“İslamda”da fiziki mədəniyyət  sağlamlıq motivləri

Həzrəti-Əlinin yenilməzliyi, qeyri-adi pəhləvanlığı və hərb təlimindəki təkrarsız məharəti onun həm də tarixdə məşhur “Xeybər müharibəsi”ndəki göstərdiyi misilsiz fədakarlıqlarla dəyərləndirilir.

Mənbələrdə göstərilir ki, Həzrəti-Məhəmməd əleyhissalam on dörd min qoşunla mühafizə olunan Xeybər qalasını almaq üçün onu Həzrəti-Ömərlə, Həzrəti-Əbubəkrə tapşırır. Nizami ordularla müdafiə olunan düşmənlərlə döyüşdə heç nə hasil olmur. Uca peyğəmbərimiz bir vacib əməliyyatı hünər və fərasətinə yaxşıca bələd olduğundan yalnız Həzrəti-Əliyə həvalə edir. Həzrəti-Əli (ə.s.) dərhal İslam bayrağını götürüb Xeybər qalasına yetişir və əlindəki bayrağı yerə sancır.  Peyğəmbərimiz düşmən səflərini öz qoşunu ilə darmadağın edir.

Burada diqqəti çəkən əsas məqam Həzrəti-Əlinin düşmənin ən cəsur, ən güclü, ən azğın döyüşçüləri ilə qarşı-qarşıya cəng etmə səhnəsidir.

Bu döyüşdə Həzrəti-Əlinin ilk rəqibi həmin qalanın rəisi Haris adlı birisi idi. Peyğəmbərimizin qalaya daxil olmasına mane olan Haris əlində qılınc onun qabağına çıxır. Həzrəti-Əli (ə.s.) bir qılınc zərbəsinə onu həlak edir. Elə bu vaxt qaladan çox adlı-sanlı pəhləvan, bütün döyüşlərdə əfsanəvi igidlik və qəhrəmanlıqlar göstərmiş Harisin qardaşı Mərhəb adlı yenilməz sərkərdə çıxır.

Məxəzlərdə göstərilir ki, Mərhəb çox qəribə geyinərmiş və həm də iki şəmşir bağlarmış. Başını zərbədən qorumaq üçün dəmir papaq qoyarmış. Həmin papağın ətrafına daşlar düzərmiş ki, qılınc zərbəsinin qabağını alıb başına xətər dəyməsin.

Mənbələrin məlumatına görə,  Həzrəti-Əli (ə.s.) Mərhəblə üzləşəndə ona elə sarsıdıcı zərbə endirir ki, bu həmlə onun qalxanını iki yerə bölüb, dəmir papağını və daşları sındırıb, əmmaməsini dağıdır. Beləliklə, peyğəmbərimizin Zülfüqarı onun başını və bədənini iki yerə bölür.  Cəhənnəmə vasil olan düşmənin qanlı meyitini görən müsəlman qoşunlarının Allahu Əkbər sədaları göyə ucalır.

Həzrəti-Əli (ə.s.) da növbəti rəqibi Harisin üçüncü qardaşı Yasər olur. O da qardaşları kimi, peyğəmbərimizin Zülfüqarına tuş gəlir.  Nəhayət, Həzrəti-Əli (ə.s.) xariqüladə bir qüvvə ilə Xeybər qalasının qapısından yapışıb onu bir əllə qopardıb neçə metr kənara tullayır. Düşmən ordusu həmin qanlı savaşda məğlub olur və beləliklə, Xeybər qalası fəth olunur.

Allahın aslanı, övliyalar sultanı, din uğrunda vuruşların cahanşümul sərkərdəsi Həzrəti-Əli (ə.s.) həmin məslək və amal uğrunda apardığı 29  qəzavatın rəhbəri, qəhrəman döyüşçüsü olmuşdur. O, İslam üçün ən ağır və fəlakətli müharibələrdən hesab olunan Xəndək davasında iştirak edəndə 28 yaşı vardı.

İslam peyğəmbərlərinin qeyri-adi fiziki keyfiyyətlərə, fövqəlbəşər hərbi səriştəyə, habelə onların cəngavər-döyüşçü kimi mühüm əlamətlərinə yüksək dəyər verən məşhur fransız tarixçisi Baron Kardova “Həzrəti-Əli (ə.s.) qeyri-müsəlman alimlərinin gözü ilə” adlı məcmuədə yazır ki, Əli (ə.s.) — o necə bir bənzərsiz şücaət sahibi, tayı-bərabəri olmayan qəhrəman və cəsur insan İslam peyğəmbəri ilə çiyin-çiyinə vuruşur, fəaliyyət göstərir və möcüzəsayağı qiyam edirdi. Uca peyğəmbərin (ə.s.) ona bağlandığından danışan müəllif qeyd edir ki, bunlar tarixdə şan-şöhrət və əzəmətlə xatırlanır.

Böyük şairimiz öz həmdillisi olan türk oğlunun uca şəhidlik zirvəsinə yüksəlməsini, onun pəhləvanlıq və bahadırlıq şücaətinin heyrətli anlarını dərin poetik məna çaları ilə nəzmə çəkmişdir: “Andan sonra Müslimi-Azərbaycani saqiyi-bəzmi-rəzm olub, nə nəreyi-məstanə ilə Günbədi-Gərdunə sədalar bıraxub çox bixəbərləri cami-fənadan sərməst etdi. Gah şəmşiri-atəşbarla rəzm edib, gah tiri tizrəftarla müharibə qılurkən kəsrəti-cərahətdən zəf olub mərkəbindən düşdü... Andan sonra anın nəqdi-pakı və xələfi-salehi meydanə girib, babayi-büzürgvarının intiqamını alıb bir şəqi zərbətiylə bəzmi-gahi-bəqayə intiqil etdi”.  Şair həmin kədərli səhnəni dərin qüssə ilə belə anladır:

Xoş ol arif ki, bildi                              

         mülki-dünyanın sərəncamın,

Həyatından təməttə bulmayıb

                          içdi əcəl camın.

Mənbə və məxəzlərdə istər əqli hünəri, istərsə də fiziki məharəti ilə bağlı bu günümüzə qədər irqindən, dinindən asılı olmayaraq dünyanın bir çox tarixi şəxsiyyətlərini heyrətə gətirən müqəddəs imamlarımızdan biri olan Həzrəti-Abbas barədə də maraqlı bilgilərə rast gəlinir. Həmin qaynaqlarda göstərilir ki, o, (Həzrəti-Abbas) ucaboylu, gözəl surətli bir kişi idi ki, ata minəndə ayaqları yerə çatardı. Onun künyəsi Əbülfəzil, ləqəbləri Səqqa, Qəməri bəni Haşim idi və Kərbəla bayraqdarı hesab olunurdu. Qəməri bəni-Haşim şücaət nümunəsi, həmlə və döyüş aslanı idi...

Qaynaqlarda Davud peyğəmbərin də inadkarlığı, təkidliyi, qətiyyətliliyi ilə yanaşı, fiziki hazırlıq səviyyəsi və hərbi təlim işlərində fəal və işgüzarlığı, fəhm-fərasəti, habelə bir sıra fiziki tapşırıqların ustalıqla icra edilməsində fərqləndiyi göstərilir. Qeyd etməliyik ki, Həzrəti-Davud peyğəmbər öz dərin zəkası, geniş təfəkkürü və humanist keyfiyyətləri ilə yanaşı, həm də yüksək fiziki ustalığı və hərəki bacarığı sayəsində cismani cəhətdən qüdrətli bir bahadır kimi məşhur idi. Bu əzəmətli, hünərli igid fiziki təmrinlərə çox sıxı bağlılığı sayəsində idmanda heyrətamiz nəticələr göstərmişdir. Mənbələrin məlumatına görə o, dövrünün ən güclü sapand daşı atanı olmuşdur.

1400 il bundan əqdəm qələmə alınmış müqəddəs “Qurani-Kərim”də  insan sağlamlığına qənim kəsilən (siqaret, içki, narkotik maddələr və s.) zərərli adətlərdən uzaqda olmaq, fiziki tərbiyə nişanələri—idman, oyun, turizm, gimnastika, üzgüçülük, habelə yardımçı-gigiyenik amillərə—yuxu, qida, rejim, həm də təbii amillərə—hava, su, günəş, təbiət və i.a.  xüsusi diqqət yetirmək məsləhət görülür. Bu mənada müsəlmanlığın əsas şərtlərindən olan namaz qılma gigiyenik amilləri özündə əks etdirən atributlardandır.

Namaz qılma prosesində adətən sağlam və gümrahlığa xidmət edən spesifik xüsusiyyətlər—qüsul olunaraq əl-üzü, qol və ayaqları, bir sözlə, bütün bədən üzvlərini pak saxlamaq kimi gigiyenik cəhətlərlə yanaşı, həm də bir sıra gimnastika prosedurları və bəzi fiziki çalışmaları da kompleks şəkildə yerinə yetirilir. İbadət zamanı xüsusi xalı üzərində Məkkə qibləsi səmtində duran şəxs əvvəlcə ayaq üstə durur, əllərini başından xeyli yuxarı qaldıraraq aşağı endirir. Sonra dizləri və ayaq barmaqları üstə əyləşərək (diz çökərək) hər iki əlini gövdəyə dayaq verməklə başını ayağa əyərək, alnını yerə qoyub müqəddəs yerlərin torpağından bişirilmiş möhür daşına toxundurur. Namaz zamanı əllərin, qolların, gövdə və qıçların, bir sözlə, müxtəlif pozalarda vəziyyətlərin ardıcıl və sistemli dəyişməsi, bədən üzvlərinin hərəkiliyini təmin edən kompleks idman tapşırıqları icra edilir.

Beləliklə, on yaşından başlayaraq gündə beş dəfə mütəmadi və sistemli şəkildə icra olunan namaz, onun dini xüsusiyyətlərindən əlavə, lazımi mühüm hərəki keyfiyyətlər tələb edən fəaliyyət növü olaraq insandan güclü iradi səy, məsuliyyətlilik, dönməz xarakter və s. kimi şüurlu intizam tərbiyəsi formalaşdırmaqla bərabər, onların həm də fiziki-cismani cəhətdən yetkin, qıvraq, davamlı və uzunömürlü olmalarına da zəmin yaradır.

Gigiyenik amillərə ən çox namaz zamanı riayət olunur. “Qurani-Kərim”dən müəyyən surələr oxumaqla insanda bir sıra mənəvi, əxlaqi-etik xüsusiyyətlərin tərbiyə olunub möhkəmləndirilməsinə, habelə mərdlik, humanist hisslər, bəşəri duyğular formalaşdırmasına zəmin yaradan və həmin sadalanan amillərin onun məslək, amal, inam və əqidəsinə çevirməkdə namazın misilsiz əhəmiyyəti vardır. Namazdan əvvəl dəstəmaz (abdəst) və yaxud qüsul alınması, təmizliyə riayət olunmasının, paklığa xidmətin ən bariz nümunəsidir. Vaxtaşırı dəriyə, tükə, dırnağa, paltara, bir sözlə, bədənin bütün üzvlərinə ciddi qulluq etmək İslamın ən nəcib əməllərindəndir. İslamın tələb etdiyi ayrı-ayrı hallarda biz müsəlmanların dini mərasimlərdə müxtəlif üsullarla paklıq məqsədi ilə icra etdiyi qüsul təkcə bu dinin ənənələri üçün deyil, bütün dinlər üçün mütərəqqi hal sayıla bilər.

Səhhətin mühafizəsi və onun möhkəmləndirilməsi işində təmizliyin əlahiddə yer tutduğu müqəddəs peyğəmbərlərimiz tərəfindən dönə-dönə vurğulanır: “Vücudu təmiz olaraq yatan adam, ibadətlə məşğul olan oruc tutana bənzər”. Müqəddəslərimizin fikrincə, “təmiz olmayan şeylər günahdır, haramdır”.

İnsan səhhətinə namazın sağlamlaşdırıcı rolu və funksiyası barədə çox ciddi və maraqlı fikirlər mövcuddur. Namazdan əvvəl dəstəmazın alınması onun gigiyenik əhəmiyyətindən savayı, qəbul olunan soyuq su proseduru əsəb üzvlərinin bərpasına kömək göstərir, onun sistemini tənzimləyir. Namaz qılarkən tələb olunan müxtəlif bədən hərəkətləri, eyni zamanda hipodinamiyanın qarşısını alır, oynaqlar, vətər, bağlar və s. arasında elastikliyin artması, qan dövranının fəallaşması və s. kimi bir sıra müsbət hallar yaranır. Bu barədə Əl-Maidə surəsinin 6-cı ayəsində deyilir: “...Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun)”.

Sağlamlığın təmin edilməsinə zəmin yaradan əsas amillərdən biri də pəhrizin gözlənilməsidir. Bütün bunlara isə hər il adətə görə oruc tutmaq, onun əməllərinə ciddi əməl etmək insanda sağlam və gümrahlığa təminat verən başlıca vasitələrdəndir. Böyük mənəvi sərvətlərimiz olan dini ədəbiyyatlarımızda bəşər övladlarını xeyirxahlığa, qayğıkeşliyə, mərdliyə, bir sözlə, insanlığa xas olan bütün nəcib və pak əlamətləri özündə ehtiva edən, İslam işığının nuruna durmadan üz tutan, onda ruhən və cismən sağlamlığın təmin edilməsi göstərilir. “Qurani-Kərim”də insanın sağlamlığının təmin olunmasında, qidanın qəbul olunması işində tarazlığın pozulmaması, daha doğrusu yeyib-içməkdə etidalın gözlənilməsinə çox ciddi münasibət bildirilir. “Süfrə surəsi”nin 8-ci ayəsində buyrulur ki, Allahın sizə halal buyurduğu pak nemətləri haram etməyin və həddi də aşmayın. Allah həddi aşanları sevməz.

 

Mobil Aslanlı Huntürk.  Pedaqoji elmlər doktoru.

Respublika.- 2017.- 14 aprel.- S.4