İstedadlı jurnalist həyatı

 

İndi desəm ki, illər quş qanadlıdır, “çeynənmiş sözlərdir” deyənlər hökmən tapılacaq. Olsun!... Yenilik kəşf etmək fikrində deyiləm, sadəcə, düşündüyümü söylədim. Düz on il əvvəl qəhrəmanım haqda bir yubiley yazısı yazmışdım. İndi, on il sonra daha bir yubiley yazısını yazmaq məqamında, mənim üçün bu illərin necə sürətlə, bir göz qırpımında ötüb keçdiyinin fərqinə vardım...

Ədilə Qocayeva ömrün bu dəmini əliboş qarşılamırdı, “Ömrün yaradıcılıq anları” ilə naxış vurmağa çalışmışdı o illərə. 1983-2015-ci illərdə dövri mətbuatda, müxtəlif kitablarda çap etdirdiyi məqalələrinin biblioqrafiyasını, onun haqqında görkəmli şəxsiyyətlərin, jurnalist həmkarlarının, yoldaşlarının ürək sözlərini əks etdirən maraqlı bir kitab hazırlamışdı. “Ömür səhifələrim”də uşaqlığını, uşaq şıltaqlıqlığını, doğmalarını, kəndini xatırlamaqla bütün duyğularını ortaya qoyan Ədilə qayğısız, sıxıntısız, dərdsiz, şirin xatirələrlə dolu uşaqlıq həyatını o qədər gözəl təsvir etmişdir ki, onu oxuyan hər kəsi uşaqlığına qaytara, o geri dönməz anları təkrar-təkrar yaşatmağı bacara bilmişdi. Evin böyük qızı olduğundan ailənin bütün yükünü çəkən anasına kömək etmək üçün səhərlər lap tezdən qalxıb camış sağmağını, toyuq-cücəyə dən verməyini, bacı-qardaşlarına səhər yeməyi verəndən sonra məktəbə yola saldığını, özünün dərsə gedib, məktəbdən qayıdandan sonra paltar yuyub, təndirə çörək yapmağını, xörək bişirib, qonaq qarşılamağını, bütün bunlarla yanaşı, dərslərini də yaxşı oxuduğunu şirin bir dillə oxucuya çatdıran müəllif iki kilometrlik məktəb yolunu gedərkən başına gələn hadisələri, bəzi “yaramazlıqlarda” onu da özlərinə qoşmağa çalışan qardaşlarının təpkilərinis. şirin-şirin nəql edərkən insanı xəyal dünyasına aparır: “Şən, qayğısız uşaqlıq illərimə geniş yer verməyimin səbəbləri var, o illərim atalı-analı, qardaşım Fəxrəddinli idi... Bubu kimi digər səbəblərdən həyata rəngarəng pərdələr arxasından boylandığım uşaqlıq illərimi həsrətlə xatırlayıram... Hansı dahisə deyib ki, nə qədər ki, həyatı başa düşmürdüm, yaşamaq mənim üçün asan idi, həyatı dərk edəndən sonra yaşamaq çətinləşdi...”

Əslində həyatın mənası bəlkə də onun çətinliyindədir. Bu çətinlikdən baş çıxarmaq üçün isə ilk növbədə özünü tapmalısan bu həyatın içində. Birinci sinfə qədəm qoyduğu ilk gün acdığını hiss edərək gedib məktəb direktorundan çörək istəməyini, ibtidai sinifdə oxuduğu vaxtlar qış günlərinin birində məktəbə gedərkən ondan böyük iki qardaşının qarın üstündə gəzə bilməyən qaratoyuqların boğazlarını əlləri ilə üzüb etirazına baxmayaraq, onun çantasına yığmaqlarını, onuncu sinifdə 23 fevral bayramında sinif oğlanlarına pişik bağışlamağını, ailə içində olan maraqlı, gülməli əhvalatları və s. qayğısız uşaqlıq illərinin şirin xatirələri kimi xatırlayaraq bu xatirələrin işığında, yaxşı oxuduğu tələbəlik illərində, kitabxanaçı-biblioqraf kimi təməli qoyulan əmək fəaliyyətinin ən qaynar çağlarında bu həyatı dərk etməyə çalışır, ibrətamiz hadisələrdən dərs ala-ala formalaşır, “ağıllanır”, kamilləşirdi: “Mənim üçün ən dözülməz şey yerində olmamaqdır. Mərhum şairimiz Qabil demişkən:

“...Dözülməz oluruq biz,

Səhv düşəndə yerimiz...”

Özümü tanıyandan axtarışdayam. Yerimi, özümü axtarıram. Mən özümü öz yerimdə görürəm. Hərə öz sahəsində Vətənə xidmət edir. Mən həm kitabxanaçı, həm də jurnalist kimi millətimə xidmət etmişəm. Azərbaycan Memarlıq və İnşaat Universitetinin kitabxanasında işlədiyim 32 il ərzində 500 min nüsxədən ibarət kitab fondunun komplektləşdirilməsində, onun lazımi ədəbiyyatlarla təchiz edilməsində yaxından iştirak etmişəm. Universitetdə tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Bakının kitab mağazalarını, Kitabxana Kollektorunu, Bukinist mağazaları bir-bir gəzərək dərslik və digər ədəbiyyatları toplayıb mühasibat yolu ilə kitabxanamıza gətirmişəm...

Hansı ölkəyə getmişəmsə, özümlə erməni cəlladlarının xalqımızın başına açdıqları bəlaları, o cümlədən Xocalı faciəsini əks etdirən ədəbiyyat və foto-şəkillər götürmüş, yeri gəldikcə onları təbliğ etmiş, bu savaşda haqlı olduğumuzu sübut etməyə çalışmışam. Elə bu da Vətənə xidmətdir. Bir jurnalist kimi xalqıma qələmimlə də xidmət göstərmişəm. Cəmiyyətin qabaqcıl, dəyərli və ziyalı insanları haqqında məqalələr hazırlayaraq onları oxucuya daha yaxından tanıtmışam. Daim bütün sahələrdə “düzü-düz, əyrini-əyri” göstərməyə çalışmışam”.

Mənə elə gəlir ki, Ədilə Qocayevanın mətbuat aləmində duruş gətirməyi, imzasını tanıda bilməsi ilk növbədə məhz onun yazdığı sahəni düzgün müəyyənləşdirməsi ilə bağlıdır. Yaradıcılıq yoluna qısaca nəzər yetirdikdə görürsən ki, o, ən çox sənət adamlarından yazır. Əslində bununla o, özünü böyük bir yükün altına vermiş olur, çünki cəmiyyətin bu həssas zümrəsini razı salmaq, yaxşı mənada təəccübləndirmək o qədər də asan deyil. Ədilə isə bunu bacarıb, kiçik bir yazı ilə ürəklərinə girib uzunömürlü bir dostluğa körpü salıb. Bunu özüetiraf edir: “Mən o xoşbəxt jurnalistlərdənəm ki, müsahibə aldığım insanlarla, xüsusən yaradıcı şəxsiyyətlərlə münasibətləri, həm yaradıcı, həm də şəxsi münasibətləri sonralar da davam etdirirəm. Bu, əksər hallarda dostluğa çevrilir”.

Onun sənət dünyasının korifeyləri ilə bu qədər doğmalaşmasının, yaxınlaşmasının başqa bir səbəbi də var. Çünki, özü son dərəcə duyğusal insandır, həmsöhbətinin də zəif, ağrılı yerini asanlıqla tuta bilir, onunla təkcə “söhbət ortağı” deyil, həm də “dərd ortağı” olmağı bacarır.

Ömrün yaradıcılıq anları” kitabında özünə yer almış bəstəkarlar Arif Məlikovun, Şəfiqə Axundovanın, Tofiq Bakıxanovun, xalq artisti Əminə Dilbazinin, tarzən Ramiz Quliyev və başqalarının yazılarında Ədilə haqqında deyilən xoş sözlər də həmin münasibətlərin səmimi etirafı kimi çox maraqlıdır.

Musiqiyə sevgisi isə bambaşqadır Ədilənin. O deyir: “Klassik musiqini, muğamları, insanı düşünməyə vadar edən dolğun musiqini çox sevirəm. Atam muğamlarımızın gözəl bilicisitarda usta ifaçısı idi. Əhməd Ağdamskidən dərs almışdı. Bəlkə buna görə tar, muğamlarımız bu qədər mənə doğma və əzizdir. Muğamlarımızda xalqımızın milli ruhu, hiss-həyəcanı, kədəri, ağrı-acısı, üsyankarlığı, qəhrəmanlığı, cəngavərliyi... toplanmışdır.

Daim öz üzərində işləyən, sözü vaxtında və yerində deməyi bacaran, zəhmətkeş qələm sahibi Ədilə Qocayeva tükənməz enerji ilə yazıb-yaradır, imzalar içində imzasını, izlər arasında izini qoymaq üçün... Ona bu yolda uğurlar.

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2016.- 2 avqust.- S.3.