İstedad və zəhmətin bəhrəsi

 

Dekorativ-tətbiqi sənət ən qədim və geniş yayılmış sahələrdəndir. Bu sahənin xüsusi bir növü də ağacoyma sənətidir və öz qədimliyi, mürəkkəbliyi ilə seçilir. Uzaq keçmişə qayıtsaq, oymaçı ustad sənətkarlarımızın ağacdan yonaraq düzəltdikləri qaşıq, kasa, nimçə və müxtəlif qab-qacaqları, əşyaları şəxsən mən uşaq ikən evlərdə istifadə olunmasının şahidiyəm. Baba-nənələrimiz onlardan istifadə edirdilər. O vaxtlar çox evdə taxta və saxsı qablardan, əşyalardan istifadə olunurdu. Hazırda onlardan istifadə olunmasa da, respublikamızın bəzi muzeylərində gözəl bir sənət əsəri kimi qorunub saxlanmaqdadır.

Bundan əlavə, müxtəlif görünüşlü bəzəkli, naxışlı sütunlar, rəhillər, saray materialları, avadanlıqlar, sandıqçalar (mücrülər) və digər tarixi əşyaları da bura əlavə etmək olar.

İndi də istifadə olunan musiqi alətlərindən tar, kamança, qoşa nağara və s. ecazkar musiqilərimizi, mahnı və muğamlarımızı canlandırır.

Ağacoyma elə bir sənətdir ki, bunu düzəldib ərsəyə gətirmək mürəkkəbdir. Bunun üçün gərək yaxşı xəttat, nəqqaş, rəssam olasan. Çünki bu sənət həmin sahələrlə çox bağlıdır. Burada bacarıq, zövq, güclü yaddaş, yaradıcı qabiliyyət, səbir, diqqət lazımdır, zövq və duyğu gərəkdir.

Bütün bunları özündə həkk etdirən ağacoyma sənəti ilə məşğul olan möcüzəli xətt ustalığına malik sənətkarlardan biri də Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar Mədəniyyət işçisi Hacı Seyfəddin Mənsimoğludur. Bu sənət haqqında özü vurğulayır ki, hər bir sənətin əsasında zövq və duyğu dayanır, sadəcə onları hərəkətə gətirmək və istiqamətləndirmək lazımdır.

Məişətimizlə bağlı olan ağacoyma sənətini inkişaf etdirən azərbaycanlı sənətkarlarımız çoxdur. Lakin Seyfəddin Mənsimoğlunu onlardan fərqləndirən əsas cəhətlərdən biri onun gözəl xəttat, möcüzəli xətti olmasıdır. O, düzəltdiyi dekorativ-sənət əsərlərində ərəb əlifbası ilə gözəl yazılar həkk edir. Sənətkar özü yazır ki, Allahın verdiyi səbir və qabiliyyət sayəsində canımda olan hiss və duyğularımı ağac üzərində ərəb xəttinin möcüzəli naxışları vasitəsilə üzə çıxarmışam.

Seyfəddin Mənsimoğlu yiyələndiyi sənətin kamil bilicisidir. O, buna nail olmaq üçün korifey şairimiz Nizami Gəncəvinin aşağıdakı kəlamını həmişə xatırlamışdı:

Bir elm öyrənmək istədikdə sən

Çalış ki, o elmi kamil biləsən.

Kamil bir palançı olsa da insan

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Kamil bir sənətkar olmaq üçün həmin sənətə həvəs, maraq olmalıdır, həmin sənətdə əsl sənətkar özünü tapmalıdır. Seyfəddin Mənsimoğlu özü haqqında demişkən: “Əzim Əzimzadə adına rəssamlıq məktəbini, Mirzağa Əliyev adına İncəsənət İnstitutunu bitirmişəm. Bunların heç birində özümü tapa bilməmişəm. Taleyin qismətinə baxın, quru ağac parçalarında gördüyüm işlər üçün yarandığıma sevinmişəm. Deməli, hər kəsin canında görmək, götürmək, yaratmaq hissləri varsa, bunun üçün zaman, məkan və şərait hər şeyi həll edirmiş”.

Bəli, Seyfəddin Mənsimoğlu Nizami Gəncəvinin arzuladığı kamil bir sənətkar —həm oymaçı, həm də xəttat kimi yetişmiş, sərbəst olaraq ağacoyma işinə yiyələnmişdir. Onun püxtələşməsində əlyazmaların rolu da az olmamışdır. Sənətkar özü etiraf edir ki, ağac üzərində xətqoyma işində heç bir ustam, ustadım olmayıb. Yeganə müəllimim əlyazmalardır. Ərəb xəttinin sənət möcüzəsi məni bu yola gətirib.

Bu sənət möcüzəsini 2016-cı ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan “Xəttin sənət möcüzəsi” kitabından görmək olur. Kitab olduqca maraqlı, həm də oyma sənətinin ən gözəl nümunəsidir. Sanki kompozisiyalar dil açıb danışır. Yüksək təxəyyülün məhsulu olan bu oymalar o qədər dəqiq, o qədər gözəl və heyranedicidir ki, birinə diqqətlə baxmadan, o birinə keçmək istəmirsən. Bir-birindən gözəl təsvirlərə baxdıqca, sanki özünü nağıllar aləmində hiss edirsən: sehr, möcüzə xariqələr və s. Doğrudan da, onlar haqqında yazmaqda çətinlik çəkirsən; oyma işləri, naxışlar, yazılar elə diqqətlə, elə düşüncə ilə işlənmişdir ki, orada bir nöqsan belə tapmaq olmur. Müəllif hər bir sənət üzərində, yəqin ki, günlərlə, həftələrlə gecə və gündüz fikirləşib, yüz dəfə ölçüb-biçib, nəisə bir şey yaratmaq üçün orijinal fikirlər axtarıb:”necə etmək lazımdır ki, istədiyi gözəlliyi yaratsın və tamaşaçı zövqünü oxşasın”. Və sənətkar da bunu hiss edib duya bilmiş, rəngarəng kompozisiyalar yaratmışdır.

Onun ilk əl işi müqəddəs kitabımız Qurani-Kərimdən götürdüyü, “Allah hər şeydən xəbərdardır” kəlamını ağac üzərində həkk etməsidir. Sənətkarın kitabı da tünd qoz ağacı üzərində Allahın adı işlənmiş əsəri ilə başlanır, Qurani-Kərimdən yazılmış ayələrlə bitir. İlk lövhədə həmçinin əl-Mülk surəsinin 1-ci ayəsi yazılmışdır. “Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O hər şeyə qadirdir”.

Kitabda Seyfəddin Mənsimoğlunun 56 işi verilmişdir. Üzərində dini sözlər yazılmış ilahiyyatla bağlı 16, dünyaşöhrətli klassiklərdən Mövlana Cəlaləddin Rumi ilə bağlı 3, Nizami Gəncəvi ilə bağlı 2, Məhəmməd Füzuliyə aid 5, Hüseyn Cavidə aid 6, Şah İsmayıl Xətaiyə aid 2, qalanları —Məhsəti Gəncəvi, Əlişir Nəvai, Nəsirəddin Tusi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Əcəmi Naxçıvani və s. Adları çəkilən bu əsərlərdə müəllif yalnız onların adlarını deyil, müdrik sözlərini də vermişdir. Bunlar da üç dildə —Azərbaycan, ərəb və ingilis dilində əksini tapmışdır.

Seyfəddin Mənsimoğlu əl işlərinin əksəriyyətini qoz ağacı üzərində işləmişdir. Kompozisiyalar gah aypara, gah dairəvi, gah ellips, gah da güzgü formasındadır. Müəllif hər bir kompozisiyaya gözəl seçimlər edərək maraqlı yazılar vermişdir: Bismillahi-r-Rəhmani-r-Rəhim, Allah kəlamı, Allah və s. sözləri kufi xətlə yazmışdır. Allahın adı ilə bağlı ellips formada qoz ağacı üzərində “Allah” sözü yazılmış iki lövhə hazırlamışdır.

Allah sözü aydın görünsün deyə fonu müxtəlif xətlərlə kəsilmişdir.

Müəllifin diqqəti cəlb edən ən gözəl əsərlərindən biri də ellips formada olan qoz ağacı üzərində Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” sözü yazılmış, orta hissədə isə Azərbaycanın xəritəsi həkk olunmuş və “Azərbaycan” sözü yazılmış əl işidir. Ulu rəhbərin sözünün aşağı hissəsində isə “H.Əliyev” yazılmış, ellipsin sağ və sol tərəfi dəfnə yarpaqları ilə əhatə olunmuşdur.

Atatürk sözü yazılmış lövhədə isə onun ərəb əlifbası ilə “Milli müstəqillik elə bir nurdur ki, onun qarşısında zəncirlər əriyər, taxt-tac yanıb kül olar” —cümləsi verilmişdir.

“La hövlə vəla qüvvətə illa billahil əliyyül-əzim” duası dörd minarəli məscid formasında işlənmişdir. Çox qəribə bir əl işidir.

Müəllifin XII əsr türk dünyasının böyük şəxsiyyətləri —Mövlanə Cəlaləddin Rumi və Mövlanə Şəmsi Təbrizi —əsərində hər iki dahinin bir-birlərinə olan bağlılığı və yaradıcılıq səmimiyyəti göstərilmişdir. Çevrə şəklində olan lövhənin kənar hissələrində onların hikmətli sözləri yazılmışdır. Əsər istedadla, böyük ustalıqla işlənmişdir.

“Aşıq Qurbani” lövhəsində Xudafərin körpüsü, saz, o taylı-bu taylı Azərbaycan təsvir olunmuşdur.

Qoz üzərində çevrə formasında verilmiş “Kitabi-Dədə Qorqud” adlı kompozisiyada yazı ortasında qədim musiqi aləti olan qopuz yerləşdirilmiş, kənar hissələrdə isə 12 medalyonun içərisində dastanın 12 boyunun qəhrəmanlarının şəkilləri işlənmişdir. İşlənmiş fon obrazları daha qabarıq göstərir.

Bu lövhəyə baxdıqca müəllifin necə ecazkar bir istedada malik olmasını təsəvvür edə bilmirsən.

“Məhsəti Gəncəvi” adlanan lövhədə sol tərəfdə şairənin özünün, sağ tərəfdə isə onun həyat yoldaşı Əmir Əhmədin portreti verilmişdir. Ellipsin kənarında isə Məhsətinin bir rübaisi yazılmışdır.

Bu dünya bir qızıl kuzəyə bənzər,

Suyu gah şirindir, gah da ki, zəhər.

Çox da öyünmə ki, ömrüm uzundur,

Əcəl köhlənində hazırdır yəhər.

Nizami Gəncəviyə həsr etmiş güzgü formalı lövhənin üst tərəfində şairin şəkili və adı işlənmiş, aşağı hissəsində isə açıq şəkildə kitab və ortasında qələm qoyulmuşdur. Ellipsin kənarında şairin hər bir əsərinə iki medalyon kəsilib dərinə salınmaqla miniatürlərindən fraqmentlər döymə üsulu ilə işlənmişdir.

“Üzeyir Hacıbəyov” adlı lövhədə dahi bəstəkarın adı və soyadı yazılmış, yuxarı tərəfdə isə musiqi açarı yonulmuşdur.

Seyfəddin Mənsimoğlunun ən gözəl əl işlərindən biri də dahi Füzuliyə həsr etdiyi lövhələrdir: Məhəmməd Füzuli “Türlə”, Məhəmməd Füzuli “Şəbi-hicran”, Məhəmməd Füzuli “Leyli və Məcnun”, “Məhəmməd Füzuli” (iki lövhə). Bunlar hamısı bir-birindən gözəl, bir-birinə bənzərsiz ecazkar əl işləridir. Bu əl işlərində M.Füzulinin bütün dərdləri müəyyən cizgilərdə təsvir olunmuşdur.

Sənətkar M.Füzulinin oymaları üzərində 7 ay işləmiş və bəhrəsini də görmüşdür.

Ustadın Hüseyn Cavid haqqında işlədiyi əl işləri də çox maraqlıdır.

Ümumiyyətlə, Seyfəddin Mənsimoğlunun hazırladığı ağacoyma işləri, onların üzərində gözəl xətlə yazılan yazılar ayrı-ayrılıqda öz orijinallığı ilə, fəlsəfi dünyagörüşü ilə seçilir. Hər biri bir təsviri poeamıdır.

Kitabda verilmiş hər bir plaketin ölçüləri də göstərilmişdir.

Seyfəddin Mənsimoğlunun əsərləri (əl işləri) dəfələrlə sərgilərdə nümayiş etdirilir, böyük rəğbət qazanır, sənəti mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.

Onun Türkiyəyə aid ilk əl işi hazırda Türkiyə muzeyində, yaratdığı rəhillərdən biri Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərindəki İslam Muzeyinin Azərbaycan bölməsində, biri isə Azərbaycan Əlyazmaları İnstitutunda saxlanılır. Bəziləri isə şəxsi kolleksiyalarda saxlanılır.

Seyfəddin Mənsimoğlunun bir neçə əl işləri oğlu Firudinlə müştərəkdir. Bu sahədə dostlarına təşəkkür etməyi unutmur. O etiraf edərək yazır ki, gördüyüm bir neçə işimdə dostum Bəxtiyarın da əməyi var. Eyni zamanda “Heydər Əliyev”, “Müstəqilliyimiz əbədidir”, “Şah İsmayıl Xətai”, “Qardaşım! Vətən, ailə, qonşu, yoxsa biz kimik”, “Mövlanə Rumi”, “Elm öyrənmək ən böyük savabdır”, “Rəhil”, “Hüseyn Cavid” və bir neçə dini yazıları oğlum Firudinlə müştərək işləmişik...

Bəli, ustad, siz həmişəyaşar və xoşbəxt bir sənətkarsınız. Ona görə ki, möcüzəli sənət əsərlərini məhəbbətlə, istedadla yaratmısınız. Öz sənətinizi də yaşatmaq üçün övladınıza öyrətmisiniz. Beyniniz iti, alətləriniz kəsərli, əlləriniz var olsun. Neçə-neçə gözəl əsərlər yaradın.

Bu, milli sənətimizin yeni səhifəsidir.

 

Nəriman SEYİDƏLİYEV,

filologiya üzrə elmlər doktoru.

 

Respublika.- 2017.- 12 avqust.- S.3.