UŞAQLARIN PROBLEMLƏRİ SİSTEMLİ ŞƏKİLDƏ MEDİANIN GÜNDƏMİNƏ DAŞINMALIDIR

Ancaq ekspertlər hesab edir ki, zəruri hallarda gizlilik və ya addəyişmə prinsipləri gözlənilməlidir

 

(...əvvəli ötən sayımızda)

 

Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Ancaq bəzi ekspertlər hesab edir ki, son zamanlar mətbuat uşaqların tərbiyəsi, asudə vaxtlarının təşkili ilə bağlı mövzulara toxunmur. Sanki uşaqlar ümumilikdə cəmiyyətin diqqətindən kənarda qalıb. Bu baxımdan ekspertlər mətbuatda uşaq problemlərinin işıqlandırılmasına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayır. Onlar hesab edir ki, uşaqların hüquqlarından yalnız hansısa əlamətdar günlərdə və ya layihələrin təqdimatı zamanı danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır. Çünki uşaqlar bizim gələcəyimizdir.

 

Biz də bu sahədə hansısa çatışmazlıqlar olub-olmadığını araşdırmaq üçün bir sıra media nümayəndələri ilə əlaqə yaradaraq uşaqla bağlı problemlərin mediada işıqlandırılmasının hansı səviyyədə olduğunu araşdırmağa çalışdıq.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı vəzifəsini icra edən Vüqar Zifəroğlunun sözlərinə görə, peşə etikası ilə bağlı qəbul edilmiş tövsiyə xarakterli beynəlxalq sənədlərdə belə, uşaq hüquqları və media mövzusuna ciddi önəm verilir: "Təbii ki, ölkə mediasında bəzi neqativ hallara rast gəlmək olar. İstər görüntülərin yayımlanması, istərsə informasiya təqdim edilərkən hadisədə adı keçən azyaşlı barədə dəqiq məlumatların geniş auditoriyaya çıxarılması peşə qaydalarının kobud pozuntusu kimi qiymətləndirilə bilər. Unutmaq olmaz ki, bir çox hallarda hətta biz böyüklərin qəbul etməkdə çətinlik çəkdikləri neqativ hadisələrlə bağlı körpə fidanların da adlarının olduğu kimi verilməsi və ya şəkillərinin yayımlanması, onların kövrək ruhunu necə zədələyər, gələcəklərinə necə mənfi təsir göstərə bilər”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin sözlərinə görə, yalnız uşaqlarla bağlı problemlər deyil, ümumilikdə cəmiyyətdə olan bütün sosial problemlər ictimai müzakirəyə nə qədər çox çıxarılsa, bir o qədər də çox həmin problemlərdən effektiv müdafiə mexanizmləri qurula bilər:

 

"Uşaqların hansısa hüquqi və ya sosial problemləri doğrudan da cəmiyyəti narahat edəcək səviyyədədirsə, həmin mövzunun mütəmadi olaraq qabardılmasına ehtiyac var. Həm də ki, bu problemlər sadəcə informativ xarakterli deyil, ayrı-ayrı ekspertlərlə müzakirə səviyyəsində gündəmə gətirilməlidir. Çünki bir sıra hallarda ictimaiyyətin müzakirəsinə çıxarılmayan problemlərin varlığından rəsmilər və ya aidiyyəti qurumlar xəbərdar olmurlar. Bu baxımdan, uşaqları narahat edən məsələlər sistemli şəkildə medianın gündəminə daşınmalıdır”.

 

Media ekspertinin sözlərinə görə, uşaqlarla bağlı yazılar mediada işıqlandırılarkən bu addım onların hüquqları çərçivəsində atılmalıdır: "Uşaqları şəxsiyyətinə yönələn zərərlərdən qorumaq üçün spesifik yanaşma olmalıdır. Yəni cəmiyyətdə uşaqlarla bağlı narahatlıq doğuran problemlər işıqlandırılmalı və bu zaman təməl hüquqlar pozulmamalıdır. Zəruri hallarda gizlilik və ya addəyişmə prinsipləri gözlənilməlidir. Kriminal xəbərlər hazırlayan zaman ümumiyyətlə, medianın məsuliyyəti ikiqat artıq olmalıdır. Burada həm zərər görənlərin yaşının 18 yaşdan aşağı olması onları qorumanı zəruri edir, həm də şübhəli kimi saxlanılır. Bizim jurnalistlər 2-ci halda, yəni zərər verən kimi şübhəli qismində saxlanan və ya istintaqa cəlb edilənləri demək olar ki, heç vaxt qorumur və onların hətta kamera önündə "etiraf”larını yayırlar. Mən bunu çox sıx müşahidə edirəm. Hesab edirəm ki, bu yanlışlıqlar aradan qaldırılmalı və uşaq hüquqları media etikası - jurnalist etikasının əlifbası olmalıdır və hər bir jurnalist bu məsələyə diqqət göstərməlidir”.

 

"Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı ekspertlərin iddiasını nə təsdiq, nə də təkzib edə biləcəyini deyib: "Bildiyim bir şey var ki, Azərbaycan mediası bilərəkdən uşaqlarla bağlı problemləri diqqətdən kənarda saxlamırlar”.

 

A.Camalqızının sözlərinə görə, istənilən halda ekspertlərin bu narahatlığı ciddiyə alınmalı və bundan sonra media nümayəndələri uşaqların hüquqi-sosial problemləri ilə bağlı mövzulara daha çox diqqət ayırmalı və onların maarifləndirilməsi istiqamətində atılan addımlara öz töhfəsini verməlidir: "Uşaqlar bizim gələcəyimizdir. Biz öz cəmiyyətimizi qorumaq üçün hərtərəfli sağlam gənclik yetişdirməliyik. Media olaraq biz hər zaman uşaq problemlərinin həlli ilə məşğul olan, bu sahədə müəyyən layihələr həyata keçirən dövlət orqanları, vətəndaş cəmiyyətlərinin iştirakı ilə bu mövzunu diqqətdə saxlamağa hazırıq”.

Aynur xanım deyib ki, uşaqlarla bağlı cəmiyyəti narahat edən problemlərin mətbuatda işıqlandırılaraq aidiyyəti qurumların diqqətinə çatdırılması hər zaman effekt verib və bundan sonrakı mərhələdə belə olacaq: "Ümumilikdə, cəmiyyəti narahat edən sosial problemlərin mətbuatda müzakirəyə çıxarılması və işıqlandırılması həmin məsələyə aidiyyəti orqanların diqqətini yönəltmək üçün mühüm faktordur. İstənilən halda mətbuatın toxunduğu mövzu rezonans doğurur və dövlət orqanlarında, ictimai təşkilatlarda müzakirə obyektinə çevrilir. Həmin problemin həlli yolları axtarılır. Xüsusən də, müvafiq dövlət strukturları həmin problemi aradan qaldırmağa çalışırlar və bir çox hallarda da buna nail olunur. Bu baxımdan deyə bilərəm ki, medianın uşaqlar və ya cəmiyyətin digər təbəqələri ilə narahatlıq doğuran hansısa problemə toxunmasını effektiv bir hal kimi dəyərləndirirəm. Uşaqların problemləri ilə məşğul olmaq gələcəyin təməlini qoymaq deməkdir. Gələcək məfhumu isə mücərrəd bir anlayış deyil. Gələcək bugünkü uşaqlardır və biz onların problemlərinin həlli ilə nə dərəcədə məhəbbətlə, qayğı ilə məşğul olacağıqsa, gələcəyin təməli də o dərəcədə möhkəm və sağlam olacaq”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə jurnalistlərə qarşı bu cür ittihamların səsləndirilməsinin birinci dəfə olmadığını deyib: "Güc strukturlarının rəhbərləri də iddia edirlər ki, bəzi hallarda jurnalistlər dövlət sirrini yayırlar. Sual yaranır: dövlət sirrini qorumalı olan qurumlar niyə öz vəzifələrinin öhdəsindən layiqincə gəlmirlər? Jurnalist dövlət sirrini niyə bilməlidir?

 

Yaxud sənət adamları iddia edirlər ki, jurnalistlər onların şəxsi həyatına müdaxilə edir. Əgər sən şəxsi həyatını ictimailəşdirirsənsə, jurnalist buna göz yummalıdır?

 

Jurnalistin vəzifəsi xəbər toplamaq və dəqiqləşdirəndən sonra onu yaymaqdır. Jurnalisti çərçivəyə salmaq, hansısa mövzunu toxunulmaz elan etmək ifadə azadlığı anlayışı ilə bir çərçivəyə sığmır. Amma söhbət uşaqlardan gedirsə, burda daha diqqətli olmaq şərtdir. Yetkinlik yaşına çatmayanlarla bağlı xəbərlərin yayılmasına dair müvafiq qaydalar mövcuddur. Bu qaydalara hər bir jurnalist əməl etməlidir. Əgər söhbət qətldən, cinsi təcavüzdən, digər ağır cinayətlərdən gedirsə, uşağın ad-soyadını, şəklini yaymaq qadağandır. Sensasiya yaratmaq naminə hansısa azyaşlının ad-soyadını yazmağa, onun gələcəyini məhv etməyə heç bir jurnalistin haqqı yoxdur. Onu da deyim ki, ciddi KİV-lərin əməkdaşları, peşəkar jurnalistlər bu qaydalara əməl edirlər. Əslində, uşaq hüquqlarını ən çox pozan elə həmin ekspertlərdir. Mən dəfələrlə sosial problemlərin müzakirə edildiyi verilişlərin qonağı olmuşam. Özlərini uşaq hüquqlarının müdafiəçisi kimi təqdim edən şəxslərin həmin verilişlərdə uşaqlardan alət kimi istifadə etdiklərinin canlı şahidi olmuşam. Şəxsi məqsədlər üçün uşaqlardan alət kimi istifadə etmək vicdansızlıqdır. Bu cür hallara ayrı-ayrı qurumlar və şəxslər deyil, cəmiyyət özü ən sərt formada etiraz etməlidir”.

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə hesab edir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üçün görüləsi işlər çoxdur.

Bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına nə gəlirsə, açıq-aşkar efirdə göstərilir və bununla da həmin uşaq ağır zərbələr alır. Bu problemlərin aradan qaldırılması üçün də lazımi işlər görülməlidir: "Əslində uşaq problemləri çox geniş anlayışdır və bunu konkretləşdirmək lazımdır. Amma məsələyə ümumi yanaşsaq deyə bilərəm ki, uşaqlar sözün həqiqi mənasında xüsusi statusa malik zümrədir. Uşaqlar bizim gələcəyimiz olduğu üçün hər zaman böyük diqqət və qayğı ilə əhatə olunmalıdır. Uşaqlarla bağlı olan məsələlər bütün dünyada hökumət qarşısında prioritet məsələ kimi qoyulur. Uşaqlar cəmiyyətin xüsusi zümrəsi olduğundan onlar üçün ayrıca konvensiyalar da qəbul olunub. Amma təəssüflə vurğulamalıyam ki, bir sıra hallarda Azərbaycanda uşaqlarla bağlı qəbul olunmuş beynəlxalq standartlara əməl olunmur. Bizim media Uşaq Konvensiyasından irəli gələn tələblərə riayət etmir, həmçinin uşaqlar üçün izləməsi qadağan olan proqramların, yazıların yayımlanmasına da diqqət yönəldilmir”.

Y.Məmmədlinin sözlərinə görə, uşaqlarla bağlı problemlərin həllinə, onların hüquqlarının qorunması prosesində media ilə cəmiyyət birlikdə çalışmalıdır: "Cəmiyyət, məktəb, ictimai təşkilatlar, aidiyyəti qurumlar tərəfindən uşaqların hüquqlarının qorunması ilə bağlı xüsusi layihələr həyata keçirilməli və media da öz missiyasından çıxış edərək həmin tədbirləri işıqlandırmalıdır. Amma bütövlükdə götürdükdə deməzdim ki, uşaqlar mətbuatın diqqətindən kənarda qalıb. Amma bu sahədə müəyyən boşluqların olduğunu da inkar etmirəm. Bu bir reallıqdır”.

 

Şəymən

Şərq.- 2017.- 3 iyun.- S.11