Qusar Dövlət Ləzgi
Dram Teatrının aktyorları “Fəxri mədəniyyət işçisi”
döş nişanı
ilə təltif olunublar
Qusar Dövlət
Ləzgi Dram Teatrının üç
aktyoru “Fəxri mədəniyyət işçisi”
döş nişanı
ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, döş
nişanları iyunun
30-da Qusar Dövlət
Ləzgi Dram Teatrının yaranmasının
25 illiyi münasibətilə
təşkil olunan təntənəli mərasimdə
kollektivin üzvlərinə
təqdim edilib.
Yubiley tədbirində
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, Qusar rayon rəhbərliyi,
elm və incəsənət xadimləri,
teatrsevərlər, eləcə
də rayon ictimaiyyətinin nümayəndələri
iştirak edib.
Tədbir iştirakçıları
əvvəlcə ümummilli
lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək
dəstələri düzərək,
xatirəsini ehtiramla anıblar.
Yubiley münasibətilə
Qusar şəhərinin
mərkəzindəki general
Mahmud Əbilov adına meydanda multikulturalizmi təbliğ
edən ləzgi folklor nümunələri
təqdim olunub.
Mərasimə qatılanlar Qusar Mədəniyyət Sarayında
yerli əhalinin tarixi yaşam tərzini, xalq yaradıcılığını, folklorunu, sənətkarlığını
əks etdirən maraqlı sərgini izləmək imkanı da qazanıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivini yubiley münasibətilə
təbrik edərək,
onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.
Nazir bildirib
ki, Qusar Azərbaycanın turizm potensialına görə öndə gedən rayonlarından biridir. Son illər ölkəmizə gələn
turistlərin sayının
xeyli artmasında bu rayonun ərazisində
fəaliyyət göstərən
“Şahdağ” Turizm Mərkəzinin də payı var. Turistlərin daha çox ziyarət etdiyi regionlarda turizm obyektləri ilə paralel olaraq mədəniyyət ocaqlarının,
o cümlədən muzeylərin,
teatrların fəaliyyəti
də yüksək səviyyədə təşkil
olunmalıdır.
Əbülfəs Qarayev qeyd edib
ki, 25 il əvvəl Qusarda yaradılan bölgə teatrı regionda teatr sənətinin inkişafına öz töhfələrini verib.
Son illərdə maddi-texniki bazanın möhkəmləndirilməsi
sayəsində kollektiv
respublika miqyaslı müsabiqələrdə bir
sıra nailiyyət qazınıb, klassik və müasir dramaturqlarımızın əsərlərini
bölgə tamaşaçılarına
özünəməxsus tərzdə
təqdim edir.
Rayon icra
hakimiyyətinin başçısı
Şair Alxasov Qusar Dövlət Ləzgi Dram Teatrının rayonun mədəni mühitinin formalaşmasında, teatr sənətinin inkişafında
əhəmiyyətli rol
oynadığını vurğulayıb.
Çıxışlardan sonra teatrın kollektivi fəxri fərmanla, aktyorlar Həsrət Nəsrullayev,
Kifayət Yusifova və Yalçın Qaraxanov isə “Fəxri mədəniyyət
işçisi” döş
nişanı ilə təltif olunub.
Qusar Dövlət
Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov bildirib ki, son
illər teatrın inkişafında əsaslı
və köklü dəyişikliklər baş
verib. Tamaşaların
bədii tərtibatı,
məzmunu, rejissor işi, aktyor oyununun təkmilləşdirilməsi
nəticəsində tamaşaçıların
teatra olan marağı daha da artıb. Diqqətə çatdırılıb
ki, teatr fəaliyyətdə olduğu
bu 25 ildə 110-a yaxın səhnə əsərini tamaşaçılara
təqdim edib.
Mərasimdə Qusar Dövlət Ləzgi Dram Teatrının yubiley münasibətilə hazırladığı
“Yaradan, yaşadan teatr” adlı kompozisiya təqdim olunub. Kompozisiya müxtəlif tamaşalardan
hissələr, milli rəqslər, həmçinin
Azərbaycan və ləzgi dillərində mahnı və şeirlərdən ibarət
olub. Maraqla qarşılanan səhnə
əsərinin quruluşçu
rejissorları Laləzar
Hüseynova və Bağır Əhmədovdur.
Respublika.-
2017.- 1 iyul.- S.5.