HEYDƏR ƏLİYEV VƏ
TÜRK DÜNYASI
(əvvəli 5, 6 və 9 may tarixli
saylarımızda)
Zirvə
görüşünü açan və onun
iştirakçılarını səmimi salamlayan
ümummilli lider Heydər Əliyev belə tarixi əhəmiyyətli
toplantının ölkəmizdə keçirilməsini
respublikamızın ictimai, siyasi və mədəni həyatında
çox böyük hadisə adlandırdı, türkdilli
dövlətlərin başçılarının VI zirvə görüşünün türk
xalqlarının mədəni irsinin qədim və ayrılmaz
hissəsi sayılan Azərbaycan xalqının tarixi eposu
“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin
geniş qeyd olunması ilə bir vaxta
düşdüyünü sevindirici hal kimi qiymətləndirdi
və sözü V Zirvə görüşünün sədri
Qazaxıstan Respublikasının Prezidentinə verdi. N.Nazarbayev isə toplantı
iştirakçılarını təbrik edərək VI Zirvə
görüşünün sədrliyinin bütün
iştirakçılar adından Azərbaycan
Respublikasının prezidenti Heydər Əliyevə verildiyini
elan edərək bildirdi ki, qardaşcasına qonaqpərvərliyinə
görə Azərbaycan xalqına və belə mehriban
münasibətə, bu görüşün gözəl təşkilinə
görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdardır.
Zirvə görüşündə
çıxış edən Qırğızıstan
prezidenti Ə.Akayev, Türkiyə prezidenti S.Dəmirəl,
Türkmənistan Məclisinin sədri S.Muradov və Özbəkistan
Respublikası Ali Məclisinin sədri E.Xəlilov XXI əsrdə
türk dünyası qarşısında duran məsələlər
ətrafında maraqlı fikirlər söylədilər
və görüşün yüksək səviyyədə təşkil
edildiyini xüsusi olaraq vurğuladılar.
Aprelin 8-də “Gülüstan” sarayında
türkdilli ölkələrin dövlət
başçılarının VI Zirvə
görüşünün sonunda Bakı bəyannaməsinin
imzalanması mərasimi oldu.
17 maddədən ibarət
Bakı bəyannaməsinin demək olar ki, bütün maddələrində
belə bir yekdil fikir öz əksini tapdı ki, türkdilli
dövlət başçılarının Bakı
görüşü yüksək səviyyədə,
qarşılıqlı anlaşma və etimad ruhunda
keçmiş, faydalı olmuşdur. Bəyannaməyə
diqqətlə nəzər saldıqda açıq-aşkar
görmək olar ki, onun bütün maddələrində Heydər
Əliyev ruhu və qayəsi hökm sürür, 4-cü maddədə
isə Böyük İpək Yolunun əhəmiyyətindən
danışarkən bu yolun bərpasının daha
çox Heydər Əliyevin xidmətinin bəhrəsi
olduğu xüsusi olaraq qeyd edilir. Burada oxuyuruq: “Dövlət
başçıları tarixi İpək Yolunun bərpasına
dair 1998-ci ilin sentyabrında Bakı şəhərində
beynəlxalq konfransın keçirilməsində,
“Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair beynəlxalq
nəqliyyat haqqında əsas çoxtərəfli saziş”
imzalanmasında Azərbaycan Respublikası Prezidentinin rolunu
yüksək qiymətləndirmiş və konfransda qəbul
olunmuş sənədləri habelə bundan əvvəl əldə
edilmiş və ixrac-idxal yüklərinin maneəsiz keçməsini
təmin etmək üçün əlverişli şərait
yaradılmasına yönəldilmiş razılaşmaları
yerinə yetirmək əzmində olduqlarını bildirmişlər”.
***
XX əsrin son ili — 2000-ci il 250 milyonluq Türk
dünyasının çoxəsrlik tarixində iki
böyük hadisənin təntənə ilə qeyd edildiyi əlamətdar
il oldu. Bu gün bir daha qəti inamla demək
olar ki, keçən əsrin sonunda artıq türk
dünyasının lideri olduğu heç kəsdə
şübhə doğurmayan Heydər Əliyevin bilavasitə
rəhbərliyi və yüksək təşkilatçılığı
ilə həyata keçirilmiş hər iki tədbir həqiqətən
də dünya türklərinin həyatında əsl bayrama
çevrildi.
Tədbirlərdən birincisi
türkdilli dövlətlərin VI zirvə
görüşünün, ikincisi isə “Kitabi-Dədə
Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş təntənəli
yubiley gecəsinin aprelin 8 və 9-da Bakı şəhərində
keçirilməsindən ibarət olmuşdu. Onu da qeyd edək ki, hər iki tədbirin
keçirilməsinə respublikanın ali rəhbərliyi səviyyəsində
ən ciddi hazırlıq işləri
görülmüşdü. Bu işə 1999-cu ilin əvvəlindən
başlanmış və Azərbaycan Respublikası
Prezidentinin 21 fevral 1999-cu il tarixli 98 saylı sərəncamı
ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik
yubileyi üzrə Dövlət Komissiyası yaradılmış
və onun geniş tədbirlər planı təsdiq
olunmuşdu. Bundan bir qədər sonra isə “Türkdilli
dövlət başçılarının VI zirvə
görüşünün Azərbaycanda keçirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 aprel 1999-cu
il tarixli 121 saylı sərəncamı mətbuatda dərc
edilmişdi.
Belə bir cəhəti də
qeyd etmək yerinə düşər ki, hələ
türkdilli dövlətlərin VI zirvə
görüşünün öz işinə başlaması ərəfəsində
belə türk dövlətləri arasında ikitərəfli
münasibətləri daha da inkişaf etdirmək məqsədilə
görülən işlər ara verməmişdi. Məsələn, Qazaxıstanın prezidenti
N.Nazarbayev aprelin 7-də Bakıya rəsmi görüşə
gəlmiş və Azərbaycan Prezidenti Heydər Əliyevlə
danışıqlar aparmışdı. Prezidentlərin təkbətək
görüşündə Azərbaycan ilə Qazaxıstan
arasında dostluq, əməkdaşlıq münasibətlərinin
gündən-günə genişlənməsi
və möhkəmlənməsinin hər iki tərəf
üçün çox faydalı olduğu məmnuniyyətlə
nəzərə çarpdırılmış, beynəlxalq əməkdaşlığın
parlaq nümunəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
çəkilməsi ilə bağlı 1998-ci ilin oktyabrında
qəbul edilmiş Ankara bəyannaməsinin,
1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə
görüşü zamanı imzalanmış sazişin tarixi
əhəmiyyət daşıdığı qeyd olunmuş,
tarixi İpək yolunun bərpasına dair Avropa Birliyinin himayəsi
altında 1998-ci ilin sentyabrında 32 ölkənin və 15
beynəlxalq təşkilatın iştirakı ilə
Bakıda keçirilmiş beynəlxalq
konfransdan sonra TRASEKA (Avropa-Qafqaz-Asiya-Transqafqaz nəqliyyat dəhlizi.
— redaksiya) proqramının həyata keçirilməsi sahəsində
görülmüş işlər yüksək qiymətləndirilmiş,
Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə
dünya bazarına nəqlinin böyük səmərə
verəcəyi göstərilmişdi.
Elə həmin gün Prezident Sarayında
geniş tərkibdə Azərbaycan-Qazaxıstan
danışıqları olmuşdur. Hər iki
ölkə prezidentinin başçılıq etdiyi nümayəndə
heyətlərinin apardığı bu danışıqlarda
iki qardaş ölkə arasında münasibətlərin
yalnız yüksələn xətt üzrə inkişafı
razılıqla vurğulanmış və göstərilmişdi
ki, 2000-ci ilədək tərəflərin imzalamış olduğu
50-dən çox dövlətlərarası, hökumətlərarası,
idarələrarası sənədlər müvəffəqiyyətlə
yerinə yetirilməkdədir. Danışıqlar zamanı
ekspertlər tərəfindən hazırlanmış və əməkdaşlıq
üçün yeni yollar açacaq, dost dövlətlər
arasında müqavilə-hüquqi bazanı tamamlayacaq daha 10 sənədin
tezliklə imzalanacağı barədə razılıq əldə
edildi. Bundan sonra isə ikitərəfli Azərbaycan-Qazaxıstan
sənədlərinin imzalanması mərasimi oldu. Azərbaycan
Prezidenti Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan
Nazarbayev birgə bəyanat imzaladılar.
Türkdilli dövlətlərin
başçılarının VI Bakı görüşündə
qəbul olunmuş “Bakı bəyannaməsi”ndə nəzərdə
tutulduğu kimi, 2001-ci il aprelin 26-da İstanbulun məşhur
Çırağan sarayında türkdilli ölkələrin
dövlət başçılarının VII zirvə
görüşü öz işinə başladı. Görüşdə Türkiyə prezidenti
Əhməd Necdət Sezər, Azərbaycan Prezidenti Heydər
Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev,
Qırğızıstan prezidenti Əsgər Akayev, Türkmənistan
prezidenti Saparmurad Niyazov, Özbəkistan Ali Məclisinin sədri
Erkin Xəlilov iştirak edirdilər. Görüşün
İstanbulda keçirilməsi bir daha göstərdi ki,
böyük Türkiyə dövləti özünün
banisinin vəsiyyətlərinə sadiq qalaraq türk dövlətləri
başçılarının ənənə şəklini
almış görüşlərində ani fasilə belə
yaranmaması üçün nə lazımdırsa etmiş,
görüşün dolğun, məzmunlu olması və
səmərəli nəticələrlə
yekunlaşdırılmasına cavab verən sənədlər
hazırlanmasına nail olmaqdan ötrü ciddi səy göstərmişdi.
Ev sahibi kimi Zirvə
görüşünü Türkiyə Cümhuriyyətinin
prezidenti Əhməd Necdət Sezər giriş sözü ilə
açaraq türk dünyasının liderlərini və
onları müşayiət edən nümayəndə heyətlərini
səmimiyyətlə salamladı, Zirvə görüşlərinin
keçirilməyə başlandığı 9 il
müddətində qardaş ölkələr arasında ikitərəfli
əlaqələrin, çoxtərəfli işbirliyinin
genişləndirilməsi sahəsində böyük irəliləyişlər
olduğunu vurğuladı.
Dünyanın ən gözəl
şəhərlərindən biri olan İstanbulda, qonaqpərvər
Türkiyə torpağında türkdilli ölkələrin
başçılarının VII Zirvə
görüşünün işə başlaması
münasibətilə sammit iştirakçılarını
ürəkdən salamlayan Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev belə görüşlərin
ənənəvi xarakter almasını yüksək dəyərləndirərək
ona müvəffəqiyyətli iş arzuladı və əmin
olduğunu bildirdi ki, “XXI” əsr dövlətlərimiz
üçün sabitlik, dinamik inkişaf, konstruktiv siyasi
dialoq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq,
xalqlarımız üçün isə ictimai tərəqqi
və rifah əsri olacaqdır. Bütün bunlara biz, əldə
etdiyimiz tarixi nailiyyətlərin — milli
azadlığımız, dövlət müstəqilliyimiz və
müştərək işbirliyimizin daha da möhkəmləndirilməsi
nəticəsində nail olacağıq” (Dirçəliş-XXI
əsr, 2001, N-939, səh. 4).
Heydər Əliyev öz
çıxışında XX əsrdə türk xalqları
və dövlətləri tərəfindən
görülmüş işlərdən və yeni əsrdə
onların qarşısında duran konkret vəzifələrdən
ətraflı danışdıqdan sonra sözlərini
müdrikcəsinə deyilmiş aşağıdakı kəlamlarla
bitirir:
“Əminəm ki, Türkdilli
Dövlətlərin Birliyinin VII İstanbul zirvə
görüşü bizim dostluq və
qardaşlığımızın möhkəmlənməsinə,
türkdilli dövlətlər və xalqlar arasında
çoxtərəfli əlaqələrin inkişaf etməsinə
qiymətli töhfə verəcəkdir” (yenə orada, səh.
8).
Şübhə edilməməlidir
ki, “Türkdilli Dövlətlər Birliyi” ifadəsi də təsadüfi
deyilməmişdir. Çünki belə bir regional beynəlxalq
təşkilatın daimi işləyən yekdil nüfuzlu beynəlxalq
qurum kimi formalaşması və fəaliyyət göstərməsi
Heydər Əliyevin çoxdankı arzusu idi.
1982-ci ildə Y.Andropovun dəvəti və təklifi
ilə Moskvaya aparılan Heydər Əliyev Siyasi Büro
üzvü oldu və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsinə təyin edildi. Beləliklə
o, nəhəng Sovet imperiyasının yüksək rəhbər
eşalonunda yeganə türk oğlu idi. Burada o, SSRİ-də
yaşayan bütün türkdilli xalqların ümidgahına
çevrilmişdi. Heydər Əliyev irticaçı rus
şovinizminin qabağında özünü sipər
etmişdi. Mixail Qorbaçovun rəhbərliyi dövründə
elə bir milli məsələ olmamışdır ki, onun
müzakirəsində Heydər Əliyev öz açıq,
prinsipial sözünü deməmiş olsun.
Xarakterik bir misalı yadınıza
salırıq.
“Heydər Əliyev DTK-dakı
dostlarından öyrənmişdi ki, Qorbaçov Stalinin
türklərə qarşı yeritdiyi qanlı siyasətini —
türk xalqlarını öz vətənlərindən
sürgün etmək siyasətini davam etdirmək istəyir.
Əliyev ona qarşı çıxmışdı. Lakin o
susmuşdu. Onların ilk toqquşması sonralar —
Qazaxıstanın rəhbəri Kunayevin vəzifədən
götürülməsi məsələsində baş
vermişdir. Bu məsələ Siyasi Büroda həll edilərkən
Heydər Əliyev sərt şəkildə Qorbaçova
demişdi: “Nə üçün Kunayevi vəzifədən
götürmək istəyirsən?”
“Yerinə Gennadi Kolbini qoymaq istəyirəm”, —
deyə Qorbaçov cavab vermişdir; “Nəyə görə
Qazaxıstanda — bir türk respublikasında vəzifəyə
rus gəlməlidir? Qazaxların rəhbəri qazax
olmalıdır. Rusların türk rəbbəri varmı?
Kunayev 22 ildir Qazaxıstana rəhbərlik edir. Mən sənin
namizədin Kolbini yaxşı tanıyıram, işə
yaramayan, bacarıqsız bir adamdır”, — deyə Heydər
Əliyev fikrini axıra kimi demişdir.
Qorbaçov bu sözlərin müqabilində
bərk əsəbləşir, lakin yenə də Kolbini irəli
çəkir. Həmin Büroda Heydər Əliyevi müdafiə
edən olmur.
Qorbaçov Qazaxıstandan sonra Azərbaycana əl
atır. Heydər Əliyev onun Azərbaycana qərəzli,
şovinist münasibətlərinə dözə bilmir və
Qorbaçova deyir: “Azərbaycanı qarışdırmağa
yol verməyəcəyəm”. O isə səsini qaldıraraq
Əliyevə deyir: “Sən Azərbaycanın işlərinə
qarışma”.
Heydər Əliyev bu həyasız notadan hiddətlənir:
“Nə demək istəyirsən? Mən azərbaycanlıyam”,
— deyərək hirslə yerindən qalxıb Qorbaçovun
üstünə yeriyir. Onun qoluna girib Siyasi Büronun
toplaşdığı salondan çıxarırlar.” (“Heydər
Əliyevin bioqrafiyası” kitabı, 1988, səh. 52).
Əlavə edək ki, həmin
biabırçı Büroda Heydər Əliyev
Qazaxıstanın birinci katibi vəzifəsinə o zaman
respublikanın Nazirlər Sovetinin sədri işləyən
N.Nazarbayevi təklif etmişdi.
Əliyevin uzaqgörənliyi, Qorbaçova xəbərdarlığı
həyatda öz təsdiqini tezliklə tapdı. Qazaxıstan əhalisi,
xüsusilə gənclər Siyasi Büronun bu şovinist
addımını sərt qarşıladılar. Kolbin uzaq gedə
bilmədi. Nəticədə Nazarbayev ölkənin birinci
şəxsi postuna gəlməli oldu.
Doğrudur, son məqamda Heydər Əliyev
özü də rus şovinizminin qurbanı oldu. Lakin o, büdrəsə də, yıxılmadı.
İmperiyanın o zamankı partiya bossları tarixin
arenasından silinib getdilər. Öz xalqının sevimli
lideri Heydər Əliyev isə yenidən Azərbaycanda hakimiyyətə
gəlib onun müstəqilliyini qorudu və milli dövlətçiliyimizin
inkişafı üçün son dərəcə əhəmiyyətli
olan yeni tarixi mərhələnin əsasını qoydu.
Bu gün qeyri-rəsmi məlumatlara görə
Yer kürəsinin müxtəlif guşələrinə səpələnmiş
250 mln. türk yaşayır. Ancaq bununla belə, ötən əsrin
sonlarına kimi onların ancaq bircə dövlətləri var
idi - Türkiyə Respublikası.
1991-ci ildə mənfur Sovet imperiyasının
çürüyüb çökməsindən sonra daha 6
türk respublikası müstəqillik qazandı və BMT-nin
tam səlahiyyətli üzvü oldu. Heydər Əliyev
Türkiyədəki çıxışlarından birində
(1994) Atatürkün məşhur fikirlərini xatırlayaraq
deyir:
“Burada mən Mustafa Kamal
Atatürkün çox dəyərli bir fikrini yadınıza
salmaq istəyirəm, çünki onun bu fikri Türkiyənin
üzərinə düşən vəzifələrin
çox böyük olduğuna və Mustafa Kamal
Atatürkün çox uzaqgörən bir şəxsiyyət
olduğuna dəlalət edir. O, Türkiyə
Cümhuriyyətinin 10-cu ildönümü münasibəti ilə
çıxışında demişdir: “...Bu gün Sovet
İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir.
Lakin sabah nə olacağını bu gün heç kim müəyyən
edə bilməz... Dünya yeni bir müvazinətə
keçə bilər. O zaman Türkiyə nə edəcəyini
bilməlidir. Bizim bu dostumuzun idarəçiliyi altında dili
bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır.
Onlara sahib çıxmağa hazır olmalıyıq. ...Onların
bizə yaxınlaşmasını gözləyə bilmərik.
Bizim onlara yaxınlaşmamız lazımdır”.
İndi həmin dövran gəlib
çatıbdır...”
Türkiyə Respublikası bu
yeni dünya düzənində öz tarixi missiyasını
bütün sivil vasitələrlə uğurla yerinə yetirməkdədir.
Ötən əsrin 90-cı illərindən (1993)
başlayaraq hər il Türkiyədə çox yüksək
səviyyədə keçirilən Türk Dövlət və
Topluluqları Dostluq, Qardaşlıq və
İşbirliyi qurultayları artıq böyük bir ənənəyə
çevrilmişdir.
Heydər Əliyev hər dəfə bu
böyük tədbiri diqqətlə izləmiş, onun fəaliyyətini
yüksək qiymətləndirmişdir. Onun bu
qurultayların işinə verdiyi qiymət təbrik məktubunda
öz gözəl əksini tapmışdır: “1993-cü ildən
bu yana hər il qardaş Türkiyə Cümhuriyyətinin
himayəsi ilə keçirilən forumlar eyni etnik soya, kökə,
müştərək tarixə, dil, din və mədəniyyətə
malik xalqlarımızın bir-birinə daha da
yaxınlaşmasına, hər cür işbirliyinin genişlənməsinə
və Türk Dünyasının milli-mənəvi
bütövlüyünə xidmət göstərməkdir.
Antitürk siyasəti yeridən müxtəlif
qüvvələr uzun illər qardaş xalqlarımızı
bir-birindən ayrı yaşamağa, öz möhtəşəm
keçmişindən və böyük mədəni
mirasından təcrid etməyə
çalışmışlar. Fəqət tarix boyu bəşəriyyət
sivilizasiyasında misilsiz rol oynamış yenilməz türk əzmini
qırmaq, türk ruhunu sarsıtmaq kimsəyə qismət
olmamışdır.
...Qlobal siyasi olaylarla zəngin
çağdaş dünyamızda üzərimizə
düşən tarixi vəzifələri hər birimiz
anlayaraq, işdə, əməldə, fikirdə birlik
ideyasının gerçəkləşməsi
üçün əlimizdən gələnləri yerinə
yetirməliyik.
Əmin olun ki, müstəqil Azərbaycan
Respublikası özünün daxili və xarici siyasətində
hər zaman bu mövqeyə sadiq qalacaq, Türk
Dünyasının siyasi, iqtisadi və mədəni yüksəlişinə
xidmət edəcəkdir.”
Respublikamızın bütün Türk
Dünyası ilə, xüsusən də Türkiyə
Cümhuriyyəti ilə günü-gündən zənginləşən
parlaq, səmərəli əlaqələri göz
önündədir.
Heydər Əliyevin türk dövlətləri
birliyi məsələlərinə daha fəal mövqedən
yanaşmasını çox gözləmək lazım gəlmədi.
O, Məhəmməd Füzulinin anadan
olmasının 500 illiyi ilə əlaqədar
keçirilmiş müxtəlif tədbirlərdə nəinki
fəal təşkilatçı, iştirakçı kimi, həm
də türk dövlət və xalqlarını birliyə
çağıran fəal və mübariz təbliğatçı
kimi çıxış edirdi. Hələ
1994-cü il noyabrın 1-də Ankara
yaxınlığındakı Bilkənd Universiteti şəhərciyində
keçirilmiş yubiley şənliklərində
çıxış edərkən Heydər Əliyev
Türkiyə Cümhuriyyətinin və türk
xalqının şanlı tarixinə müraciət edərək
bütün türk dünyasını bu tarixdən ibrət
dərsi götürməyə çağırır və
deyirdi: “Türkiyə xalqının böyük tarixi var.
Türkiyə Cümhuriyyətinin yaranmasından 71 il
keçmişdir. Ötən əsrlərdə də,
cümhuriyyət dövründə də Türkiyə,
Türkiyə xalqı daim türk dünyası ücün
örnək olmuşdur. Dahi insan, böyük
öndər Mustafa Kamal Atatürkün yaratdığı
Türkiyə Cümhuriyyəti 71 il ərzində
türkün, türk dünyasının, türk
xalqının nəyə qadir olduğunu bütün
dünyaya əyani şəkildə nümayiş
etdirmişdir”.
Ertəsi gün Türkiyə
prezidenti Süleyman Dəmirəlin anadan olması günü
münasibətilə “Çankaya” köşkündə
keçirilən görüşdə isə Heydər
Əliyev S.Dəmirəlin 40 illik ictimai-siyasi fəaliyyətini
təkcə Türkiyəyə, türk xalqına deyil, həm
də türk dünyasına xidməti baxımından
qiymətləndirərək deyirdi: “Siz böyük hörmət,
ehtiram və məhəbbət qazanmısınız. Təkcə Türkiyədə yox, bütün
türk dünyasında Siz böyük dövlət xadimi,
ictimai-siyasi xadim və türk dünyasının
inkişafı üçün yorulmaz bir insan kimi
tanınırsınız... Əmin olduğumu bildirmək istəyirəm
ki, hələ bundan sonra da bir çox illər Siz Türkiyə Cümhuriyyətinə etibarlı
rəhbərlik edəcəksiniz, onun gələcək
yollarının sükançısı olacaqsınız, təkcə
Türkiyənin yox, türk dünyasının, türk
dövlətlərinin bir-birinə yaxın olması
üçün böyük xidmətlər göstərəcəksiniz”.
Deməli, Heydər Əliyev türk dövlətləri
başçılarının fəaliyyətini öz ölkələrini
tərəqqi, sülh, demokratiya, rifah yoluna çıxarmaqla
yanaşı, həm də türk dünyasının,
türk dövlətlərini bir-birinə
yaxınlaşdırmaq baxımından qiymətləndirir, bu
yaxınlaşmanı və birliyi əsas meyarlardan biri
hesab edirdi.
Türkdilli dövlətlər arasında əlaqələrin
gücləndirilməsində, o cümlədən türk
xalqlarının bir-birinə getdikcə daha çox
yaxınlaşmasında, heç şübhəsiz, XX əsrin
sonları mühüm bir dövr təşkil edir. Təkcə
1996-cı ildə bu sahədə o qədər çoxşaxəli,
rəngarəng işlər görülmüşdür ki,
onlar sadəcə sadalansa böyük bir siyahı alınar. Həmin siyahının başında YUNESKO-nun qərarı
ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin
500 illik yubileyi ilə əlaqədar müxtəlif ölkələrdə
və müxtəlif səviyyələrdə keçirilən
və nəhayət ilin sonunda şairin vətənində
Bakıda və Azərbaycanın digər şəhərlərində
yekun vurulan təntənəli yubiley şənlikləri
dayanır. Görün, bu tədbirlərin çoxşaxəliliyi
və beynəlxalq səviyyədə qeyd olunması Heydər
Əliyevin iftixarla söylədiyi aşağıdakı
sözlərlə necə də hamahəng səslənir: “Məhəmməd
Füzulinin 500 illik yubileyi üç ildir ki, Azərbaycanın
hər bir guşəsini fəth edibdir və dünyanı
dolaşır... Məhəmməd Füzulinin yubileyi təkcə
Azərbaycanda yox, dünyanın bir çox ölkələrində
təntənəli surətdə keçirilmişdir. Türkiyədə-Ankarada, Rusiyada-Moskvada,
İraqda-Bağdadda, Kərbəlada, Kərkükdə,
İranda-Tehranda, Gürcüstanda, Qazaxıstanda, Özbəkistanda,
Dağıstanda, Dərbənddə, Mahaçqalada, Parisdə,
YUNESKO-nun baş qərargahında Məhəmməd
Füzulinin 500 illik yubileyi ilə əlaqədar təntənələr,
mərasimlər keçirilib, Məhəmməd
Füzulinin yaradıcılığı, onun irsi geniş təbliğ
olunub və bütün dünyaya
çatdırılıbdır”.
(davamı növbəti
saylarımızda)
İsmayıl VƏLİYEV
Respublika.-
2017.- 4 iyun.- S.3