“Zamanın izləri”
Sumqayıt Dövlət Rəsm Qalereyasında “YARAT” Müasir
İncəsənət Mərkəzinin
təşkil etdiyi “Zamanın izləri” adlı səyyar sərginin açılışı
olub. Sərgidə yerli və əcnəbi rəssamların
müasir əsərləri
nümayiş etdirilib.
Ekspozisiyaya daxil olan əsərlər “YARAT”ın
daimi kolleksiyasına aiddir.
AZƏRTAC xəbər verir ki, açılış
mərasimində Sumqayıt
Şəhər İcra
Hakimiyyəti başçısının
müavini Teymur Səmədov çıxış
edərək sərginin
təşkilatçılarına minnətdarlığını bildirib. O, bölgələrdə belə mədəni tədbirlərin təşkilinin
insanların estetik zövqünün formalaşmasında
mühüm əhəmiyyətə
malik olduğu vurğulayıb.
Bundan əvvəl Qax, Mingəçevir, Zaqatala və Qusarda eyniadlı sərginin təşkil edildiyini bildirən sərginin kuratoru Fərəh Məmmədova qeyd edib ki, “Zamanın
izləri” adlı sərginin əsas məqsədi regionda yaşayan əhalinin, xüsusilə də gənclərin müasir incəsənətə olan
marağını artırmaq,
mümkün qədər
çox insanı müasir incəsənətlə
məşğul olmağa
cəlb etməkdir.
Bildirilib ki, sərgidə azərbaycanlı, türk,
gürcü və rus rəssamlarının
video instalyasiyaları, foto
və digər əsərlərindən ibarət
kolleksiyası nümayiş
etdirilib. Kolleksiyada gündəlik həyatda
rastlaşdığımız ən adi hadisələr
öz əksini tapıb. Həmçinin sərgi müxtəlif
təsviri sənət
sahələrində çalışan
yerli və xarici müasir rəssamların ətrafında
baş verənləri
daim müşahidə
etmək üçün
yeni üslublar təklif edir.
Sərgidə Azərbaycanın tanınmış
gənc fotoqrafları
İlkin Hüseynovun
“Rəngləri xatırlayaraq”
fotosilsilələri, Sitara
İbrahimovanın “Oğlan
yaxşı, qız belə” foto və video layihəsi, gənc rəssamlar Fərid Rəsulovun “Ətalət” adlı videoinstalyasiyası, Orxan Hüseynovun “Sovetsk atelyesi” videoinstalyasiyası,
Rəşad Babayevin qarışıq texnika ilə hazırlanmış
“Poetik heykəl” adlı heykəli təqdim edilib. Faiq Əhməd isə qədim xalçaçılıq
sənətini yeni interpretasiyada təqdim edərək xalçaçılıq
estetikasını yenidən
kəşf edib.
Bununla yanaşı, sənətsevərlər
rusiyalı Olqa Çernışovanın “Ekranlar”
adlı video əsərlər
silsiləsi, Vyanada yaşayıb yaradan türkiyəli Nilbar Güreşin “Qapısı
açıq telefon köşkü”, gürcü
rəssamı Koko Ramişvilinin
“Çay, qəhvə
və süd” əsəri və Berlində yaşayan türkiyəli Nevin Aladağın “Beş daş oyunu” fotosilsilələri ilə
də tanış
olmaq imkanı qazanıblar.
Respublika.- 2017.- 30 iyul.-
S.4.