AZƏRBAYCANI DÜNYAYA SEVDİRƏN BƏSTƏKAR

Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayının ilk günü açılış konsertində Firəngiz Əlizadənin Heydər Əliyevə həsr olunmuş “İthaf” əsəri ifa olundu.

Musiqinin gözəlliyi və əzəməti dinləyiciləri sanki sehirləmişdi. Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyevə həsr olunan bu əsəri dinləyəndən sonra bu böyük istedad sahibinin sənətkarlıq qüdrətini bir daha dərk etdim.

 

Firəngiz Əlizadə çağdaş Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzedilməz rolu olan bəstəkardır. Bəstəkarın özünəməxsus, dərin fəlsəfi məzmunu və yüksək professionallığı ilə seçilən əsərləri dünyada - ABŞ, İngiltərə, Fransa, Almaniya, Misir, Türkiyə, Çexiya, Polşa, Rumıniya və başqa ölkələrdə böyük şöhrət qazanmışdır və ən yaxşı Qərb dirijorlarının konsert proqramlarında, musiqili teatrların repertuarında layiqli yer tutub.

Oxucularda aydın təsəvvür yaranması üçün Firəngiz xanımın beynəlxalq arenada səslənən əsərlərini xatırlatmaq istərdim.

Onun musiqisinin dünyanın ən möhtəşəm konsert salonlarında zəfər yürüşü 1976-cı ildən başlayır. Həmin il F.Əlizadə İtaliyanın Pezaro şəhərində keçirilən beynəlxalq festivalda özünün fortepiano sonatasını ifa edərək beynəlxalq arenada müəllif və ifaçı kimi ilk uğurunu qazanır.

1979-cu ildə F.Əlizadənin “Habilsayağı” əsəri ilk dəfə Leninqradda M.Rastropoviçin yetirməsi, məşhur violonçel ustası İvan Mozettinin ifasında səslənir və bəstəkarın yaradıcılıq üslubunun xarakterini dolğun nümayiş etdirir. Sonrakı illərdə F.Əlizadənin musiqisi Stokholmda (1982), Varşavada (1983), Berlində (1986), Londonda (1987), Amsterdamda (1989), Mexikoda (1989), Dausburqda (1991) keçirilən beynəlxalq musiqi festivallarında ifa olunur və müəllifinə müasir dünya musiqisinin ən parlaq simalarından biri şöhrətini qazandırır.

1992-ci ildə F.Əlizadə Türkiyə Mədəniyyət Nazirliyinin sifarişi ilə Mərsin şəhərində opera və balet teatrının açılışı üçün “Boş beşik” baletini yazır, 1993-cü ilin yanvarında teatrın açılışı və əsərin ilk tamaşası olur.

1993-cü ildə Nyu-Yorkun məşhur Linkoln mərkəzində San-Fransiskonun dünya şöhrətli “Kronos” qrupunun ifasında F.Əlizadənin “Muğamsayağı” əsərinin premyerası keçirilir.

1999-cu ildə F.Əlizadə rəsmi qonaq statusu ilə İsveçrənin Lüsern şəhərində keçirilən beynəlxalq musiqi festivalına dəvət olunur və qadın bəstəkarlar içərisində ilk olaraq “baş bəstəkar” fəxri tituluna layiq görülür. Həmin festivalın proqramına F.Əlizadənin səkkiz əsəri daxil edilir və bəstəkarın iki yeni əsərinin - “İpək yolu” instrumental əsərinin və Nazim Hikmətin sözlərinə bəstələnmiş “Ölməzliyə səyahət” vokal kompozisiyasının premyerası keçirilir.

Həmin il Almaniyada nəşr olunan “Musik Texte” musiqi jurnalı özünün 100-cü, yubiley nömrəsini bütövlükdə F.Əlizadəyə həsr edir. Alman rejissoru Valdemar Ştayn F.Əlizadəyə həsr olunmuş “Azərbaycanlı maestro” sənədli filmini çəkir. 2000-ci ildə F.Əlizadə dünya şöhrətli violonçel çalan Yo-Yo Manın “İpək yolu” transkontinental layihəsində özünün dörd kompozisiyası ilə iştirak edir. Bu sıraya daxil olan Nəsiminin sözlərinə yazılmış “Dərviş” əsəri muğam ustası Alim Qasımovun iştirakı ilə səslənərək layihənin ən uğurlu əsəri hesab olunur.

İtaliyanın “Cakonda” teatrında F.Əlizadənin A.S.Puşkinin sözlərinə bəstələnmiş “Gözəllik hakimiyyəti” vokal kompozisiyası məşhur ingilis muğənnisi C.Ceymsin ifasında ilk dəfə səslənir. Az sonra İsrailin Təl-Əviv şəhərində keçirilən beynəlxalq festivalın yekunu olaraq F.Əlizadənin müəllif konserti təşkil olunur.

2002-2006-cı illər ərzində Nyu-York, Milan, Turin, London, Berlin, Hamburq, Lüsern, Şürix, Bern, Tokio, Seul, Şanxay, Sinqapur, Vyana, Zalsburq, Antverpen, Amsterdam, Oslo şəhərlərində F.Əlizadənin müəllif konsertləri keçirilir. 2005-ci ildə UNESCO-nun 60 illik yubileyi münasibətilə Parisdə keçirilən konsertdə F.Əlizadənin Şərq və Qərb musiqi ənənələrinin sintezini əks etdirən “Çarpazlaşma” əsəri ilk dəfə ifa olunur. Bu əsərin ifasında müəllif həm də pianoçu və dirijor kimi çıxış edir. 2006-cı ildə Vyanada Volfqanq Amadey Motsartın 250 illik yubileyinə həsr olunmuş konsertdə F.Əlizadənin unudulmaz bəstəkarımız Tofiq Quliyevin xatirəsinə həsr etdiyi “Abşeron kvinteti” əsəri səslənir.

Xarici ölkələrin məşhur musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərindən: Violonçel üçün “Oyan!” (Paris, 2005), Kvintet üçün “Xəzər” (Nyu-York, 2006), fleyta, klarnet, skripka və zərb alətləri üçün “Atəş” (Sietl, 2006), “Optical İdentity” baleti (Sinqapur, 2007), Misteriya “Al Kamandcaty” (Roma, 2007), skripka üçün “Dastan” (Ausburq, 2007), fortepiano, violonçel və kamera orkestri üçün “Dəniz” (Bern, 2008), “Your name means the Sea” operası (Hyuston, 2011), xanəndə, flamenko ifaçısı və ansambl üçün “Mugflagamenco” (Amsterdam, 2011), Skripka və fortepiano üçün “İmpuls” (ABŞ, 2012), fortepiano üçün “Landscape” (Fransa, 2012) və s. qeyd etmək olar.

Məşhur amerikalı skripkaçı, meqastar Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan “Deutsche Grammafon” albomu 2014-cü ildə “İlin ən yaxşı kamera musiqisi” nominasiyasında “Grammy” mükafatına layiq görülüb. Azərbaycan bəstəkarlıq məktəbi tarixində Firəngiz Əlizadə bu mükafatı alan ilk bəstəkardır.

Bu ilin fevral ayında ABŞ-da məşhur “San Fransisko” “Art Center”də “Kronos” festivalı çərçivəsində bəstəkarın “Rəqs” əsərinin premyerası keçirilib. “Kronos” Kvarteti tərəfindən ifa edilən bu yeni əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Kvartetin “Gələcək üçün əlli” adlı eksklüziv proqramı üçün yazılmış əsər, Azərbaycanda qədim zamanlardan bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir. Azərbaycan musiqi tarixində Firəngiz Əlizadə yeganə bəstəkardır ki, “Kronos” Kvarteti onun əsərlərini tez-tez repertuarına daxil edərək, ona yeni-yeni musiqilər bəstələməyi sifariş verir.

Almaniyanın Koburq şəhərinin “Landestheater” teatrının səhnəsində isə Firəngiz xanımın bəstələrindən ibarət “Gizli hadisələr” adlı balet uğurla təqdim edilib. Bu şəhərin opera və balet teatrının repertuarına daxil edilmiş balet səhnəyə Mark Makkleyn, Tara Yipp və Poşenq Yeh tərəfindən qoyulub.

Aprel ayında Hollandiyada “Amsterdam Royal Concertgebouw” konsert salonunda premyerası keçirilən “Nəsimi passion” əsərindən dünyanın musiqi ictimaiyyəti və KİV-lər bu gün də heyranlıqla söz açır.

Bu sadaladıqlarım Firəngiz Əlizadənin bəstəkarlıq yaradıcılığının az bir hissəsidir.

Firəngiz Əlizadə bu gün dünyada müasir musiqinin ən görkəmli nümayəndəsi hesab edilir. Çünki onun yaradıcılığı dünya mədəniyyətinin güzgüsüdür. Onun dünya musiqi tarixinə verdiyi əsas töhfələrdən biri Azərbaycan musiqi ənənələri ilə Qərb musiqisini böyük ustalıqla üzvi surətdə birləşdirmək, sintezini yaratmaqdır. Firəngiz xanımın sənətini çox yüksək qiymətləndirən M.Rastropoviç onun haqqında deyir: “Bütün dünya tərəfindən tanınan istedadlı bəstəkar Firəngiz xanım həm də öz dövlətininn layiqli vətəndaşıdır, əsl azərbaycanlıdır”.

“Azərbaycan bəstəkarı mədəniyyətlərin dialoquna, Şərq və Qərbə xas mənəvi dəyərlərin qarşılıqlı mübadiləsinə və bir-birini tamamlamasına böyük töhfə vermişdir. O öz musiqisində Qərb bəstəkarlıq məktəbi ilə Şərqin zəngin irsi olan muğamın təsirli sintezinə nail olmuşdur”,- bu fikirlər isə uzun illər Firəngiz Əlizadə ilə əməkdaşlıq edən Hamburq Beynəlxalq Musiqi Nəşriyyatının təmsilçisi doktor Hans Sikorskiyə məxsusdur.

Bu gün haqlı olaraq Firəngiz Əlizadəni dünyanın ən məşhur bəstəkarlarından biri adlandırırlar. Mən isə deyərdim ki, Firəngiz xanım dünyanın sülh bəstəkarıdır. Çünki onun əsərləri üçün sərhəd yoxdur. İstər amerikan, alman, fransız, istər rus, eləcə də türk qardaşlarımız bu bəstəkarı özününkü hesab edir və onun əsərlərinə böyük məmnunluq hissi ilə qulaq asırlar. Bu bəstəkar üçün ən vacib və ən sevindirici bir haldır.

Əlbəttə ki, yaradıcılıq sahələri ilə yanaşı, Firəngiz Əlizadənin musiqi-ictimai fəaliyyətindən də ayrıca danışmağa dəyər. Belə ki, o, respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli musiqi xadimidir. 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan F.Əlizadə 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin katibi, 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib. Daha sonra – 2012-ci ildə İttifaqın üzvləri onu yekdilliklə yenidən sədr seçdilər və bu günə kimi həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir.

Onu da demək istərdim ki, Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər dayanıb. Üzeyir Hacıbəylidən sonra İdarə heyətinin sədrləri görkəmli bəstəkarlar - Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev olublar. Bu ənənə bu gün də davam edir. Bəstəkarlar İttifaqının İdarə heyətinin sədri Firəngiz Əlizadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir.

Bu gün Firəngiz Əlizadənin başçılıq etdiyi musiqiçilərimizin ən nüfuzlu təşkilatı olan, möhkəm ənənələrə və zəngin tarixə malik Azərbaycan Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öndə gedir, yüksək bədii səviyyənin saxlanılması istiqamətində öz sözünü deyir. Bəstəkarlarımızın dəyərli əsərləri Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə festivallarda, plenumlarda, baxışlarda, konsertlərdə səsləndirilir, onların kompakt diski və albomları buraxılır, son nəticədə professional musiqimiz yeni töhfələrlə zənginləşir. Həmçinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə tanınmış bəstəkarlar və musiqişünasların həyat və yaradıcılığından bəhs edən kitabçalar nəşr olunur.

Yeri gəlmişkən qeyd etməliyəm ki, Azərbaycanda keçirilən bir çox musiqi tədbirlərinin təşkilində F.Əlizadənin rolu böyükdür. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən “Muğam Aləmi” Beynəlxalq Muğam Festivallarında bədii rəhbər kimi konsert proqramlarının, elmi simpoziumların təşkili, nəşrlərin hazırlanmasında Firəngiz xanımın böyük əməyi vardır. Eyni zamanda, “İpək yolu” Beynəlxalq Musiqi Festivalını da xüsusi qeyd etmək istərdim. Bu möhtəşəm festivalın əsas məqsədi qədim dövrlərdən Azərbaycan şəhərlərindən keçən tarixi “İpək yolu”nun əhatə etdiyi Şərq və Qərb mədəniyyətinin qarşılıqlı əlaqələrini daha da genişləndirməkdən ibarətdir. Konsertlərin Şəkidə keçirilməsi bu musiqi proqramlarına xüsusi rəngarənglik, poetiklik və gözəllik bəxş edir.

Bir neçə gün əvvəl – mayın 28-də Respublika Gününü qeyd etdik. Həmin gün həm də Firəngiz xanımın doğum günü kimi əlamətdar hadisə olaraq musiqi təqvimimizə daxil oldu. Özü də yubiley doğum günü. Və mayın 28-i musiqi ictimaiyyətinə ikiqat bayram sevinci yaşatdı.

Həyatı boyu yaradıcılıq axtarışında olan Firəngiz xanım bu gün də ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək.

 

İltifat HACIXANOĞLU.

Respublika.- 2017.- 3 iyun.- S.6.