ROLLARI İLƏ BÖYÜK ZÖVQ BƏXŞ EDƏN SƏNƏTKAR

SSRİ xalq artisti İsmayıl Osmanlını səhnədə ilk dəfə 1952-ci ildə gördüm. O zaman ustad sənətkarın 50 yaşı tamam olmuşdu. İ.Osmanlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında A.Şirvanzadənin “Namus” dramının tamaşasında rol almışdı. İlk səhnədən artist təbiiliyi, emosionallığı və yumoru ilə tamaşaçıları valeh etdi. Bu obraz Osmanlının sənətkarlığı sahəsində kiçik olsa da, tamaşanın əsas obrazlarından birinə çevrilmişdi.

Artist taleyi müxtəlif olur. Bəziləri hələ cavan ikən parlayır, bəziləri isə yalnız müəyyən yaşdan və təcrübədən sonra tamaşaçıların rəğbətini qazanır. Osmanlı da öz geniş yaradıcılıq imkanlarını, istedadını yalnız 30 yaşından sonra məharətlə təqdim edə bildi.

İ.Osmanlı bir insan kimi çox sadə, istiqanlı, xüsusilə gənclərə böyük hörmət bəsləyən bir adam idi. Tale belə gətirmişdi ki, mən Osmanlı ilə çox yaxından ünsiyyət qura bildim. O da yeri gəldikcə, öz keçmişindən, işlədiyi aktyor və rejissorlardan, oynadığı tamaşalardan mənə həmişə danışardı. Osmanlının sənət yolunda yavaş-yavaş inamla irəlilədiyinin şahidi olurdum. Onun ifa etdiyi ən kiçik obraz belə Azərbaycan teatrının sənət nailiyyəti sayılırdı. Yaratdığı bütün obrazlar, qazandığı müvəffəqiyyətlər Osmanlını tamaşaçıların ən çox sevdiyi aktyorlardan birinə çevirmişdi. Dramaturgiyada elə surətlər var ki, onların müvəffəqiyyəti, demək olar ki, əvvəlcədən müəyyən olunur. Məsələn, Otello, Vaqif, Aydın, Hacı Qara, Hacı Əhməd və Balaş rollarını orta səviyyəli bir artist oynasa belə, rolun harasındasa azdan-çoxdan öz istedadını büruzə verə bilirdi. Osmanlının yaradıcılığında isə belə rollar demək olar ki, yox idi. Onun yaradıcılıq yolu çox çətin və mürəkkəb keçmişdi. O, öz istedadı ilə maraqlı aktyor olduğunu kiçik rollarda da sübut edirdi.

Özünün etirafına görə Azərbaycan realist sənətinin baniləri C.Zeynalov, M.A.Əliyev, İ.Hidayətzadə, R.Təhmasib onun yaradıcılığında çox mühüm rol oynamışdılar. Onun sənət yolu rollara təhtəlşüur yanaşmaqla aktyor sənətinin bütün qanunlarını dərketməyə qədər yüksəlmişdir. O, hər obrazda bir insan taleyinin zəngin dərinliyini məharətlə açırdı. Ən kiçik rolda belə gözlənilməz xarakterik xüsusiyyətlər tapır, hər dəfə yeni obraz yaradırdı, hər dəfə yeni rollarında səhnəyə yeni fikirlər, böyük bir insan aləmi gətirirdi. O, öz keçmiş sənət yollarını xatırlayanda deyirdi: “Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm dəəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”.

Həmin illər Möhsün Sənani Bakıdan Şəkiyə qastrola gəlmişdi. Osmanlının onunla görüşüb Azərbaycanın rayonlarına birgə qastrola çıxması səhnə həvəsini daha da artırıb. 1922-ci ildə Gəncədəki fəhlə fakültəsinə daxil olur. Sonra isə məşhur rejissor Kirmanşahlının təklifilə 1928-ci ildə Tiflis-Azərbaycan teatrına dəvət edilir.

1929-cu ildə isə Azərbaycan Dövlət Dram Teatrı (o zaman Bakı Bədaye Teatrı adlanırdı) Osmanlını öz səhnəsinə dəvət etdi. Şəmsəddin Abbasovun “Qələbə” pyesindəki traktorçu Bəhram rolu ilə Osmanlı fəaliyyətə başlayır. Artistin ilk böyük müvəffəqiyyəti isə C. Cabbarlının “1905-ci ildəpyesinin tamaşasında Bahadur bəy obrazı oldu. Osmanlı o zaman Cabbarlı ilə bir teatrda işləyirdi. Hidayətzadə ilə bir səhnəyə çıxdığına görə həmişə söhbətlərimizdə özünü xoşbəxt sanırdı. O, deyirdi:

– O vaxt belə düşünürdüm ki, mənə daha məktəb lazım deyil, İsmayıl Hidayətzadənin zərgər işi mənə böyük məktəb idi. Rolda başqalaşmaq, dəyişmək üçün onun sənəti mənə bir dərs oldu.

O vaxtdan Osmanlı böyük sənət yoluna belə qədəm qoydu. Adamları daha yaxından müşahidə etməyə başladı. Müşahidələrinin ilk bəhrələrini isə Bahadur bəy rolunda tətbiq etdi. Saçlarını ortadan ayırıb, zərcinbəndli eynək taxan Bahadur bəy Osmanlının ifasında ağıllı adamdan çox, ağıllı görünməyə çalışan bir boşboğaz idi. Zahirən nəzakətli görünən “İslam millətinin tərəqqisi” barədə gur-gur guruldayan bu intiligent əslində ancaq özünü düşünən məhdud bir adam idi. Osmanlı Bahadur bəyin boşboğazlığını, tüfeyliliyini ictimai bir rəmzə çevirə bilirdi.

Səhnədə bütün obrazların xarakteri Osmanlı tərəfindən psixoloji baxımdan tam əsaslandırılırdı. Yəni artist mənfi adamların surətini elə oynayırdı ki, tamaşada onun pis adam olmasına şübhə yeri qalmırdı. Osmanlı obrazın daxili aləmini, onun bütün xüsusiyyətlərini sənətkarcasına təqdim edirdi. Bu cəhətdən M.İbrahimovun “Həyat” pyesindəki Heydərqulu obrazı da səciyyəvidir.

Briqadir Heydərqulu Osmanlının ifasında ruhən, qəlbən, fikrən, hətta zahirən də itaətkar bir rəzil idi. Uzun pencək, qalifeyi şalvarın üstündən çəkilmiş rezinli corablar onu çox gülməli bir vəziyyətə salırdı. Heydərqulu həmişə gözlərini yerə dikir, tez-tez burnunu çəkir, hətta öləndə beləSağ ol, Süleyman əmi”deyir. Həmişə də onun bu sözlərini tamaşaçılar gülüşlə müşayiət edirdi.

Sənətkarın etirafına görə, o, 200-ə yaxın irili-xırdalı rollar oynamışdır.

Osmanlı mənim rejissorluq etdiyim, Azərbaycan Dövlət Teatrında tamaşaya hazırladığım N. Dumbadzenin “Darıxma, ana!” pyesində İsidor Cakeli obrazını oynadı. Bu sənətkarın son rolu idi. Bu obraz haqqında o vaxt mətbuatda xeyli xoş sözlər yazıldı. Buna baxmayaraq, Osmanlı obraz üzərində işini dünyasını dəyişənə qədər davam etdirdi. Çünki o, hər bir rolunda obrazı tam tapmayana qədər çox narahat yaşayırdı. Bu xüsusiyyəti onunla işləyən kino rejissorları da təsdiq edirdilər. Osmanlı 22-yə qədər filmə çəkilmişdir. Ən çox yaddaqalan obrazlardan “O olmasın, bu olsunda Rza bəy, “Mən ki gözəl deyildimPoçt müdiri, “Nəsimi”də Nəimi, “Yeddi oğul istərəm”də isə Kələntər obrazları idi.

Rolun təsir qüvvəsi həm ifaçının, həm də obrazın, hətta tamaşaçıların səviyyəsindən asılıdır. Hər aktyor bütün rollarında tamaşaçıların hamısını razı sala bilməz. Lakin mən indiyə qədər elə bir tamaşaçıya rast gəlməmişəm ki, o, Osmanlının sənətkarlığından böyük zövq almasın.

Ağakişi KAZIMOV,

Xalq artisti, rejissor.

Respublika.- 2017.- 9 aprel.- S.13.