Heydər Əliyev və iqtisadi islahatlar

1991-ci ildə müstəqilliyini bərpa edərək bazar iqtisadiyyatı istiqamətində ilk addımlarını atan Azərbaycan Respublikası böyük iqtisadi və siyasi çətinliklərlə rastlaşmışdır. İqtisadiyyatda artıq 1989-cu ildən başlanmış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinləşmişdi. Əgər 1989-1991-ci illərdə ümumi daxili məhsul istehsalı hər il orta hesabla 5,7 faiz azalırdısa, sonrakı üç il ərzində azalmanın sürəti 3.8 dəfə artmışdı. 1993-cü ildə 1990-cı ilə nisbətən 2 dəfə az sənaye və kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. 1993-cü ildə dövlət idarəçiliyində kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin yüksək həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı vaxtda xalqımızın ümummilli lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Məhz onun müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Mübaliğəsiz demək olar ki, bu gün müstəqil Azərbaycanın qazandığı uğurlar ulu öndər Heydər Əliyevin ölməz ideyalarından güc alır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı hər iki tarixi dövr iqtisadi tənəzzüllə xarakterizə olunsa da, məhz bu dünya şöhrətli siyasətçinin qəbul etdiyi son dərəcə dəqiq qərarlar, həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində həmin tənəzzülü sürətli tərəqqi əvəz etmişdir. Ulu öndərin Azərbaycana rəhbərliyinin ilk illərindən etibarən respublikada geniş islahatların həyata keçirilməsinə başlanıldı. 1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar və bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan verdi. Heydər Əliyevin həyata keçirdiyi səriştəli, təmkinli və məqsədyönlü iqtisadi islahatlar nəticəsində 1996-cı ildən etibarən Azərbaycan iqtisadiyyatında əsaslı yüksəlişin bünövrəsi qoyuldu. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər iki-üç dəfədən çox artdı. 1993-2003-cü illəri əhatə edən 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 22,3 dəfə, adambaşına düşən ÜDM-in həcmi isə 20,3 dəfə artdı. Həmin illərdə ölkəmizdə hüquqi-təşkilati formasından asılı olmayaraq, üç minə qədər yeni sənaye müəssisəsi açılaraq 2003-cü ilin əvvəlinə onların sayı 5200-ü ötdü.

Müstəqil Azərbaycan Respublikasında iqtisadi sahənin təşəkkülü və inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 23 il öncə, 1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində ulu öndər demişdir: “Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla, çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”.

Azərbaycanın sərbəst bazar münasibətlərinəəsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi. Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.

İqtisadi islahatların zəruriliyindən bəhs edən ulu öndər tarixi faktlara əsaslanmaqla qəti mövqeyini aşağıdakı fikri ilə əsaslandırırdı: “...sosializm quruluşunun ən yüksək bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edə bilməz. Xüsusən, bizim respublikamızda. Lakin o quruluş, iqtisadi sistem özünün son həddinə gəlib çatmışdı. Buna görə də onun sonrakı inkişafı mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə, inkişaf dayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyildi ki, 1980-1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxardı: iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməli”.

Ulu öndər Heydər Əliyev hesab edirdi ki, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyat sahəsində strateji xətti bundan ibarətdir ki, bizdə mülkiyyət forması tədricən dəyişdirilməli, iqtisadiyyatımız bazar iqtisadiyyatı əsasında qurulmalı, təşəbbüskarlığa geniş meydan verilməlidir. Məhz bu, iqtisadiyyatımızın strateji yoludur. Müstəqil Azərbaycan üçün xarakterik xüsusiyyətləri nəzərə almaqla iqtisadi islahatların aparılması onun müvəffəqiyyətini təmin etmişdir və burada Heydər Əliyev dühasının əvəzolunmaz rolu vardır. Belə ki, ilk növbədə, onun fövqəladə zəhməti sayəsində bağlanan neft sazişləri iqtisadiyyatın bütün sahələrinin dirçəlməsində əhəmiyyətli rol oynadı.

Respublikamızda iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilməklə öz müsbət nəticələrini verdi. İslahatların hüquqi bazasını təşkil edən “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Torpaq islahatı haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və bir sıra digər qanunlar qəbul edilmiş, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq olunmuşdu. 1993-cü ildən etibarən ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə torpağın özəlləşdirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi və nəhayət torpaq islahatı haqqında Qanunun qəbul olunması bazar iqtisadiyyatına keçid istiqamətində atılmış cəsarətli bir addım kimi qiymətləndirilməli və bu MDB məkanında olan ölkələr üçün parlaq təcrübə nümunəsidir. Aparılmış islahatlar nəticəsində 2239 kolxoz, sovxoz və sair kənd təsərrüfatı müəssisəsi ləğv edilərək onların bazasında və digər əsaslarla müxtəlif hüquqi-təşkilati formalı təsərrüfatlar yaradılmışdır.

Heydər Əliyevin birbaşa göstərişi ilə müvafiq dövlət orqanları tərəfindən təcili olaraq hökumətin iqtisadi proqramı işlənib hazırlanmış və həyata keçirilməyə başlanmışdı. 1995-1996-ci illər ərzində makroiqtisadi sabitliyin təmin olunması və iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması tədbirlərini nəzərdə tutan iki hökumət proqramı müvəffəqiyyətlə həyata keçirilmişdir. Çox böyük əhəmiyyəti olan beynəlxalq kontraktların bağlanması, dünya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi, Azərbaycana investisiya axınının güclənməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi və s. məhz ulu öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətinin məntiqi nəticəsi kimi mümkün olmuşdur.

Ulu öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlanıldı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır.

Beləliklə, tam əminliklə demək olar ki, 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Bu gün ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın indiki zənginliyi, intibahı Heydər Əliyev ideyalarının öz real təsdiqini tapması sayəsində mümkün olmuşdur. Yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında mühüm rol oynayır.

Müşfiq CƏFƏROV.

Respublika.- 2017.- 13 aprel.- S.4