Tanınmış bəstəkar və
musiqi xadimi
Xalq artisti, Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdçüsü,
Azərbaycanın və
Naxçıvan Muxtar
Respublikasının Əməkdar
İncəsənət xadimi,
tanınmış bəstəkar,
musiqişünas, alim-folklorçu,
professor Nəriman Məmmədov incəsənətdə
öz layiqli yolunu tapmış şəxsiyyətlərdəndir. Nəriman Məmmədov musiqi tariximizdə öz sözünü demiş, özünəməxsus
yer tutmuş musiqi xadimlərindəndir.
Nəriman Məmmədov
1927-ci il dekabr ayının 28-də Naxçıvan
şəhərində doğulub.
Kiçik yaşlarından
musiqinin vurğunu olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri
və musiqi nəzəriyyəsi şöbələrini
bitirən Nəriman bu illər xalq
çalğı alətləri
üçün “Suita”sını
bəstələyir. Suita
görkəmli bəstəkar
və dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib.
O, təhsilini davam etdirərək Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə,
sonralar isə bəstəkarlıq şöbələrini
uğurla bitirmişdir.
Bəstəkar özü müsahibələrinin
birində belə deyirdi: “Mən çox xoşbəxtəm
ki, uşaq yaşlarından ən yaxşı müəllim
və musiqiçilərdən
dərs almışam.
İlk tar müəllimim Naxçıvanda
Səfər Rəcəbli
olub. Bakı Musiqi Texnikumunda Əhməd Bakıxanov, Zülfü Adıgözəlov,
Seyid Şuşinski, Adil Gəray kimi müəllimlərin şagirdi olmuşam. Mən konservatoriyanın bəstəkarlıq və
musiqişünaslıq fakültəsini
bitirmişəm. O vaxt
Üzeyir Hacıbəyovun
təklifi ilə Moskvadan gəlmiş Nikolay Çumakovun nəzəriyyə, bununla
yanaşı professor Georgi Şaroyevin piano ixtisası üzrə siniflərini, ikinci dəfə isə Cövdət Hacıyevin bəstəkarlıq
sinfini bitirmişəm.”
Nəriman Məmmədovun
yaradıcılığı musiqisevərlər tərəfindən
rəğbətlə qarşılanır.
Bəstəkarın müxtəlif
musiqi janrlarını
əhatə edən yaradıcılıq irsi çox zəngindir. O, 7 simfoniyanın, 2 baletin, 3 musiqili komediyanın, 2 müziklin, 7 instrumental konsertin, 3 oratoriyanın, 3
kantatanın, 25-dən artıq
dram tamaşasına yazılmış musiqinin,
300-dən artıq mahnı
və çoxlu sayda kamera-instrumental əsərlərin müəllifidir.
Bəstəkarın böyük Azərbaycan
şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri
əsasında yazdığı
“Humay” baleti 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında uğurla səhnəyə qoyularaq müəllifinə şöhrət
gətirib. N.Məmmədovun
balet janrında yaratdığı ikinci əsəri isə dahi Azərbaycan şairi Hüseyn Cavidin pyesi əsasında
yazdığı “Şeyx
Sənan” baletidir. N.Məmmədovun ən böyük arzularından
biri “Şeyx Sənan”ı səhnədə
görmək idi: “Hüseyn Cavid bir şəxsiyyət kimi mənim yaradıcılığımda xüsusi yer tutur. Bu da
ondan irəli gəlir ki, mən bu əvəzsiz,
böyük şairin
bütün yaradıcılığını
mənimsəmişəm. Onun
sözlərinə çoxlu
romanslar yazmışam
və hər dəfə oxuyanda da onun yaratdığı
obrazların yeni xarakterik cizgilərini görürəm. Ona görə də “Şeyx Sənan” baletini yazmağım təsadüfi deyil. Təəssüf ki, mən bu baleti
hələlik səhnəyə
gətirə bilmirəm.”
Elə bil ki, o nə isə
hiss etmişdi. Doğrudan da, amansız əcəl onun bu və
digər arzularını
həyata keçirməyə
imkan vermədi...
Nəriman Məmmədovun musiqili-səhnə
əsərlərindən Tofiq
Bakıxanovla birgə
yazdığı 3 musiqili
komediyası - “Altı
qızın biri Pəri”, “Qız görüşə tələsir”
və “Məmmədəli
kurorta gedir” musiqili-komediyaları tamaşaçıların
rəğbətini qazanıb.
Bəstəkarın yaradıcılığında instrumental musiqi müxtəlif janrlarla təmsil edilir. Onun xüsusilə proqram
xarakterli simfoniyaları
- Hüseyn Cavidə həsr olunmuş IV simfoniyası, Xocalı faciəsinə həsr olunmuş VII simfoniyası
və “Fərhad və Şirin” poeması diqqətəlayiqdir.
Nəriman Məmmədovun instrumental konsertləri
də musiqi ictimaiyyəti tərəfindən
maraqla qarşılanıb. Onun
fortepiano ilə orkestr,
skripka ilə orkestr, tar ilə orkestr üçün yazılmış əsərləri
ifaçıların repertuarına
daxil olmuş uğurlu əsərlərdir.
Bəstəkarın yaradıcılığında mahnı və romansların xüsusi yer tutması səbəbindən onu haqlı olaraq “lirik bəstəkar” adlandırırlar. Bəstəkarın
“Xumar baxışlar”,
“Kaş səni görməyəydim”, “Üzmə
məni”, “Sənin eşqin” və s. lirik mahnıları öz səmimiliyi ilə xalqın qəlbinə yol tapıb.
Bəstəkarlıqla yanaşı Nəriman Məmmədov folklorşünaslıq
sahəsində diqqətəlayiq
xidmətləri olan musiqiçi kimi də tanınıb. Hələ tələbəlik
illərindən başlayaraq
N.Məmmədov Azərbaycan
Milli Elmlər Akademiyasının Memarlıq
və İncəsənət
İnstitutunun əməkdaşı
kimi çalışıb.
O, ekspedisiyalarda uzun illər topladığı
xalq mahnıları və rəqsləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın himayəsilə
hazırlanan 7 cilddən
ibarət “Antologiya”da çap edilmişdir.
O, 40 ildən artıq klassik musiqi abidəmiz olan muğamların not yazısı və tədqiqi ilə məşğul olub. Müxtəlif illərdə Nəriman Məmmədovun nota saldığı “Çahargah”
və “Rast” vokal-instrumental muğamları,
“Bayatı-Şiraz” və
“Şur” instrumental muğamları Moskvanın
“Sovetski kompozitor” nəşriyyatında, habelə
“Rast”, “Çahargah”,
“Humayun”, “Segah-zabul”, “Şahnaz”, “Rahab” instrumental muğamları Bakıda çapdan çıxıb. Onun nota saldığı bir çox muğamlar dünyanın görkəmli musiqi mərkəzlərində saxlanılır.
Böyük musiqi sənətkarları Qara Qarayev, Fikrət Əmirov, Niyazi onun muğam tədqiqatlarını yüksək
qiymətləndirmişlər. Bununla yanaşı N.Məmmədov professor Əhməd İsazadə
ilə birlikdə iki hissədən ibarət “Xalq mahnı və oyun havaları” məcmuəsini də çap etdirib.
Bəstəkarın pedaqoji fəaliyyəti də çox önəmli olmuşdur.
O, uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, 60-cı ildən
isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim
kimi çalışıb.
Bəstəkar həmçinin
Bakı Musiqi Akademiyasının “Xalq musiqisinin tarixi və nəzəriyyəsi”
kafedrasının professoru
kimi fəaliyyət göstərib.
Görkəmli bəstəkar, alim və qayğıkeş müəllim Nəriman Məmmədovun çoxtərəfli
yaradıcılığı və pedaqoji fəaliyyəti dövlətimiz
tərəfindən yüksək
qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi,
ömrünü musiqiyə,
yaradıcılığa həsr
etmiş N.Məmmədov
6 aprel 2015-ci ildə həyata gözlərini əbədi olaraq yumdu. Lakin inanırıq ki,
onun səhnə əsərləri, mahnıları,
kamera-instrumental əsərləri
müxtəlif nəsillərdən
olan ifaçıların
repertuarında, radio və televiziyada səslənərək xalqımıza
bədii-estetik zövq
verəcək, gənc
nəsil bəstəkarların
formalaşmasında əhəmiyyətli rol oynayacaqdır.
Günay MƏMMƏDOVA, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru.
Respublika.-
2017.- 16 dekabr.- S.11.