Möhtəşəmliyi ilə yadda qalan IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış
mərasimi və son konserti olub
Heydər
Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və
Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ
Beynəlxalq Musiqi Festivalı ötən bir həftə ərzində ölkəmizdə
əsl musiqi bayramına çevrilməklə
dünyanın diqqətini
Azərbaycana yönəltdi.
Ölkəmizin mədəni həyatında
ən önəmli hadisələrdən biri olan bu festival zəngin proqramı və dəyərli qonaqları ilə yadda qaldı. Avropanın və dünyanın ən məşhur musiqiçilərinin ifaları
Qəbələnin ecazkar
təbiəti ilə ahəng təşkil edirdi.
Festivalı gündəlik işıqlandıran
AZƏRTAC-ın müxbirinin Qəbələdə apardığı
sorğulardan da məlum
oldu ki, bu musiqi bayramını
izləmək üçün
həm ölkəmizin
bölgələrindən, həm də xaricdən insanlar Qəbələyə axışıblar. Klassik musiqi
əsərlərini mükəmməl
ifada canlı dinləmək imkanı əldə edən tamaşaçılar artıq
indidən növbəti
festivalı səbirsizliklə
gözlədiklərini dilə
gətirirlər. Heydər Əliyev
Fondunun təşkilatçılığı
ilə keçirilən
bu festival onu da təsdiq etdi ki, Azərbaycan Qərb ilə Şərqin mədəni
dəyərlərini eyni
dərəcədə, həm
də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır.
AZƏRTAC xəbər verir ki, avqustun
3-də Heydər Əliyev
Konqres Mərkəzində
təşkil olunan IX Qəbələ Beynəlxalq
Musiqi Festivalının
bağlanış mərasimi
və yekun konserti də anşlaqla keçib. Milli Məclis deputatlarının,
xarici ölkələrin
ölkəmizdəki səfirlərinin,
dövlət və hökumət nümayəndələrinin
iştirak etdiyi festivalın bağlanış
mərasimində Milli
Məclisin deputatı,
Respublika Ağsaqqallar
Şurasının sədri,
“Şöhrət” ordenli
Fəttah Heydərov çıxış edərək
bu festivalın ölkəmizin həyatında
əlamətdar hadisə
olduğunu vurğulayıb.
Fəttah Heydərov festivalın təşkilinə
görə Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, festivalın dünyada böyük əks-səda doğurduğunu
qeyd edib. Millət vəkili onu da bildirib ki, bütün
bunlar ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin
inkişafı istiqamətində
apardığı ardıcıl
siyasət nəticəsində
mümkün olub.
Fəttah Heydərov
10-a yaxın ölkədən
görkəmli musiqiçilər,
bədii kollektivlər,
solistlər və dirijorların qatıldığı
IX Qəbələ Beynəlxalq
Musiqi Festivalı çərçivəsində konsertlərdə iştirak
edən xarici qonaqların Azərbaycanla
daha yaxından tanış olduqlarını
vurğulayıb. O əlavə
edib ki, bu festival Azərbaycan mədəniyyətinin dünyada
təbliği istiqamətində
mühüm addımdır.
Festival yerli və
xarici kütləvi informasiya vasitələri tərəfindən geniş
işıqlandırılıb. Deputat bu festivalın
tezliklə Qarabağda,
Şuşada keçirilməsini
arzulayıb.
Festivalın bədii rəhbərlərindən
biri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel
ifaçısı Dmitri
Yablonski çıxışında
diqqətə çatdırıb
ki, festival Heydər Əliyev Fondunun yaxından köməkliyi sayəsində
reallaşıb. D.Yablonski
Fondun prezidenti Mehriban xanım Əliyevaya festival iştirakçıları adından
təşəkkürünü bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti
ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri
layihələr həyata
keçirir. 2009-cu ildən
ənənəvi olaraq
hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur. İyulun 29-dan avqustun
3-dək qədim Qəbələ
şəhəri Heydər
Əliyev Fondunun möhtəşəm beynəlxalq
layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edib.
Sonda səhnə
Azərbaycan Dövlət
Simfonik Orkestrinin ixtiyarına verilib. Dünya şöhrətli
italiyalı dirijor Roberto Molinellinin rəhbərliyi ilə keçən konsertdə orkestri tanınmış Litva musiqiçisi Nomeda Kazlaus (soprano) və hazırda İtaliyada musiqi təhsili alan Azər Rzazadə (tenor) və Məhərrəm Hüseynov (baritone) müşayiət ediblər.
Orkestr yüksək sənətkarlıq, fərdi
ifa üslubu nümayiş etdirib və tamaşaçılara
əvəzsiz təəssüratlar
bəxş edib. Avropa səviyyəsinə
uyğun ifa tərzi ilə seçilən Azərbaycan
Dövlət Simfonik Orkestrin konsertində bəstəkar R.Vaqner, P.İ.Çaykovski, C.Verdi,
V.A.Motsart, R.Molinelli, İ.Kalmanın əsərləri
səsləndirilib. Festivalın
sonuncu konserti mindən çox tamaşaçının iştirakı
ilə keçib və gurultulu alqışlarla başa çatıb.
Yeni Azərbaycan.- 2017.- 4 avqust.- S.4.