Qazax xalqının böyük
oğlu Düsen Kaseinov bütün türk dünyasında sevilir
Aprelin 14-də Azərbaycanda Atatürk Mərkəzində TÜRKSOY-un
baş katibi, professor Düsen Kaseinovun 70 illik yubileyi ilə bağlı çap edilmiş kitabın təqdimatı olub.
AZƏRTAC xəbər
verir ki, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun Azərbaycanda Atatürk Mərkəzi ilə birgə hazırladığı
“Düsen Kaseinov-70” adlı
kitab “Elm və təhsil” nəşriyyatı tərəfindən
yüksək poliqrafik
keyfiyyətdə çap
edilib.
Kitabda Azərbaycanın
tanınmış elm,
mədəniyyət və
ictimai xadimlərinin
TÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə
təbrik yazıları
toplanıb. Nəşrin
məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) müxbir üzvü,
əməkdar elm xadimi, Milli Məclisin
deputatı Nizami Cəfərov, redaktorları
Elçin Qafarlı, Əkbər Qoşalı,
tərtibatçısı Dəyanət Osmanlıdır.
TÜRKSOY-un baş katibinin 70 illik ömür yoluna nəzər salan kitab Prezident
İlham Əliyevin Düsen Kaseinovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında imzaladığı sərəncamla
açılır.
Təqdimat mərasimində
çıxış edən
AMEA-nın müxbir üzvü Nizami Cəfərov yubilyarın
ömür yoluna nəzər salaraq onun türk dünyasının birliyi
naminə gördüyü
işləri yüksək
qiymətləndirib. Qeyd
edib ki, D.Kaseinovun türk dünyasında və türkdilli dövlətlər
arasında böyük
nüfuzu var. Nəşrdə yer alan yazılar D.Kaseinova yüksək hörmət və ehtiramın göstəricisidir.
Kitabda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, xarici işlər naziri Elmar Məmmədyarovun, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, xalq
yazıçıları Elçinin
və Anarın, xalq artistləri Firəngiz Əlizadənin,
Fərhad Bədəlbəylinin,
Ağaverdi Paşayevin, Rauf Abdullayevin və digər görkəmli insanların təbrikləri
toplanıb.
TÜRKSOY-un fəaliyyətini yüksək
qiymətləndirən Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, Düsen
Kaseinovun rəhbərliyi
altında bu təşkilat bir çox nailiyyətlərə
imza atıb. TÜRKSOY türkdilli xalqların sahib olduğu mədəniyyətin
dünyaya tanıdılması
və gələcək
nəsillərə ötürülməsi
ilə bağlı effektiv fəaliyyət göstərməklə bu
xalqlar arasında həmrəyliyin daha da güclənməsində
mühüm rol oynayır. Düsen Kaseinovun yorulmaz fəaliyyəti nəticəsində
TÜRKSOY türkdilli xalqların mədəniyyətlərinin
təbliği istiqamətində
dünyanın müxtəlif
ölkələrində, beynəlxalq
təşkilatlarda əhəmiyyətli
tədbirlər həyata
keçirib. Bunun nəticəsində qurumun
nüfuzu son illər durmadan artır.
Günay Əfəndiyeva əminliklə
bildirib ki, yaxın gələcəkdə
rəhbərlik etdiyi təşkilat və
TÜRKSOY təkcə mədəniyyət
sahəsində deyil, ümumiyyətlə, türk
dünyasının qardaşlıq
və həmrəyliyi
naminə uğurlu layihələr həyata keçirəcək.
Düsen Kaseinovun
yubileyinin bir sıra türkdilli ölkələrdə silsilə
tədbirlərlə qeyd
edildiyini bildirən mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev onu çox alicənab bir insan kimi xarakterizə
edib. Düsen Kaseinovun rəhbərlik etdiyi TÜRKSOY-un türk dünyasına məxsus mədəni irsin qorunub dünya
ictimaiyyətinə çatdırılmasında
xidmətlərini yüksək
dəyərləndirən V.Əliyev
deyib: “Düsen Kaseinov bu qurumun
rəhbəri kimi üzərinə düşən
öhdəlikləri böyük
həvəs və fədakarlıqla yerinə
yetirir. TÜRKSOY az maddi imkanlar daxilində çox böyük işlər görür. Bu işlərin görülməsində
sözsüz ki, Düsen Kaseinovun böyük nüfuzu, hörməti danılmazdır.
Təşkilat Azərbaycan
mədəniyyətinə və
mədəni irsinə
həsr olunmuş mühüm layihələr
reallaşdırır.
TÜRKSOY-un 2017-ci ili “Molla Pənah
Vaqif ili” elan etməsi bizə imkan verir ki, Vaqifin
timsalında Azərbaycan
mədəniyyətini, ədəbiyyatını
bütün türk dünyasında təbliğ
edək”.
V.Əliyev vurğulayıb
ki, Düsen Kaseinov 70 yaşında da yorulmadan axtarışdadır
və yeni-yeni layihələrin həyata
keçirilməsinə, türk
dünyasının birliyinə
çalışır.
Düsen Kaseinovun TÜRKSOY üçün tapılmış
adam olduğunu qeyd edən AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli deyib ki, yubilyarın keçdiyi zəngin həyat yolu və qazandığı böyük nüfuz onun nadir şəxsiyyətlərdən
olduğunu göstərir.
O, nəinki səlahiyyətlərindən,
həm də şəxsi münasibətlərindən
istifadə edərək
çox böyük işlər görür. Təşkilatın strategiyasının
müəyyən olunması
və reallaşan layihələrin uğuru birbaşa onun rəhbərinin zəngin təcrübəsinin bəhrəsidir.
Qazax xalqının böyük oğlu Düsen Kaseinova bu gün bütün
türk dünyasında,
eləcə də Azərbaycanda böyük
məhəbbət bəslənilir.
Düsen Kaseinov
sülhün və tərəqqinin, dostluq və qardaşlığın,
insanların rahat yaşayışının təmin
olunması üçün
çalışır. O, mədəniyyətlər,
dinlər və təriqətlər arasında
dialoq və inteqrasiya tərəfdarıdır.
Bu istiqamətdə məqsədyönlü fəaliyyətinə
görə ayrı-ayrı
dövlətlərin orden
və medalları ilə təltif olunub.
AZƏRTAC-ın
Baş direktoru Aslan Aslanov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri
Gülnarə Ağalarova,
Qazaxıstanın və
Qırğızıstanın ölkəmizdəki səfirləri
Beybit İsabayev və Aycigit Buranov, Milli Məclisin deputatı Qənirə Paşayeva, xalq artistləri Siyavuş Kərimi, Rauf Abdullayev, Ağaverdi Paşayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Xəzər Universitetinin təsisçisi,
direktorlar və qəyyumlar şurasının
sədri professor Hamlet İsaxanlı, əməkdar incəsənət
xadimləri Sərdar Fərəcov və İmruz Əfəndiyeva yubilyarı təbrik edərək ona ən xoş arzularını bildiriblər.
Təqdimat mərasimindən
sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan və
Türkmənistanın dövlət
müstəqilliklərinin bərpasının
25-ci ildönümü münasibətilə
TÜRKSOY-un təsis etdiyi medallar təqdim olunub.
Respublika.-
2017.- 15 aprel.- S.5