Nəsimi rayonu inkişaf edir, müasirləşir və yenidən qurulur
Nəsimi rayonu haqqında qısa MƏLUMAT
Bakı
şəhərinin mərkəzi rayonlarından biri olan Nəsimi
rayonunun inzibati ərazisi 10,0 kv.km., əhalisi isə
01.10.2016-cı il tarixə rəsmi qeydiyyatda 219 600 nəfərdir.
Nəsimi rayonu 13.06.1969-cu il tarixdə yaradılmışdır, Xətai, Nərimanov, Binəqədi, Yasamal və Səbail rayonları ilə həmsərhəddir.
Rayon ərazisində 4 Elmi Tədqiqat və Layihə İnstitutu, 13 bank və onların filialları, 11 rabitə müəssisəsi, 16 mehmanxana yerləşir.
İşçilərin sayına görə iri müəssisə “Bakı Tikiş Evi” ASC-dir.
Rayon ərazisində 9 ali məktəb (Neft və Sənaye Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan-Fransa Universiteti), 26 orta məktəb, 2 xüsusi məktəb, 1 orta ixtisas və 1 peşə məktəbi, 7 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 33 körpələr evi-uşaq bağçası, 11 xəstəxana, 12 poliklinika, 17 memarlıq abidəsi yerləşir.
Əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə rayonda l7 istirahət parkı, 1 mədəniyyət evi, 2 kinoteatr, 6 kitabxana fəaliyyət göstərir. Ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldığı park xalqımızın, paytaxt sakinlərinin, ölkəmizdə olan xarici qonaqların və rəsmi nümayəndələrin ən çox həm ziyarət, həm də istirahət etdiyi ən gözəl məkandır. Bütün bunlardan əlavə, Heydər Əliyev Sarayı, Heydər Əliyev adına İdman Arenası, Azərbaycan Dövlət Opera və Balet Teatrı, Bakı Dövlət Sirki, Bakı Dəmir Yolu Vağzalı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, 28 May, C.Cabbarlı, 20 Yanvar və Memar Əcəmi metro stansiyaları Nəsimi rayonunun ərazisində yerləşir.
Dağlıq Qarabağ və
digər işğal olunmuş
ərazilərdən 2372 ailə (8691 nəfər) rayon ərazisində müvəqqəti məskunlaşmışdır.
Rayonda 161 şəhid (151-i Qarabağ müharibəsi şəhidi, 10-u 20
Yanvar şəhidi) ailəsi vardır.
Nəsimi rayonu ərazisində görülən işlər
Heydər Əliyevin yorulmaz
yaradıcılq və quruculuq fəaliyyətinin
ən parlaq və bariz
nümunəsidir
Tarixdə hər bir xalqın özünün liderləri və dahi şəxsiyyətləri olub. Bu şəxsiyyətlərin həyatı, idarəçilik məktəbi daim öyrənilir. Azərbaycan xalqı öz dahi oğlu Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dünya siyasətinin ən yüksək pilləsində dayanan dahi bir şəxsiyyət olması ilə fəxr edir.
Heydər Əliyev siyasətinin alternativinin olmamasına qəti əmin olan Azərbaycan xalqı, 2003-cü ilin oktyabrında Prezident seçkilərində, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə etimad göstərdi. Bununla müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir inkişaf dövrünün əsası qoyuldu.
Cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm göstəricilərindən əsası odur ki, Heydər Əliyevin ölkə iqtisadiyyatının uzun müddətə hesablanmış planlı inkişafı, ölkənin uğurlu daxili və xarici siyasəti sayəsində əldə edilən nailiyyətləri təkcə qoruyub saxlamadı, həm də onların miqyasını genişləndirdi, dinamikanı qat-qat artırdı.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır”.
Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilir. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir”.
Ümummilli liderin ümidlərini layiqincə doğruldan Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz günü-gündən sürətlə inkişaf edir, iqtisadi artımına görə dünyada lider mövqedə dayanır. Bu gün Heydər Əliyev siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir.
Bakı şəhərində Nəsimi rayonunun yaradılması ümummilli lider Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbər seçildiyi dövrə — 1969-cu ilə təsadüf edir. Bu rayonun sosial-iqtisadi inkişafı da ümummilli liderimizin adı ilə bağlıdır.
1991-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yeni mülkiyyət formalarına keçid Nəsimi rayonunun da iqtisadiyyatına təsir etmişdir. 1993-cü ilin iyun ayına qədər respublikada mövcud olmuş hakimiyyət böhranı və erməni təcavüzünün nəticələri ölkə iqtisadiyyatının bütün sahələrini iflic vəziyyətinə gətirib çıxarmışdır. Nəsimi rayonunda iqtisadiyyatın əsasını təşkil edən dövlət mülkiyyətində olan sənaye müəssisələrində nəzarətsizlik və hakimiyyətsizlik üzündən istehsalın həcmi ildən-ilə aşağı düşmüşdür. Həmin dövrdə tikintiyə əsaslı kapital qoyuluşu azalmış, əhaliyə xidmət sahələrinin işi zəifləmiş, nəqliyyat müəssisələrinin fəaliyyəti dayanmaq təhlükəsi qarşısında qalmışdır. Hakimiyyətdə olanlar da vəzifə və səlahiyyət bölgüsü üstündə mübarizə aparırdılar.
Ancaq 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun rəhbərliyi ilə ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün islahatlar proqramı hazırlandı. Elə həmin ildən də bütün sahələrdə islahatlar həyata keçirilməyə başlandı.
Nəsimi rayonunda da görülən tədbirlər və əmək kollektivlərinin səyləri nəticəsində 1996-cı ildə iqtisadiyyatda tənəzzülün qarşısı alındı. 1997-ci ilin əvvəlindən başlayaraq iqtisadiyyatın bütün sahələrində stabilliyə nail olundu.
Heydər Əliyevin respublikamıza ilk rəhbərliyi illərində Nəsimi rayonunda Respublika Sarayı, Bakı Dövlət Sirki, Dəmiryol Vağzalının yeni binası, Respublika Sənaye İnvestisiya Bankının binası, 1 saylı şəhər klinik xəstəxanası, “Moskva” ticarət mərkəzi, 6 saylı bazar, “Novruz” ticarət mərkəzi və s. mühüm obyektlər tikilib istifadəyə verilmişdir.
Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə ikinci dəfə qayıdışından sonra da bütün iqtisadi çətinliklərə baxmayaraq, Nəsimi rayonunda yeni obyektlərin inşası davam etdirilmişdir. Milli Bankın yeni binası, “Avropa” oteli, Bakı Beynəlxalq və Şəhərlərarası avtovağzal, “Plaza” iş mərkəzi, Rusiya Federasiyasının səfirliyi üçün şəhərcik, Bakı Beynəlxalq Dəniz Limanının konteyner meydançası və s. 1993-cü ilin iyunundan sonra tikilib istifadəyə verilmiş obyektlərdir.
Tarixdə şəxsiyyətlərin
xüsusi yeri və rolu çox böyükdür, bunu danmaq mümkün deyil. Öz fəaliyyəti,
işi və əməli ilə cəmiyyətin
tərəqqisini, ictimai inkişafı
sürətləndirən, bəzən isə mənsub olduğu xalqı qısa zaman
kəsiyində əsrlərə bərabər inkişaf yolu keçməsinə
yardımçı olan qeyri-adi
insanların, nadir zəka və qabiliyyət
sahiblərinin adı bəşəriyyətin
yaddaşında əbədi qalmaqdadır. O xalq
xoşbəxtdir ki, taleyinin
keşməkeşli və sınaqlı dövründə
dövlət sükanı arxasında qüdrətli, təcrübəli
və qətiyyətli rəhbər dayanır. Tale iki
dəfə Azərbaycan xalqına və onun
müdrik oğlu
zati-aliləri Heydər Əliyevə belə bir
imkan qismət etmişdir.
Çağdaş Azərbaycan tarixi, Azərbaycan xalqının maddi və mənəvi həyatı onun fəaliyyəti və tərcümeyi-halı
ilə elə qaynayıb qovuşmuşdur
ki, Heydər Əliyevsiz Azərbaycan
tarixindən, xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsindən bəhs etmək
qeyri-mümkündür. Heydər
Əliyevin fəaliyyəti tariximizin taleyüklü elə məqamı və mərhələləri
ilə bağlıdır ki, onlardan bəhs edərkən bu
böyük şəxsiyyəti
xatırlamamaq, ölkəyə rəhbərlik etdiyi 34 il ərzində gördüyü nəhəng işlərdən,
qurub-yaratmaq əməllərindən
söhbət açmamaq olmur.
Keçən əsrin əvvəllərində
öz müstəqilliyini elan
edən Azərbaycan xalqı demokratik respublika quruculuğuna
başladı. Təəssüf ki, onun ömrü çox qısa oldu - cəmi
23 ay yaşadı. Şimaldan
hücum çəkən qüvvələr
dövlət müstəqilliyimizi məhv etdi:
bundan sonra “sovet dövrü”
adlanan yetmiş illik “zaman fasiləsi”
yarandı. Lakin bu dövr heç də hər
şeyi dondura bilmədi.
Siyasi
müstəqilliyi ittifaq çərçivəsində
məhdudlaşdırılan respublikamızda iqtisadiyyat,
mədəniyyət, elm, təhsil və
digər sahələr sürətlə inkişaf
etdi, ölkənin maddi
və mənəvi potensialı artdı, xalqın intellektual və mədəni səviyyəsi əsaslı
şəkildə yüksəldi. Əsrin sonlarına
yaxın Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Yenə də eyni
ssenari ilə eyni
qüvvələr Azərbaycanı parçalamağa,
diz çökdürərək yenidən
əsarət boyunduruğuna salmaq üçün məkrli
planlarını həyata keçirməyə
başladılar. Vətənin ağır və çətin
günlərində onun xilası
missiyasını Heydər Əliyev öz
üzərinə götürməsəydi, bizə
düşmən qüvvələrin məqsədlərinə
çatacağı şübhə doğurmurdu.
Müstəqil Azərbaycanı Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, əsl
dövlət başçısına xas olan qətiyyəti xilas etdi.
Dahi şəxsiyyət Heydər
Əliyevin əsasını qoyduğu inkişaf siyasəti bu gün Azərbaycan
Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir
Bu gün ümummilli lider Heydər Əliyevin siyasi-iqtisadi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir. Dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan yüksək iqtisadi göstəricilər xalqın sabaha olan inamını qat-qat artırmışdır. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətimizin qüdrətini artırır və beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu gücləndirir. Bu gün ölkə başçısı tərəfindən qarşıya qoyulmuş bütün məsələlər öz həllini tapır. Respublikamızda son illər abadlıq və quruculuq işlərinin geniş vüsət alması da yürüdülən siyasətin prioritet istiqamətlərindəndir. Dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində Azərbaycan sürətlə inkişaf etmiş, müasirləşmiş və öz görkəmini tamamilə dəyişmişdir. Bu gün həm ölkəmizin bölgələrində, həm də paytaxt Bakıda həyata keçirilən yenidənqurma işləri uğurla həyata keçirilir. Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində Bakının Nəsimi rayonu da sürətlə inkişaf etmişdir. Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən Nəsimi rayonunda da son illər böyük həcmdə tikinti və abadlıq işləri aparılmışdır.
Təsadüfi deyil ki, bu gün
Nəsimi rayonu Bakı şəhərinin
ən gözəl, gözoxşayan
rayonlarından birinə çevrilmişdir.
Görülən işlərdə, yaradılan infrastruktur layihələrində ölkə
başçısının şəxsən iştirakı rayon əhalisini qürurlandırır. Son 13 ildə Nəsimi rayonunda
görülən işlərin həcmi olduqca
böyükdür. Azərbaycan
Prezidenti İlham
Əliyev Bakı Dəniz Vağzalının, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının Cərrahiyyə Korpusunun, Bakı Musiqi
Akademiyasının binasının, Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik
Klinikasının, Nəsimi Rayon İcra Hakimiyyətinin yeni
inzibati binasının, görkəmli bəstəkar
Qara Qarayevin abidəsinin,
23 saylı orta məktəbin yenidən tikilmiş binasının və digər
obyektlərin açılışında şəxsən iştirak etmişdir.
2016-cı ilin 9 ayının yekunları Nəsimi Rayon İcra Hakimiyyəti
başçısı yanında şuranın iclasında geniş müzakirə olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
Cari ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin iclası transmilli enerji və kommunikasiya layihələrinin əsas təminatçılarından birinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın inamla inkişaf etdiyini göstərdi.
Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranın, müharibələrin ciddi təsirlərinin müşahidə olunduğu bir şəraitdə Azərbaycanda xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət ötən doqquz ayda da öz müsbət nəticələrini verib.
Bu dövrdə qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artıb. Sənaye potensialı isə 0,2 faiz artmışdır. Hesabat dövründə Nəsimi rayonu üzrə 372575,9 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Sənaye istehsalının 25 faizi məhsul istehsalının, 75 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
2016-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən ümumilikdə 253185,9 min manatlıq, informasiya və rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 44720.0 min manatlıq xidmətlər göstərilmiş, rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 909129.0 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 14,9 faiz çox olmuşdur. İstifadə edilmiş vəsaitin 680379.3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 55.9 faiz çox olmuşdur. Rayonun pərakəndə ticarət şəbəkəsində əhaliyə 617662.7 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz çox istehlak məhsulları satılmışdır. Əmtəə dövriyyəsinin 99,8 faizi özəl sektorun payına düşmüşdür. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 321326.3 min manatlıq həcmində pullu xidmətlər göstərilmişdir. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 7,7 faiz artaraq 555.1 manata çatmışdır.
2016-cı ilin III rübündə 650 yeni iş yerləri açılmışdır, onların da hamısı daimi iş yerləridir.
2016-cı ilin oktyabrın 1-nə olan məlumata əsasən rayonun əhalisi 219,4 min nəfər olmuşdur. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonda 1509 nəfərin doğumu və 797 nəfərin ölümü qeydə alınmışdır. Cari ildə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 7,1-dən 6,8-ə enmiş, ölənlərin sayı eyni səviyyədə qalmış, təbii artım 3,5-dən 3,2-yə enmişdir.
Rayonda 2016-cı ilin yanvar-sentyabr aylarında 728 nikah və 327 boşanma qeydə alınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.0-dan 3,3-ə enmiş, boşanmaların sayı isə eyni səviyyədə qalmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında pasport xidmətləri tərəfindən daimi yaşamaq üçün rayona gələn 255 nəfər qeydə alınmışdır.
Hesabat dövründə respublikamızın hər yerində olduğu kimi, Bakı şəhəri, Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişafı, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilmiş, dinamik artım templəri üstünlük təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nəsimi rayonunda aparılan abadlıq və quruculuq işləri üzrə layihələrin icrası ilə bağlı tədbirlərdə şəxsən iştirakı rayonun həyatını daha da əlamətdar etmişdir.
Belə ki, Asif Məhərrəmov küçəsində yerləşən 0,8 ha ərazisi olan parkda əsaslı təmir işləri aparılmış, park müasirlik baxımından sakinlərin zövqünə uyğun şəkildə quraşdırılmış, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılmışdır.
Bu ilin aprel ayında ölkə Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Nəsimi rayonunun Səməd Vurğun və Bakıxanov küçələrinin ərazisindəki istirahət parkı, oktyabr ayında isə yeni salınan “Qızılgül bağı” park kompleksində yaradılan şəraitlə tanış olmuşlar.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 247 saylı tam orta məktəb tam təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Bu açılış münasibəti ilə keçirilən təntənəli tədbirdə ölkə başçısı cənab İlham Əliyev iştirak etmişdir.
Yay tətili zamanı rayonun bütün orta məktəblərində cari təmir işləri aparılmışdır.
Qeyd olunmuşdur ki, məktəblərdə aparılan təmir və yenidənqurma işləri burada müasir təhsil üçün hər cür şəraitin yaradılması, avandanlıqlarla təchiz olunması tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsinə birbaşa şərait yaradır.
Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli və mərkəzi küçələrdəki binaların bərpası və qorunması istiqamətində çoxmərtəbəli yaşayış binalarının fəsadlarının təmiri və üzlənməsi işləri davam etdirilir.
Hesabat dövrü
ərzində rayonun mərkəzi
küçələrinin kənarları səki kənarlarına
yeni bordürlərin qoyulması, səkilərə
dekorativ daş
düzülməsi, küçələrə yeni asfalt qatı
salınması işləri aparılmışdır.
Təhsildə
qazanılan uğurlar
Sentyabr ayının 6-da Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. 2015-2016-cı tədris ilində rayonun orta məktəblərini 1669 nəfər bitirmiş, onlardan 1500 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 1125 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 177 nəfəri 500-dən yuxarı, 77 nəfəri 600-dən, 25 nəfəri isə xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olmuşlar. 2015-2016-cı təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb.
Sentyabr ayınını 15-də Nəsimi rayonunun orta məktəblərində 15 sentyabr “Bilik günü” yüksək təntənə ilə qeyd edilmişdir. 4 oktyabr 2016-cı ildə ölkə Prezidentinin sərəncamı ilə 3 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər isə “Tərəqqi” medalına layiq görülmüşlər.
Gənc nəslin, yeniyetmələrin sağlam inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlər davam etdirilir, yay aylarında onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Qəbələ və Quba rayonlarında istirahət düşərgələri təşkil olunmuşdur ki, rayonda yaşayan şəhid, Qarabağ əlillərinin övladları orada istirahət etmişlər.
Keçirilən tədbirlərdə Nəsimi
Rayon İcra Hakimiyyətinin
nümayəndələri və digər qonaqlar
iştirak etmişlər. Tədbirdə yeni dərs ilinin
başlanması və “Bilik günü” münasibətilə şagirdlər
və onların valideynləri təbrik edilmiş,
məktəb kollektivlərinin yeni tədris
ilinə tam hazır olduğu
bildirilmişdir.
Ahıllara diqqət
və qayğı ilə yanaşılır
Sentyabr ayının 30-da
Beynəlxalq Ahıllar günü
münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətində rayonun
ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşların
bir qrupu ilə görüş keçirilmişdir.
Onu da qeyd
edək ki, Nəsimi rayonunda
yaşı 100-dən yuxarı olan 6 nəfər
sakin yaşayır. Tədbirdə
iştirak edən ahıllar onlara göstərilən diqqət və
qayğıdan danışmış və bu
işlərə görə ölkə başçısı
cənab İlham Əliyevə öz minnətdarlıqlarını
çatdırmış, ona ölkəmizin
inkişafı və çiçəklənməsi istiqamətində
gördüyü işlərdə uğurlar
arzulamışlar. Tədbirdən sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov tərəfindən onlar ayrı-ayrılıqda qəbul edilmiş və qəbul zamanı
qaldırılan sosial-məişət məsələlərin
həlli üçün müvafiq
tapşırıqlar verilmişdir.
Əhalinin ərizə
və şikayətlərinə baxılması daim diqqət mərkəzində
saxlanılır
Ötən 9 ay ərzində RİH başçısı Aparatına vətəndaşlardan 1700 ərizə və müraciət daxil olmuşdur. Onlardan 358-i Prezident Administrasiyasından, 29-u Milli Məclisdən, 35-i Nazirlər Kabinetindən, 282-si Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən, 996-sı vətəndaşlar tərəfindən bilavasitə rayon icra hakimiyyətinə daxil olmaqla 463-ü təkrar, 171-i kollektiv ərizələrdir. Rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə yaradılmış Apelyasiya Şurası işini davam etdirmişdir.
Hesabat dövründə Prezident Administrasiyası rəhbərliyinin Regional İdarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsi tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon icra hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüşdür.
İclasda bu vaxta qədər əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Nəsimi Rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi bundan sonra da uğurla davam etdiriləcəkdir.
Məhəmməd
VƏLİYEV,
Əli SADIQOV,
Respublika.- 2016.- 25 noyabr.- S. 2, 3.