Unudulmaz sənətkar
Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açır. Cəfər Cabbarlıya böyük sevgisindən atası ona Yaşar adını verir. Balaca Yaşar hələ uşaq ikən atasının çıxışlarını dəfələrlə tamaşa zalından izləyir, alqışlayır. Bəlkə də elə o anlarda qəlbində aktyor olmaq arzusu yaranır Yaşarın. Lakin uşaq dünyasının qanadlı arzusu adicə ötəri bir hiss, ataya oxşamaq həvəsi deyil, ömrünün ən böyük mənasına çevrilir...
10 yaşında Azərbaycan televiziyasında uşaq verilişlərinin aparıcısı kimi tanınır. İlk dəfə on bir yaşında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda səhnəyə çıxıb. Bu illərdə dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olub. Bakıdakı 173 saylı orta məktəbi bitirəndən sonra 1968-72-ci illərdə ovaxtkı Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alır. Sənət müəllimləri Xalq artisti Rza Təhmasib və Əliheydər Ələkbərov Yaşarın parlaq gələcəyinə inanır, ona xüsusi diqqət və qayğı ilə yanaşırlar. Diplom tamaşasında Yaşar Nurinin A.Ostrovskinin “Günahsız müqəssirlər” dramındakı Neznamov rolu dövlət imtahan komissiyasının yekdil rəyi ilə “əla” qiymətləndirilir. İllər keçdikcə mavi ekranda, teatr səhnəsində, böyük ekranda yaddaqalan rəngarəng obrazlar qalereyası ilə şərəfli sənətkar ömrü yaşayır. İfa etdiyi obrazlar təkrarsız sənətkarlığı ilə unudulmur. Təkcə səhnəmizin deyil, milli kinomuzun da əbədi Yaşarı olur. Aktyor oyunu realizmi, təkrarsız ifadə boyaları, maraqlı improvizələrilə yadda qalır. Daşıdığı ad aktyor yaradıcılığının rəmzinə çevrilir.
Diplom müdafiəsindən sonra Akademik Milli Dram Teatrına rəhbərlik edən görkəmli rejissor Tofiq Kazımov İncəsənət İnstitutunun məzunu Yaşar Nurini də teatra dəvət edir. Tofiq Kazımovun quruluş verdiyi “Övlad” tamaşasında Yaşar ilk dəfə Milli Dram Teatrının səhnəsinə çıxır. Müvəffəqiyyətlə oynadığı Silva obrazı səhnəyə yeni istedadlı bir aktyorun gəlişindən xəbər verir.
Uğurlu səhnə debütündən sonra Yaşar Nuri Azərbaycan, rus, eləcə də xarici ölkə dramaturqlarının pyeslərində rəngarəng obrazlar yaradır. Anarın “Şəhərin yay günləri”ndə Namiq, M.İbrahimovun “Kəndçi qızı”nda Alışov, S.Vurğunun “Vaqif”ində Kürd Musa, C.Məmmədquluzadənin “Ölülər”ində Məşədi Oruc, C.Cabbarlının “Sevil”ində Əbdüləli bəy, İ.Əfənduyevin “Bizim qəribə taleyimiz” əsərində Davud, S.Rəhmanın “Yalan”ında Saleh, L.Frankın “Yad adam”ında Eduard, F.Dürreenmattın “Böyük Romul”unda Odakar, B.Brext və K.Vaylın “Üç quruşluq opera”sında Conatan Piçem kimi rollar yaradıcılıq yolunun yeni səhifələrinə çevrilir. Obraz yaradıcılığına Yaşar Nuri yüksək sənət məsuliyyəti ilə yanaşır, eksperimentlər aparır, yeni yollar axtarır.
Teatrın səhnəsində Ağasadıq Gəraybəyli,
Məmmədrza Şeyxzamanov, Məlik Dadaşov, Həsən
Turabov, Şəfiqə Məmmədova, Hamlet Qurbanov, Səməndər
Rzayev kimi görkəmli sənətkarlarla
çiyin-çiyinə çalışmaq Yaşar Nurinin gələcək
sənət yollarında müstəsna rol oynayır.
Lakin ilk sənət addımlarını atan gənc aktyora o dövrün teatr tənqidi bəzən obyektivlikdən uzaq olur, nədənsə onun yaradıcılığına qərəzli yanaşılır. O, unudulmaz gülüş ustası, Xalq artisti Möhsün Sənanini təqlid etməkdə suçlanır. Lakin həqiqətdən uzaq olan bu kimi iddialar təsdiqini tapmır, Yaşar Nuri sənətkar zəhmətilə öz dəst-xəttini axtararaq milli aktyor məktəbimizin ən gözəl ənənələırini davam etdirir.
O zaman Azərbaycan televiziyası və Azərbaycan radiosu Yaşar Nurinin sənətkar kimi yetişməsində xüsusi rol oynayır. Yaşar Nurinin televiziya tamaşalarındakı rolları onun sənətkar şöhrətini daha da artırır. Aslan Qəhrəmanovun “Səni axtarıram” trilogiyasındakı Elçin obrazı Yaşar Nurini canlı insan xarakterlərinin yaradıcısı kimi bir daha təsdiqləyir. Dadaşov (“Qatarda”), Surxayzadə (“Evləri köndələn yar”), Sərsəri şair (“Fatehlərin divanı”), fotoqraf Əli Bəy (“Ordan-burdan”), Muxtar (“Yarımştat”) kimi rolları Yaşar Nurinin aktyor estetikasının nümunələrindəndir.Oynadığı teletamaşalar bu gün də Ana televiziyamızın qızıl fondunda qiymətli sənət inciləri kimi qorunur.
1979-cu ildə, Xalq artisti, rejissor Lütfi Məmmədbəylinin quruluş verdiyi “Kişilər” tamaşasında Yaşar Nurini Göyüş obrazında özünəməxsus komizminin yeni ifadə vasitələrində görürük. Aktyorun yaratdığı orijinal komizm tamaşaya sanki xüsusi nəfəs verir.
Xalq artisti İlham Namiq Kamaldan aldığım müsahibədən...
— Yaşar Nuri Azərbaycan kinosunun, Azərbaycan
teatrının müqtədir sənətkarlarından biri
olub. Çox xoşbəxtəm ki, uzun illər bir yerdə
işləmişik. Azərbaycan televiziyasında, Azərbaycan
radiosunda, kinostudiyanın pavilyonlarında, teatr səhnələrində
Yaşarla çox yaxın tərəf-müqabil olmuşam.
Onun sənətindən teatrşünaslar, tənqidçilər
çox yazıblar. 10 illər, 100 illər keçəcək,
Yaşar Nuri sənəti yenə də
araşdırılacaq. Tədiqatlarda onun sənətinə
yeni qiymət veriləcək. Yaşar istedadı ilə
teatrımıza, kinomuza çox böyük töhfələr
verib. Yaşar çox səmimi
insan, yaxın dost, gözəl bir insan idi. Məkanı nurla
dolsun...
Yaşar
Nurinin aktyor yaradıcılığında onun kino fəaliyyəti
xüsusi yer tutur. Aktyor əlliyə yaxın bədii filmə
çəkilir. Sənətsevərlər “Yol əhvalatı”nda
Makintoş, “Bəyin oğurlanması”nda İsrafil,
“Əzablı yollar”da kiçik div, “Yaramaz”da Maşallah, “O
dünyadan salam”da məşədi Oruc, “İstanbul reysi”ndə
Ağasi, “Nə gözəldir bu dünya”da Asim
Əliyeviç, “Yoxlama”da direktor kimi rollarını
yaxşı xatırlayırlar.
1974-cü
ildə 23 yaşlı Yaşar Xalq artisti, kinorejissor Muxtar
Dadaşovun “Bakıda küləklər əsir” filmindəki
epizodik əsgər rolunu səsləndirərkən ekran ulduzu
kimi parlayacağını yəqin ki, ağlına belə gətirmir.
Tezliklə o, əməkdar incəsənət xadimi,
kinorejissor Şamil Mahmudbəyovun “Dörd bazar günü”
filmində ilk dəfə Seyran rolunda ekranda görünür.
Xalq artisti Tofiq Kazımovun teatrında özünəməxsus
yer tutan Yaşar Nuri illər keçdikcə, kinoda ona həvalə
olunan irili-xırdalı rolların öhdəsindən məharətlə
gəlir. Ekranda yaratdığı rəngarəng obrazlar
qalereyası ilə özünü istedadlı kino aktyoru kimi
də təsdiqləyir.
Ceyhun Mirzəyev
və Vaqif Mustafayevin lentə aldığı “Bəyin
oğurlanması” filmindəki İsrafil obrazı Yaşar
Nurinin ekran yaradıcılığında parlaq səhifələrdən
biridir. Yaşar Nuri İsrafili yeni üslubi
axtarışları ilə canlı, həyati surət kimi təqdim
edir. İsrafilin komik xarakterini yaradarkən obrazın
danışığına, hərəkətlərinə,
yerişinə, tərəf-müqabillərinə olan
münasibətinə xüsusi önəm verir.
1980-ci ildə
əməkdar incəsənət xadimi, kinorejissor Teymur Bəkirzadənin
quruluş verdiyi “Yol əhvalatı” filmindəki Makintoş
Yaşar Nurinin yaddaqalan ekran obrazlarındandır. Makintoşun
komizmi Yaşar Nurinin parlaq aktyor oyununda xüsusilə
vurğulanır. Aktyor xarakterin mənalı gülüş
doğuran cəhətlərinə xüsusi diqqət yetirir.
Oynadığı tipin çoxcəhətli, dolğun
simasını sənətkarlıq məharətilə
canlandırır.
1982-ci ildə
Xalq artisti, kinorejissor Tofiq İsmayılovun uşaqlar
üçün lentə aldığı “Əzablı
yollar” filmindəki kiçik div obrazında Yaşar Nuri yeni
tamaşaçı sevgisi qazanır. Uşaq psixologiyasına
yaxından bələdliyi kiçik div obrazının
ifaçısı Yaşar Nurinin taleyinə təsirsiz
ötüşmür. Bu obraz ilə Yaşar Nuri filmin
ümumi aktyor ansamblında özünəməxsus dəst-xəttilə
seçilir və yadda qalır.
Yaşar
Nuri, Xalq artisti, Milli Kino mükafatı laureatı, kinorejissor
Eldar Quliyevin “Təxribat”, “İstanbul reysi”, “Nə gözəldir
bu dünya” kimi filmlərində maraqlı ekran obrazları
yaradıb.
Xalq
Artisti, kinorejissor Eldar Quliyevlə müsahibədən...
—Yaşarla
biz bir neçə filmdə işləmişik. Həyatda da
dostluq eləmişik. Görüşmüşük tez-tez.
Yaşar çox maraqlı, çox istedadlı aktyor idi.
Çox ürəyiaçıq adam idi. Bu aktyor
üçün çox vacibdi. Yaşar oynadığı
hadisələrə inanırdı. Komik, dramatik rolları
ürəklə, inanaraq oynayırdı. Bəlkə də
ona görə Yaşar həyatdan tez getdi. “Nə gözəldir
bu dünya” filminin ssenarisi Yaşar üçün
yazılmışdı. Onu Asim Əliyeviç roluna təsdiq
eləyəndə bir neçə bizim rejissorlarımız
deyirdilər ki, səhv eləyirəm. Ona görə ki,
Yaşar komik aktyordu. Asim Əliyeviç rolunda dramatok momentləri
Yaşar oynaya bilməz. Filmə baxandan sonra o yoldaşlar mənə
dedilər ki, Yaşarın oynaya biləcəyinə
inanmırdıq. Yaşarı görəndə onu da təbrik
etdilər. Bu filmdən sonra hamı gördü ki, Yaşar
belə rolları necə oynaya bilər. Çox heyif ki,
Yaşar həyatdan belə tez getdi. Çox rolları
oynamadı hələ. O, çox rollar oynaya bilərdi.
Yaşar bizim incəsənət tariximizdə, kino tariximizdə
böyük və maraqlı sənətkar kimi qalacaq...
Yaradıcı
aktyor kimi Yaşar Nuri oynadığı hər obrazın
xarakterinə xüsusi önəm verərək ştamplardan
qaçır, axtarışlar aparır, sənətkar məsuliyyətini
itirmir. Aktyorun uğur qazandığı hər obraz yeni bir sənət
zirvəsinin fəthini xatırladır. O, aktyor
yaradıcılığında bədii ümumiləşdirmələrə
xüsusi önəm verir. Xalq artisti, Milli Kino mükafatı
laureatı kinorejissor Vaqif Mustafayevin “Yoxlama” filmindəki
direktor obrazı Yaşar Nuri
yaradıcılığının ən uca zirvələrindən
biridir desək, yanılmarıq. “Yoxlama” filmində Yaşar
Nuri özünəməxsus yeni sənətkar
sözünü deyir. Aktyorun fitri istedadı ilə bərabər,
gərgin aktyor əməyi də obrazın həyatiliyində,
mənalı tamaşaçı gülüşündə təsirini
göstərir.
Çox
təəssüf ki, Yaşar Nuri zamanında sənət
haqqındakı düşüncələrini qələmə
almadı. Ayrı-ayrı müsahibələrində yer alan
teatr, kino, rejissor və aktyor sənəti haqqındakı
fikirləri indi də aktuallığı və əhəmiyyətilə
diqqət çəkir. Fərqli düşüncə
estetikası ilə yaşayan aktyorun sənət həyatında
rejissorlarla razılaşmadığı məqamlar da az olmur.
Daxilində rejissor varlığını yaşadan sənətkar
çəkilişlərə şəxsi münasibətlə
yanaşır. Kamera qarşısında öz
variantlarını təqdim edərkən bəzi rejissorlar
“nüfuzunu” qorumaq üçün onunla razılaşmaq istəmir.
Belə halları sənətkar şıltaqlığı
kimi qələmə verənlər də tapılır.
Mübahisə məqamlarında rejissorlar Yaşarla
razılaşmadıqda o, sakitcə çəkiliş
meydançasını tərk edərdi.
Yaşar
Nurinin rejissor axtarışlarını aktyor
yaradıcılığından ayrı təsəvvür etmək
mümkün deyil. Oynadığı hər rola Yaşar Nuri fərdi
aktyor-rejissor münasibətilə yanaşır. Rejissor kimi
film çəkmək arzusuna o, yalnız 47 yaşında
qovuşur. 1998-ci ildə quruluş verdiyi “Spasibo” filmində təkcə
aktyor deyil, rejissor kimi də imzasını yazır. “Spasibo”
filmi Yaşar Nurinin rejissor axtarışlarının
uğurlu nəticəsi kimi olduqca əhəmiyyətlidir.
“Spasibo” Yaşar Nurinin ekranda yeganə rejissor sözü olsa da, burada onun milli kinomuz üçün yeni olan obrazlı kinoestetikası aydın görünür. Yaradıcılığı boyu orijinallığa meyil edən Yaşar Nuri quruluşunda da özünəməxsus olan tamamilə fərqli bir dəst-xətt seçir. Filmin sadə, lakin maraqlı süjet xətti, canlı xarakterlər,zamanın bədii təcəssümü Yaşar Nurinin rejissor poetikasında obrazlı həllini tapır. Yaşar Nuri sənədli xronikaları filmin süjet xəttilə məharətlə uzlaşdırır. Yaşar Nurinin maraqlı rejissor yanaşması hadisələrin inkişaf xəttində aydın görünür.
Unudulmaz sənətkar 1981-ci ildə respublikanın əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adına layiq görülür.1991-ci ildə Dövlət mükafatını, 1992-ci ildə isə “Qızıl dərviş” mükafatını alır. 2005-ci ildən Azərbaycan Respublikasının Fərdi təqaüdçüsü idi. 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunur. Yaşar Nurinin 2012-ci il noyabr ayının 22-də alovlu sənət eşqilə döyünən sənətkar qəlbi əbədi olaraq susur...
Yaşar Nurinin aktyor oyunu yenə də
tamaşaçıları ekran qarşısına
toplayır. Onun bəxş etdiyi gülüş tükənməz
sənətkar ilhamından qaynaqlanır. Yaşar Nurinin
gülüşü indi ekranlarda geniş yer tutan mənasız,
bayağı gülüşlərdən uzaqdır. Yaşar
Nurinin gülüşündə güclü müasirlik ruhu
var. Müasirlik Yaşar Nurinin sənətkar komizmini bizim bu
günümüz və sabahımızla bağlayır.
Yaşar Nurinin yaradıcılığı təkcə
zamanında deyil, bu gün də müasirliyini qoruyur, sevilir.
Çoxcəhətli yaradıcılığı milli aktyor
məktəbimizlə sıx bağlı olan yeni bir məktəbin
təməlidir. Bu məktəbin son dərəcə sadə
bir sənət həqiqəti var—kökündən
ayrılmayan həmişə Yaşar...
Hatəm ƏSGƏROV,
Rejissor.
Respublika.- 2017.- 11 avqust.- S.5.