ELMƏ HƏSR OLUNMUŞ ÖMÜR

Görkəmli alim və gözəl insan Rafik Yunisəli oğlu Qasımovun elmiictimai fəaliyyəti Xəzər dənizinin ekoloji təmizliyi və burada nərə balıqlarının qorunması uğrunda mübarizəyə həsr olunub. Onun elmi işləri beynəlxalq səviyyədə tanınır və dünyanın elmi ədəbiyyatında onlara istinad edilir. Bu işlər təkamül və ekoloji fiziologiyaya töhfələr vermişdir. Bu gün görkəmli alimin şərəfli ömür yolu elmə xidmətin ən bariz nümunəsidir.

Rafik Qasımov 26 iyun 1931-ci ildə İrəvan şəhərində anadan olmuşdur. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmiş və təhsilini Sankt-Peterburq şəhərində (keçmiş Leninqrad) İ.P.Pavlov adina Fiziologiya İnstitutunun aspiranturasinda davam etdirmişdir. 1958-ci ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir

1960-cı ildə Rafik müəllim Kür Eksperimental Nərə Balıqartırma zavodunda laboratoriya müdiri kimi tədqiqatlara başlamış, 1965-ci ildə isə Mərkəzi Elmi-Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində fəaliyyətini davam etdirmişdir. 1974-cü ildə Fiziologiya İnstitutunda yeniEkoloji fiziologiya” laboratoriyası təşkil olunmuş və həmin laboratoriyaya rəhbərlik Rafik Qasımova tapşırılmışdır. Rafik müəllim hələ 1956-ci ildən başlayaraq SSRİ Elmlər Akademiyasının Pavlov İnstitutunda çalışarkən professor M.Y.Lobaşovun rəhbərliyi altında ilk dəfə olaraq nərə balıqlarında davranış, ali sinir fəaliyyəti xüsusiyyətlərinin ana xətti ilə nəsilə ötürülməsini öyrənmişdir. Sonrakı tədqiqatlarda bu xüsusiyyətin müxtəlif filogenetik səviyyədə olan heyvanlar üçün ümumi xarakter daşıdığı göstərilmişdir və qeyd olunmalıdır ki, hazırda bir çox tədqiqat laboratoriyalarında bunun molekulyar-genetik mexanizmi öyrənilir. Rafik Qasımov tərəfindən müxtəlif növ balıq körpələrində genetik determinə olunmuş davranış reaksiyalarının yaranması və onların zavod şəraitində sənaye üsulu ilə artırılması məsələləri öyrənilmişdir. O, ilk dəfə şərti reflekslərin yaranmasının klassik üsulunu tətbiq etməklə, müvafiq şərti qıcıqlandırıcıları seçməklə nərəkimilərdə qida və müdafiə şərti reflekslərini çox tez yaratmağın mümkün olduğunu, onlarda sinir proseslərinin hərəkətli və müvazinətliyinə görə digər daha yüksək təşkil olunmuş heyvanlardan geri qalmadığını sübut etmişdir. Bu məlumatlar SSRİ-də nərəkimilərin sənaye üsulu ilə artırılmasının təşkilində əsas kimi götürülmüş, nərəkimilərin bioloji tərəqqisi nəzəriyyəsının yaradılması üçün baza olmuşdur. Rafik müəllimin tədqiqatlarının əhəmiyyətli hissəsi neftlə və kimyəvi çirklənmənin fizioloji funksiyalarının dinamikasının öyrənilməsinə həsr edilmişdir.

Görkəmli alim tərəfindən ilk dəfə olaraq intensivtez böyümə qabiliyyətinə malik olan bölgə balığı ilə uzunmüddətli (1-2 il) yaşama göstəricilərinə malik qaya balığının (şip) çarpaz hibridləri alınmışdır. Bu hibridlərin ekoloji - fiziolojimorfoloji göstəricilərinin öyrənilməsi AEA-nın Fiziologiya İnstitutu, Azərbaycan Balıqçılıq institutu və SSRİ Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutunun əməkdaşları ilə birgə aparılmışdır. Nəticələr göstərmişdir ki, hər iki hibrid forması kürüdən çıxandan sonra bütün inkişaf mərhələlərində həm böyümə sürətinə, həm də daha üstün uyğunlaşma qabilliyyətinə görə valideyn fərdlərindən fərqlənirlər. Məlum olmuşdur ki, hibrid forması 6 ay müddətində şirin su şəraitində, nohurhovuzlarda böyüdüldükdə anaata fərdlərə nisbətən (bölgə və qaya balığı) 2-2.5 dəfə tez böyüyüryaşama faizi daha yüksək olur. Bu işlərin nəticəsi 1986-cı ildə SSRİ Xalq Təsərüfat Nailiyyətləri Sərgisində nümayiş olunmuş və müəlliflər sərginin bürünc medalı ilə təltif olunmuşlar.

Rafik müəllimin rəhbərliyi altında 1995-ci ildən “Ekoloji fiziologiya” laboratoriyasının əməkdaşları BP-AMOKO neft konsorsiumununEkologiya və sağlamlıq” departamenti ilə əməkdaşlıq edib və Xəzər balıqlarının qorunması sahəsində tədqiqatlar aparıblar. 1995-2005-ci illərdə R.Qasımov BP ekoloji departamentinin nəzdində yaradılmış müstəqil elmi-tədqiqat ekspert qrupuna rəhbərlik etmiş, demək olar ki, bütün ekoloji layihələrin ekspertizasında iştirak etmişdir. 2004-2011-ci illərdə İngiltərə EART şirkətinin eksperti olmuş, Xəzər Ekoloji Laboratoriyasının yaradılmasında iştirak etmiş və həmin laboratoriyanın monitorinq və elmi-tədqiqat plan və proqramlarının hazırlanmasında aparıcı məsləhətçi kimi fəaliyyət göstərmişdir.

O, SSRİ EA-nın Fiziologiya bölməsinin “Ali sinir fəaliyyətinin və davranışın genetikası” problemi üzrə Komissiya sədrinin müavini, SSRİ İxtioloji Komissiyasında balıqların davranışının tədqiqi üzrə Əlaqələndirmə Şurasının sədr müavini, SSRİ İxtiologiya Komissiyasında nərəkimilərın yetişdirilməsi və ekoloji fiziologiyası üzrə Elmi Şuranın üzvü, SSRİ EA-nın “İnsanheyvan fiziologiyası” kompleks problemi üzrə Birləşmiş Elmi Şuranın Məhsuldar heyvanların fiziologiyası bölməsinin üzvü, AEA-nın Xəzər dənizinin problemləri üzrə Elmi Şuranın Bioloji Ehtiyatlar Komissiyasının üzvü olmuşdur. SSRİ EA-nın “Təkamül biokimyası və fiziologiyası” jurnalının redaksiya heyətinin üzvü, SSRİ Ali Attestasiya Komissiyasının fiziologiya üzrə Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

Hazırda Rafik müəllim Beynin Öyrənilməsi üzrə Beynəlxalq Təşkilatın (İBRO) üzvüdür. O, Böyük Britaniyanın “BP-Azərbaycan” Neft Şirkətində ekologiya üzrə müstəqil ekspert kimi dövlət əhəmiyyətli işlər aparır. Prof. R.Y.Qasımov A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Ekotoksikologiya laboratoriyasında baş elmi işçi vəzifəsində tədqiqat işlərini davam etdirir, eyni zamanda fəal ictimai aparır. O, həmçinin AMEA Veteranlar Şurasının sədridir.

Görkəmli alim 300-dən artıq elmi əsərin və 6 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 5 elmlər doktoru, 33 elmlər namizədi hazırlanmışdır.

R.Y.Qasımov “SSRİ Balıq sənayesi əlaçısı” döş nişanı ilə və ekologiya sahəsində xidmətlərinə görə H.Ə.Əliyev adına medalla təltif edilmişdir. Leypsik (keçmiş ADR) yarmarkasında böyük qızıl medala layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2015-ci il sərəncamına əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə Qasımov Rafik Yunisəli oğlu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Görkəmli alimə Azərbaycan elminin inkişafı yolunda daha böyük nailiyyətlər, uğurlar arzulayırıq.

Ulduz HƏŞİMOVA,

A.İ.Qarayev adına Fiziologiya

İnstitutunun direktoru, b.ü.e.d.

Respublika.-2016.- 14 iyul.- S.5.