Müasir standartlara uyğun
şəfa ocağı
Bu gün dünyanın ən aparıcı
universitetlərində öz maddi-texniki bazalarına, yüksək
ixtisaslı kadrlarına görə seçilən klinikalar fəaliyyət
göstərir. Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən, daha dəqiq desək, ulu öndər Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən
sonra bu vacib məsələ ölkəmizdə də gündəmə
gəldi.
Minlərlə tələbəni
öz ətrafında birləşdirən, əhalinin
sağlamlığının daima keşiyində duran peşəkar
həkim və mütəxəssislər, elmi işçilər
yetişdirən Azərbaycan Tibb Universitetinin təxminən 90
illik bir tarixi vardır.
Azərbaycan Tibb Universitetinin təşəkkül
tapmasında, inkişafında 1932-1938-ci illərdə bu
mötəbər təhsil və elm ocağına rəhbərlik
etmiş görkəmli dövlət və elm xadimi Əziz
Əliyev misilsiz xidmətlər göstərmişdir. Məhz
onun yüksək təşkilatçılığı sayəsində
1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutu
keçmiş Sovetlər İttifaqının öncül ali
təhsil müəssisələri sırasına daxil
olmuşdur.
Dünya şöhrətli alimlər: Mirəsədulla Mirqasımov, Mustafa bəy
Topçubaşov, Zərifə Əliyeva, Cahangir Abdullayev,
Əziz Əliyev, Abdulla Qarayev, Cəlil Hüseynov, Kamil
Balakişiyev, Zülfüqar Məmmədov, Fuad Əfəndiyev,
Ümnisə Musabəyli, Məmmədəmin Əfəndiyev,
Əbdüləhəd Həşimov, Bahadur Eyvazov və b.
yorulmadan çalışmış, öz kamil elmi-tibbi
məktəblərini yaratmışlar.
30-cu illərin repressiyaları, 1941-1945-ci illər
Böyük Vətən müharibəsi, müharibədən
sonrakı quruculuq illərinin çətinlikləri Azərbaycan
Dövlət Tibb İnstitutundan da yan keçməmişdir. Ancaq nə qədər çətin olsa da bu illər
ərzində və sonrakı illər bu təhsil
ocağı üçün 2 tədris korpusu və bir
neçə tələbə yataqxanası binası, Elmi-Tədqiqat
Mərkəzinin binası, İdman sağlamlıq kompleksi
tikilib istifadəyə verilmiş, hazırda fəaliyyət
göstərən 11 mərtəbəli tədris
binasının təməli qoyulmuşdur.
1970-1982-ci illərdə ulu
öndər Heydər Əliyev böyük çətinliklər
bahasına keçmiş Sovetlər İttifaqının mərkəzi
şəhərlərinin aparıcı institutlarında Azərbaycan
üçün doktorantura təşkil olunmasına nail
olmuş və bunun sayəsində 30-a yaxın gənc alim
müxtəlif tibb ixtisasları üzrə doktorluq
dissertasiyası üzərində işləmək
üçün yüzlərlə gənc nəzəri və
təcrübi biliklərini təkmilləşdirməyə
ezam edilmişdir. Ulu öndərin müstəqil
Azərbaycan Respublikasına rəhbərlik etdiyi
1993-2003-cü illər ölkəmizin tarixinə və
xalqımızın yaddaşına böyük inkişaf illəri
kimi həkk olundu. 1998-ci ildə ATU-nun 11 mərtəbəli tədris
korpusu, 500 nəfərlik akt zalı tikilib istifadəyə
verildi. 2000-ci ildə Azərbaycan Tibb
Universiteti nəzdində ulu öndər Heydər Əliyevin
tövsiyəsi ilə hərbi tibb fakültəsi
yaradıldı. 2002-ci ildə ATU-nun tarixində ilk dəfə
olaraq bu ali tibb ocağının özünə məxsus
olan ilk klinikası-stomatoloji klinika təşkil edildi.
Hazırda Azərbaycan tibb elmi və
tibb təhsili sistemi sahəsində əldə edilən
bütün nailiyyətlər ölkə
başçısı cənab İlham Əliyev tərəfindən
göstərilən daimi diqqət və qayğının nəticəsində
mümkün olmuşdur. Son illər ərzində ATU-nun
beynəlxalq nüfuzu artdı, bu qabaqcıl təhsil və
elm ocağı bir sıra beynəlxalq təhsil
qurumlarının tamhüquqlu üzvü seçildi.
Hazırda ATU-nun inzibati binası, 6 tədris binası, 1700
yerlik 6 tələbə yataqxanası, 1 milyondan yuxarı kitab
fondu olan kitabxanası vardır.
On ildən artıqdır ki, universitetdə tibb təhsilinin
tədrisi kredit sistemi üzrə aparılır. “Təhsil haqqında qanun”un qəbulundan sonra təhsilin kredit sisteminə
keçidinə, həmçinin diplomdansonrakı
hazırlığın rezidentura sistemi ilə
aparılmasına əlverişli şərait yarandı. Bu
qanun elmi və pedaqoji kadrların hazırlığını
yeni qaydalar üzrə aparmağa istiqamət verdi.
Azərbaycan
Tibb Universitetinin həkim kadrları təkcə Azərbaycanda
deyil, dünyanın bir çox ölkələrində, o
cümlədən Almaniyada, ABŞ-da, Türkiyədə,
Kanadada, İran İslam Respublikasında, Rusiya Federasiyasında,
İsveçrədə və başqa ölkələrdə
uğurla fəaliyyət göstərirlər.
Məhz dövlət başçısının bu diqqət
və qayğısının nəticəsidir ki, 2007-ci ildə
daha bir klinika - Onkoloji klinika yaradıldı. Elə həmin il sentyabrın 18-də çox profilli Tədris-Terapeftik
Klinikanın təməlqoyma mərasimi oldu.
Tədris-Terapeftik Klinikanın təməlqoyma mərasimində
ölkə başçısı Perezident İlham Əliyev
və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva da iştirak etdi. Təməlqoyma mərasimində
ölkə başçısının nitqində deyilirdi:
“Mən bilirdim ki, klinikanın yaradılmasına çox
böyük ehtiyac var... Mən əminəm ki,
klinika ən yüksək dünya standartlarına cavab verəcək.
Burada çox gözəl müalicə
imkanları yaranacaqdır. Tələbələr
bu şəhərcikdə oxuyacaqlar, öz biliklərini
artıracaqlar. Beləliklə oxumaq
üçün daha yaxşı imkanlar yaranacaqdır. Bununla bərabər, ölkəmizdə müasir
klinikanın yaranması da çox böyük əhəmiyyətə
malik hadisədir”.
Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham
Əliyev və Mehriban xanım Əliyeva məhz səhiyyəmizə
göstərdikləri diqqət və qayğının nəticəsi
kimi, dəfələrlə Azərbaycan Tibb Universitetində
olublar.
Tədris-Terapeftik
Klinikanın 2010-cu il oktyabrın 1-də
açılışı oldu. Ümumi sahəsi 25000 m2 olan,
15 mərtəbəli çox profilli Tədris-Terapeftik Klinika
380 çarpayılıq 1 terapiya, 2 pediatriya, nevrologiya,
nefrologiya, heziatriya (ölkəmizdə ilk dəfə olaraq), 1
reanimasiya və 1 intensiv terapiya şöbələri ilə fəaliyyətə
başladı. Klinikada xəstəliklərin
müasir dünya standartlarına uyğun diaqnostikası,
müalicəsi, reabilitasiyası aparılır. Bunun üçün klinika Amerikanın,
Yaponiyanın, Almaniyanın, Türkiyənin, Cənubi
Koreyanın aparıcı şirkətlərinin istehsalı
olan müasir avadanlıqlarla təchiz olunub. Burada respublikanın bütün şəhər və
rayonlarından olan xəstələrə yüksək
ixtisaslı mütəxəssislər tərəfindən
tibbi xidmət göstərilir.
Respublikanın
bu şəfa ocağında xəstələrin müayinə
və müalicəsi ilə 22 tibb elmləri doktoru, 123 tibb
üzrə fəlsəfə doktoru, o cümlədən 19
professor, 49 dosent, 9 əməkdar elm xadimi, 9 əməkdar həkim,
bütövlükdə 220 yüksək ixtisaslı həkim məşğul
olur.
Onu da deyək ki, bu klinikaların yaradılmasında
akademik Əhliman Əmiraslanovun çox böyük rolu
olmuşdur. Tədris-Terapeftik Klinikaya 5 ildən artıq bir
müddətdə rəhbərlik etmiş professor Surxay
Musayevin də zəhməti xüsusi qeyd olunmalıdır.
Klinikanın vacib bölmələrindən biri Reanimasiya
və İntensiv terapiya şöbəsidir. Reanimasiya və
İntensiv terapiya şöbəsində effektiv və sürətli
reanimasiya intensiv terapiya xidmətləri göstərmək
üçün Almaniya, Cənubi Koreya istehsalı olan aparat və
cihazlardan istifadə edilir. Şöbədə
yatan xəstələr üçün 24 saat müddətində
bütün laborator testlərin icrası və instrumental
müayinələrin aparılması üçün hər
cür şərait yaradılmışdır.
Dünyanın ən inkişaf etmiş ölkələrindən
gətirilmiş aparatlarla təchiz edilmiş fizioterapiya kabinəsində
distrofik, sümük-əzələ sisteminin travma və zədələnmələri
periferik sinirlərin iltihabı xəstəlikləri, daxili
üzvlərin, mədə-bağırsaq traktının
iltihabi, sümük-əzələ sistemi, mərkəzi sinir
sistemi, hipertoniya və hipotoniya xəstəlikləri, kəskin
travmatik zədələnmələr, arteriya və
venaların xəstəlikləri, revmatoid artrit, enurez, Bexterev
xəstəliyi, yuxarı tənəffüs yollarının xəstəlikləri,
bronxial astma, LOR-üzvləri və s. xəstəliklər
müalicə olunur. Ölkəmizin bu möhtəşəm
universitet klinikasında müasir texnologiya və elmi
yanaşmaya əsaslanan dəqiq diaqnostika xidmətinin
yaradılması qarşıda əsas vəzifələrdən
biri idi. Klinikanın ən müasir
cihazlarla təchiz olunmuş, tam
avtomatlaşdırılmış klinik-diaqnostik laboratoriyası
indi yüksək peşəkarlıqlı tibbi personala malikdir
ki, onlar da Türkiyə Cümhuriyyətinin Ondokuz Mayıs
Universitetinin xəstəxanasına göndərilmiş,
planlı təcrübə kursu keçmişlər. Burada klinik biokimya, klinik mikrobiologiya, immunologiya və
allerqologiya, hemotologiya, molekulyar genetika, PZR bölmələri
fəaliyyət göstərir. Böyük
qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda
ilk dəfə olaraq Tədris-Terapeftik Klinikanın bakterioloji
laboratoriyası avadanlıq və mütəxəssisləri
ilə müasir dünya standartlarına uyğun fəaliyyət
göstərir və bu işdə ölkənin digər
klinikaları üçün mütəxəssislərin
hazırlanması ilə məşğul olur.
Klinikanın İmmunologiya və Allerqologiya bölməsində
mövcud olan Almaniyanın SİEMENS şirkətinə məxsus,
15 dəq. müddətində nəticə verə bilən,
saatda 180, eyni zamanda isə 480 test etmə imkanına malik “Advia
Centaur CP” cihazı dünyanın ən həssas immunoloji
analizatorlarındandır. Bu cihaz yüksək dəqiqliyə
malik nəticələr verdiyi üçün dünyanın
referens laboratoriyalarında mövcuddur və Terapevtik Klinikada
çoxprofilli məqsədlər üçün istifadə
edilir. Qeyd edilən cihazda hormonlar,
onkomarkerlər, autoimmun markerlər, infeksiya markerləri,
kardio-markerlər təyin edilir.
Laboratoriyada mövcud olan Almaniyanın “Karl Zeiss”
flüoressent mikroskopu İmmunoflüoressent metodların tətbiqində
istifadə olunan ən müasir mikroskoplardandır. İmmunoflüoressensiya
üsulları ilə autoimmun markerlər, xlamidiyalar,
mikoplazmalar, ureaplazmalar tətbiq edilir. Bu məqsədlə
Azərbaycanda ilk dəfə olaraq dünyanın ən
etibarlı istehsalçısı sayılan Almaniyanın
EUROİMMUN şirkətinin məhsulu olan reaktivlərdən
istifadə edilir.
Hematologiya
və Molekulyar Genetika bölməsində isə Türkiyənin
Tokra şirkətinə məxsus cihaz və Polşa
istehsalı olan avtomatik, ən qısa müddətə nəticə
verə bilən, 22 parametrli Mythic 22 cihazı müxtəlif təhlillər
aparmağa imkan verir. Mikroskopik hematoloji analizlər
(qanın və sümük iliyinin mikroskopiyası) təcrübəli
mütəxəssislər tərəfindən Yaponiyanın
OLYMPUS mikroskopunda aparılır.
Klinikanın
Şüa Diaqnostika şöbəsində müasir
dünyanın ən son tibb texnologiyasının nailiyyətlərini
özündə əks etdirən 2 ədəd distansion, tam rəqəmsal
rentgendiaqnostik sistemlə təchiz edilmiş rentgen kabinetləri,
bir mammoqrafiya kabineti və kompüter tomoqrafiyası kabineti fəaliyyət
göstərir. Angioqrafiya və angioplastika
şöbəsi müasir invaziv və müalicə tələblərinə
cavab verən Toshba İnfinix angioqrafiya cihazı ilə təchiz
edilmişdir. Angioqrafiya şöbəsində
dünyanın aparıcı kardiologiya cəmiyyətləri və
o cümlədən Azərbaycan Kardiologiya Cəmiyyətinin
müəyyən etdiyi ürək xəstəliklərinin
müayinə və müalicə üsullarına uyğun
müalicə tədbirləri aparılır.
Şöbədə
kardiologiya ixtisası üzrə təhsil almış təcrübəli
invaziv kardioloqlar tərəfindən diaqnostik məqsədlərlə
və kəskin koronar sindromlar zamanı ürəyin koronar
angioqrafiyası, ürək boşluqlarının
kateterizasiyası, koronar angioplastika, ürək
qapaqlarının perkutan balon valvuloplastikası, aritmiya
müalicəsində müvəqqəti və daimi peysmaker
implantasiyası, implantable kardioverter defibrilator (İCD) yerləşdirilməsi,
ürək çatışmazlığı müalicəsində
kardiak resinxronizasiya (CRT) terapiyası, periferik damar
angioqrafiyası, angioplastikası və digər müayinə
və müalicə tədbirləri aparılmaqdadır.
Müasir
tələblərə uyğun olaraq angioqrafiya şöbəsi
24 saatlıq iş rejimində xidmət göstərir. Şöbənin əməkdaşları
seminarların, mühazirələrin aparılmasında,
rezidentlərin ixtisas artırılmasında, o cümlədən
Azərbaycan Kardiologiya Cəmiyyətinin tədbir və
proqramlarında aktiv iştirak edir.
Klinikanın funksional kardiologiya şöbəsində
müasir Exokardiodoppleroqrafiya, EKQ-nin Holter metodu ilə
sutqalıq monitorlaşması, uşaqlarda, yeniyetmələrdə
və böyüklərdə ürək kameralarının
qapaqlarının vəziyyəti, miokardın işi real
zamanda qiymətləndirilir. Xəstələrdə
işemiya olan nahiyədə seqmentar yığılma
qüsuru, ürəyin xarici qişasının-perikardın xəstəlikləri,
onun qalınlaşması, perikardda maye toplanması aşkar
olunur.
Klinikanın efferent terapiya mərkəzi müasir
cihazlarla təchiz olunmuşdur. Mərkəzdə
planlı və təxirəsalınmaz nefroloji tibbi yardıma
ehtiyacı olan böyrəyin xronik xəstəlikləri, kəskin
böyrək zədələnmələri və xronik
böyrək çatışmazlığının kəskinləşməsindən
əziyyət çəkən olan xəstələrə
hemodializ, hemofiltrasiya, ultrafiltrasiya aparılır.
Klinikada müalicə işi ilə yanaşı, tədris
prosesi də təşkil olunmuş, 12 klinik kafedra
yaradılmışdır. Eyni vaxtda multimedia
sistemi ilə təchiz olunmuş 8 mühazirə zalı fəaliyyətdədir.
Kompüterləşdirilmiş 70-ə qədər
dərs otağında universitetin III-VI kurs tələbələrinə
terapiya, pediatriya, nevrologiya, ailə təbabəti, klinik
farmakologiya, fizioterapiya, şüa diaqnostikası, anesteziologiya
və reanimasiya fənləri tədris olunur. Bundan əlavə, klinikada rezidentura və doktorantura
xətti ilə yüksək ixtisaslı kadrların
hazırlanması həyata keçirilir.
Burada xarici ölkələrin qabaqcıl klinikaları və
dünyanın görkəmli tibb mütəxəssisləri
ilə video bağlantı qurub müzakirələr aparmaq, məsləhətlər
almaq mümkündür. Bütün tədris prosesinin əyaniliyini
artırmaq üçün 18 mürəkkəb xəstəliyi
və onların çoxsaylı fəsadlaşmalarını
modelləşdirmək imkanına malik, Amerikadan gətirilmiş
robot simulyatorlar quraşdırılaraq Tibbi treninq mərkəzi
yaradılmışdır.
Klinika Səhiyyə Nazirliyinin diqqət və
qayğısı ilə əhatə olunmuşdur. Onu da qeyd edək
ki, universitet rəhbərliyi də klinikanın bütün
problemləri ilə yaxından maraqlanır və onların dərhal
həllinə səy göstərir.
Bir sözlə, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik
Klinikası ölkənin dünya standartlarına cavab verən
şəfa ocaqlarından biridir. Fikrimizcə, səhhətində
yaranan hər hansı bir problemlə bağlı buraya üz
tutan hər kəs öz sağlamlığına qovuşa
biləcəkdir.
Fəxrəddin
MƏmmƏdov, Azərbaycan Tibb Universitetinin professoru.
Respublika.- 2017.- 4 iyun.- S.5.