MÜSTƏQİL AZƏRBAYCANIN SƏRHƏD MÜHAFİZƏSİNİN

TƏŞKİLİ, YARADILMASI VƏ İNKİŞAFI ULU ÖNDƏR

HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

 

Sərhəd xidmətinin formalaşması işində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, demək olar ki, sərhədlərimiz açıq idi. Sərhəd infrastrukturu mövcud deyildi. Əvvəlki illərdə yaradılmış sərhəd infrastrukturu isə dağıdılmışdı. Bizim demək olar ki, bütün sərhədlərdə heç bir infrastruktur yox idi. Ulu öndərin rəhbərliyi altında qısa müddət ərzində bütün sərhədlərimizdə tikinti-quruculuq işləri başlamışdır, sərhəd mühafizə infrastrukturu yaradılmışdır və bu proses bu gün uğurla davam etdirilir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı.

 

Azərbaycanın sərhəd mühafizəsinin fəaliyyətinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müstəqil Azərbaycan dövlətinin qurucusu, bu dövlətin müstəqilliyini əbədi və dönməz edən, öz xalqını çox çətin və mürəkkəb vəziyyətlərdən qurtararaq tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider sərhəd mühafizəsinə daim yüksək diqqət və qayğı göstərmiş, ölkəmizin müstəqilliyinin, suverenliyinin əsas amillərindən biri olan sərhədlərimizin toxunulmazlığının təmin edilməsini dövlətimizin çox mühüm və başlıca vəzifələrindən biri olaraq dəyərləndirmişdir. Böyük dövlət xadimi sərhəd mühafizəsinin qarşısında duran vəzifələri, aparıcı istiqamətləri, sərhəd siyasətinin yaxın və uzaq perspektivi üçün konseptual müddəaları müəyyənləşdirmiş, milli sərhəd strategiyasını yaratmışdır. Ulu Öndər eyni zamanda bu strategiyanın əməli surətdə həyata keçirilməsini təmin edən konkret fəaliyyət istiqamətlərini dəqiq göstərmişdir. Ulu Öndərin sərhədlərimizin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müasir dövrün tələblərinə uyğun olaraq zənginləşdirilir.

 

Böyük dövlətçilik, idarəçilik təcrübəsinə malik olan ulu öndər hələ sovet hakimiyyəti illərində doğma Azərbaycanımızın sərhədlərinin qorunması işinə daim milli maraqlarımız çərçivəsində yanaşmışdır. Dövlət sərhədinin mühafizəsi məsələləri, sərhədçilərin yerli əhali ilə, qarşılıqlı əlaqədə olan sovet və partiya orqanları ilə dostluq münasibətlərinin möhkəmləndirilməsi prosesləri ulu öndərin Sovet İttifaqı dövründəki fəaliyyətində mühüm yer tutub. Sovet dönəmində sərhədlərin mühafizəsi işini sərhədyanı rayonların inkişafı ilə, həmin rayonların sakinlərinin rifah halının yaxşılaşdırılması işi ilə bacarıqla uzlaşdıran uzaqgörən siyasətçi dəfələrlə sərhədçilərlə görüşlər keçirir, həmin ərazilərdə iqtisadiyyatın, rabitənin, yol şəbəkəsinin inkişaf etdirilməsinə dair xüsusi qərarlar verirdi. Soyuq müharibənin qızğın dövründə, kapitalist ölkələri ilə hər hansı ünsiyyətin ciddi şəkildə qadağan edildiyi zamanda Azərbaycan sərhədlərində tamamilə fərqli işlər görülürdü. Məsələn, həmsərhəd kapitalist ölkəsi olan İranla nəinki ünsiyyət yaradılmışdı, hətta Naxçıvanda sərhəd çayı olan Arazın üzərində iki su elektrik stansiyası, Horadizdə bir su anbarı tikilmişdi. Həmin tikintilər nəinki o zaman yerli əhalinin güzəranının yaxşılaşmasında, ölkəmizin iqtisadiyyatında mühüm rol oynadı, hətta müstəqillik dövrümüzdə də böyük əhəmiyyət daşımaqdadır.

H eydər Əliyev ötən əsrin 70-ci illərində sərhəd dəstələrinə mütəmadi səfərlər etmiş, sərhədçilərin problemləri ilə yaxından maraqlanmışdır. Onun göstərişi ilə partiya-sovet, hüquq-mühafizə orqanlarının və Sərhəd Qoşunlarının rəhbərliyinin zona müşavirələrinin keçirilməsi və sərhədçilərin problemlərinin ən yüksək səviyyədə həll edilməsi təşkil olunmuşdur. Sərhəd Qoşunlarının Moskvadan maliyyələşdirilməsinə baxmayaraq, respublika büdcəsi hesabına Göytəpə, Lənkəran sərhəd dəstələrinin ərazisinin abadlaşdırılması, yaşayış evlərinin tikilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi həyata keçirilmişdir. 70-ci illərin əvvəllərində Göytəpə Sərhəd Dəstəsində yeni binalar, Lənkəran Sərhəd Dəstəsinin “Qobustan” sərhəd zastavası, cənub sərhəd xətti boyu zastavalar, sərhəd komissarlarının görüş evləri, sərhəd gözətçi gəmilər dəstəsində yeni tədris korpusları, Sərhəd Qoşunlarının hərbi hospitalı əsasən, respublika büdcəsi hesabına tikilmişdir.

1972-ci il iyunun 13-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunda “Zaqafqaziya Sərhəd Dairəsinin yaradılmasının 50 illiyi münasibəti ilə keçiriləcək tədbirlər haqqında” qərar qəbul edilmiş və bu qərarda Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Lənkəran sərhəd dəstəsi və Zaqafqaziya Sərhəd Dairəsinin gözətçi gəmilər briqadası fəxri fərmanla təltif edilmişlər. 70-ci illərdə keçmiş SSRİ-nin heç bir müttəfiq respublikasında Azərbaycanda olduğu qədər (Sədərəkdən Bakıya qədər olan sərhəd xəttində) respublika vəsaiti hesabına çoxsaylı hərbi obyektlər tikilməyib. Sərhədçilər üçün keçmiş SSRİ DTK-sı tərəfindən yalnız yeni sərhəd məntəqələrinin tikilməsinə vəsait ayrılır, amma yaşayış obyektlərinin tikilməsindən bir qayda olaraq imtina edilirdi. Lakin 70-ci illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə sərhədçilər üçün Sədərəkdə böyük bir şəhərcik, Göytəpə şəhərində 50 mənzilli yaşayış binası, Lənkəran şəhərində 2 ədəd 70 mənzilli bina tikilib istifadəyə verilmiş, Mərdəkanda sərhədçi rabitəçilər üçün böyük bir şəhərcik tikilmişdi.

Həmin illərdə digər bir mühüm məsələ sərhədyanı ərazilərdə yaşayan əhalinin ölkənin başqa yerlərindən öz evlərinə qayıdarkən onların sənədlərinin sərhədçilər tərəfindən bir neçə dəfə yoxlanılması idi. Sərhədyanı zonada yaşayan yerli əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün onların yalnız bir dəfə yoxlanılması Heydər Əliyev tərəfindən mərkəzi hökumətlə razılaşdırılmışdır.

SSRİ dövründə milli sərhədçi kadrların yetişdirilməsi və irəli çəkilməsi işlərində Heydər Əliyevin böyük rolu olub. Həmin dövrdə Sərhəd Qoşunlarında azərbaycanlıların sayının az olması uzaqgörən dövlət xadiminin diqqətindən kənarda qalmayıb. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi işlədiyi dövrdə də, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olanda da azərbaycanlı kadrların yetişdirilməsi prosesini ciddi nəzarətdə saxlayıb. Sovet hakimiyyətinin 50 illiyi ərəfəsində Azərbaycanda yerləşən Sərhəd Qoşunlarının hərbi hissələrində cəmi bir nəfər azərbaycanlı baş zabit olduğu halda, on il sonra vəziyyət xeyli dəyişdi. Heydər Əliyevin xüsusi diqqəti nəticəsində Sovet hakimiyyətinin 60 illiyi ərəfəsində Sərhəd Qoşunlarında artıq onlarla azərbaycanlı zabit zastava rəisi, sərhəd komendantı, hərbi hissə komandiri, sərhəd-buraxılış məntəqəsinin rəisi kimi komandir vəzifələrində xidmət edirdi.

S ərhəd Qoşunlarında o zaman bir deyil, 10-a yaxın polkovnik rütbəli azərbaycanlı zabit var idi. Həmin illəri xatırlayan, 1974-cü ildə Heydər Əliyevin ciddi qayğısı nəticəsində general-mayor rütbəsi alan və bununla da Azərbaycanın ilk sərhədçi generalı olan Mustafa Nəsirov demişdir: “Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətə gələndə mən Sərhəd Qoşunlarında xidmət edirdim. Heydər Əliyev olmasaydı, mən general ola bilməyəcəkdim. O, nəinki milli sərhədçi kadrların hazırlanması üçün çalışırdı, həm də həmin kadrların qayğısına qalırdı. Bu qayğı və diqqətdən ruhlanan sərhədçi zabitlər daha nümunəvi xidmət göstərirdilər. Yadımdadı ki, 1982-ci ildə iyulun 16-da bir gün ərzində Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti 4 fərman imzaladı. Həmin fərmanlara əsasən Sərhəd Qoşunlarının 19 zabiti təltif olunmuşdu. Həmin zabitlərin 10 nəfəri azərbaycanlı idi.”

Ulu öndərin gələcəyə ünvanlanmış qərarlarından biri də SSRİ Sərhəd Qoşunlarının Zaqafqaziyada ayrıca əməliyyat-qoşun hissəsinin Bakıda yaradılması idi. Həmin əməliyyat-qoşun hissəsinin rəisi vəzifəsinə M.Nəsirovun təyin edilməsi o vaxtlar üçün əsl nailiyyət sayılırdı. Artıq 70-ci illərdə azərbaycanlı polkovniklərdən Sədrəddin Müştəidzadənin, Məmmədnağı Qasımovun, Abbasəli Novruzovun, İnayət Xəlilovun, İsgəndər Allahverdiyevin, Cahangir Qulamovun, Əli Şəfiyevin, Əli Bağırovun, Əkrəm Novruzovun məsul rəhbər vəzifələrə təyin olunması bu istiqamətdə aparılan məqsədyönlü işlərin nəticəsi idi. Bundan əlavə, azərbaycanlı zabit kadrların hazırlanması üçün keçmiş SSRİ DTK-nın xətti ilə Azərbaycandan digər respublikalara gənclər göndərilir və hər il bu məqsədlə 10-12 yer ayrılırdı.

Onlar Moskva, Almatı (Alma-Ata), Kiyev, Sankt-Peterburq (Leninqrad) və digər şəhərlərdə yerləşən xüsusi ali təhsil ocaqlarında təhsil alırdılar. Bütün bunların hamısı Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra onun sərhədlərinin qorunması və möhkəmləndirilməsi işində xüsusi rol oynadı.

Silahlı Qüvvələrin, o cümlədən Sərhəd Mühafizəsinin peşəkar milli zabit heyəti ilə komplektləşdirilməsinə yönəlmiş müstəsna əhəmiyyətli addımlardan biri də 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması olub. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə təsis edilmiş, yaradıldığı gündən minlərlə hərbçi hazırlamış, SSRİ dövründə ittifaqın hər yerində qeyri-rəsmi olaraq “Heydər Əliyev məktəbi” adlandırılan bu təhsil ocağının milli ordu quruculuğu sahəsində danılmaz xidmətləri var. Bütün bunlar açıq şəkildə göstərir ki, Heydər Əliyev hələ o vaxt xalqımızın müstəqilliyini düşünmüş, ona göstərilən təzyiqlərə baxmayaraq, bu hərbi məktəbin özülünü qoymaqla tarixdə ilk dəfə azərbaycanlıların öz vətənində hərbi təhsil alması üçün şərait yaratmışdır.

Müstəqilliyimizin bərpasından sonra böyük bəlalara düçar edilən xalqımızın xoşbəxtliyi onda oldu ki, dahi siyasi xadim, qeyri-adi zəka, qətiyyət və iradə sahibi olan Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı. Ölkədə formalaşmağa başlayan yeni siyasi kurs həyata keçirildikcə vətəndaş müharibəsi və ölkəmizin parçalanması təhlükəsi aradan qaldırıldı. Ulu Öndər dövlətin mövcudluğunu təhdid edən bütün təhlükələri bacarıqla dəf etdi və Azərbaycanı bir dövlət olaraq yenidən qurmağa başladı.

Sovet dövründə Azərbaycanın müstəqilliyinə hesablanmış çoxsaylı strateji tədbirləri bacarıqla həyata keçirən Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurulması işinə hələ Naxçıvanda ikən başlamış və bir sıra uğurlu addımlar atmışdı. Təcrübəli dövlət xadimi Naxçıvan Ali Məclisinin sədri seçildikdən cəmi üç gün sonra, 1991-ci ilin sentyabr ayının 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması barədə qərar verdi. Bu qərarla uzaqgörən sərkərdə Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan milli ordusunun əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə Milli Müdafiə Komitəsinin statusu, strukturu, təşkili haqqında qanunvericilik bazası yaradıldı, fəaliyyət istiqamətləri müəyyənləşdirildi və Naxçıvandakı sovet hərbi hissələrinin milliləşdirilməsi prosesinə başlanıldı.

Z aqafqaziyada sərhədlərin qorunması işinə incəliklərinə qədər bələd olan görkəmli dövlət xadimi bilirdi ki, Sədərək və Ordubad rayonları ərazisində ermənilərlə həmsərhəd olan sərhəd məntəqələri Naxçıvandakı 41-ci sərhəd dəstəsinə deyil, Ermənistan ərazisində fəaliyyət göstərən müxtəlif sərhəd dəstələrinə tabedir. Sovetlər dönəmində Naxçıvan ərazisindəki sərhəd zastavaları düşünülmüş şəkildə bu cür parçalanmışdı. O zaman Şərurdan Ermənistana gedərkən nəzarət məntəqəsi sərhəd xəttinə yaxın yerdə deyil, xeyli aralıda yaradılmışdı. Sədərək nəzarət məntəqəsi Vəlidağla Dəhnə dağının birləşdiyi yerdə, “Qurd Qapısı” deyilən ərazidə təşkil olunmuşdu və Sədərək qəsəbəsi nəzarət-buraxılış məntəqəsindən o tərəfdə qalmışdı. Ordubad rayonu ərazisində isə vəziyyət daha anlaşılmaz idi. Bu rayonun ərazisindəki bütün sərhəd zastavaları Ermənistan ərazisində süni şəkildə yaradılan Mehri Sərhəd Dəstəsinə tabe edilmişdi. Belə bir vəziyyət müstəqilliyimizin ilk illərində ermənilərin ekstremist və işğalçı hərəkətlərinə rəvac verir, sərhədçilərlə yerli hakimiyyət orqanları arasında ciddi problemlər yaradır, yerli əhalini narazı salırdı. Ulu Öndər bu vəziyyəti aradan qaldırmaq üçün Sərhəd Qoşunları Zaqafqaziya Dairəsinin və 41-ci sərhəd dəstəsinin rəhbərliyindən tələb etdi ki, muxtar respublikanın ərazisindəki sərhəd məntəqələrinin hamısı bir dəstədə cəmlənsin və 41-ci sərhəd dəstəsinə tabe edilsin. Bu məsələ 3 gün ərzində — 30 oktyabr 1991-ci ildə həll edildi.

N axçıvan Sərhəd Dəstəsinin əmlakının, silah-sursatının tamamilə milli sərhədçilərimizə təhvil verilməsi işi də uzaqgörən sərkərdənin qətiyyəti sayəsində ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olundu. 1992-ci ilin avqust ayının 22-də 41-ci sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçdi və sərhəd dəstəsində müstəqil Azərbaycanın milli bayrağı dalğalandı. Beləliklə, ölkəmizdə müəyyən xidməti ərazidə sərhədlərimizi tam mühafizə altına götürən ilk milli sərhəd dəstəsi yaradıldı. Təxminən bir ay sonra, sentyabrın 29-da Naxçıvan Sərhəd Dəstəsində sovet zabitləri ilə təhvil-təslim prosesinin rəsmi imzalanma mərasimi oldu.

Hərbi hissənin texnikası və hərbi əmlakı heç bir şərt qoyulmadan xalqımızın ixtiyarına verildi və sovet sərhədçiləri Naxçıvandan yola salındı. Bir neçə gün sonra, oktyabr ayının 18-də Naxçıvan Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Bu, Azərbaycan Respublikasının milli sərhədçilərinin ilk andiçmə mərasimi idi. Andiçmə mərasimində iştirak edən Ulu Öndər sərhədçiləri təbrik edərkən demişdir: “Siz müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən Sərhəd Qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andı içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə xidmətə gedən oğulları daim Sovet Ordusuna, Sovet dövlətinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər. Bu, o dövrün xarakterik cəhəti idi. İndi isə bizim üçün ən şərəfli, ən xoşbəxt an ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət olub, Azərbaycan xalqı öz milli azadlığına nail olub və indi müstəqil dövlətin atributlarını yaratmaqla məşğuldur. Bu baxımdan ən mühüm sahə olan Sərhəd Qoşunlarının yaradılması prosesi gedir...

Biz bu gün çox böyük məmnuniyyət hissi ilə müstəqil Azərbaycan dövlətində Sərhəd Qoşunlarının yaranmasını məhz buradan, Naxçıvandan, Azərbaycanın bu qədim diyarından başlandığını qeyd edirik”.

1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndərin müdrikliyi sayəsində ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət sərhədinin mühafizəsində də yeni mərhələ başlandı. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60-cı illərinin 2-ci yarısından etibarən həyata keçirilən kadr siyasəti sayəsində SSRİ-nin Sərhəd Qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli sərhədçi kadrlar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlanıldı.

M illi sərhəd mühafizəsinin formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu. Sərhəd mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin nizamlanması, yeni yaradılmış sərhəd dəstələrində və sərhəd zastavalarında müasir tələblərə uyğun xidməti və yaşayış binalarının tikilib istifadəyə verilməsi prosesləri uğurla davam etdirildi. İqtisadi çətinliklərə baxmayaraq, sərhəd mühafizəsinin nəqliyyat vasitələri, eləcə də rabitə avadanlıqları və xüsusi texniki vasitələrlə təminatı yaxşılaşdırıldı. Sərhəddə mühəndis-texniki qurğuların bərpası, qaçaqmalçılıqla mübarizə, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi ilə yanaşı, şimal və şimal-qərb sərhədlərimizin mühafizəsinin təşkili istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Azərbaycan-Rusiya sərhədində Xudat Sərhəd Dəstəsi və Şəki Əlahiddə Sərhəd Komendantlığı, Azərbaycan-Gürcüstan sərhədində Zaqatala və Şəmkir sərhəd dəstələri xidmətə başladı, sərhəd mühafizəsinin formalaşması prosesi yeni vüsət almağa başladı.

Bu proseslər asanlıqla getmirdi. İxtisaslı kadrların çatışmaması qarşıya çıxan əsas problemlərdən biri idi. Keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmət edən azərbaycanlı zabitlərin başqa millətlərlə müqayisədə azlıq təşkil etməsi yeni yaradılmış sərhəd mühafizəsinin sərhədçi zabitlərlə komplektləşdirilməsində çox böyük problemə çevrilmişdi. Bu işdə Cəmşid Naxçıvanski adına hərbi internat məktəbinin yetirmələri köməyə çatdı. Bunlarla bərabər, SSRİ Sərhəd Qoşunlarında xidmət edən azərbaycanlı zabit və gizirlərin, demək olar ki, hamısı könüllü olaraq Azərbaycan sərhəd mühafizəsində xidmətə daxil oldular. Lakin bu, mövcud tələbatı tam ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər, eləcə də digər hərbi mükəlləfiyyətli vətəndaşlar könüllü olaraq xidmət etmək üçün sərhəd mühafizəsində həqiqi hərbi xidmətə qəbul edildilər.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin noyabr ayının 2-də radio və televiziya ilə xalqa tarixi müraciəti sərhəd mühafizəsinin də möhkəmlənməsi yolunda dövlət proqramına çevrildi. Xalqın vətənpərvər oğulları müstəqil respublikamızın sərhədlərini qorumaq üçün müraciət etdilər. Əlbəttə, ilk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmaması müəyyən çətinliklər törədirdi. Lakin mülki həyatdan gəlmiş zabit və gizirlər qısa müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər. Tədricən qoşunların kadr potensialı yaranmağa başladı. Vicdanla, namusla, nümunəvi xidməti ilə fərqlənən zabit, gizir və əsgərlərin sayı artdı.

Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində 1992-ci ildən sərhədçi zabitlərin hazırlanmasına başlanıldı və Sərhəd Qoşunları həmin məktəbin məzunları ilə komplektləşdirildi. Məktəbin tədris prosesində sərhəd mühafizəsinin spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması, sərhədçi zabitlərin peşə və mənəvi-psixoloji hazırlıqlarının lazımi səviyyədə olmaması, son nəticədə dövlət sərhədinin etibarlı mühafizə edilməsi işinə mənfi təsir göstərirdi. Bunları nəzərə alaraq, 1998-ci ilin dekabr ayının 1-də Ulu Öndər Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman verdi. Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məsələsi də unudulmadı. Bu məqsədlə sərhəd mühafizəsinin tərkibində 1994-cü ilin avqust ayının 12-də Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı.

D övlət sərhədinin etibarlı mühafizəsinin təşkil edilməsi istiqamətində vəzifələr yerinə yetirilərkən gözətçi gəmilər briqadasının döyüş hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirildi. Ulu öndərin diqqət və qayğısı sayəsində yüksək üzmə qabiliyyətinə malik 3 gəmi sərhədçilərin ixtiyarına verildi. Briqadanın xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi məqsədi ilə müvafiq tədbirlər hazırlandı, Lənkəran rayonunun Nərimanabad və Xaçmaz rayonunun Niyazoba qəsəbələrində gəmilər üçün sahil məntəqələrinin yaradılması işlərinə başlanıldı. Sərhəd gözətçi gəmiləri müasir tipli naviqasiya cihazları ilə, radiostansiyalarla, kiçik müasir qayıqlarla, digər avadanlıqlarla təmin edildi.

2002-ci ilin iyul ayının 31-də ulu öndərin fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi Azərbaycan sərhədçilərinin fəaliyyətini keyfiyyətcə yeni mərhələyə qaldırdı. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı.

Dövlət Sərhəd Xidmətinin yaradılması çoxsaylı səbəblər üzündən zərurətə çevrilmişdi və ulu öndər bu səbəbləri zərgər dəqiqliyi ilə ölçüb-biçmişdi. Belə ki, Azərbaycanın sərhədləri yaxınlığında gedən mürəkkəb və ziddiyyətli proseslər dövlət təhlükəsizliyimiz üçün ciddi təhdidlərə çevrilmişdi və Əfqanıstanda, İraqda, Gürcüstanda, Dağıstanda ciddi gərginlik ocaqlarının mövcudluğu, rəqib xüsusi xidmət orqanlarının bu vəziyyətdən istifadə etmək cəhdləri ilə xarakterizə olunan əməliyyat şəraiti ölkəmizin sərhədlərinin daha etibarlı şəkildə qorunmasını tələb edirdi. Digər tərəfdən İpək yolu və Şimal-Cənub kimi transkontinental nəqliyyat dəhlizlərinin, Şərqdən Qərbə doğru narkotrafik və qanunsuz miqrasiya kanallarının fəaliyyəti üçün ən əlverişli yolların ölkəmizin ərazisindən keçməsi müxtəlif transmilli kriminal təşkilatları mövcud şəraitdən öz məqsədləri üçün istifadə etməyə şirnikləndirirdi. Ölkəmizin sərhədlərinin mühafizəsinin gücləndirilməsini vacib edən səbəblər sırasında ABŞ-da 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasına üzv olmağımızı, Xəzər dənizində karbohidrogen ehtiyatlarının hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi zərurətinin mövcudluğunu, dövlətin gündən-günə artan iqtisadi qüdrətinin mühafizəsi və daxili bazarın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qaçaqmalçılığa qarşı qətiyyətli mübarizə aparılmasının mühüm əhəmiyyət kəsb etməsini, ölkə sərhədlərinin tam mühafizə altına alınması məqsədilə zəruri maddi-texniki bazanın yaradılmasını xüsusi qeyd etmək olar.

2002-ci il dekabr ayının 12-də Dövlət Sərhəd Xidməti haqqında Əsasnamənin, Dövlət Sərhəd Xidmətinin strukturunun, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi, eləcə də Dövlət Sərhəd Xidmətinə 2003-cü il üçün büdcə ayırmalarının artırılması, Səngəçal aerodromunun Dövlət Sərhəd Xidmətinə verilməsi sayəsində sərhəd aviasiyasının formalaşdırılmasına başlanılması dövlət sərhədlərinin mühafizəsinə Ulu Öndərin xüsusi qayğısının təcəssümü olmuşdur. Ümummilli Liderin qərarı ilə Dövlət Sərhəd Xidmətinin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək xidmətə cəlb olundu, sərhədin mühafizəsinin havadan təşkili, dövlət sərhədində baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün sərhəd aviasiyasının istifadəsinə başlanıldı.

Heydər Əliyevin Azərbaycan sərhədçiləri ilə görüşləri sərhəd mühafizəsinin inkişafı üçün xüsusilə əhəmiyyətli olmuşdur. Onun 1996-cı ilin oktyabr ayının 30-da Naxçıvan Sərhəd Dəstəsinin əsgər və zabitləri ilə görüşdə, 1996-cı ilin dekabr ayının 17-də, 2001-ci ilin avqust ayının 16-da, 2002-ci ilin mart ayının 6-da sərhədçilərlə görüşlərdə söylədiyi nitqlər, sərhəd mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün verdiyi göstərişlər ölkəmizin sərhədlərinin mühafizəsi işinin təşkilində mühüm əhəmiyyət kəsb etdi. 2001-ci ildə Sərhəd Qoşunlarının xidməti hesabatını qəbul edərkən Ulu Öndər qarşıya beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dənizdə neft-qaz hasilatı infrastrukturunun mühafizəsi kimi mühüm vəzifələr qoydu. Sərhədçilər birmənalı şəkildə Heydər Əliyevə, dövlətçiliyə, xalqa sədaqət nümayiş etdirdilər. Təsadüfi deyil ki, Sərhəd Qoşunlarının 82-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində Ulu Öndər demişdir: “Mən bu gün böyük məmnuniyyət hissi ilə bəyan edirəm ki, artıq bizim formalaşmış Sərhəd Qoşunlarımız var...”

2003-cü ilin fevral ayının 6-da Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və sərhəd dəstələrinin rəisləri ilə görüşündə dediyi “Bir də qeyd edirəm ki, bu görüş mənim üçün əhəmiyyətlidir, amma sizin üçün daha çox əhəmiyyətli olmalıdır. Özüm üçün ona görə əhəmiyyətli hesab edirəm ki, mən fikirlərimi bilavasitə sizə çatdırdım. Tələblərimi sizin qarşınızda qoydum. Sizin üçün də bu əhəmiyyətlidir ona görə ki, bu, sizin üçün ilk görüşdür və güman edirəm, burada çox işgüzar söhbət getdi... hər biriniz Ali Baş Komandanın göstərişlərini aldınız. Əgər bundan səmərəli istifadə edə bilsəniz, bu, 2003-cü ildə sizin qarşınızda duran vəzifələrin yerinə yetirilməsini təmin edəcəkdir” istiqamətverici fikirlər sərhədçilərin yaddaşında əbədi həkk olunub. Dövlət Sərhəd Xidmətinin tarixinə çox mühüm hadisə kimi yazılmış bu görüşlər gələcək uğurların ilkin zəmini olmuş, sərhəd mühafizəsinin gələcək inkişafının istiqamətlərini müəyyənləşdirmişdir.

B öyük dövlət xadimi keçirdiyi görüşlərində sərhədçilərin qarşısında konkret vəzifələr qoymaqla, müqabil dövlətlərlə sərhədlərimizin delimitasiyası, dost həmsərhəd ölkələrlə, eləcə də dünyanın digər ölkələrinin sərhəd mühafizəsi qurumları ilə münasibətlərin qurulması, sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü mühüm işlərlə Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi konsepsiyasını yaratdı, milli sərhəd siyasətimizi formalaşdırdı. Bu konsepsiyada hətta gələcək onilliklər, yüzilliklər dəqiqliklə hesablanmışdır: “Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır. Nə qədər yaşayacaqsa, o qədər də onun sərhədləri olacaq və o qədər də o sərhədləri qorumaq lazım olacaqdır. Şübhəsiz, dünyada elə bir əmin-amanlıq dövrü gələcək ki, bəlkə də sərhədləri qorumaq lazım olmayacaqdır. İnsanlar elə bir səviyyəyə gəlib çatacaqlar, dövlətlərarası münasibətlər elə bir yüksək, sivilizasiyalı səviyyəyə gəlib çatacaqdır ki, bəlkə bunlara ehtiyac olmayacaqdır. Ancaq o səviyyəyə çatmaq üçün də nizam-intizamı möhkəmləndirmək, sərhədlərimizi hər yerdə həkk etmək, nümayiş etdirmək, tanıtmaq, qorumaq lazımdır”.

Bu gün Vətən sərhədlərinin etibarlı qorunması istiqamətində qazanılan uğurlar açıq şəkildə göstərir ki, ulu öndər dövlətimizin sərhədlərinin mühafizəsi perspektivlərini böyük uzaqgörənliklə müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən islahatlar, yeni sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi texnikanın və xüsusi texniki avadanlıqların yeniləşdirilməsi, uğurla aparılan mükəmməlləşdirmə və təkmilləşdirmə prosesləri nəticəsində Azərbaycan Sərhəd Mühafizəsi böyük inkişaf yolu keçərək qarşıya qoyulmuş vəzifələri tam və layiqincə yerinə yetirməyə qadir olan çevik, mütəşəkkil, güclü qurum səviyyəsinə yüksəlmişdir. Ölkəmizin sərhədlərinin, dövlətimizin müstəqilliyinin keşiyində şərəflə dayanan Azərbaycan sərhədçiləri Heydər Əliyev ideyalarına, Azərbaycan Respublikasının Prezidentinə və xalqına sədaqət nümunəsi göstərir və bundan böyük qürur hissi keçirirlər.

 

Hümmət MUSAYEV

 

Respublika.- 2017.- 16 avqust.- S.1-2.