DAVAMLI İNKİŞAFIN ÜNVANI: DAĞLAR DİYARI LERİK

Uca dağların, sıldırım qayaların qoynunda ucalan qədim yurd yerimiz, əsrlərin yaddaş kitabı Lerik. Buzeyir mağarası ilə Azərbaycan tarixinə adı qızıl hərflərlə həkk olunmuş əzəmətli diyar. Hələ 100 min il əvvəl paleolit dövründə ilk insanların məskunlaşdığı mağaraların, çoxlu tarixi abidələrin, maddi-mədəniyyət nümunələrinin məskəni.

Qədimliyilə qürur duyduğumuz, müasirliyilə sevindiyimiz dağlar diyarı. Bu torpağın saf havası, sərin bulaqları, hayqıran çayları, çağlayan şəlalələri, adı “Qırmızı kitaba düşmüş qaraçöhrə, dəmirağac, azat və digər qiymətli ağac növlərilə bəzənmiş zümrüd meşələri insanı valeh edir. Füsünkarloğman təbiəti, zəngin flora və faunası bu gün də əcnəbi alimlərin, səyyahların diqqətini cəlb edir. Sankt-Peterburqdan gəlmiş alimlər Leriki hər kilometrdən bir havası dəyişən gözəl məkan, təbiətin harmoniyası adlandırıblar.

Planetimizin ən qocaman sakinləri Mahmud Eyvazov, Şirəli Müslümov əsr yarımdan çox bu cənnətməkan diyarda yaşayaraq Leriki uzunömürlülər diyarı kimi dünyaya tanıdıblar.

Abadlıq yoldan başlanır

Lənkəran-Lerik yolu gözəl, yaraşıqlı kəndlərdən, atlas donlu meşələrdən, zümzüməli çaylardan, yaşıl dağ yamaclarından keçir. İstedadlı, nakam şairimiz Mikayıl Müşfiq “Hər tərəf yaşıllıq, hər tərəf orman”, “Başqa sədası var hələ Lerikin”, - deyərək bu yerləri böyük məhəbbətlə vəsf edib.

Lerikin qonşu rayonlara, paytaxt Bakıya yeganə çıxışı Lənkəran-Lerik yolu ilə mümkündür. Yerli sakinlər 56 kilometrlik bu yolu həyat yolu adlandırırlar. Keçmiş sovet hakimiyyəti dövründə uzun müddət əsaslı təmir edilmədiyindən yol tamam sıradan çıxmışdır. O vaxt Lənkərandan Lerikə 2-3 saata gəlməli olurdun.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yolun əsaslı təmiri üçün 10 milyon manat vəsait ayrıldı. 2005-ci ilin sentyabr ayında işlər başa çatdırıldı. Möhtərəm Prezidentimiz yolun açılışına həsr olunmuş mərasimdə şəxsən iştirak etdi. Bu, Lerikin tarixində ölkə rəhbərinin dağlar diyarına ilk səfəri idi. Yerli sakinlər uzun illər həsrətində olduqları bu yolu cənab Prezidentin leriklilərə hədiyyəsi kimi yüksək qiymətləndirirlər.

Lerik çətin coğrafi şəraitə, mürəkkəb relyefə malikdir. Yol tikintisi sözün əsl mənasında böyük zəhmət, fədakarlıq, yüksək işgüzarlıq tələb edir. Rayonun 162 kəndinin yollarının təmiri olduqca böyük vəsait tələb edir.

Son illər cənab Prezidentin imzaladığı sərəncamlarla 26 kilometrlik Lerik-Qosmalian-Kələvəz avtomobil yolunun tikintisi başa çatdırılmışdır. İndi Zuvand ərazisinə rahat asfalt yollar uzanır. Bir vaxtlar iki saata yetişdiyin Kələxan və Kəlvəz kəndlərinə cəmi 15-20 dəqiqəyə rahat getmək olur.

Cənab Prezidentin digər sərəncamı ilə 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Yolun 18 kilometrlik hissəsinə asfalt çəkilib. Yerli əhali rayon mərkəzindən xeyli aralıda olan kəndlərə uzanan rahat yollara, sosial problemlərin həllinə görə möhtərəm Prezidentimizə dərin minnətdarlıqlarını bildirirlər.

Rayonun nüfuzlu ağsaqqalı, əmək veteranı Abbas Zaidov ürək sözlərini bizimlə bölüşür:

- Ömrümü torpağa bağlamışam. 1976-cı ildə gənc yaşlarımda S.Vurğun adına sovxozun direktoru təyin olundum. Sovxoz 12 kəndi birləşdirirdi. Ümummilli liderin yüksək qayğısı sayəsində o vaxt 350 hektar dağ yamaclarında üzüm bağları salındı. Ağçay deyilən ərazidə üzüm emalı zavodu tikildi. İldə 2500 ton məhsul istehsal edirdik. Sovxozun gəliri hesabına kəndlərə rahat yollar çəkildi, mişar daşından evlər tikildi, məktəb, xəstəxana binaları, mədəniyyət evləri inşa olundu. Əhalinin gün-güzəranı yaxşılaşırdı. Lakin M.S.Qorbaçovun bədnam “yenidənqurması”ndan sonra üzüm bağları doğrandı, “bəylərin” hakimiyyəti dövründə tənəzzül, böhran daha da dərinləşdi. Baxımsızlıq üzündən yollar dağıldı, bərbad hala düşdü. Əhali uzun illər idi ki, yol sarıdan əziyyət çəkirdi. Sağ olsun cənab Prezident. 50 yaşayış məntəqəsini birləşdirən əraziyə avtomobil yolunun çəkilməsi haqqında sərəncam imzaladı. İndi əksər kəndlərə asfalt yol var. Lerikə, qonşu kəndlərə gediş-gəliş də xeyli asanlaşıb.

Yol tikintisi rayon icra hakimiyyətinin daim diqqət mərkəzindədir. Son illər Lerik şəhərinin daxili küçələri başdan-başa asfaltlaşdırılıb. Almu kəndinə və 10 kilometrdən çox kəndara yollarına isti asfalt döşənib. Daxili imkanlar hesabına Livədirqə, Murya, Almu, Davradibi kəndlərində çayların üzərində salınmış körpülərə 400 min manatdan çox vəsait xərclənib.

Qazanılmış uğurların arxasında

dövlətimizin qayğısı dayanır

Rayonda sağlam ab-hava, işgüzarlıq, yüksək əhval-ruhiyyə hökm sürür. Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bütün qüvvələr “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasına səfərbər edilib.

Rayon mərkəzində və kəndlərdə abadlıq, quruculuq işləri geniş vüsət alıb. Yeni təhsil, səhiyyə müəssisələri, inzibati binalar tikilir, infrastruktur yenilənir.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov görülmüş işləri möhtərəm Prezidentimizin rayonun inkişafına göstərdiyi misilsiz qayğının parlaq təzahürü kimi dəyərləndirərək deyir:

- ümummilli lider hakimiyyətdə olduğu hər iki dövrdə Lerikin iqtisadi, sosial və mədəni inkişafına misilsiz qayğı göstərmişdir. Ulu öndər Lerikdə yaşayan zəhmətkeş insanları qəhrəman insanlar adlandırmış, leriklilərlə əbədi dost olduğunu, bu dostluğun çox böyük sınaqlardan çıxdığını söyləmişdir. Leriklilər ümummilli liderin siyasətini daim dəstəkləmiş, onun siyasi kursunun həyata keçirilməsinə öz layiqli töhfələrini vermişlər.

Bu gün də Heydər Əliyevin ideyaları dağlar diyarının övladları üçün çox əzizdir, qiymətlidir. Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev Lerikə üç dəfə səfər etmiş, rayonda qazanılmış uğurları yüksək qiymətləndirmişdir. Möhtərəm PrezidentimizinLerikin inkişafı həm yerli sakinlər, həm də ölkə üçün vacibdir” deməsi dövlətimizin başçısının ucqar dağ rayonunun inkişafına göstərdiyi misilsiz qayğının parlaq təzahürüdür.

Möhtərəm Prezidentimizin rayona səfərlərini leriklilər böyük məhəbbətlə, ehtiramla xatırlayırlar. Ölkə başçısının xeyir-duası ilə 56 kilometrlik Lənkəran-Lerik yolu əsaslı şəkildə təmir edilərək istifadəyə verilmiş, rayona ilk dəfə təbii qaz xətləri çəkilərək əhali mavi yanacaqla təchiz edilmiş, Lerik şəhərində Heydər Əliyev Mərkəzi, uzunömürlülər muzeyi açılmış, rayon mərkəzi xəstəxanası, mədəniyyət evi əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

Cənab Prezidentin qeyd etdiyi kimi, “Bizim həyata keçirdiyimiz siyasətin əsasında insan amili, vətəndaşlarımızın rifahı dayanır.” Son illər Lerik rayonunda da Dövlət Proqramı çərçivəsində çox mühüm layihələr həyata keçirilmiş, yeni uğurlara imza atılmışdır. İlk növbədə yeni yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə diqqət artırılmışdır. Dövlət Proqramının icrası sayəsində 12 il ərzində rayonda 10317 yeri açılmışdır. Yeni yaradılmış yerlərinin 40 faizdən çoxu daimi yerləridir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Hər il 3 min hektara yaxın sahədə məhsul becərilir. Taxıl, kartof, tərəvəz, bostan məhsulları istehsalı ilbəil artırılır. İndi ənənəvi əkinçiliyə, o cümlədən tütünçülüyə yenidən qayıdış başlanıb. İlkin olaraq Nücü, Kirəvud, Əliabad, Züvüç, Osyodərə, Şingədulan, Vizəzəmin, Bürsülüm, Siyov, Veri və digər ərazilərdə tütün əkilmişdir.

Rayonda sahibkarlığın inkişafı üçün geniş imkanlar vardır. Piran kəndində fəaliyyət göstərən broyler fabrikində “Lebro” markası ilə buraxılan məhsullar artıq bazara çıxarılır. Peştətük kəndində yerli sahibkar tərəfindən süfrə suyu və şirə istehsalı üçün sex tikilir.

Fermer və şəxsi təsərrüfatlarda 10 mindən yuxarı arı ailəsi bəslənilir. Hər il 150 tondan çox ekoloji cəhətdən təmiz bal istehsal olunur. Məhsulun sənaye üsulu ilə qablaşdırılması və satışının təşkilində çətinliklər mövcuddur.

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi daim diqqət mərkəzindədir. Lerik şəhərində 17 meqavatlıq modul tipli elektrik stansiyası tikilmiş, 35 kv-luq yüksək gərginlikli Lerik-Telavar-Yardımlı elektrik xətti yenidən inşa olunmuş, Lənkəran-Hamarat-Lerik elektrik hava xətti əsaslı təmir edilmişdir. Lerik şəhərinin, Mastayıl və Hıramo kəndlərinin elektrik xətləri yenidən qurulmuş, fasiləsiz olaraq enerji verilişi təmin edilmişdir.

Son illər Lerik şəhəri də daxil olmaqla rayonun 50-yə yaxın kəndi qazlaşdırılmışdır. Rayonun ucqar kəndlərində evlərdə “mavi alov” şölələnir. Hazırda daha bir neçə kəndin qazlaşdırılması üçün tikinti işləri aparılır.

Lerik şəhərinin içməli su təchizatının yaxşılaışdırılması və kanalizasiya sisteminin yaradılması sahəsində işlər davam etdirilir. Qosmalian-Lerik magistral su xətti, şəhərdaxili sukanalizasiya xətlərinin bir hissəsi quraşdırılmış, bir neçə məhəllədə sututarlar inşa edilmişdir. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına ayrı-ayrı yaşayış məntəqələrində 20-dən çox artezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Dövlət Proqramı çərçivəsində rayonda yeni məktəblər, uşaq bağçaları tikilərək ən müasir avadanlıqlarla təchiz edilmişdir. Dövlət qayğısı sayəsində təhsilin keyfiyyəti xeyli yaxşılaşmış, tədris göstəriciləri yüksəlmişdir.

Rayonda əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi razılıq doğurur. 90 çarpayılıq mərkəzi xəstəxananın müasir tibbi avadanlıqlarla, mərkəzləşdirilmiş havalandırma və istilik sistemlərilə təchiz edilməsi, kəndlərdə müasir həkim və tibb məntəqələrinin inşa edilməsi səhiyyə xidmətinin yaxşılaşmasına zəmin yaratmışdır.

Lerik həm də turizm diyarıdır

Lerik zəngin, unikal təbiətə malikdir. Rayonda turizmin inkişafı üçün hər cür şərait vardır. Son illər Lənkəran-Lerik yolu boyunca, Qosmalian və Bilnə kəndlərində yeni turizm obyektləri salınmışdır.

Relax”, “Cənub”, Meşəbəyi”, “Təbəssüm”, “Həyat” və digər istirahət mərkəzlərində turistlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Rayona turist axını ildən-ilə artır. Rusiya, Belarus, Türkiyə, Almaniya, İran və digər xarici ölkələrdən gələn qonaqlar Lerikin füsunkar təbiəti, tarixi abidələrilə heyranlıqla tanış olur, xoş təəssüratlarını söyləyirlər.

Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyi Lerik Rayon İcra Hakimiyyətilə birgə “Relaxturizm mərkəzində uzunömürlülərin yaradıcılıq festivalını keçirmişdir. Tədbirdə respublikamızın müxtəlif bölgələrindən folklor kollektivləri, xalq tətbiqi sənət ustaları, respublikamızın mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər. Festival çərçivəsində Azərbaycan mətbəxinin təbliği məqsədilə müsabiqə keçirilmiş, qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Paytaxt Bakıda keçirilən beynəlxalq forum və konfransların iştirakçıları, dünyanın nüfuzlu dövlət və elm xadimləri rayona gələrək bu qədim və həm də müasir diyarla böyük maraqla tanış olurlar.

Bu gün dağlar diyarı sürətli inkişaf dövrünü yaşayır. Hər bir lerikli bununla sevinir, qürur duyur. Sabah bu yerlərin daha gözəl, yaraşıqlı müasir olacağına, əhalinin daha firavan yaşayacağına inanır gələcəyə inamla baxır.

Əlisəfa HƏSƏNOV,

Respublika.-2016.- 9 iyul.- S.8.