Ulu öndər Heydər
Əliyev bütün həyatını
Azərbaycanın hərtərəfli inkişafına, güclü, qüdrətli bir
dövlət olmasına həsr etmişdir
Ötən
əsrin 70-ci illərinin əvvəllərində Azərbaycanın
ictimai-siyasi həyatında böyük bir coşqunluqla
başlanan sürətli inkişaf o dövrdə
keçmiş Sovet İttifaqında “plandankənar”,
inanılmaz bir sıçrayış kimi görünsə də,
yalnız bir nəfər - ürəyi doğma Vətənini
və xalqını daha xoşbəxt görmək istəyi
ilə döyünən Heydər Əliyev üçün
“böyük arzular planı”nın hələ yalnız
başlanğıc mərhələsi idi.
Respublikamızda böyük və sürətli inkişaf dövrü məhz həmin tarixi gündən - 14 iyul 1969-cu ildən başlamışdı. SSRİ iqtisadiyyatının durğunluq təsiri bağışlayan ləng inkişafı fonunda Azərbaycanda 70-ci illərdə özünü qabarıq şəkildə göstərməkdə olan “amplituda yüksəlişi” diqqəti cəlb etməyə bilməzdi. Bu yüksəlişə isə özünün böyük zəkası, müdrik siyasəti, gərgin və yorulmaz əməyi, yaradıcı enerjisi ilə məhz Heydər Əliyev nail ola bilmişdi. Ümummilli lider Sovetlərin siyasi arenasında yenicə görünməyə başlasa da, respublikada apardığı genişmiqyaslı işlər, həyata keçirdiyi tədbirlər heyranedici, inamlı və qətiyyətli idi.
1969-cu ilədək Azərbaycanın iqtisadi cəhətdən nəinki SSRİ miqyasında, hətta region respublikaları içərisində geridə qalması, əhalinin sosial vəziyyətinin ürəkaçan olmaması respublikanın gənc, lakin fenomen təşkilatçılıq və idarəçilik məharətinə malik vətənpərvər rəhbərini sərt və qəti addımlar atmağa sövq edirdi. Zamanın arxasınca deyil, onun önündə getməyi qərarlaşdıran Heydər Əliyev tarixən qısa bir vaxtda respublika iqtisadiyyatının bütün sahələrinin sinxron inkişafı üçün nəinki bilavasitə özünün səlahiyyətləri daxilində olan bütün potensiallardan istifadə edirdi, hətta Sovetlərin bəzi “oturuşmuş” respublika rəhbərlərinin belə cəsarət etmədiyi “risk”li təklif və təşəbbüslərlə Kreml rəhbərliyi qarşısında məsələ qaldırır və Azərbaycan üçün müstəsna əhəmiyyəti olan tədbirlərin, layihələrin reallaşmasına nail ola bilirdi.
Heydər Əliyevin hərtərəfli düşünülmüş iqtisadi siyasəti sayəsində respublikamız həmin illərdə özünün böyük inkişaf, əsl intibah dövrünü yaşayırdı. İlk növbədə Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə o dövrün ən son texnologiyaları əsasında Mingəçevir Su Elektrik stansiyasının yaxınlığında daha güclü bir elektrik enerjisi mənbəyinin - Azərbaycan Dövlət-Rayon Elektrik (DRES) stansiyasının yaradılması, neft emalında daha yüksək keyfiyyətə, neft-kimya sənayesinin potensialının artırılmasına nail olmaq üçün Yeni Bakı Neftayırma zavodunda o dövrdə ən müasir olan ELOU-avt ilkin neft emalı, katalitik krekinq, katalitik riforminq qurğularının inşası, neftçıxarma və kompressor borularının davamlılığının təmin edilməsi və istismar müddətinin artırılması məqsədilə Azərbaycan Boruyayma zavodunda Almaniyadan alınan EMAQ texnoloji axın xəttinin quraşdırılması, Xəzərin ən dərin qatlarındakı neft yataqları üzərində dəniz-kəşfiyyat platformalarının yaradılması üçün dünya standartları səviyyəsində nəhəng Dərin özüllər zavodunun tikintisi məhz ulu öndərin respublika iqtisadiyyatının hər bir sahəsində yenilik təşəbbüslərinin, innovativ ideyalarının tətbiqinin mühüm bəhrələr verən real nəticəsi idi.
O dövrdə SSRİ-nin siyasi nəhəngləri sayılan Q.Romanovun (Leninqrad vilayəti), V.Şerbitskinin (Ukrayna), D.Kunayevin (Qazaxıstan), Ş.Rəşidovun (Özbəkistan) Kremldə şəxsi nüfuzlarının böyük olmasına baxmayaraq, xeyli gənc olan, lakin müdrikliyi və çevik qərarları ilə onlardan fərqlənən Heydər Əliyev ötən əsrin 70-80-ci illərində həmin rəhbərlərin iddialı olduğu, eyni zamanda Azərbaycan iqtisadiyyatının dirçəlişi üçün mühüm olan Kondisionerlər zavodunun 1975-ci ildə Bakıda, neft-kimya sənayesi üçün yeni inkişaf mərhələsini təmin edən nadir və unikal “EP-300” və “Polimir-120” komplekslərinin 1987-88-ci illərdə Sumqayıtın kimya müəssisələrində inşasına nail ola bilmişdi. Baxmayaraq ki, həmin kimya komplekslərinə Rusiya və Ukraynada da tələbat az deyildi, yazı-yayı daha qızmar keçən, əhalisinin sayı isə respublikamızın əhalisinin sayından bir neçə dəfə çox olan Qazaxıstan və Özbəkistanda isə kondisioner zavoduna ehtiyac daha böyük idi. Həmin yeni obyektlərlə Heydər Əliyev Azərbaycana həm müasir istehsal texnologiyalarının gətirilməsinə, həm də minlərlə yeni iş yerlərinin açılmasına nail ola bilmişdi.
Yaponiyanın “Hitachi” firmasının lisenziyası əsasında yaradılmış Bakı kondisionerlər və Sumqayıt kompressorlar zavodları eyni zamanda azərbaycanlı mütəxəssis və fəhlələr üçün ən müasir, innovativ texnologiyalarla tanış olmaq, onları mənimsəmək və idarəetmək vərdişlərinə yiyələnmək üçün əlverişli imkan açmışdı. Maraqlıdır ki, sonralar istehsal gücü ildə 500 min kondisionerə çatdırılmış Bakı kondisionerlər zavodunun məhsulunun təxminən üçdən biri xaricə, o cümlədən isti, tropik ölkələr olan Misirə, Avstraliyaya, Çinə, Kubaya, İrana və s. ixrac olunurdu ki, bu da ölkəyə milyonlarla dollar əlavə gəlir gətirirdi.
Hələ 1970-ci illərin əvvəllərində respublika rəhbəri Heydər Əliyevin göstərişləri əsasında ölkənin neft emalı müəssisələrində yanacaq və texniki-maşın yağlarının keyfiyyətlərinin dünya standartlarına çatdırılması məqsədilə geniş rekonstruksiya işləri aparılmış, müasir emal qurğuları inşa edilmişdi. Ulu öndər o zaman bu sahədə çalışan alim və mütəxəssislər qarşısında mühüm olaraq belə bir tələb qoymuşdu ki, respublika müəssisələrində aparılan bütün rekonstruksiya və yenidənqurma işləri ən mütərəqqi texnologiyaların tətbiq olunduğu, bütün istehsal proseslərinin avtomatlaşdırılmış sistem üzrə idarə edildiyi sex və istehsalatların yaradılması nəzərdə tutulmaqla həyata keçirilməlidir.
Böyük həcmdə maliyyə resurslarının tələb olunduğu “EP-300” və “Polimir-120” komplekslərinin Azərbaycanda tikintisi ilə bağlı respublika rəhbərinin 1976-cı ildə Kreml qarşısında irəli sürdüyü təklif “yuxarı dairələrdə” bir qədər maneələrlə qarşılandığından, eyni zamanda layihə-smeta sənədlərinin hazırlanmasına və vəsaitin ödənilməsi üçün çox böyük məbləğdə valyutanın əldə edilməsinə xeyli vaxt tələb olunduğundan yalnız 1980-ci ildə həmin qurğulardan birinin - “EP-300”-ün tikintisinə başlanılmışdı. Onun texnoloji davamını təşkil edən “Polimir-120”-nin inşasına isə bir qədər sonra nail olundu və 1987-ci ildə - Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini olarkən, onun respublikaya bilavasitə köməkliyi sayəsində hər iki kompleksin tikintisi başa çatdırıldı.
Ulu öndər Heydər Əliyevin mütərəqqi layihə və texnologiyalara xüsusi diqqət və üstünlük verməsini belə bir fakt da inkaredilməz şəkildə təsdiq edir ki, 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən gəldiyi ilk aylardan etibarən dahi rəhbər ölkəmizdə sovetlərin köhnə texnologiyalarına əsaslanan avadanlıq və texnikasının əvəzinə dünya standartlarına uyğun mütərəqqi texnologiya və avadanlıqların tətbiqini daha mühüm və vacib hesab edirdi. Təsadüfi deyil ki, fəaliyyətini dünyanın ən yeni rabitə texnologiyaları əsasında qurmuş Türkiyənin “Teletaş” firması tərəfindən Sumqayıtda ilk dəfə olaraq məhz Ulu öndərin göstərişinə əsasən müasir telefon stansiyası yaradılmışdı. Yeni il ərəfəsində - 28 dekabr 1993-cü ildə istifadəyə verilmiş həmin elektron tipli telefon stansiyanın açılışında iştirak etmək üçün Sumqayıta gələn Heydər Əliyev Azərbaycana innovativ texnologiyaların cəlb edilməsinin və tətbiqinin vacibliyini bir daha xatırlatmış, tədbir iştirakçılarının gurultulu alqışları altında açılış mərasimindəcə Türkiyənin o vaxtkı Prezidenti Süleyman Dəmirəllə birbaşa telefon əlaqəsi saxlayaraq, onunla danışmış, Azərbaycan rabitə sistemində yeniliyin tətbiqinə nail olmuş türk mütəxəssislərinə təşəkkürünü bildirmişdi. Təbii ki, Sumqayıtın tarixində ilk dəfə olaraq iki qardaş dövlətin rəhbərlərinin məhz bu şəhərdən birbaşa telefon əlaqəsi saxlaması unudulmaz hadisə kimi Sumqayıtın tarixinə əbədi olaraq yazılmışdır.
Ölkənin gələcək sürətli inkişafının ilk növbədə dünyanın ən mütərəqqi elmi-texniki nailiyyətlərindən, yeni texnologiyalardan maksimum səmərə ilə istifadədən asılı olduğunu bütün aydınlığı ilə diqqətə çatdıran və buna xüsusi əhəmiyyət verən ulu öndərin 1998-ci ilin 23-28 fevralında dünyanın müxtəlif sahələr üzrə innovasiya mərkəzi sayılan Yaponiyada səfərdə olmuş və gündoğar ölkənin rəhbərləri və dünya şöhrətli firma və şirkətlərin prezidentləri ilə işgüzar görüşlər keçirərək, Sumqayıtın neft-kimya sənayesi üçün olduqca mühüm və gərəkli olan unikal enerji kompleksinin - Buxar-generator qurğusunun dövlət zəmanəti əsasında çoxillik kredit üzrə alınmasına nail ola bilmişdi. O zaman Azərbaycan iqtisadiyyatının çox ağır, acınacaqlı vəziyyətdə olmasına baxmayaraq, ulu öndər bu məsələdə də qabaqcıl texnologiyaya üstünlük vermiş, yeni kompleksin çox baha olması belə onu fikrindən daşındırmamışdı. Məsələ onda idi ki, ötən dövrün 90-cı illərində Azərbaycan sənayesinin bir çox sahələri kimi energetika sahəsi də tənəzzülə doğru gedirdi. Vaxtilə Sumqayıt müəssisələrini və şəhəri elektrik, həm də istilik enerjisi ilə təmin edən hər iki yerli istilik-elektrik stansiyaları (İES) xammal çatışmazlığı və avadanlığının fiziki və mənəvi aşınması üzündən dağılmaq, sıradan çıxmaq üzrə idi. Fasiləsiz rejimdə işləyən neft-kimya müəssisələrinin fəaliyyəti belə bir vəziyyətdə tez-tez pozulur, xeyli məhsul itkisinə yol verilir, məhsulun keyfiyyəti aşağı düşür, müəssisələr böyük ziyanla işləyirdi. Əlbəttə, ilk vaxtlar üçün həmin İES-ləri təmir etdirmək də olardı. Ancaq SSRİ-nin dağıldığı, bütün keçmiş Sovet məkanında, xüsusilə də sənayedə xaosun hökm sürdüyü bir zamanda onların təmirinin çox baha başa gələcəyini, belə bir variantın köhnəliyə qayıdışdan başqa bir şey olmadığını, sovet texnologiyasının yüksək səmərəliliyi və etibarlılığı təmin etməyəcəyini bütün aydınlığı ilə başa düşən Heydər Əliyev üzünü inkişaf etmiş Avropaya, Qərbə yox, Şərqə - unikal, ən qabaqcıl texnologiyalar, elmi-texniki innovasiyalar ölkəsi olan Yaponiyaya tutmağı daha mühüm, daha vacib bilmişdi. Məhz bütün dünyada yüksək beynəlxalq nüfuza malik Azərbaycan Prezidentinin Yaponiyaya həmin tarixi səfərinin uğurlu nəticəsi olaraq “EP-300” və “Polimir-120” komplekslərini fasiləsiz və etibarlı olaraq elektrik və istilik enerjisi ilə təmin edən Buxar-generator kompleksi artıq 7 iyul 2001-ci ildə Ulu öndərin özünün iştirakı ilə istifadəyə verilmişdi. Və sumqayıtlılar böyük minnətdarlıq hissi ilə xatırlayırlar ki, məhz hər zaman yeniliyə, elmi-texniki nailiyyətlərə üstünlük verən dahi rəhbərin sayəsində Sumqayıtda ən müasir texnologiyalar əsasında yaradılmış Buxar-generator qurğusunun enerli ilə təmin etdiyi “EP-300” və “Polimir-120” komplekslərindən ibarət Etilen-polietilen zavodu bu gün də uğurla fəaliyyət göstərir. Bütünlüklə müasir xarici avadanlıqlar əsasında yaradılmış bu zavod ulu öndərin Sumqayıta və sumqayıtlılara ən dəyərli, ən böyük töhfəsidir.
Dahi rəhbərin Azərbaycan iqtisadiyyatında başladığı elmi-texniki yeniləşmə prosesləri sonralar onun layiqli siyasi davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən şərəfli bir estafet kimi daha da irəli aparılmışdır. Ulu öndərin təşəbbüsü ilə kimya sənayesinin enerji mənbəyi olan Buxar-generator kompleksinin inşasının sanki estafet kimi davamı olaraq İlham Əliyev gələcəkdə tikintisi nəzərdə tutulan yeni sənaye müəssisələrinin və bütövlükdə kimya şəhərinin elektrik enerjisinə olan tələbatının tam ödənilməsi məqsədilə 12 avqust 2005-ci ildə Sumqayıta səfər edərək, 500 meqavatt gücündə olan yeni elektrik stansiyasının təməlini qoymuşdu. Əlbəttə, son illərdə enerji qıtlığı ilə üzləşmiş Sumqayıt üçün bu çox böyük və əlamətdar bir hadisə idi. Bütövlükdə Azərbaycanın enerji təhlükəsizliyinə xidmət edən yeni İES-lərdən biri olan müasir stansiyanın tikintisi beynəlxalq standartlara uyğun olaraq, ən müasir texnologiyalar tətbiq edilməklə dünyanın aparıcı şirkətlərindən biri olan “Siemens” şirkəti tərəfindən aparılmış və 2009-cu ildə müvəffəqiyyətlə istifadəyə verilmişdir.
Yeri gəlmişkən, xüsusi minnətdarlıqla qeyd olunmalıdır ki, sonrakı illərdə ən yeni, innovativ texnologiyalar əsasında Bakıda yeni “Şimal-2” elektrik stansiyası, Şəkidə, Əli Bayramlıda, Xaçmazda və digər şəhərlərdə modul tipli elektrik stansiyaları da tikilib istifadəyə verilmişdir ki, bununla da ölkəmizin elektrik enerjisi sisteminin gücü ən azı 2000 meqavatt artmış, Azərbaycanın enerji təhlükəsizliyi, demək olar ki, tam və etibarlı şəkildə təmin olunmuşdur.
Sumqayıtı Cənubi Qafqazın ən iri sənaye şəhərinə çevirməyi nəzərdə tutan ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, şəxsi təşəbbüsləri sayəsində şəhərin xəritəsinə son illərdə dünya standartları səviyyəsində, həm də qısa zamanda inşa edilərək, istifadəyə verilmiş, şəhərin iqtisadi potensialının artmasında xüsusi rolu olan onlarla yeni, müasir sənaye müəssisələri daxil edilmişdir.
Onların sırasında xüsusi çəkisi böyük olan Sumqayıt Texnologiyalar Parkı, “Azkompozit” boru istehsalı zavodu, “Gilan” Tekstil Parkı, “Azgüntex”, Mis emalı, “Dizayn-Genay-Azərbaycan” polietilen və propilen boru zavodları və digər müəssisələr Sumqayıtın sənaye coğrafiyasının genişlənməsində və iqtisadi potensialının artmasında xüsusilə mühüm rol oynayırlar.
Postsovet məkanında bənzəri olmayan, çox böyük - 45 hektar ərazidə yerləşən, indi Azərbaycanın ən iri və müasir müəssisələrindən sayılan Sumqayıt Texnologiya Parkının 2009-cu ilin dekabrında açılışı və istismara verilməsi ilə ölkəmizdə elektroenergetikanın inkişafına, onun mövcud potensialının daha da möhkəmləndirilməsinə, enerji müəssisələrinin yenidən qurulmasına və müasirləşdirilməsinə geniş imkanlar açılmışdır. Bu nəhəng sənaye kompleksinin işə düşməsi ilə respublikamızın energetika qurğuları yerli, həm də müasir texniki avadanlıq və məhsullarla təchiz olunur. 3 min nəfərə yaxın işçinin çalışdığı Texnoparkda hazırda 15-dən artıq müxtəlif təyinatlı zavodlar fəaliyyət göstərir ki, onlardan da biri 16 atmosfer təzyiqə davam gətirən, 800 millimetrə qədər diametrə malik olan plastik borular istehsal edən, illik istehsal gücü 20 min ton olan plastik borular zavodudur. MDB məkanında ilk dəfə istehsal edilən belə borular kabellərin çəkilməsində, kiçik su elektrik stansiyalarının tikintisində, həmçinin qaz, su və kanalizasiya sistemlərinin quraşdırılmasında istifadə edilir.
Texnoparkın elektroenergetika sənayesində kəskin ehtiyac duyulan mis və alüminium elektrotexniki çubuqların istehsal edildiyi, illik istehsal gücü 30 min ton olan və 110 kilovolta qədər gərginlik kabelləri istehsal edən, ən son elmi-texniki yeniliklər əsasında yaradılmış zavodları da bu gün həm respublikamızın, həm də qonşu ölkələrin həmin məhsullara olan tələbatını tam şəkildə ödəməklə ölkə iqtisadiyyatına xeyli gəlir gətirir. Zavodda beynəlxalq bazara ixrac edilmək üçün nəzərdə tutulmuş 132 və 154 kilovolt gərginliyə davamlı kabellərin istehsal sahələri də fəaliyyət göstərir.
Texnoparkın digər bir zavodunda — yüksək gərginlikli elektrik avadanlığı zavodunda da dünyanın ən inkişaf etmiş ölkələrinin — ABŞ, Almaniya, Finlandiya, və Türkiyənin modern avadanlıqları, o cümlədən lazer kəsmə dəzgahları və s. istismar olunur. İstehsal prosesi Fransanın “Schneider Electric” şirkətinin texnologiyasına əsaslanır. Bu zavodda buraxılan ventilyasiya borularına respublikamızda və xarici bazarlarda da yüksək tələbat vardır.
Zavodun günəş kollektorları və istilik qazanlarının istehsalı sexində də ən son elmi-texniki yeniliklər tətbiq edilmişdir. Diqqətəlayiqdir ki, Sumqayıt Texnologiyalar Parkında istehsal prosesi olduqca yüksək standartlara əsaslandığından burada çalışanların əksəriyyəti ali təhsilli və yüksək ixtisaslı kadrlardır və onlar bir qayda olaraq Almaniya, Böyük Britaniya, Yaponiya, Türkiyə və dünyanın bir çox inkişaf etmiş digər ölkələrində xüsusi kurslarda təcrübə keçmişlər.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Zaqafqaziyada ilk dəfə olaraq yaradılmış “Azgüntex” zavodu əsas etibarilə hazırda bütün dünyada populyar enerji mənbəyi kimi istifadə olunan günəş panellərinin (modullarının) və LED lampalarının istehsalı üzrə fəaliyyət göstərir.
Hazırda ölkənin ümumi iqtisadi inkişaf proqramına uyğun olaraq daha bir böyük texniki layihənin - Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində geniş iş aparılır. Artıq parkın ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətin ilk müəssisəsi - Polad boru zavodu fəaliyyət göstərməkdədir. Sahibkarlıq fəaliyyətinə geniş imkanlar açan bu Parkın ərazisində yaxın zamanlarda Azərbaycan iqtisadiyyatının və adi məişət tələblərinə uyğun geniş çeşidli məhsullar istehsal edəcək onlarla zavod və kiçik müəssisə inşa edilərək fəaliyyət göstərəcəkdir.
Prezidentin təşəbbüsü ilə Sumqayıtda son illərdə öllkənin Ərzaq proqramının uğurla yerinə yetirilməsinə xidmət edən bir çox yeyinti məhsulları müəssisələri, o cümlədən 2006-cı ildən fəaliyyət göstərən “Bismak” Qida-sənaye, üç il əvvəl isə “Sağlam qida” Aqrar-sənaye kompleksləri istifadəyə verilmişdir. Diqqətəlayiqdir ki, 20-dək müxtəlif çeşidli biskvit və makaron məhsulları istehsalı üçün nəzərdə tutulmuş, bu gün yüzlərlə adamın işlədiyi “Bismak”ın tikintisinə 15 milyon dollar sərmayə qoyulmuş, Almaniya, Rusiya və Türkiyə kimi ölkələrdə ən qabaqcıl texnologiyalar əsasında hazırlanmış yüksək keyfiyyətli, müasir avadanlıqla təmin edilmişdir.
Son zamanlar “Bismak”da sutka ərzində on tonlarla qənnadı məmulatı, makaron və vafli istehsal olunur ki, onların da böyük bir qismi Gürcüstan və Rusiyaya ixrac edilir. Müəssisədə məhsulların Orta Asiya və Avropa ölkələrinə də ixracı nəzərdə tutulmuşdur.
İnşası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilərək, ölkənin ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli çörək məhsulları ilə tam təmin edilməsi məqsədilə üç iri müəssisədən ibarət olmaqla yaradılan, respublika əhəmiyyətli böyük bir aqrar-sənaye kompleksini təşkil edən “Sağlam qida” Almaniya, İtaliya və Türkiyənin bu sahədə ixtisaslaşmış və böyük təcrübəyə malik aparıcı şirkətlərinin ən son texnologiyaları əsasında, dünya standartları səviyyəsində qurulmuşdur. Gündəlik istehsal gücü 150 tona çatan, böyük taxıl anbarına, un dəyirmanı kompleksinə malik çörək zavodunun fəaliyyət göstərdiyi bu kompleksdə bütün texnoloji proseslər tam avtomatlaşdırılmışdır. Müəssisənin çörək məhsulları “Çörəkçi” brendi altında Sumqayıt və Bakı şəhərlərinin, həmçinin respublikanın digər rayonlarının ticarət şəbəkələrində satılaraq, alıcılar tərəfindən rəğbətlə qarşılanır. Kompleksdə yüzlərlə adamın yeni iş yerləri ilə təmin olunması isə sosial baxımdan mühüm əhəmiyyət kəsb edir.
Sumqayıtın Cənubi Qafqazda ən iri sənaye mərkəzinə çevrilməsi üçün Azərbaycan Prezidentinin təşəbbüsləri sayəsində bu günədək aparılmış genişmiqyaslı işlər respublikamızın iqtisadiyyatının ən yeni, qabaqcıl texnologiyalar əsasında daha sürətli inkişafına və ölkəmizin daha da qüdrətlənməsinə səbəb olmuşdur. Bu gün Azərbaycan dünyanın sürətlə innovativ inkişaf edən ölkələri sırasında inamla özünə layiq yer tutmaqdadır. Bütün əldə olunmuş nailiyyətlər isə, əlbəttə ki, Azərbaycanın dahi oğlu, ulu öndər Heydər Əliyevin Vətənə, xalqa məhəbbətdən doğan ölməz ideyalarının bəhrələridir.
Əbülfəz BABAYEV,
Azərbaycan Neft və Sənaye Universitetinin
professoru, texnika elmləri
doktoru.
Respublika.-2016.- 14 iyul.- S.5.