MULTİKULTURALİZMİN TƏBLİĞİNDƏ ELEKTRON KİTABXANALARIN ROLU

Müasir dövr dünyada qloballaşmabir tərəfdən mədəniyyətlərin, dillərin, dinlərin bir-biri ilə təması, digər tərəfdən isə bəzən onların toqquşması, bəzən isə inteqrasiyası proseslərinin getməsi ilə xarakterizə olunur.

Təsadüfi deyildir ki, bu gün dünyanın qarşılaşdığı ən mühüm problemlərdən biri məhz qloballaşma proseslərinin getdiyi bir şəraitdə milli identikliyin qorunması məsələsidir. Odur ki, ayrı-ayrı xalqların min illər boyu formalaşan, özlərinə məxsus adət və ənənələrini yaşatması, gələcək nəsillərə ötürməsi, bütövlükdə isə böyük bir axını xatırladan bu prosesdə mövcudluğunu qoruyub saxlaması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Çünki hər bir xalqın dünya xəritəsində mövcudluğunun ən mühüm şərtlərindən biri ona məxsus mədəniyyəti saxlaması, ümumi kompozisiya daxilində mədəni fərqliliyi yaşatmasıdır. Bu baxımdan ənənəvi mədəniyyətlərin məhv olma, yoxa çıxma təhlükəsi bu gün mədəniyyətlərarası dialoqların, sivilizasiyalararası alyansların meydana gəlməsini zəruri etmişdir. Çünki bir mədəniyyətin başqa bir mədəniyyətlə təmasının, qarşılaşmasının, yəni “akkulturasiya” prosesinin bir neçə yolu var. Belə ki: 1) Assimilyasiya - insan başqa mədəniyyətdəyərlərini qəbul edir və öz mədəni dəyərlərindən imtina edir; 2) Separasiya - bu zaman insan özgə mədəniyyətdən imtina edir və doğma mədəniyyəti qəbul edir; 3) Marginalizasiya- həm doğma mədəniyyət sistemi ilə vidalaşır, həm də mövcud olan çoxluğun mədəniyyət dəyərlərindən imtina edir, 4) İnteqrasiya- həm doğma, həm də özgə mədəni sistemi ilə uyğunlaşma. Bunun nəticəsi olaraq insan özgə mədəniyyət sistemində uzun dövr yaşamağa qadir olur” (Abdiyeva A. Mədəniyyətlərarası diffuziya mədəniyyət dialoqunun spesifik mexanizmi kimi).

Belə bir şəraitdə, qloballaşma proseslərinin getdiyi, yəni mədəniyyətlərin, sivilizasiyaların təmasının, toqquşmasının baş verdiyi bir dövrdə, bir tərəfdən milli identikliyin, mənəvi dəyərlərin ümumdünya, daha çox Qərb təmayüllü təsirlərə məruz qalması ilə özünü göstərirsə, bu eyni zamanda multikultural çalarlılığın, çoxmədəniyyətliliyin aradan qalxmasına səbəb olur. Odur ki, bu gün Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkədə “Multikulturalizm ili”nin elan olunması və bununla bağlı bir sıra mühüm tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Tədbirlər Planının hazırlanması dünyada gedən bu proseslərə vaxtında və adekvat münasibətin nəticəsi kimi xarakterizə oluna bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası bir sıra dillərə, dinlərə məxsus xalqların vətənidir. Və həmin xalqlar əsrlər boyu öz mədəniyyətlərini yaşatmış, din və dil özünəməxsusluqlarını bu günə qədər gətirib çıxara bilmişlər. Multikulturalizmin elmi-nəzəri əsaslarını təhlil edən akademik Kamal Abdullanın da vurğuladığı kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən məhz xalqımızın tarixi kökündə formalaşan və bu gün də yaşayan möhtəşəm mənəvi, elmi və siyasi qaynaqlara əsaslanır. Bu qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi zənginliyini adekvat göstərən zəngin mənbədir” (Abdulla K. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları. I kitab.- Bakı: “Mütərcim”, 2016.- s. 8). Təbii ki, alimin “xalqın tarixi kökündə formalaşan və bu gün də yaşayan möhtəşəm mənəvi, elmi və siyasi qaynaqlar” deyəndə, əslində minillər boyu bu ərazilərdə yan-yana yaşayan və vahid Azərbaycan mədəniyyətinin formalaşmasına gətirib çıxaran proseslərə işarə edir. Dinindən, irqindən, etnik mənşəyindən asılı olmayaraq bu regionda yaşayan xalqlar mehriban qonşuluq şəraitində, müsbət mənada bir-birinə təsir etməklə mövcud olmuşlar.

 

Bu gün ölkə başçısı tərəfindən dövlət siyasəti kimi elan olunan və xalqımızın çoxəsrlik mədəni yaşam şərtlərindən doğan multikulturalizmin təbliği və onunla bağlı maarifləndirmə işlərinin aparılması bir tərəfdən dövlətin çağırışlarına adekvat cavabdırsa, digər tərəfdən xalqımızın yüzillər boyu formalaşmış mənəvi mədəniyyət xəzinəsinin, sərvətinin qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Təbii ki, bu iş kompleks xarakterli, sistemli və universal olmalıdır. Bir tərəfdən multikulturalizmin araşdırılması, onunla bağlı elmi-tədqiqat əsərlərinin meydana çıxması ən mühüm şərtlərdəndirsə, digər tərəfdən bu biliklərin tədrisi, eləcə də təbliği çox vacib məsələlərdəndir. Odur ki, multikulturalizmlə bağlı maarifləndirmə işlərinin aparılması, əhalidə, insanlar arasında bu anlayış barədə fikirlərin formalaşdırılması üçün kitabların, xüsusən kitabxanaların üzərinə çox böyük məsuliyyət düşür. “Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və təbliğ olunmasında kitabxanaların da özünəməxsus rolu vardır. Kitabxanalar həmişə milliyyətinə, dininə, dilinə fərq qoymadan çoxsaylı oxucu ordusuna xidmət göstərir, müxtəlif xalqların etiqadını, mədəniyyətini, düşüncə tərzini, məişət və əxlaqını dünya ədəbiyyatının ən gözəl nümunələri vasitəsilə təbliğ edirlər”(Multikulturalizm Azərbaycanın həyat tərzidir: Metodik tövsiyələr /Tərt. ed.: M.Hacıyeva, N.Alışova; Red. və burax. məsul: K.Tahirov; Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2016.- s. 12). Təbii ki, kitabxanaların malik olduğu bu potensial, yəni müxtəlif mədəniyyətlərə və dinlərə dair bilik və məlumatları ehtiva edən kitabların, toplu və məqalələrin bir yerdə cəm olması, eyni zamanda müxtəlif dünyagörüşü və etnik, milli, dini mənşəyə malik olan insanların bir araya gəlməsi onların rolunu daha da artırmış olur. Çünki həm müxtəlif mədəniyyətlərə dair kitab və məlumatların, həm də onlarla maraqlanan oxucuların bir araya gəlməsi özlüyündə təbii bir multikultural mühit yaradır ki, bu mühitin potensialından bu və ya digər istiqamətdə yararlanmaq artıq kitabxanaların üzərinə düşür. Məhz belə bir şəraitdə müxtəlif kitab sərgiləri və təqdimatları, eləcə də müxtəlif mövzularla (məsələn, “Multikulturalizm və dil”, “Multikulturalizm və adət-ənənələr” və s.) bağlı müzakirələrin təşkil olunması, hesab edirik ki, multikulturalizmin təbliği işində çox səmərəli ola bilər. Nəzərə almaq lazımdır ki, kitabxana mühiti müxtəlif dünyagörüşlü insanların, şəxslərin sosiallaşdığı, ünsiyyət və təmasda olduğu mühit kimi çox qiymətlidir. Odur ki, müasir dövrdə ölkəmizin əldə etdiyi nailiyyət və uğurların, eləcə də beynəlxalq aləmdə artan nüfuz və təsir imkanlarının, həmçinin milli dövlət siyasətinin - multikulturalizmin təbliğində kitabxanaların malik olduğu potensialdan geniş şəkildə istifadə etmək lazımdır.

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planının 21-ci bəndində “Azərbaycan Milli Kitabxanasında multikulturalizm üzrə kitab fondunun yaradılması və “Multikulturalizm və kitab” mövzusunda konfransın keçirilməsi” nəzərdə tutulmuşdur. Bu bəndin icrasından irəli gələn ən mühüm vəzifələrdən biri də kitabxanalarda multikulturalizmin təbliği və təşviqinin təmin edilməsi üçün bir sıra işlərin görülməsidir. Tədbirlər Planında da qeyd olunduğu kimi, ilk növbədə kitabxanalarda multikulturalizm üzrə kitab fondunun yaradılması, başqa sözlə desək, multikulturalizmlə bağlı müxtəlif nəşrlərdən ibarət (tezis, məqalə, monoqrafiya, kitab-albom və s.) resursların bir yerdə cəmləşdirilməsidir. Həmçinin ölkənin müxtəlif kitabxanalarında “Multikulturalizm və kitab” mövzusunda toplantıların, konfrans və seminarların, eləcə də kitab sərgilərinin təşkili multikulturalizmin təbliği və təşviqi işində mühüm addım ola bilər.

Məlumdur ki, XXI əsr elmin, texnologiyanın inkişafı əsri olmaqla bərabər, həm də informasiya əsridir. Müasir informasiya texnologiyalarının hesabına dünyada qloballaşma prosesləri ilə yanaşı, virtuallaşma prosesləri də gedir. Bu gün dünyada informasiya texnologiyaları çox sürətlə inkişaf edir. Həyatımızın və ya fəaliyyətimizin elə bir sahəsi yoxdur ki, orada infromasiya texnologiyaları vasitələrindən - kompüter, mobil telefon, planşet və s.-lərdən istifadə olunmasın. Başqa sözlə desək, müasir dünyanı informasiya-kommunikasiya texnologiyalarından (İKT) kənarda təsəvvür etmək mümkün deyil. Odur ki, multikulturalizmin də təbliği və təşviqi işində, eləcə də əhali arasında maarifləndirmə tədbirlərinin miqyasının genişləndirilməsində elektron resurslardan, virtual imkanlardan geniş istifadə etmək mümkündür. Hazırkı şəraitdə real aləm bütövlükdə virtual mühitə transformasiya olunmaqdadır. Gerçəklikdə olan hər bir reallıq artıq virtual inikasını da tapmaqdadır. Odur ki, belə bir şəraitdə multikulturalizmin təbliği, bu sahədə görülən işlərin mobil və operativ şəkildə həyata keçirilməsi, ən əsası isə etibarlı saxlanılması istiqamətində elektron kitabxanaların potensialı çox böyükdür.

M.Hacıyeva və N.Alışova multikulturalizm və tolerantlığın təbliğində kitabxanaların rolu mövzusunu təhlil edərkən yazır ki, “Kitabxanalar xalqımızın zəngin multikulturalizm və tolerantlıq ənənələrini tədbirlər vasitəsilə oxucu kütləsinə çatdırmalı, kütləvi informasiya vasitələrindən heç də geridə qalmamalıdırlar. Son illərdə din pərdəsi altında baş verən müxtəlif təxribatlara qarşı mübarizə məqsədi ilə İnternetdə yerli və xarici müəlliflərin dəyərli əsərləri barədə geniş məlumatların, dini mövzuda elmi əsərlər və məqalələrdən ibarət elektron topluların hazırlanması və elektron kitabxanada, sosial şəbəkələrdə yayımını təşkil etmək məqsədəuyğundur. Elektron nəşrləri, elektron kitabları internetdə yerləşdirməklə, eləcə də sosial şəbəkələrdə bu barədə geniş məlumatlar yaymaqla zəngin dini-elmi, ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanıdılmasına, virtual təbliğinə çalışmaq lazımdır” (Multikulturalizm Azərbaycanın həyat tərzidir: metodik tövsiyələr /Tərt. ed.: M.Hacıyeva, N.Alışova; Red. və burax. məsul: K.Tahirov; Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2016.- s. 13).

Təbii ki, multikulturalizm və tolerantlığın təbliğində elektron resurslardan istifadə, eləcə də elektron kitabxanaların potensialından bəhrələnmək, bu istiqamətə xüsusi diqqətin ayrılması müasir dövrdə sürətlə inkişaf edən texnoloji imkanların tələbidir. Bu sahədəki işlər kompleks şəkildə olmalı və mərhələli şəkildə həyata keçirilməlidir. İlk növbədə multikulturalizmə dair bütün növ materialların (kitab, albom, məqalə, tezis və s.) elektron bazasını formalaşdırmaq qarşıda duran ən mühüm məsələlərdən biridir. Həmçinin həm materialları mövzu və məzmuna uyğun olaraq qruplaşdırmaq və virtual mühitdə, internetdə axtarışını və əldə olunmasını təmin etmək üçün müəyyən açar sözlərlə işarələmək lazımdır. Həmçinin elektron kitabxana daxilində multikulturalizm və tolerantlığa dair müəyyən mövzu panelləri və başlıqlar yaratmaq olar ki, bunun əsasında da müzakirələr təşkil etmək olar. Eyni zamanda audio, video və multimedia resurslarını da elektron kitabxana mühitinə yerləşdirmək və bunlardan da maarifləndirmə, təbliğat vasitəsi kimi istifadə mümkündür. Elektron kitabxanaların verdiyi ən mühüm imkanlardan biri də fotomaterialların yerləşdirilməsi, başqa sözlə desək, virtual sərgilərin təşkil olunmasıdır. Azərbaycanın multikultural bölgələrinin həyat tərzinə, adət-ənənə və etnoqrafiyasına dair fotomateriallardan elektron resurs kimi geniş şəkildə istifadə etmək olar.

Elektron kitabxanaların ən mühüm özəlliklərindən biri də elektron baza ilə istifadəçi arasında əks-əlaqənin, kommunikasiyanın qurulmasıdır. Elektron kitabxana daxilində onlayn-virtual müzakirə şəraiti yaratmaq olar ki, bununla da həm oxucu və kitabxana, həm də oxucuların öz aralarında diskussiya imkanları mövcud olar.

Təbii ki, multikulturalizmin təbliği işində müasir texnoloji inkişafın verdiyi imkanlardan istifadə etmək və elektron kitabxanaların potensialından yararlanmaq bu sahədə görülən işlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasında çox mühüm rol oynaya bilər.

 

Arzu MƏMMƏDOVA,

Azərbaycan Dövlət İqtisad

Universiteti, baş biblioqraf.

Respublika.-2016.- 13 iyul.- S.6.