Mədəniyyət
xalqları və ölkələri bir-birinə
yaxınlaşdıran ən güclü vasitələrdən
biridir
Əbülfəs Qarayev: Müxtəlif
ölkələrdə təşkil edilən mədəniyyət
günləri Azərbaycanın təbliğinə, beynəlxalq
aləmdə müsbət imicinin yüksəlməsinə
töhfədir. İranda uğurla keçirilən mədəniyyət
həftəsi də bu amala xidmət edirdi
İyulun 3-dən
8-dək İran İslam Respublikasında Azərbaycan mədəniyyəti
günləri keçirilib. Tədbirlərdə
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin rəhbərliyi ilə rəsmi nümayəndə heyəti,
incəsənət xadimləri – musiqi və teatr kollektivləri
iştirak edib. İki ölkə arasında əməkdaşlığın
daha da möhkəmləndirilməsi, Azərbaycanın mədəni
irsinin, incəsənətinin, müasir
inkişaf səviyyəsinin qonşu ölkədə təbliği,
eləcə də turizm əlaqələrinin genişləndirilməsi
məqsədi daşıyan mədəniyyət həftəsinin
zəngin proqramı vardı. Mədəniyyət günləri
çərçivəsində gerçəkləşən
görüşlər, silsilə tədbirlər hər
iki ölkənin mediasında geniş
işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev İranda Azərbaycan
mədəniyyəti günlərinin yekunlarını dəyərləndirib,
fikir və təəssüratlarını
bölüşüb.
2017-ci ildə Azərbaycanla İran arasında
diplomatik münasibətlərin 25 ilinin tamam olduğunu diqqətə
çatdıran nazir ötən dövrdə ikitərəfli
əlaqələrin böyük inkişaf yolu keçdiyini
deyib: “Ulu öndər Heydər Əliyev
1993-cü ildə respublika rəhbərliyinə qayıdandan
sonra Azərbaycanın dost və qonşu ölkələrlə
münasibətlərinə xüsusi diqqət ayırdı.
1993-1994-cü illərdə İran və Azərbaycan
prezidentlərinin qarşılıqlı səfərləri
ilə əsası qoyulan yüksək səviyyəli əlaqələr
bir çox sahələrdə sıx əməkdaşlığa
zəmin yaratdı. Bu siyasət dövlətimizin
başçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan və İran prezidentlərinin
himayəsi ilə iki ölkə arasında müxtəlif
layihələr həyata keçirilir”.
Nazir qeyd edib ki, yüksək səviyyəli əlaqələr
son dövrlər xüsusilə intensivləşib, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və İran
Prezidenti Həsən Ruhani arasında son dörd ildə yeddi dəfə
görüş keçirilib. Təbii ki,
dövlət başçıları səviyyəsində
dostluq münasibətləri mehriban qonşuluq əlaqələrinin
inkişafı üçün mühüm zəmin
yaradır. İndiyədək iki ölkə arasında 130-dan
çox sənəd imzalanıb, o cümlədən mədəniyyət
sahəsində əməkdaşlığın
müvafiq hüquqi bazası mövcuddur.
Qarşılıqlı mədəniyyət günləri,
teatr, kino, musiqi və s. sahələrdə əlaqələr,
iki ölkədə keçirilən festivallarda
qarşılıqlı iştirak bu əməkdaşlığın
ildən-ilə genişləndiyini göstərir.
2010-cu il sentyabrın 25-dən
30-dək İranda Azərbaycan mədəniyyəti həftəsinin,
2011-ci il oktyabrın 3-dən 7-dək isə Azərbaycanda
İran mədəniyyəti günlərinin gerçəkləşdiyini
xatırladan Əbülfəs Qarayev bildirib ki, mədəniyyət
xalqları və ölkələri bir-birinə yaxınlaşdıran
ən güclü vasitələrdən biridir: “Azərbaycan və
İran arasında tarixi, mədəni və dini
bağlılıq münasibətlərimizin inkişafına
müsbət təsir göstərir. Bu
münasibətlərin möhkəmləndirilməsi,
bir-birimizin zəngin tarixə söykənən mədəni
irsinin, ədəbiyyatının, incəsənətinin daha
yaxından tanıdılıb təbliğ edilməsi ölkələrimizin
və xalqlarımızın maraqlarına xidmət edir.
Bu günlərdə İranda uğurla gerçəkləşən
Azərbaycan mədəniyyəti günləri,
keçirdiyimiz tədbirlərə göstərilən
böyük maraq bunu bir daha təsdiqlədi”.
Budəfəki mədəniyyət
günlərinin yüksək səviyyədə keçirilməsi
üçün İran tərəfdən hər cür təşkilati
tədbirlərin görüldüyünü, Azərbaycan
nümayəndə heyətinə xüsusi diqqət göstərildiyini,
konsert proqramları, sərgi, kino və teatr nümayişi üçün ən böyük
salonların ayrıldığını deyən nazir bunu son
illərdə dövlətlərarası münasibətlərin
inkişafının göstəricisi kimi səciyyələndirir:
“İran rəsmiləri ilə keçirdiyimiz
görüşlərdə, həm də təkcə Tehranda
deyil, İsfahanda, Ərdəbildə
apardığımız danışıqlarda bunun şahidi
olduq. İstər hökumət üzvləri, istərsə də
vilayət rəhbərləri səviyyəsində bir fikir
xüsusi vurğulandı ki, İran tərəfi Azərbaycanla
əlaqələrə xüsusi önəm verir, dostluq
münasibətlərini, o cümlədən mədəniyyət
və turizm əlaqələrini daha da genişləndirmək
istəyir. Biz bunu təqdirlə qarşılayırıq.
Çünki bu məram qarşılıqlıdır. Azərbaycan
Prezidentinin yürütdüyü siyasət sülhpərvər,
mehriban qonşuluq, bütün ölkələrlə bərabərhüquqlu,
qarşılıqlı faydalı əməkdaşlıq
siyasətidir”.
Qeyd edək ki, Əbülfəs
Qarayev mədəniyyət günləri gedişində
İranın mədəniyyət və islam irşadı
naziri, ölkənin Mədəniyyət və İslami
Əlaqələr Təşkilatının sədri,
İranın vitse-prezidentləri – Milli Kitabxana və Arxiv
İdarəsinin direktoru, Mədəni İrs Əl
İşləri Sənayesi və Turizm Təşkilatının
sədri, eləcə də İsfahan və Ərdəbil
valiləri ilə görüşlər keçirib. Bu
görüşlərdə iki ölkə arasında mədəni
əlaqələrin geniş spektri, həmçinin son illər
inkişaf etməkdə olan turizm əlaqələri ətraflı
şəkildə müzakirə olunub.
Nazirin sözlərinə görə,
görüşlərdə gələcək əməkdaşlığa
dair bir çox vacib məsələlər nəzərdən
keçirilib, təkliflər səsləndirilib, o cümlədən
İran tərəfdən müəyyən təşəbbüslər
irəli sürülüb: “Mədəniyyət
və turizm sahələrində əməkdaşlığın
daha da genişlənməsi, həmçinin beynəlxalq səviyyədə,
məsələn, UNESCO və Dünya Turizm Təşkilatı
kimi qurumlar çərçivəsində birgə fəaliyyət
üçün imkanlar var. Ötən il UNESCO-da Azərbaycan
və İran digər dost ölkələrlə birgə
lavaş çörək mədəniyyəti ənənəsinin
ortaq dəyər kimi qurumun qeyri-maddi mədəni irs
siyahısına salınmasına nail oldu. Bununla da ermənilərin
lavaşla bağlı əsassız iddialarına cavab verildi.
İranla beynəlxalq turizm sərgilərində də əməkdaşlıq
edə, birgə turizm marşrutları təqdim edə bilərik.
Azərbaycan və İranın oxşar mətbəx
mədəniyyətindən adət-ənənə, folklor, mədəni
və ədəbi irsədək bir sıra ortaq nöqtələri
var ki, bu nümunələri əlbir şəkildə
dünyaya tanıda bilərik”.
Nazir bildirib ki, turizm əlaqələrinin
inkişaf etdirilməsinə də hər iki tərəf
maraqlıdır və keçirilən görüşlərdə
bu, bir daha vurğulanıb: “Hər il Novruz bayramı günlərində
on minlərlə İran vətəndaşı Bakıya gəlir.
Ümumilikdə iranlı turistlər ilin bütün fəsillərində
Azərbaycana maraq göstərirlər. Bunun bir səbəbi də
iki ölkənin mədəni ənənələrinin, milli
mətbəxinin oxşar olmasıdır. Turizm dostluq əlaqələrinin
möhkəmlənməsi üçün çox
yaxşı vasitədir”.
Əbülfəs Qarayev diqqətə
çatdırıb ki, 2017-ci ilin əvvəlindən Azərbaycanda
“ASAN Viza” sisteminin tətbiqi iranlı turistlərin də Azərbaycana
gəlməsini asanlaşdırıb. Bu xüsusda İranda və
Azərbaycanda fəaliyyət göstərən turist
firmalarının birgə müəssisə yaratmaları və
qarşılıqlı olaraq turist səfərlərini təşkil
etməsi zəruridir. Onlar ziyarət, səhiyyə və
başqa turizm sahələri üzrə səfərlər təşkil
edə bilərlər: “Məlum olduğu kimi, Azərbaycanın
Naxçıvan şəhəri 2018-ci il üçün
“İslam mədəniyyətinin paytaxtı” elan edilib.
İranın Təbriz şəhəri isə gələn il
islam dünyasının “Turizm paytaxtı” elan olunub. Bununla bağlı Azərbaycanda Təbriz şəhərinin,
İranda isə Naxçıvanın təqdimat və
tanıtım tədbirlərinin keçirilməsini təklif
etdik və düşünürəm ki, 2018-ci il həm mədəni,
həm də turizm əlaqələrimizi genişləndirmək
üçün mühüm bir fürsətdir. Bundan əlavə,
Azərbaycanda turizmlə bağlı ali təhsil sahəsi
inkişaf edib və biz İranla bu sahədə də əməkdaşlıq
edə bilərik”.
Əbülfəs Qarayevin sözlərinə
görə, İranda Azərbaycan mədəniyyəti
günlərinin yüksək səviyyədə keçirilməsi
ölkəmizin tanıtımına mühüm töhfə
olmaqla bərabər, iki ölkə arasında mədəniyyətin
ayrı-ayrı sahələrində əməkdaşlıq
üçün geniş potensialın mövcudluğunu
nümayiş etdirib: “Mədəniyyət həftəsi
çərçivəsində beş Azərbaycan filmi, o
cümlədən iranlı kinematoqrafçıların
iştirakı ilə istehsal olunan “Nabat” filmi təqdim edildi və
maraqla qarşılandı. Bu fakt iki ölkənin kino sahəsində
birgə layihələr həyata keçirmək
imkanlarını göstərir. Azərbaycan Dövlət
Musiqili Teatrı Tehranda iki gün Üzeyir Hacıbəylinin
“Ər və arvad” musiqili komediyasını nümayiş
etdirdi. Bildiyimə görə, Musiqili Teatrda, Lənkəran
teatrında iranlı sənətçilərin
iştirakı ilə tamaşalar qoyulub. Azərbaycan
teatrları hər il İranda Fəcr festivalına
qatılır. Bu əlaqələri, yaradıcılıq
mübadiləsini genişləndirə bilərik. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri
Orkestrinin Tehran və İsfahanda konsert proqramları
böyük coşqu ilə qarşılandı. Bütün
bunlar sübut edir ki, teatrların qastrol səfərlərini,
incəsənət ustalarının konsert proqramlarını
qarşılıqlı şəkildə tez-tez təşkil
etmək lazımdır”.
Nazir qeyd edib ki, Azərbaycanda keçirilən ənənəvi
beynəlxalq muğam festivalına, beynəlxalq teatr
konfransına, Bakı kitab sərgi-yarmarkasına, digər mədəniyyət
tədbirlərinə İran həmişə dəvət
edilir. Nəşriyyat işi, kitabxana sahələrində əlaqələr
inkişaf edir: “Qarşı tərəf də buna təşəbbüs
edir. Məsələn, qərara gəldik ki,
İran və Azərbaycanın Milli kitabxanaları arasında
anlaşma memorandumu hazırlansın və payızda Bakıda
keçiriləcək beynəlxalq kitab sərgisi-yarmarkasında
imzalansın. İranın Milli Kitabxanasında çox qədim
əlyazmalar saxlanılır. Onların birgə tədqiq
edilməsi xalqlarımızın tarixinin, ədəbi irsinin
daha dərindən öyrənilməsinə töhfə olar.
Yeri gəlmişkən, İran Milli Kitabxanasında Azərbaycanla
bağlı guşə var, orada 200 adda kitab yer alır. Onlar
bizdən əlavə kitablar istədilər və həmin
guşə üçün yeni nəşrlər göndəriləcək.
Həmçinin nəşriyyat sahəsində əməkdaşlıq,
fars və Azərbaycan dillərində kitab çapı ilə
bağlı təkliflər dəyərləndiriləcək”.
Əbülfəs Qarayev mədəniyyət
günləri çərçivəsində İranın
İsfahan və Ərdəbil şəhərlərində
keçirilmiş tədbir və görüşlərin əhəmiyyətini
də vurğulayıb. Bildirib ki, hər iki vilayət
rəhbərliyi Azərbaycanla həm mədəni, həm də
turizm əlaqələrini genişləndirməyə maraq
göstərir: “İsfahan valisi tərəfindən Azərbaycanın
şəhər və bölgələri ilə
qardaşlaşma sazişi imzalanması təşəbbüsü
səsləndirildi. Bildirildi ki, bu layihələr iki
ölkə arasında müxtəlif sahələrdə, o
cümlədən mədəniyyət və turizm əməkdaşlığına
əlavə zəmin yaradar. Həmçinin Ərdəbildə
Azərbaycan filmlərinin, teatr tamaşalarının
nümayişinin təşkili barədə müzakirələrimiz
oldu. Onu da qeyd edim ki, növbəti ildə Azərbaycanda
İran mədəniyyəti günlərinin keçirilməsi
nəzərdə tutulur. Bu tədbirlərin paytaxt Bakı ilə
yanaşı, bölgələrimizdə də
reallaşması, eləcə də İranın şəhər
və vilayətlərinin, o cümlədən Ərdəbilin
təqdimatının təşkili ilə bağlı fikir
mübadiləsi apardıq”.
Nazir sonda Azərbaycan mədəniyyəti
günlərinin yüksək səviyyədə
keçirildiyini bir daha vurğulayaraq İran tərəfinə
nümayəndə heyətimizə göstərdiyi qonaqpərvərliyə,
xoş münasibətə görə minnətdarlığını
ifadə edib. Əbülfəs Qarayev həmçinin
bütün görüş və tədbirlərin təşkilində
və keçirilməsində Azərbaycanın
İrandakı səfirliyinin fəal rolunu xüsusi qeyd edib,
başda səfir Bünyad Hüseynov olmaqla səfirliyin
kollektivinə təşəkkürünü bildirib: “Müxtəlif ölkələrdə təşkil
edilən mədəniyyət günləri mədəni əməkdaşlığın
inkişafı, xalqların bir-birini daha yaxından
tanıması, Azərbaycanın təbliği deməkdir,
eyni zamanda, ölkəmizin beynəlxalq aləmdə müsbət
imicinin daha da yüksəlməsinə töhfədir.
İranda uğurla keçirilən mədəniyyət həftəsi
də bu amala xidmət edirdi”.
Respublika.-
2017.- 12 iyul.- S.4.