Güney ədəbiyyatının
yorulmaz tədqiqatçısı
Son dövrlər Güney Azərbaycan ədəbiyyatına üz tutan tədqiqatçılarımızın sayı xeyli artıb. Təbii ki, bu, ilk növbədə müstəqilliyin Arazın bu tayında əliqələmli ziyalılara verdiyi imkanlarla bağlıdır.
Güneydə siyasi kökləri getdikcə dərinə işləyən çətinliklərin əsasında dayanan amillər artıq neçə əsrdir ki, mövcud olmuşdur: ana dilində danışmaq yasaq, ana dilində yazmaq yasaq, ana dilində oxumaq yasaq... Buna baxmayaraq, Güney öz ədəbi mühitini, doğma türk dilini bacardıqca qoruyub saxlaya bilib. Bu isə həmin proseslərin önündə gedən, zindanlarda çürüyən, dar ağaclarından asılan insanların həyatları hesabına mümkün olub, çünki o torpaqda türk dilində danışıb yazan və oxuyanların üzünə heç vaxt xoş baxılmayıb. Əlinə qələm alıb yazanlar daim izlənilib, təzyiqlərə, basqılara məruz qalıblar. İndi-indi dan yeri sökülür.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Sakibə Ələsgərova soy-kökümüzə, milli-mənəvi dəyərlərimizə bağlı, Koroğlu dəlilərinin mübarizliyindən güc alan, Dədəmiz Qorqudun nəsihətlərini istinad nöqtəsi seçən, iti qələmini xalqının azadlığı ruhunda kökləyən, o tay-bu tay yazarlarımızın yaradıcılığına işıq salmağı özünə borc bilən araşdırmaçılardan biri, adları tariximizin qaranlıq səhifələrində işıq saçan, bəzən kölgədə, zülmətdə qalan şəxsiyyətlərimizin layiqli dəyərini verməyə çalışan alimlərimizdən biridir.
Onun həyat yolu haradan başlayır?!
Sakibə
Ələsgərova 1962-ci il dekabrın 24-də dağlar
qoynunda - Kəlbəcərdə anadan olub, 1980-ci ildə Kəlbəcər
şəhər 1 saylı orta məktəbi fərqlənmə
ilə bitirib və Azərbaycan Pedaqoji Universitetinin filologiya
fakültəsinə daxil olub, 1984-cü ildə buranı da fərqlənmə
diplomu ilə başa vurub. İki il, 1984-1986-cı illərdə
təyinatla Kəlbəcər şəhər 1 saylı orta məktəbində
müəllim, 1987-1991-ci illərdə Kəlbəcər
şəhər Komsomol Komitəsində şöbə
müdiri, 1991-1993-cü illərdə Kəlbəcər şəhər
2 saylı orta məktəbində müəllim işləmişdir.
1993-cü ildən isə
köçkünlük həyatı yaşayır.
Onun elmə, yaradıcılığa həvəsi hələ
tələbəlik illərində baş qaldırmış,
öz bilik və bacarığı ilə fərqlənmiş,
Tələbə Elmi Cəmiyyətinin xətti ilə müxtəlif
elmi konfranslarda, müsabiqələrdə iştirak edərək
diplom və fəxri fərmanlara layiq
görülmüşdü. 1983-cü ildə Xankəndidə
keçirilən beynəlxalq konfransda etdiyi məruzəyə
görə III kurs tələbəsi Sakibə ozamankı
Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi tərəfindən
mükafat və fəxri fərmanla təltif olunmuş,
1984-cü ildə Moskva şəhərində “Rus şairləri
və Azərbaycan” mövzusunda keçirilən elmi simpoziumda
da mükafata layiq görülmüşdü.
Elə 1988-ci ildə Azərbaycan Dövlət Pedaqoji
Universitetinin aspiranturasına da onu bu maraq çəkib gətirmişdi. 1992-ci ildə
aspiranturanı “Xalqlar ədəbiyyatı” ixtisası üzrə
bitirən Sakibə Ələsgərova həmin vaxtdan
dövri mətbuatda elmi və publisist yazılarla
çıxış edir, 2002-ci ildə “M.Ə.Möcüz
Şəbüstəri” adlı elmi monoqrafiyası nəşr
olunur. 2004-cü ildə “Cənubi Azərbaycan
satirasının inkişafında M.Ə.Möcüz Şəbüstərinin
rolu” mövzusunda dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi
almışdır. Müəllifin
monoqrafiyasından dərslik və dərs vəsaiti kimi istifadə
olunur.
Sakibə xanım elmdə qazandığı
uğurları heç də asan yolla əldə etməyib. Bu yolda o, pillə-pillə,
addım-addım irəliləyib, yorulmaq bilmədən
çalışıb, “M.Ə.Möcüz Şəbüstərinin
ədəbi görüşləri”, “Möcüz
yaradıcılığında realizm məsələsi”,
“Qloballaşma dövründə təhsil problemi”, “Azərbaycanın
görkəmli şəxsiyyətləri - Mir Cəlal”,
“Şagird təlim prosesinin mərkəzi subyektidir”, “Rəşid
bəy Əfəndizadə və maarifçi-realist ədəbiyyatımız”,
“Görkəmli mollanəsrəddinçi və onun layiqli
davamçıları” və s. bu kimi maraqlı publisist
yazılar, müxtəlif elmi əsərlərə
resenziyaları yazmışdır.
İndi o, “1941-1946-cı illər Cənubi Azərbaycan
Milli Hərəkatının bədii ədəbiyyatda
inikası” mövzusunda doktorluq dissertasiyası üzərində
çalışır. Cənubi və Şimali
adlandırılsa da, bütöv Azərbaycan doğma vətənimizdir.
Onun mənəvi dəyərləri, ədəbiyyatı
daima alimlərimizin diqqət mərkəzində olmuşdur.
Ədəbi mənbələr
araşdırılır, diqqətdən kənarda qalan
yazarların əsərləri “gün işığına”
çıxardılır, kitablar tərtib olunur. Bu
sırada Sakibə xanımın da öz yeri var. O, deyir: “Mənim
məqsədim müəyyən zaman kəsiyində
yazılmış bədii və elmi əsərləri təhlilə
cəlb etmək, bədii nümunələri və ədəbiyyatşünaslıq
materiallarını sistemli şəkildə tədqiq etməkdən
ibarətdir. Bu, geniş və vaxt aparan bir
problemdir, mən də imkanım daxilində var qüvvəmlə
işləməyə çalışıram”.
Çoxsaylı elmi əsərləri, monoqrafiya, dərslik
və dərs vəsaitləri Sakibə Ələsgərovanın
son dərəcə məhsuldar bir tədqiqatçı
olduğunu ortaya qoyur. Qeyd etdiyimiz kimi, onun elmi fəaliyyətində
Cənub mövzusu üstünlük təşkil edir. Bu üzdən yazdıqları arasında seçim
etmək də çətinləşir, çünki hər
birinin öz yeri, öz çəkisi, öz dəyəri var.
Sakibə
Ələsgərova “Milli hərəkat rəhbəri
S.C.Pişəvərinin həyat və fəaliyyəti
müasir ədəbiyyatşünaslığın nəzər
nöqtəsində” adlı elmi məqaləsində
böyük inqilabçı xadimin həm siyasətçi, həm
ədib, həm də jurnalist kimi fəaliyyətini faktlar əsasında
təhlilə cəlb edir, onun tarix, ədəbiyyat və mədəniyyətimizin
inkişafındakı rolunu açıb göstərməyə
çalışır. Məqaləni məzmun və
faktların zənginliyinə görə müsbət qiymətləndirən
filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun
yazdığı rəydə oxuyuruq: “...Məlum olur ki,
fiziki, psixoloji əzab-əziyyət verilən ədib
sarsılmamış, mübarizə aparmış, möhkəm,
iradəli gənc fədaidən müdrik liderə
çevrilmişdir. Sakibə Ələsgərova
Pişəvərinin fəaliyyətini qiymətləndirən
alimlərin əsərlərinə müraciət edərək
faktlar gətirir, bununla da onun böyüklüyünü bir
daha nəzərə çatdırır. Vətənin
tərəqqisi uğrunda mübarizə aparan və zaman-zaman
qələbələr əldə edən inqilabi demokratın
yenidən yad edilməsi təqdirəlayiqdir”.
Sakibə Ələsgərovanın Cənub mövzusunda
qələmə aldığı maraqlı yazılardan biri
Güney Azərbaycandan olan yazar, araşdırmaçı Yəhya
Şeydaya həsr olunub. Güney Azərbaycanda anadilli ədəbiyyatın
inkişafında böyük rolu olan Y.Şeyda yasaq edilən
türk dilinin təravətli qalması, onun yaşaması
üçün əlindən gələni etmişdi: “O,
onillər ərzində yaradıcı nəsillərə təsir
edib, onların milli duyğularının oyanmasında,
inkişafında rol oynayıb, onları ana dilində
yazıb-yaratmağa sövq edib”. Müəllif
şairin poeziyasının ayrı-ayrı məqamlarını
gətirdiyi şeir nümunələri ilə təhlil edərək
onun söz mülkündə tutduğu yeri məyyənləşdirməyə
çalışıb. Cəmiyyəti təhsilə,
elmə, ədalətə, hürriyyətə səsləyən
şair yazırdı:
Demə
mümkün deyil bir an cəhalətdən
kənar olmaq,
Cəhalət riştəsin qırmaq olar, ürfan olan
yerdə.
Gərək
nahəqqə ədlilə cahanda eyləmək üsyan,
Uçar zülmün binası ədlilə divan olan
yerdə.
Yəhya
Şeyda yaradıcılığının tədqiqatçısı
Sakibə Ələsgərovanın gəldiyi qənaət belədir:
“Yəhya Şeyda demokratik ədəbiyyatın
inkişafında, dövrün salnaməsinin
formalaşmasında yaradıcı soydaşlarına dəstək
oldu. Vətənini sevdi, xalq tərəfindən
sevildi. Bir çoxları kimi o da
yazıları ilə Cənubla Şimal arasında
körpü yaratdı. Onun əsərlərinin
zəminində əfsanə yox, tarix faktı var.
Torpağı separatizmin caynağında can çəkişirkən
onun dərdlərini poeziyasının dili ilə hayqıran vətəndaş
şair bununla özünü də ədəbiyyat tarixində
mübariz şair kimi əbədiləşdirdi”.
Dünyaca
məşhur Nazim Hikmətin belə bir maraqlı fikri var. O,
deyir: “Nədən yazırsansa, yaz, təki sənin deyiləcək
bir sözün olsun və bu sözü ən uyğun bir
biçimdə deməyi bacarasan”. Tədqiqatçı
Sakibə Ələsgərova söz demək xatirinə
söz deyən, yazmaq xatirinə yazanlardan deyil. Onun ədəbi, elmi fəaliyyəti ilə
tanışlıq deməyə haqq verir ki, nədən, necə
və niyə yazmağı bilən, öz yolu olan söz
adamıdır. Dilin özəlliklərini
bəlli kontekslər arasında yerləşdirərək
ürəyə yatımlı, insana nəsə verən,
ruhunu sakitləşdirən yazılar ortaya qoymağı
bacarır. Bu mənada Sakibə
xanımın “Dədə Qorqud arxalı Dədə
Əzizxan, yaxud qədim Azərbaycan oğuzları arxaik
müstəvidə” adlı məqaləsi də diqqət
çəkir. Məqalədə professor Əzizxan
Tanrıverdinin “Dədə Qorqud kitabı”nda dağ kultu” və
“Dəli Kür” romanının poetik dili” əsərlərində
təhlilə cəlb olunmuş bir çox problemlərə
münasibət bildirilir. Azərbaycan
xalqının tarixinə, soykökünə müəllif
baxışı müxtəlif məqamlar səviyyəsində
araşdırılır. Müəllif yazır:
“Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin əsərlərini
oxuyarkən bu nəticəyə gəlirsən ki, alim
dilçilik elminin bütün sahələrindən xəbərdardır.
Onun gərgin axtarışlarının nəticəsi
olan elmi əsərləri milli dilşünaslıq elmini zənginləşdirir”.
Sakibə
xanım bacarıqlı, fədakar pedaqoqdur, özü də
təhsilimizin hər iki - orta və ali təhsil
pilləsində çalışır, şagird və tələbələrlə
işləməkdən də böyük zövq alır. O,
tədrisə də yaradıcı şəkildə
yanaşır. O deyir: “Proqram ağır, tədris
üsulları yeni. Oxuyub öyrənməsən,
çətin olar. Dünya səviyyəsinə
yaxınlaşmaq yaxşıdır, yeniliyə qarşı
deyiləm, ancaq milli mentalitet, şagirdlərin qavrama səviyyəsi
nəzərə alınmalıdır. Onda
istənilən nəticəni gözləmək olar”.
Orta məktəblərdə
yeni təlim üsulu ilə bağlı məruzələrlə
çıxış edir, Azərbaycan dili və ədəbiyyatı
müəllimi işlədiyi 23 saylı Kəlbəcər
orta məktəbində ardıcıl olaraq valideynlərlə
görüşür, valideynlə məktəbin əlaqəsinin
gücləndirilməsinə çox ciddi yanaşır, təhsil
problemləri ilə bağlı mətbuatda
çıxışlar edir.
Sakibə Ələsgərova Azərbaycan Dövlət
Pedaqoji Universiteti dünya ədəbiyyatı
kafedrasının dosenti kimi də böyük məsuliyyətlə
işləyir.
Bir neçə proqramın müəllifidir.
Bu sahədə çalışanlar proqram
hazırlamağın nə qədər çətin
olduğunu yaxşı bilirlər. Sakibə Ələsgərova
“Poetika”, “N.Gəncəvi irsi”, “Türk xalqları ədəbiyyatının
vəzn və janr sistemi”, “Qədim dünya ədəbiyyatı
(Şərq-Qərb)” adlı proqramları tərtib etməklə
çətinlikdən qorxmayan, zəhmətkeş bir
ziyalı olduğunu təsdiqləyə bilib. “İnanıram
ki, bu proqramlar mənim, həmkarlarımın və tələbələrin
köməyinə çatacaq” - deyən Sakibə xanım
işinin çoxluğuna, vaxtının azlığına
baxmayaraq “M.Ə.Möcüz Şəbüstəri” adlı
monoqrafiyasını, “Türk xalqları ədəbiyyatının
vəzn və janr sistemi” adlı dərs vəsaitini də nəşr
etdirib.
“M.Ə. Möcüz Şəbüstəri” müəllifin
ilk irihəcmli elmi əsəridir. Burada başlıca məqsəd
M.Ə.Möcüzün Cənubi Azərbaycan ədəbiyyatına
gətirdiyi yenilikləri göstərmək, onun ideya-sənətkarlıq
sanbalının yüksəlişində rolunu müəyyənləşdirməkdən
ibarətdir və tədqiqatçı demək olar ki,
qarşısına qoyduğu vəzifəni yerinə yetirə
bilmişdir. Kitabın elmi redaktoru professor Xeyrulla Məmmədovun
yazdığı kimi: “S.Ələsgərovanın irəli
sürdüyü tezislər, apardığı təhlillərdən
çıxardığı nəticələr belə
obyektiv bir qənaətə gəlməyə əsas verir ki,
M.Ə.Möcüz simasında istər
dünyagörüşü, istər yaradıcılıq
metodu, istərsə də dili və üslubu baxımından
orijinal bir yazıçı tipi yetişmişdir”.
Kitab Cənubi Azərbaycan ədəbiyyatı tarixini, konkret olaraq satira yaradıcılığının ayrı-ayrı problemlərini öyrənənlər üçün nəzəri baza kimi də dəyərlidir.
Sakibə Ələsgərovanın 2016-cı ildə çap olunmuş “Türk xalqları ədəbiyyatının vəzn və janr sistemi” adlı dərs vəsaitində müəllif türk xalqları ədəbiyyatının vəzn və janrlarına aid nümunələri toplamış, sistemə salmış, bu sahəyə aid ilk dərs vəsaiti kimi magistrlərin istifadəsinə vermişdir.
Göründüyü kimi, Sakibə xanım ədəbiyyatşünaslığın bir çox sahələrində özünü sınağa çəkib və uğurları çox olub. Düşünürük, daha çox uğurlar əldə etmək üçün öyrənməyə, araşdırmağa hələ zamanı var. Nazim Hikmət demişkən: “Hər sənətkar ömrünün sonuna qədər axtaracaqdır. Əgər sözü varsa, ona uyğun formanı tapmağa, öz-özünü təkrarlamamağa, təqlid etməməyə çalışacaqdır”.
Sakibə Ələsgərova da daim axtarışda olan, həm də bu dəyərlərə öz töhfəsini verməyi bacaran bir sənət adamıdır... Onun yazılarında mübarizlik ruhu var, Vətənində vətənsiz olan, düşmən tapdağında qalan torpaqların həsrətini çəkən bir insanın ürəyinin sızıltısı duyulur. Görünür, onu Arazın o tayındakılarla müəyyən mənada dərd ortağı edən səbəblərdən biri də budur. Doğrudur, yaşananlar tam eyni olmasa da, Vətən, torpaq dərdi eynidir.
Zümrüd
QURBANQIZI,
Respublika.-2016.- 18 iyun.- S.7.