
Azərbaycanda metallurgiya böyük tarixə malik olub,
bu gün də “Baku Steel Company” MMC-nin timsalında müasir
texnologiyaların tətbiqi ilə mövcudluğunu daha da təkmilləşdirməkdədir. Bu sahədə
çalışan bir mütəxəssis kimi dərindən əminəm
və çox ümidliyəm ki, möhtərəm
Prezidentimiz İlham Əliyevin və dövlətimizin
apardığı uğurlu iqtisadi siyasətə uyğun
olaraq Azərbaycanın metallurgiya sənayesi daha da inkişaf
edəcək, daha böyük uğurlara imza atacaqdır.
Ramin Kərimov,
“Baku Steel Company” MMC baş direktorunun
istehsalat üzrə müavini, kimya üzrə fəlsəfə
doktoru
Respublika. - 2015.- 9 yanvar.- S.5.