İstanbulda “Azərbaycanı tanıdaq!” devizi ilə keçirilən toplantı kitabsevərləri bir araya gətirib

 

AZƏRTAC-ın Türkiyə bürosuİstanbulun Bəylikdüzü Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Bəylikdüzü Mədəniyyət Mərkəzində “Azərbaycanı tanıdaq!” devizi ilə toplantı keçirilib.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə keçirilən toplantıda Türkiyədə fəaliyyət göstərən diplomatlarımız, Bəylikdüzü Bələdiyyəsinin rəhbərliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) əməkdaşları, tanınmış yazıçı və şairlər, alimlər, tərcüməçilər, İstanbulda təhsil alan tələbələrimiz, KİV nümayəndələri iştirak ediblər.

Toplantı çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunun, AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə xüsusi müxbiri Sabir Şahtaxtının Azərbaycan Prezidentinin köməkçisi, professor Əli Həsənovun ön söz müəllifliyi ilə İstanbulda beş dildə nəşr olunanBöyük Ermənistan xülyası: faktlarsübutlar” və professor Cahangir Hüseyn Əfşarın “Azərbaycan Nadir Əfşar dövləti” kitablarının təqdimatı olub.

Toplantı salonunun foyesində ümummilli lider Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafa dair nadir nəşrlər, Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq layihələri əks etdirən əsərlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar, o cümlədən Azərbaycanla bağlı müxtəlif sahələrə dair digər vəsaitlər, TDƏŞ-in təbliğat vasitələri, həmçinin 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar sərgilənib.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın və Türkiyənin azadlığı uğrunda canlarından keçən qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib.

Toplantının rəsmi hissəsində Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov, Bəylikdüzü Bələdiyyəsinin sədr müavini Leyla Ünver, professor Cahangir Hüseyn Əfşar və siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı çıxış ediblər.

Çıxışlarda Azərbaycan-Türkiyə münasibətlərində nəşrlərin rolu yüksək qiymətləndirilib. Qeyd olunub ki, ölkələrimizin maraqlarını əks etdirən kitabların yazılması nə qədər mühümdürsə onların tanıdılması da bir o qədər əhəmiyyətlidir.

Rəsmi hissədən sonra müəlliflər imza günü keçiriblər.

Sonda AZƏRTAC-ın rəhbərliyi adından “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu Anadolu Agentliyinin və Bəylikdüzü Mədəniyyət Mərkəzinin təmsilçilərinə təqdim olunub.

 

AZƏRTAC

 

Respublika. - 2016.- 28 yanvar.- S.6.