Azərbaycan tolerantlıq və multikulturalizm məkanına çevrilib

 

06 Fevral 2014

 

Müasir beynəlxalq münasibətlər sistemi çərçivəsində dünyanın hər bir nöqtəsində yaşayan insanların gələcək inkişafının konturlarının müəyyən edilməsində, eləcə də bu istiqamətdə elmi nailiyyətlərin müzakirəsində "Bakı prosesi" beynəlxalq platforma olaraq mühüm əhəmiyyət kəsb etməkdədir. Azərbaycanın bu platformanın mərkəzinə çevrilməsində Bakı humanitar forumları, eləcə də son on ildə ölkədə keçirilmiş müxtəlif beynəlxalq konfrans və tədbirlər ölkə siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Respublika ərazisində mövcud olan bütün dillərin, dinlərin, mədəniyyətlərin, etnosların nümayəndələrinin bərabər imkanlar əsasında birgə yaşaması, elmin, təhsilin, qanunvericiliyin və insan kapitalının inkişafına yönəlmiş gələcək rifahın müəyyən edilməsi, bu siyasətin Azərbaycanın digər ölkələrlə münasibətlərinin formalaşmasında prinsipial məsələlərdən biri kimi qarşıya çıxması ölkəni tolerantlıq və multikulturalizmin təmin edildiyi model dövlət olması ilə yanaşı, bu dəyərlər ətrafında beynəlxalq diskursun təşkil edildiyi mərkəzə çevirmişdir.

15 noyabr 2013-cü ildə Prezident İlham Əliyev Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında iştirakı zamanı qeyd etmişdir ki, belə bir mərkəzin açılması Azərbaycanda dinlərarası münasibətlərin göstəricisidir. Bu fakt Azərbaycanın tarixən tolerant və çoxkonfessiyalı ölkə olduğunu bir daha sübut etməklə yanaşı, ərazisindəki dini baxışların inkişaf etdirilməsi üçün dövlət dəstəyinin yüksələn xətt üzrə getdiyinin nümunəsidir. Təbii ki, müasir Azərbaycanda çoxmədəniyyətlilik və müxtəlif konfessiyaların bərabər yaşaması üçün göstərilən diqqət tarixən ölkənin dövlətçilik ənənələrinin əsasını təşkil edib, müasir tariximizdə isə bu tendensiya ulu öndər Heydər Əliyev tərəfindən uğurla inkişaf etdirilmişdir. Cənab Prezident İlham Əliyevin qeyd edilən məsələyə xüsusi diqqət və həssaslığı isə çoxmədəniyyətliliyin təcəssüm etdirilməsində Azərbaycanı tamamilə yeni bir mərhələyə yüksəltmişdir.

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi, o cümlədən bu ənənələrin inkişafını özündə ehtiva edən azərbaycançılıq ideologiyasında axtarmaq lazımdır. İstər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə ehtiva etmiş bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına gətirilmişdir. Ulu öndər bu ideologiyanın ən gözəl izahını 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayı zamanı etdiyi çıxışında "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam" sözləri ilə ifadə etmiş və dünya azərbaycanlılarını öz milli-mənəvi dəyərlərini unutmamağa, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyası ətrafında birləşməyə çağırmışdır. Beləliklə, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının köklərinə bağlılığını möhkəmləndirməklə yanaşı, Azərbaycan coğrafiyası daxilində yaşayan müxtəlif mədəniyyətlərin həmrəyliyinə təkan vermişdir. Bu həmrəyliyin əsasını isə tolerantlıq və multikulturalizm təşkil edir. Bir sözlə, azərbaycançılıq ideologiyası ölkə daxilində müxtəlifmədəniyyətliliyin və dini dözümlülüyün əks olunduğu vahid bir dəyərlər sistemidir.

Beləliklə, bizə tarixən xas olan tolerantlıq dini dözümlülük və etnik bərabərlik mənasında işlədilir. Azərbaycanın timsalında dözümlülük və bərabərlik həm də dini konfessiyaların və etnik qrupların birgə mövcudluğu, əməkdaşlığı və bərabər imkanları üçün qarşılıqlı hörmət və münasibətlər sistemi olaraq qəbul edilir. Bir sözlə, müasir Azərbaycan modeli həm dinlərin bərabər inkişaf imkanlarını və etnik qrupların birgə yaşamasını təmin edir, həm də digər inanc və mədəniyyətlərə mənsub olan müxtəlif qruplara hörmətin və təmsilçiliyin təqdim edilməsini özündə ehtiva edir. Prezident İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunda etdiyi açılış nitqində forumun Azərbaycanda keçirilməsinin təbii hal olduğunu qeyd edərək bildirmişdir: "Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur". Məhz bu səbəbdən də XXI əsrin Azərbaycanı bu münasibətlər sistemini özündə cəmləşdirərək müasir dünyanın tolerantlıq simvollarından birinə və digər cəmiyyətlər üçün örnək modelinə çevrilmişdir.

Dini tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan ərazisində üç səmavi dinin (yəhudilik, xristianlıq və islam) və eyni zamanda müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisidir.  2002-ci ilin 22-24 may tarixində Bakıda rəsmi səfərdə olmuş Vatikan Dövlətinin başçısı, dünya katoliklərinin dini rəhbəri olan Roma papası II İoan Pavel ölkəmizdəki tolerantlıq və dinlərə göstərilən diqqətə görə ulu öndər Heydər Əliyevə təşəkkürünü belə bildirmişdir: "Qoy üç böyük din tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Allaha həmd olsun!"

 Hazırda Azərbaycanda müsəlman icmaları ilə paralel şəkildə qeydə alınmış 21 qeyri müsəlman dini icmaların fəaliyyətini təmin edən "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu və bu qanunun icrasını həyata keçirən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mövcuddur. Komitənin əsas vəzifəsi isə ölkədə müxtəlif din və konfessiyalara bərabər imkanlar və şərait yaratmaqdan ibarətdir.

Fərəhləndirici haldır ki, çoxkonfessiyalılığın və çoxmədəniyyətliliyin bir dəyər sisteminə çevrildiyi və böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi doqquz milyon vətəndaşı olan Azərbaycanda tarixi alban kilsə abidələri ilə yanaşı  pravoslav və katoliklərin 12 kilsəsi, yəhudilərin isə 6 sinaqoqu var. O cümlədən, Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılmışdır. Bu isə bir daha Azərbaycanda dinlərin bərabər yaşaması üçün bütün imkanların yaradıldığından xəbər verir.

2013-cü ilin 24 iyulunda müqəddəs ramazan ayı münasibətilə təşkil edilmiş iftar mərasimində Prezident İlham Əliyev Azərbaycanda dinlərin birliyindən danışarkən qeyd etmişdir ki, "...bizim birliyimiz reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır".

Azərbaycanın tarixi daim müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin vahid dəyərlər naminə birləşdiyinin şahidi olmuşdur. Bu vahid dəyərlər azadlıq və firavanlıq, müasir tariximizdə isə müstəqillik və demokratik dəyərlərdən ibarətdir. Məhz dinlər arasında əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə demokratik dəyərlərin tərəqqisinə yol açan əsas amillərdəndir. Cənab İlham Əliyevin məşhur "Multikulturalizmə alternativ yoxdur!" şüarı müxtəlif mədəniyyətlərin bərabər imkanlara sahib olması ilə yanaşı, demokratik dəyərlərin inkişafının labüdlüyünü özündə birləşdirir.

Multikulturalizm və tolerantlıq tarixin, müxtəlif xalqların və etnosların mədəni irsinin öyrənilməsi və yeni inkişaf müstəvisinə yüksəldilməsidir. Milli mədəniyyətlərin qorunması onların dilinin, milli adət və ənənələrinin, başqa sözlə, milli ruhunun qorunması deməkdir. Bir coğrafiya daxilində yerləşmiş bütün xalqların milli ruhunun yaşadılması isə inkişaf, vahid milli dəyərlər sisteminin formalaşması, xalqların rifahı, həmçinin dövlətçiliyin möhkəmlənməsidir. Müasir Azərbaycanda qədim alban abidələri, müxtəlif xalqlara mənsub dini və tarixi abidələr, Xınalıq, Malakan, Lahıc, Buduq, Nij, Krasnaya Slaboda və s. kimi müxtəlif tarixi-coğrafi məkanlar dövlət səviyyəsində qorunmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasını öyrənən şöbə, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası, etnik və milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqələndirən Respublika Şurası mövcuddur. Bu gün müxtəlif azsaylı xalqların folklor günləri təşkil edilir, onların tarixi, mədəniyyəti, folkloru, musiqisi, etnoqrafiyası və s. ilə bağlı elmi əsərlər, tədqiqat işləri ərsəyə gətirilir. Azərbaycan televiziya məkanında azsaylı xalqların həyat tərzini əks etdirən sənədli filmlər nümayiş etdirilir, həmçinin azsaylı xalqların cəmləşdiyi regionlarda regional televiziya kanalları yayımlanır.

Çoxmədəniyyətlilik və tolerantlıq təhsilin və elmin inkişafına təkandır. 2012-ci ilin 28 yanvarında İsveçrənin Davos şəhərində Azərbaycana həsr olunan interaktiv sessiyada Prezident İlham Əliyev demişdir: "Bir neçə il əvvəl mən bəyan etdim ki, biz "qara qızıl"ı insan kapitalına çevirməliyik. Çünki inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yalnız yüksək səviyyəli texnoloji tərəqqiyə, yüksək səviyyəli təhsilə nail olmaqla inkişaf etmiş ölkəyə çevrilmək mümkündür".

Tolerantlıq və multikulturalizm eyni zamanda demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.

Beləliklə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır, çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Multikulturalizm haqqında diskursun təşkil edilməsi isə dünyada ədalətə və sülhə çağırışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı  Mehriban xanım Əliyeva Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin tarixinin qədim olduğunu və yalnız dialoq və dözümlülük vasitəsilə insanları bir araya gətirə bilmək üçün buna səy göstərildiyini qeyd etmişdir.

Multikulturalizmi bir dəyər sisteminə çevirmiş Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılmış məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər.

Yeni geosiyasi düzəm dönəmində slavyançılıq, avrasiyaçılıq, islam, türkçülük, Avropa dəyərləri və s. axınların kəsişməsində yerləşən çoxmillətli Azərbaycanın tolerant mühiti ölkədə multikulturalizm və dözümlülük dəyərlərinin fövqündə ölkəmizi bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirir. Azərbaycanın son on ildə tutduğu prinsipial mövqe, dövlət başçısının qətiyyətli siyasəti, azərbaycançılıq ideologiyasının əmin-amanlıq, bərabər imkanlar, həmrəylik kimi dəyərlərə sadiq qalması respublikamızı sivilizasiyaların qarşılıqlı əməkdaşlığını təmin edən unikal bir dövlətə çevirmişdir. Bir sözlə, əminliklə qeyd etməliyik ki, müasir Azərbaycanda  tolerantlıq və multikulturalizm ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının dəyərlər sisteminin tərkib hissəsidir.

 

Respublika.- 2017.- 11 iyul.- S.6.