Unudulmaz alim, vətənpərvər
ziyalı.
Həyatda elə insanlar var ki, onlar bu dünyaya
nə üçün gəldiklərini fitrətən dərk
edirlər. Və Allah-taalanın onlara bəxş
etdiyi ömründən qədərincə bəhrələnməyi,
özündən sonra başqaları üçün örnək
olunası ömür yaşamağı göstərmək,
öz ömrünü dəyərləndirməyi bacarmaq, cəmiyyət
qarşısında, insanlar arasında mənəvi borcunu
başa düşmək, bütün hallarda onu xəlq
edənin mərhəmətinə sığınan bu insanlar
üçün həyatın mənası həmişə
ülvi və ecazkardır.
Doğrusuna qalsa hər bir insan
yaşadığı ömür tarixini özü yazır.
Arzudan, niyyətdən keçib reallığa qovuşan əməlləri
ilə, onu tanıyanların, xatırlayanların qəlbində
buraxdıqları isti, məhrəm izlərlə,
duyğularla.
İndiki zəmanədə örnək ola biləcək
ömür yazmağın özü də bir ayrı fədakarlıq
və insani hünərdir. Elə dünyamızı mənalandıran,
hər birimizdə yaşamaq şövqünü
alovlandıran da ətrafımızda bu cür insanların
olmasıdır.
Sağlam ictimai-siyasi, mədəni
və mənəvi mühitin yaradılmasında - cəmiyyətin
iqtisadi cəhətdən yüksəlməsində, milli mədəniyyətin
tərəqqisində, elmin, maarifin inkişafında
ziyalıların rolu, təbii ki, çox böyükdür.
Müdrikcəsinə deyilmiş bir ifadə
var: ömrünü xalqının mənəvi inkişafına
və maariflənməsinə, fundamental elmi axtarışlara
həsr etmiş vətənpərvər ziyalılar
dünyanın bəzəyidir.
Belə ziyalılardan biri də bütün
ömrünü elmə, gənc nəslin maariflənməsinə
həsr etmiş fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd
Paşa oğlu Məmmədovdur.
O, 1940-cı il fevralın 12-də Ermənistanın
Vedi rayonunun Şidli kəndində anadan olub. Orta məktəbi
də Şidlidə bitirən Əhməd Məmmədov
1957-ci ildə Bakı Dövlət Universitetinin
Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. O, 1962-ci ildə
həmin fakültənin riyaziyyat şöbəsini fərqlənmə
diplomu ilə bitirib. Həmin ildə Ə.Məmmədov
ADU-nun aspiranturasına daxil olub. O, 1965-ci ildə
aspiranturanı müvəffəqiyyətlə bitirərək
universitetin həndəsə və cəbr kafedrasında
assistent kimi fəaliyyətə başlayıb.
Müəllim hər zaman səcdə olunacaq, məsləhətlərinə
ehtiyac duyulacaq bir varlıqdır. O, elə bir
varlıqdır ki, ömrünü məşəl edib, hər
bir tələbəsinin qəlbində yandırır, həyatının
ən gözəl illərini, ömrünün ən
duyğulu anlarını, gözünün nurunu onlara həsr
edir. Məhz Əhməd müəllim
qayğıkeş və tələbkar olduğu
üçün də tez bir zamanda universitetdə dərs
dediyi tələbələrinin sevimlisinə çevrilib.
Ə.Məmmədov 1966-cı ildə,
vaxtından əvvəl “Qeyri-xətti differensial tənliklərin
müəyyən sinifləri üçün
qarışıq məsələlərin analitik nəzəriyyəsi”
mövzusunda yazdığı namizədlik
dissertasiyasını uğurla müdafiə edərək
fizika-riyaziyyat elmləri üzrə alimlik dərəcəsi
adını alıb.
O, 1967-ci ildə müsabiqə yolu ilə Həndəsə
və cəbr kafedrasında baş müəllim kimi fəaliyyətini
davam etdirib.
Hər bir insan qarşısına qoyduğu ali
məqsədə çatmaq üçün gecəli-gündüzlü
zəhmətə qatlaşır, bacarıq və qabiliyyəti
sayəsində elmi zirvələr fəth edir. Elmin dərinliklərinə
baş vurduqca ətrafındakılara daha həssas, daha
mehriban, daha qayğıkeşcəsinə yanaşır və
təvazökar bir insana çevrilir.
Ə.Məmmədov 1972-ci ildə müsabiqə
yolu ilə universitetin Cəbr kafedrasına dosent seçilib.
1973-cü ildə isə Mexanika-riyaziyyat fakültəsinin
dekan müavini vəzifəsinə təyin olunub.
Xarakterindəki ciddilik, ona tapşırılan
işləri yüksək səviyyədə məsuliyyətlə
yerinə yetirməsi, öz üzərində işləməsi,
daim elmi axtarışda olması Əhməd müəllimə
işlərində həmişə uğur qazandırıb.
Belə ki, Ə.Məmmədov müsabiqə yolu ilə
1974-cü ildə Y.Məmmədəliyev adına
Naxçıvan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat
kafedrasına kafedra müdiri və dosent vəzifəsinə təyin
edilib. O, 1974-1977-ci illərdə universitet elmi
şurasının elmi katibi olmuşdur.
Əhməd müəllim 1974-cü ildə
universitetdə həmkarlarından fərqləndiyinə
görə fəxri medala layiq görülüb.
Ə.Məmmədov müsabiqə yolu ilə
Riyazi analiz və funksiyalar nəzəriyyəsi
kafedrasının müdiri vəzifəsinə təyin edilib.
1976-1981-ci illərdə həmin kafedranın müdiri vəzifəsində
çalışıb.
Ə.Məmmədov Riyazi analiz və funksiyalar
nəzəriyyəsi kafedrasına rəhbərlik etdiyi
dövrlərdə 3 müəllim namizədlik
dissertasiyası müdafiə etmişdir. İxtisası
üzrə bir namizədlik dissertasiyasının opponenti
olmuşdur.
Ə.Məmmədov müxtəlif vaxtlarda
universitet müsabiqə komissiyasının üzvü, ekspert
komissiyasının üzvü olmuşdur. Bundan başqa,
Əhməd müəllim 1984-89-cu illərdə universitetdə
fəaliyyət göstərən “Təşkilati-metodiki”
komissiyasının sədri olmuşdur.
Həyatda yazıb-yaratmaq, fəaliyyət
göstərmək, öz yaradıcı fəaliyyətinin nəticələri
ilə fəxr etmək insana heç bir şeylə
müqayisə edilməyən məmnunluq duyğusu verir və
onu yeni-yeni elmi yaradıcılığa ruhlandırır.
Ə.Məmmədov universitetdə tədris
etdiyi fənləri yüksək səviyyədə aparmaqla
yanaşı, tələbələrin kurs və diplom işlərinə
mütəmadi rəhbərlik edib. TEC (Tələbə
Elmi Cəmiyyəti) xətti ilə onun rəhbərlik etdiyi tələbələrdən
bir neçəsi, müxtəlif illərdə diplomlara və
fəxri fərmanlara layiq görülmüşdür. Əhməd
müəllim tələbələrinə həmişə
elmin dərinliklərinə baş vurmağı tövsiyə
edərək deyirdi: “Unutmayın ki,
qaranlıqları işıqlandırmaq yalnız insan zəkasının
nuru ilə mümkündür”. Əhməd müəllim
mühazirələrində həm də Pifaqorun bu fikrini gənc
riyaziyyatçılara həmişə xatırladırdı:
“Əziz tələbələr, Pifaqor deyirdi ki, riyaziyyatın
yüksək vəzifəsi bizi əhatə edən
qarmaqarışıqlıqlar içərisində gizlənən
nizamı tapıb üzə çıxarmaqdır”.
Ə.Məmmədov tələbələrinə
nəcib, insani keyfiyyətlər aşılamağa
çalışır, daim öz üzərində işləməyi,
xeyirxahlığı, əqidə saflığını, ləyaqəti,
işinə məsuliyyətlə yanaşmağı,
prinsipiallığı, mökəm inamı təbliğ
edirdi.
Ə.Məmmədovun qənaətinə
görə, şəxsiyyətin fəallığı
inkişaf üçün təkcə əsas deyil, həm də
inkişafın nəticəsidir. Təhsil-tərbiyə
özünə və insanlara sevinc gətirən fəal, təşəbbüskar,
yaradıcı şəxsiyyət formalaşdırarsa, onda o,
məqsədinə çatmış olar. Bu baxımdan
Əhməd müəllim də tələbələri
üçün əlindən gələn köməyi
onlardan heç bir zaman əsirgəməyib. O, istəyib ki,
onun tələbələri həyatda öz yerlərini tuta
bilən, ləyaqətli, vətənsevər, intellektli, azad
fikirli, geniş dünyagörüşünə malik, hər
işdə bacarıqlı və qabiliyyətli şəxslər
kimi formalaşsınlar.
İnsanı ucaldan onun əxlaqı,
vicdanı, həyata düzgün baxışı, öz
potensial gücünü düzgün yerə, düzgün
istiqamətləndirmək, məqsəd və məramına
çatmaq üçün gərgin əmək sərf etmək
bacarığıdır. Doğrudan da zəhmət, əmək
insanı ucaldır, şərəfləndirir, ona məmnunluq
bəxş edir.
Əhməd müəllim həm də həyatda
elə bir savab iş görüb ki, axirətdə onun bədəlini
hökmən xeyirlisiylə alacaq. Çünki o, tələbələrinə
elm öyrədib. Məhəmməd peyğəmbər (s.ə.s.)
elm barəsində deyib: “Mənim ümmətimdən hər
bir ağıl sahibinə bu dörd şey vacibdir: elm eşitmək,
onu öyrənmək, yaymaq və ona əməl etmək”.
Əhməd müəllimin zəngin
potensialı, yüksək təşkilatçılıq
qabiliyyəti, müasirliyi, novatorluğu, yeniliklərə və
təşəbbüslərə açıq olması,
zamanla ayaqlaşmaq və daha irəlini görmək
bacarığı məşğul olduğu hər bir işdə,
çalışdığı hər bir vəzifədə
ona həmişə hörmət, ehtiram və nüfuz
qazandırıb.
O, böyük bir nəslin parlaq nümayəndəsi,
müdrik insan və gözəl bir ailə
başçısı kimi, özünün bütün
davranışı, həyat və fəaliyyəti ilə cəmiyyətimizin
tanınmış ziyalılarındandır.
Ə.Məmmədov 5 dəfə M.V.Lomonosov
adına Moskva Dövlət Universitetində ixtisası
artırma fakültəsində olmuş və Leninqrad,
Kuybışev, Minsk şəhərlərində keçirilən
ümumittifaq konfranslarında müxtəlif riyazi mövzularda
məruzələr etmişdir. Bu məruzələrin məzmunu
tezis və məqalə şəklində ayrı-ayrı elmi
jurnallarda çap olunmuşdur.
Ə.Məmmədovun elmi işləri əsasən
qeyri-xətti xüsusi törəməli differensial tənliklər
üçün qoyulmuş qarışıq məsələnin
analitik həllinin öyrənilməsinə həsr
olunmuşdur.
Yüksək ixtisaslı mütəxəssislər
hazırlanmasında xidmətlərinə görə 03 iyun
1981-ci il tarixdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət
Heyətinin fərmanına əsasən Ə.P.Məmmədova
Azərbaycan SSR “Əməkdar təhsil işçisi” fəxri
adı verilmişdir.
Ə.Məmmədov 1989-cu ildən A.M.Qorki
adına Kiyev Dövlət Pedaqoji İnstitutu bazasında
yaradılmış pedaqoji institutlar üzrə Tədris-metodiki
birləşmənin üzvü olub.
Əhməd müəllim kafedra müdiri
olduğu vaxtlarda o, kafedranın ittifaqın bir çox elmi
müəssisələri ilə əlaqəsini
yaratmışdır.
Ə.Məmmədov cəbr sahəsində elmə
yenilik gətirmişdir. Belə ki, onun “Elementlərini dəyişmək
üsulunun ümumiləşməsi” metodu ilə bir sinif
yüksək tərtibli determinantlar asan hesablanır və bu
metod “Ali cəbr” dərslik kitablarından bəzilərinə
daxil edilmişdir. Onun uzun illər təşkil etdiyi “Funksional
analiz” kursu üzrə seminarlar yüksək səviyyədə
keçmiş və yaxşı səmərələr
vermişdir. O, cəbrdən seminar məşğələləri
apararkən yenə də məşhur riyaziyyatçı
Pifaqorun dahiyanə deyilmiş fikrini tələbələrinin
nəzərinə çatdırmağı unutmurdu. Pifaqor
deyirdi: “Vaxtımı siyasətə və tənliklərə
sərf edirəm. Zənnimcə tənliklər daha vacibdir,
çünki siyasət yalnız həmin məqam
üçün mövcud olduğu halda, tənliklər əbədidir”.
Əhməd Məmmədov
pedaqoji fəaliyyəti dövründə tədqiqatçı
alim kimi 8 kitabın - “Vektorlar analizindən
çalışmalar”, “Yüksək tərtibli
determinantların hesablanmasına dair çalışmalar”,
“Ehtimal nəzəriyyəsindən çalışmalar”,
“Riyazi statistikanın elementləri”, “Ədədi sıralara
aid çalışmalar”, “Funksional sıralara aid çalışmalar”, “Adi diferensial tənliklərə
dair çalışmalar”, “Ehtimal nəzəriyyəsi və
Riyazi statistika” (müştərək müəllif), 39 elmi məqalənin,
5 tezis və bir çox göstərişlərin müəllifi
olmuş, bir sıra elmi yeniliklər ilə diqqəti cəlb
etmişdir.
Ə.Məmmədov müsabiqə yolu ilə
1991-ci ildə “Xəzər” Universitetində Riyaziyyat və
hesablama mexanikası kafedrasına dosent seçilib, 1994-cü
ildə isə həmin universitetin “Tələbə
şöbəsi”nin müdiri vəzifəsinə təyin
edilib. Daha sonra isə Əhməd müəllim “Xəzər”
Universitetində “Tələbə qəbulu” şöbəsinin
müdiri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Xalq Təhsili
Nazirliyinin nəzdindəki Elmi-metodik şuranın “Riyaziyyat”
bölməsinin 20 noyabr 1992-ci il tarixli iclasının qərarına
əsasən Naxçıvan Dövlət Universitetinin dosenti
Əhməd Məmmədov doktorluq dissertasiyası müdafiə
etmədən “professor” elmi adı almağa layiq
görülüb.
Təhsil təkcə millətin gələcəyi
deyil, həm də dünəni, bu günü olmaqla
yanaşı cəmiyyətin döyünən qəlbi,
düşünən beyni, sızıldayan
ağrılarıdır.
Ziyalı mənsub olduğu millətin
simasını müəyyənləşdirən şəxsiyyətdir.
Tarix göstərir ki, millətin çətin anlarında
onun mükəmməl milli təəssübkeşlik
duyğularına malik ziyalısı millətə
düzgün yol göstərib, onun bu çətinlikdən
xilas olmasında böyük rol oynayır.
Bütün ömrünü elmə,
gənc nəslin maariflənməsinə, təlim-tərbiyəsinə,
tələbələrinə elmi biliklərin dərinliklərinə
yiyələnməsinə, həyatda layiqli vətəndaş
olmasına, xalqı, vətəni üçün xeyirli
övladlar yetişməsinə həsr edən
qayğıkeş müəllim, fədakar alim, vətənpərvər
ziyalı Ə.P.Məmmədov 2012-ci ilin avqust ayında 72
yaşında dünyasını dəyişmişdir.
Müdrik insan, unudulmaz təhsil
xadimi, alim Əhməd Məmmədovun xatirəsi tələbələrinin,
həmkarlarının, onu sevənlərinin qəlblərində
daim yad ediləcək, nur saçan ziyası isə gələcək
nəsillərin həyat yolunu işıqlandıracaqdır.
Camal ZEYNALOĞLU.
Respublika.-
2017.-6 iyun.- S.6.