16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə həsr olunmuş mətbuat konfransı
Konfransda “İteca Caspian” şirkətinin rəhbəri Fərid Məmmədov bildirdi ki, Bakı Ekspo Mərkəzində bu gün Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AİTF” 2017 sərgisi açılır. Sayca 16-cı olan bu sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından əks etdirir. Respublika rəhbərliyi tərəfindən həm turizmə, həm də “AİTF” sərgisinə göstərilən xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin inkişafına əlavə təkan verir. Artıq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sərgini ziyarət edir, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. Yarandığı gündən etibarən “AİTF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir.
Burada yerli turizm şirkətləri təklif etdikləri səyahət marşrutlarını genişləndirmək, iştirakçı ölkələr isə Azərbaycanda daxili və xarici turizm axınını artırmaq imkanını əldə edirlər. Sərgi dünyanın 22 ölkəsini təmsil edən 272 şirkəti bir araya toplamaqla, 90-dan artıq müxtəlif xarici turizm istiqamətini, eləcə də ölkə daxilində istirahət imkanlarını yenidən ziyarətçilərə təqdim edir. Sərgidə 17 milli və regional stend təmsil olunur. Stendlər arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın stendləri, eləcə də “Roqaşka Slatina” (Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən regional stendlər də yer alır.
Digər tərəfdən, “AİTF” sərgisi Azərbaycanın turizm potensialını xarici iştirakçılara əyani şəkildə nümayiş etdirir və bu da Azərbaycanın turizm ölkəsi kimi tanınmasına şərait yaradır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyevin verdiyi məlumata görə 2016-cı ilin yekunlarına əsasən, Azərbaycanı 2 milyon 242 min 783 turist ziyarət etmişdir. Beləliklə, 2015-ci ilin göstəricisi ilə müqayisədə, turistlərin sayı 11,7 faiz artmışdır. 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” Bakı və ölkənin regionlarında turizm sektorunun daha da sürətlə inkişafına kömək edəcək və “AİTF” sərgisi də bu müsbət dinamikanı yaxın gələcəkdə əks etdirəcəkdir.
Sərginin daimi iştirakçısı olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi öz stendində nazirliyin və onun strukturlarının mədəniyyət və turizmin inkişaf etdirilməsi üzrə işlərin planını təqdim edir. Azərbaycanın 20-yə yaxın şirkəti, onların arasında turizm agentlikləri, otel və sanatoriyaları var. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyasında isə Azərbaycana xaricdə turizmin geniş çeşidi təklif olunur. Ənənəvi olaraq, sərgidə Azərbaycanın regionları da iştirak edir. Bu il səmərəliliyi artırmaq məqsədi ilə regional mədəniyyət və turizm idarələrində struktur dəyişikliklər edilib və mövcud idarələrin bazasında yeni regional idarələr yaradılıb. Belə ki, sərgidə İsmayıllı, Lənkəran, Masallı, Şəki, Xaçmaz və Sumqayıtı təmsil edən regional turizm idarələri iştirak edir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində isə Naxçıvanın unikal təbiəti, tarixi yerləri, o cümlədən mehmanxana və müalicə mərkəzləri təqdim olunur. Qarabağ zonasının turizm potensialı isə ayrıca stenddə nümayiş olunur.
Beləliklə, sərgi üç gün ərzində turizm xidmətləri, aviaşirkətlər, yerli və regional turizm təşkilatları, mehmanxana şəbəkələrinin geniş çeşidini əyani şəkildə nümayiş etdirəcəkdir.
Bəybala BƏybalayev.
Respublika.- 2017.- 6 aprel.- S.6