“İslam”da fiziki mədəniyyət və sağlamlıq motivləri
Bu bir həqiqətdir ki, haqq və ədalət yolunda ağır iztirablara tab gətirmiş, dözülməz cəfalara, bəlalı müsibətlərə mətinliklə sinə gərmiş peyğəmbərlər böyük fiziki hazırlıqları, yenilməz pəhləvanlıqları ilə qəlblərdə əbədiləşmişlər. Heç şübhəsiz ki, bütün varlıqları ilə ruhən və cismən kamilləşmiş İslam peyğəmbəri çevik təfəkkürü, iti təxəyyüllü, yüksək erudisiya və geniş elmi dünyagörüşü ilə bərabər, həm də yetkin fiziki-cismani keyfiyyəti və fiziki mədəniyyət səviyyəsi baxımından da səciyyələnir.
Məlum həqiqətdir ki, bir çox mənbə və məxəzlərdə Məhəmməd (ə.s.) peyğəmbər qorxmaz qəlb sahibi olan cürətli bir pəhləvan, cəngavər döyüşçü, rəşadətli qəhrəman və şücaətli igid kimi təqdim edilir. Dərin zəkası, qeyri-adi fitri istedadı, ecazkar fəhm-fərasəti olan bu müqəddəs şəxsin ruhuna və batininə möcüzanə mənəvi və fiziki qüdrət bələnmişdir. Qaynaqlarda göstərilir ki, fərasətli süvari kimi əlində uzun qılınc, ağır nizə, tarım kaman “Düldül” atının belində vüqarla durub cahangirlik göstərmiş Məhəmməd peyğəmbər öz xarakterindən gələn çevikliyə, hünərə, rəşadətə olan sonsuz rəğbət və həvəs, habelə bütün İslam ümmətlərini, o cümlədən öz varisləri olan əziz nəvələri (Həzrəti-Əlinin uşaqları) İmam Həsənlə, İmam Hüseyni mütəmadi olaraq daşqaldırma, güləş, oxatma, qılıncoynatma, atçapma və s. kimi idmanın bir sıra növləri ilə ciddi məşğul olmağa cəlb edirdi.
Mənbələrdə göstərilir ki, Fəttah büdpərəst padşahın oğlu idi. Öz əmisi qızı Qəmərliqa xanımı çox sevirdi. Əmisi onun üçün belə bir şərt qoymuşdu ki, əgər Həzrəti-Əlinin başını mənim üçün gətirsən, mən qızımı sənə verərəm.
Fəttah həm şahzadə, həm də fiziki baxımdan güclü və igid bir pəhləvan idi. Odur ki, Fəttah öz fiziki imkanlarına arxayınlaşıb Mədinə şəhərinə Həzrəti-Əlini axtarmağa gəlir. Uzun və ağır axtarışdan sonra soraqlayıb rəqibini tapıb məkana varid olur. Həzrəti-Əli əleyissalam bu zaman bağ suvarırmış. Fəttah fikirləşir ki, bağbandan Həzrəti-Əli (ə.s.) barədə bəzi məlumatlar alaram. Fəttah Həzrəti-Əliyə yaxınlaşıb soruşur: -Ərəb qardaş, sən Həzrəti-Əlini tanıyırsanmı? Həzrəti-Əli əleyissalam da cavab verir ki, mən onu lap yaxından tanıyıram.
Fəttah soruşur: - Görəsən onun boyunun hündürlüyü nə qədər olar? Həzrəti-Əli (ə.s.) ortaboy adam idi. Müsahibinə cavab verir ki, elə mənim boyda olar. Fəttah yenə soruşur:
- Başının tacı görəsən qızıldandır? Həzrəti-Əli (ə.s.) cavabında deyir: - Yox, görürsən mənim başımdakı sadə əmmaməni, elə o da bu cür əmmamə qoyur.
Fəttah ondan dübarə xəbər alır ki, görəsən mənim gücüm ona çatar?
İslam mənbələrində Həzrəti-Əlinin fiziki tərbiyə məşğələlərinə maraq və istəyi barədə geniş yer verilmişdir. Mötəbər mənbə və məxəzlərdə din uğrunda kafirlərə qan qusduran Həzrəti-Əli (ə.s.) şimşək sürəti ilə qaçan şahbaz ərəb atları üzərində mahir ox süzdürən, dəqiq şeşpər sancan, ağır nizəni uzaq hədəfə sərrast tuşlayan, cida və gürzü sərrast tuşlayan, cəld qılınc oynadan, daş qaldıran, həm də güclü pəhləvanların kürəyini yerə vuran mahir güləş ustası kimi təqdim edilir.
Tarixi qaynaqlarda, xüsusilə qədim ərəb və fars mənbələrində dərin əql və zəka sahibi olan Həzrəti-Əlinin özünün də həyatda qeyri-adi fiziki gücə malik, yenilməz bir pəhləvan, bahadır cüssəli cəngavər döyüşçü və mahir sərkərdə kimi təqdim edilir. Həmin mənbələrdə imamın zəmanəsinin olduqca çevik, cəld, cürətli, həm də at çapmaq, ox-yay dartmaq, qılınc oynatmaq, qurşaq tutmaq, bir sözlə, fiziki təmrinlərin icrasında məharət göstərən yenilməz bir cavanşir kimi təsvir olunur. Neçə əsrdir ki, o müqəddəs imamın dönməz əqidə, dərinə məslək və amal uğrunda apardığı haqlı mübarizələrdə qazandığı tarixi zəfər, göstərdiyi əfsanəvi qəhrəmanlıqlar bütün bəşəriyyət tərəfindən yüksək dəyərləndirilmişdir.
İmamımızın basılmaz düşmən ordusu üzərinə etdiyi güclü həmlələr nəticəsiz qalmamışdır. Mötəbər mənbələrdə Həzrəti-Əlinin “Xəndək davası” və “Xeybər müharibəsi”ndə göstərdiyi misilsiz hünər və şücaət, sərdarlıq məharəti, ağlasığmaz pəhləvanlıq rəşadəti barədə çox maraqlı bilgilər verilir. Cahangir sərkərdənin bənzərsiz fiziki güc və qüvvəsi barədə ətraflı təsəvvürə malik olmaq üçün, onun yalnız Xeybər qalasına müzəffər yürüşdə bir əli ilə ağır dəmir darvazanı yerindən qoparıb başı üzərinə sipər edərək Qüreyş qoşununun kafirlərinə divan tutmağını xatırlamaq kifayətdir.
Tarixi qaynaqlarda göstərilir ki, idmanın bir neçə növündə fiziki üstalıq və məharət nümayiş etdirən Həzrəti-Əlinin bahadırlıq əzəmətindən, yenilməz pəhləvanlıq şücaətindən bəhs edən maraqlı səhnələrə qədərincə rast gəlinir.
Güc və qüvvələrini sınamaqda yarışan bütpərəst şahzadə ilə imamımızın arasında gedən dialoqda deyilir ki, Həzrəti-Əlinin rəqibi onun qolunun altında sıxdığı nizəsini nə qədər gücənsə də çıxara bilmədiyi halda, Fəttah qoltuğunun altında var gücüylə sıxdığı həmin nizəni qüdrətli imamımız iki barmağıynan çox asanlıqla çıxarmışdır.
İkinci şərt Fəttahın onun ayağını yerindən tərpətməsi idi. Bu da qətiyyən mümkün olmur. Rəqib nə qədər gücənib əlləşirsə, heç bir şey alınmır.
Üçüncü şərt isə onların qurşaq tutub yapışmaları olur. Bu güləş mübarizəsində Həzrəti-Əli (ə.s.) rəqibinə çox usta bir fənd işlədərək onu göyə qaldırıb kürəklərini yerə çırpır.
Bütün İslam ümmətlərini sağlam, gümrah, çevik və davamlı görmək arzusu ilə öz müsəlman qardaşlarına uca peyğəmbərimizin ən böyük tövsiyəsi onlara övladlarını fiziki təmrinlərə alışdırmaqdan ibarət idi. Bu baxımdan Məhəmməd peyğəmbərin bütün dövrlər üçün aktual olan dərin məna kəsb edən bir kəlamı qiymətsiz bir örnək kimi maraq doğurur: “Övladına idman öyrətmək atanın borcudur. Övladın haqqı atanın boynunda bunlardan ibarətdir: ona oxuyub yazmaq (elm) öyrədə, üzmək və ox atmaq fəndlərini aşılaya və ona halal ruzi yedizdirə”.
İmam Cəfəri Sadiq buyurur ki, bir gün İslam peyğəmbəri öz nəvələri Həsən və Hüseyn ilə qızı Fatiməgilə gəlirlər. Peyğəmbər onlara buyurur ki, durun ayağa, bir-birinizlə güləşin. Onlar başlayırlar güləşməyə. Həmin vaxt Həzrəti-Fatimə evdə yox imiş. Bir az keçmədən sonra evə qayıdan Həzrəti-Fatimə görür ki, uşaqları həvəslə güləşirlər və atası Həzrəti-Məhəmməd (ə.s.) da böyük nəvəsi İmam Həsəni qələbə çalmağa təşviq edir. Həzrəti-Fatimə sual veriir ki, atacan, niyə bunların birini qələbə çalmağa təşviq edirsən?
Peyğəmbər cavab verir ki, qızım, sən istəmirsən ki, mən balam Həsəni təşviq edib həvəsləndirəm, halbuki cənab Cəbrayıl(ə) o birisi balam, Hüseyni qələbə çalmağa həvəsləndirir.
Mənbə və məxəzlərdə çox nüfuzlu imamlarımızdan olan Cəfəri-Sadiqin oxatma yarışlarında əvəz edə biləcək bir rəqibi olmadığı faktı da vurğulanır. onun tarım kirşəsindən süzən oxların hamısı sərrastcasına hədəfə sancılarmış.
Hələ on yaşından mütəmadi şəkildə güləşlə məşğul olmuş Həzrəti-Əli (ə.s.) həmin dövrün ən güclü güləş ustası kimi ad qazanmışdır. O, həm də bacarıqlı bir mürşüd tək onun cahangir sərdarlığı altında təlim keçən əsgərlərinə güləşin bütün texniki-taktiki fəndlərin gizli sirlərini mənimsətməkdən həzz duyardı.
Süffeyin müharibəsi zamanı Hənzəli adlı bir pəhləvan Müaviyəyə köməyə gəlir. Hənzəli dövrünün elə bir nəhəng pəhləvanıymış ki, ona yalnız Həzrəti-Əlinin gücü çatarmış. İmamımızın dostlarından olan Maliki-Əjdər adlı birisi özü ona qalib gəlmək üçün Müaviyyənin qoşunu tərəfə keçərək Hənzəlini öldürüb başını Həzrəti-Əliyə gətirmək istəyir. Onunla qarşılaşan Ənzəliyə özünü çoban kimi təqdim edir, həm də Həzrəti-Əlinin dostu olduğunu bildirir. Hənzəli ondan Həzrəti-Əlini döyüş fəndlərini öyrənmək istəyir. Malik Hənzəliyə Əlinin (ə.s) bir sıra güləş fəndlərini öyrətməyə başlayır. Malik Hənzəlini göydə oyuncaq kimi bir neçə dəfə atır-tutur və dərhal qılıncını çıxarıb onun boynunu göydə ikən üzür. Düşmənin başını gətirərək deyir: - Ya Əli, mən ona qalib gəldim. Bəs deyirdin ki, səndən başqa ona heç kimin gücü çatmaz”. Həzrəti-Əli (ə.s.) gülüb deyir: -Ya Malik, bil və agah ol ki, Hənzəlini göydə atıb tutan mən idim, bu mənim qüvvəm idi.
Bütün bunlar bir daha təsdiq edir ki, böyük imamımız hərtərəfli dərin biliyə, zəngin erudisiyaya, geniş dünyagörüşünə malik bənzərsiz üləma, fəlsəfəni, riyaziyyatı, təbabəti, astronomiyanı, hüququ, təbiəti, ədəbiyyatı, bir sözlə, bütün elmləri dərindən mənimsəyən, “Nəhcül-Bəlağə”, “Divani Əmir” kimi monumental əsərlərin müəllifi olmaqla yanaşı, həm də zəmanəsinin yenilməz bahadırı, idmanın güləş növünü dərin incəliklərinə qədər bilən və onun yaradıcılarından olmuşdur.
Şərq dünyasında xalqı bəşəri əməllərə, humanist ideyalara yönəldən, bu yolda ağır məşəqqətlərlə, dözülməz mərhumiyyətlərlə üzləşmiş Həzrəti-Əli (ə.s.) dərin qibtəyə layiq fiziki və hərbi hazırlığı sayəsində misilsiz zəfər yürüşləri ilə bütün müsəlman ümmətlərinin qəlbində əbədi bir heykəl qoymuşdur.
Tarixdə “Bədr döyüşü”, “Ühüd döyüşü”, “Əhzab (Xəndək) döyüşü”, “Xeybər döyüşü”, “Təbuk döyüşü”, “Cəməl (əhdi sındırmışlar) döyüşü”, “Siffeyi (haqdan dönmüşlər, zülmkarlar) döyüşü”, “Nargin döyüşü” və s. kimi qanlı çarpışmalarda yüksək əzm və rəşadət, misilsiz fədakarlıq göstərmiş, “Salamatlıq ən gözəl geyimdir” - deyən Peyğəmbərin bütün zəfər yürüşlərinin fövqündə onun fiziki kamilliyi, gümrahlığı və qıvraqlığı dururdu.
Din, Vətən, torpaq uğrunda məslək yoldaşlarını şəhidlik zirvəsinə ucalmaqla qorxmazlığı, cürətliliyi dönə-dönə təlqin edən Həzrəti-Əli (ə.s.) deyirdi:”... yataqda ölməkdən qılıncla min dəfə yaralanmaq mənə daha yaxşıdır...”
Göründüyü kimi, dövrünün mahir sərdarı olan Həzrəti-Əli (ə.s.) bənzərsiz hərbi səriştəsi, yüksək fiziki möhkəmliyi və iradi hazırlığı ilə öz nümunəvi sərkərdəliyini sübut etmişdir. Döyüşçülərinə cəsarətli həmlə, düşünərək müdafiə olunmaq, əkshücum, özünüələalma, özünəinam, təşəbbüskarlıq və s. kimi hərbi, fiziki və psixoloji hazırlığının səmərəli nəticəsi barədə onlarda inam hissi yaratmağı təlim edirdi.
İmamımızın döyüşlərdə hərbi traktovkaları bütün dövrlərdə öz aktuallığını saxlayan siyasi-taktiki, ictimai bir dəyərdir. “Nəhcül-Bəlağa” əsərində insanın fiziki kamilliyi, hərb təliminə dair misilsiz fikir və mülahizələr inandırıcı şəkildə diqqəti cəlb edir. Əsərdə döyüşçülərin vuruş meydanında inadcıl, qətiyyətli, təkidli davranışı qələbə əzmi üçün başlıca atribut kimi təqdim olunur. Qeyd edildiyi kimi, döyüş meydanında rəşadət göstərmək arzusu ilə həmlə etmək qələbə qazanmağa ümidi daha da artırır.
(davamı növbəti saylarımızda)
Mobil Aslanlı Huntürk.
pedaqoji elmlər doktoru.
Respublika.-
2017.- 9 aprel.- S.4