Mədəniyyət və turizm naziri Şəkidə bölgə vətəndaşlarının
müraciətlərini dinləyib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına
əsasən, mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən bölgələrdə
vətəndaşların qəbulu
davam etdirilir.
AZƏRTAC
xəbər verir ki, avqustun 1-də mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının
binasında Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları
qəbul edib.
Qəbuldan əvvəl nazir ümummilli lider Heydər Əliyevin abidəsi önünə
gül dəstəsi düzərək xatirəsini
ehtiramla yad edib.
Nazirliyin məsul əməkdaşlarının
iştirak etdiyi qəbulda 20-yə yaxın
vətəndaşın müraciətinə
baxılıb. Müraciətlər əsasən, yerlərdə
mədəniyyət müəssisələrinin
fəaliyyətinin yaxşılaşdırılması,
tarix və mədəniyyət abidələrinin
təmiri və bərpası, bölgələrdə
turizmin təşviqi və digər məsələlərlə bağlı
olub.
Şəkidən qəbula yazılan
vətəndaşlar tərəfindən
şəhər 2 nömrəli
uşaq musiqi məktəbi üçün
yeni binanın tikilməsi, Şəki şəhərində fəaliyyət
göstərən muzeylərin
beynəlxalq turizm marşrutlarına daxil edilməsi, kitabxana fondlarının tədris
vəsaitləri və
elmi ədəbiyyatla komplektləşdirilməsinə kömək göstərilməsi
xahiş edilib.
Balakən sakinlərinin müraciətləri
rayon ərazisində yerləşən
“Pəri qalası”nın təmir-bərpa
olunması, otellərin
mədəniyyət müəssisələri
ilə əməkdaşlığının
gücləndirilməsi, kitabxana
fondlarının turizm
və uşaq ədəbiyyatı ilə
təmin edilməsinə
kömək göstərilməsi,
rayon tarix-diyarşünaslıq muzeyində tərtibat işlərinin aparılması
və işlə təminat barədə olub.
Qax rayonundan qəbula gələnlər 2011-ci ildə
rayonda daxili imkanlar hesabına yaradılan “İçəribazar”
Turizm və Mədəniyyət Mərkəzinin
fəaliyyətinin səmərəli
təşkili üçün
ştat vahidlərinin
ayrılması, Qaxbaş
kəndinin ərazisində
“Modern kitabxana” layihəsinin
icrasına başlanması
ilə bağlı xahişlərini çatdırıblar.
Zaqatala sakinləri tərəfindən
şimal-qərb bölgəsi
rayonları üzrə
rəqs müsabiqəsinin
təşkili, rayonda
“Fındıq festivalı”nın keçirilməsi,
kitabxana fondlarının
rus dilində uşaq ədəbiyyatı
və bədii ədəbiyyatla komplektləşdirilməsinə
kömək göstərilməsi
barədə müraciətlər
səslənib.
Oğuz
rayonundan qəbula gələnlərin müraciətləri
1986-cı ildən fəaliyyət
göstərən “Oğuz”
ailə ansamblına “Xalq kollektivi” adının verilməsi, uşaq musiqi məktəbinin fortepiano aləti
ilə təmin olunması, müalicəvi
ot və bitkilərin təbliği
məqsədi ilə
“Şəfa” bayramının
keçirilməsi, Calud
kəndi ərazisindəki
qədim məbədin
təmiri və abidənin turizm marşrutuna daxil edilməsi və digər məsələlərlə
bağlı olub.
Qəbulda vətəndaşların müraciətlərinin
bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər
isə araşdırılması
üçün nəzarətə
götürülüb və
lazımi tədbirlərin
görülməsi ilə
bağlı müvafiq
tapşırıqlar verilib. Nazirliyin fəaliyyət
dairəsinə aid olmayan
müraciətlər aidiyyəti
qurumlara çatdırılmaq
üçün qeydiyyata
alınıb.
Nazir Əbülfəs
Qarayev jurnalistlərə
müsahibəsində dövlətimizin
başçısının tapşırığı ilə
yerlərdə mütəmadi
olaraq keçirilən
bu cür görüşlərin əhəmiyyətini
diqqətə çatdırıb. Qeyd edib
ki, ötən görüşlərdə olduğu
kimi, bu dəfə də vətəndaşlar tərəfindən
maraqlı təkliflər,
təşəbbüslər irəli sürülüb.
Belə canlı ünsiyyət bir çox məsələlərin operativ
həlli baxımından
vacibdir.
Şimal-qərb bölgəsinin ölkənin
turizm mərkəzlərindən
birinə çevrildiyini,
bölgəyə turist
axınının sürətlə
artığını vurğulayan
nazir Əbülfəs
Qarayev belə bir şəraitdə turistlərə göstərilən
mədəni xidmətin
səviyyəsinin yüksəldilməsinin
mədəniyyət müəssisələrinin
qarşısında duran
ən vacib məsələlərdən biri
olduğunu diqqətə
çatdırıb. Qeyd edib
ki, nazirliyin regional idarələri xüsusilə
yay aylarında yerlərdə,
turizm məkanlarında,
açıq havada təşkil etdikləri konsert və sərgilərin sayını
artırmalıdır. Mədəniyyət müəssisələri ölkəmizin, eləcə
də bu bölgənin mədəni,
tarixi dəyərlərinin,
turizm imkanlarının
xarici qonaqlara tanıdılması və
təbliği işində
yaxından iştirak etməlidir.
Nazir Əbülfəs
Qarayev vətəndaşların
qəbulundan sonra Şəkidə bir sıra mədəniyyət
müəssisələrinə baş çəkib.
Respublika.- 2017.- 2 avqust.-
S.4.