Görkəmli pedaqoq, alim.
İçərişəhərin
əyri-üyrü küçələri ilə 1960-cı
ildə 13 yaşlı bir oğlan hər səhər əlində
çanta Bakı Sovetinin binası ilə üzbəüz olan
132 saylı məktəbə doğru addımlayardı. Həmin
dövrdə bu ərazidə hələ qaz təminatı
olmadığından evlərdə xörək bişirmək
üçün ağ neftdən istifadə edər,
otaqları isitmək üçün isə odun sobası
işlədərdilər. Qabilin yaşadığı ata
evində onu aludə edən yeganə bir şey vardısa, o
da Azərbaycan radiosunun verilişlərini yayımlayan şəbəkə
radiosunun reproduktoru idi. Bu evin küçəyə baxan iki pəncərəsindən
görünən üzbəüz mülkün pəncərələri
isə Teleradio idarəsinin radio üzrə rəis müavini
Rauf İsmayılova məxsus idi. Onun Qabillə eyni gündə
— 1947-ci ilin 10 iyununda doğulmuş oğlu Etibar anası ilə
yanaşı, bələkdə yatarkən onun qolu altında
qalıb qırxı çıxmamış tələf
olmuşdu. Qonşu hər dəfə əli çantalı
Qabillə qarşılaşanda itirdiyi körpəsini
xatırlayaraq dərindən ah çəkərdi. Bir dəfə onlar yenə küçədə
qarşılaşanda mərhum Rauf müəllim gələcək
yazıçının uğurları ilə
maraqlanmış və onun şagird dəftərində
yazdığı ilk nağılvarı fantastik hekayəsini
özü ilə aparmışdı. Həmin vaxt Rauf
İsmayılov hələ yeddinci sinifdə oxuyan Qabilin bu əsərini
görkəmli aktyorların ifasında radioda səhnələşdirmiş
və hekayəyə gözəl müsiqi tərtibatı
verdirmişdi. Bu hadisə gənc oğlanı bədii
yaradıcılığa ruhlandırır, ona güclü
stimul verir.
İkinci əlamətdar hadisə
Qabil hələ məktəbi bitirməmiş və ata evi ümumi
layihə əsasında sökülməmiş televiziya ilə
müntəzəm ingilis dili dərsləri aparan Çingiz
Dadaşov adlı Xarici Dillər İnstitutunun məşhur
müəlliminin əlindəki kiçik formatlı
“Rus-İngilis lüğəti”ni görməsi
olmuşdur. Utana-utana bu şəxsə yaxınlaşan gələcək
dillər bilicisi olacaq bu gənc dərhal kitab passajına
cummuş və bu nəfis kitabın nüsxəsini əldə
etmişdir. Həmin günlərdə orta məktəbdə
ona Seyidəli Ağazadə adlı dahiyanə bir şəxs ərəb
dili dərsi keçirdi. Sonralar - 1980-ci ildə Bakıdakı
iki illik Ərəb dili kollecini bitirəcək Qabilə bu dil
bədii yaradıcılığında ərəb mənşəli
sözləri uğurla seçib dilimizdə işlətməkdə
əvəzsiz rola malik olmuşdu. Lakin Azərbaycan Pedaqoji
Xarici Dillər İnstitutunun ingilis-rus bölməsinə qəbul
edilməsi onun həyatının ən mühüm hadisələrindən
biri oldu. O, tələbə ikən dövlət radiosunun hər
bazar günü səsləndirdiyi “Kapitalist aləmindən səhnələr”
verilişinə bədii tərcümələr təqdm edərdi.
İllər keçdi. Bu gün
elmi-fantastik janrın ölkəmizdə aparıcı
nümayəndələrindən biri olan Qabil müəllim
ömrünün son 42 ilini Azərbaycanın flaqman ali məktəbi
sayılan Bakı Dövlət Universitetində gənc nəslə
ingilis dilindən dərs deyir. Daha əvvəllər isə
o, Dillər Universitetinin ingilis dilinin fonetikası
kafedrasında baş laborant və müəllim işləmişdir.
Azərbaycan Yazıçılar
İttifaqının və Respublika Jurnalistlər Birliyinin
üzvü, ABŞ-ın Şimalı İllinoys Universitetinin
(1996), Böyük Britaniyanın Beylbruk Kollecinin (1998) və
Vyana Universitetinin (2003) məzunu olan Qabil müəllimin
yazdığı 42 kitabdan bir çoxu ingilis dilini müstəqil
öyrənənlər üçün transkripsiyalı
“İngiliscəni gözüyumulu və şüurla”, 1999; altı dildə “Cib dilmancı”, 2000;
“İngiliscə-Azərbaycanca danışıq kitabı”,
1999; mərhum professor Rəhim Hüseyov və Baba Babayevlə
birgə hazırladığı, islam-xristian təqvimlərinin
birindən digərinə keçidi təmin edən cədvəlləri
olan “İngiliscə-Rusca-Azərbaycanca astronomiya terminləri
lügəti”, 1998; iki cildlik “İngiliscəni
36 saata”, 2007; transkripsiyalı və qrammatik şərhli
“İngiliscə dərhal danış”, 2013; “Azərbaycan
dilini öyrənən ingilislərə”, 2013; “İngiliscəyə
aid 500 sual”, 2014) sanballı kitablar nəşr etməklə
kifayətlənməmişdir.
Yüksək texnologiyalar yaratmış
yaponların dilini öyrənməklə o, 1992-ci ildən
intensiv şəkildə məşğul olmuş, bu dillə
maraqlananlar üçün üç qiymətli kitab ərsəyə
gətirmişdir. Onlardan “Yaponca gündəlik ifadələr”
adlanan digəri Dəmiryol mətbəəsində 1994-cü
ildə, digəri isə “Təzə öyrənənlər
üçün Yapon dili” Slavyan Universitetinin nəşriyyatında
professor Misir Mərdanovun ön sözü ilə 1995-ci ildə
çap olunmuşdur.
Qabil Əhmədov öz qələmini müxtəlif
vaxtlarda qərb və rus ədiblərinin ən maraqlı bədii
nümunələrini dilimizə çevirməklə
sınamışdır. Onlardan bəzilərini xatırlamaq
yerinə düşər: Aleksandr Admiralskinin
“Urqun son çevrilməsi” povesti, Aleksandr Belyayevin “Professor
Douelin başı”, Stefan Sveyqin “Jozef Fuşe” romanları,
Polşa fantastı Stanislav Lemin üç cildliyi, Ayzek
Əzimovun “Seçkilər” povesti, Aqata Kristinin “Misir sərdabəsinin
sirri” (bu topludakı iki əsər digər mütərcimlər
K.Nağıyevin və N.Cəfərovun səyləri ilə
hazırlanmışdı), Artur Konan Doylun
beş detektiv povesti, qərb fantastlarının “Ölmək
asan deyil” (mərhum Zeydulla Ağayevlə birgə) və
“Dünyalar ünsiyyətə girir” topluları müxtəlif
illərdə işıq üzü görmüşdü.
Onun özünün yazdığı kitablar
arasında isə “Yad dünyadan qonaq” (Yazıçı,
1987), “Venera göyləri maviləşir” (Yazıçı,
1992), “Dantenin həqiqi yubileyi” (Sabah, 2009), “2143-cü il”
(2010)... böyük oxucu rəğbəti
qazanmışdır.
Qabil Əhmədov bir neçə il əvvəl
qəzetlərdən birinə verdiyi müsahibəsində
özünü daha çox müəllim,
yazıçı, jurnalist və ya alim hesab etməsi ilə
bağlı suala belə cavab vermişdir: “Auditoriyada
bir neçə tələbə ilə qiymətli fikirləri
bölüşmək cılız bir işdirsə, həmin
düşüncələr kitabda daha geniş oxucu kütlələrinə
müəyyən müddətdən sonra
çatdırılanda onlar bir qədər köhnəlir, eləcə
də kitab oxumaq bəzilərinə yorucu da görünə
bilər. Odur ki, ədib 1992-ci ildə “Rabitə
dünyası” qəzetini təsis edərək beş il ərzində
yüzlərlə elmi publisistik məqaləni nəzərə
çatdırır. Bunlardan bir qismi texnoloji tərəqqi
tarixindən bəhs edirdi. Məsələn, Samuil Morzenin
nöqtə və tiredən ibarət iki hərfli əlifbanı
1850-ci ildə yaratmasından az sonra bütün Amerikanı və
Avropanı teleqraf dirəkləri bürüyür, həyat
xeyli dərəcədə rahatlaşır. Henrix Hertsin
elektromaqnit generatorunu - kohereri kəşf etməsi isə
bugünkü cib telefonlarına doğru ilkin addım
olmuşdur.
Beləliklə o, güclü ideyaları həm
tez, həm də yığcam üsulla kütlələrə
çatdırmaq üçün jurnalistikanı daha gözəl
vasitə hesab edirdi. Qabil müəllim dünənki
elmi zəfərlərlə sabahkı günün nailiyyətlərini
bədii dillə, dramatik süjetlərlə gənclərə
çatdırır, onların yaradıcı təxəyyülünü
qanadlandırırdı. Axı bu gün biz faks
maşını ilə mətnləri başqa ölkələrə
göndərə biliriksə, yaxın gələcəkdə
əşyaları və insanları da uzaq ellərə
çatdırmağımıza çox qalmayıb.
Yazıçının bu gün ən böyük
arzularından biri odur ki, əsərlərinə bədii filmlər
çəkilsin.
1992-ci ildə Qabil müəllim
Rabitə Nazirliyinin məsul işçisi Xankişi
Kişiyevlə birgə İran İslam Respublikasında
keçirilən İqtisadiyyat üzrə beynəlxalq EKO
konfransında iştirak etmişdir. Üç min illik
dövlətçilik tarixinə malik olan bu ölkə ilə
tanışlıq nəticəsində bir il sonra onun
“Yazıçı” nəşriyyatında 30 min tirajla
çapdan çıxmış kitabındakı
“Ölümü öldürmək lazımdırmı?”
povestindəki hadisələr məhz orada cərəyan edir.
1994-cü ildə ulu öndərimizə bir
neçə dəfə dilmanc xidmətləri göstərdikdən
sonra cənab Prezident H.Əliyev onu yeddi nazirlə birgə
İsveçrəyə tərcüməçi qismində
göndərir. Orada müntəzəm keçirilən beynəlxalq
Kro-Montana konfransında Qabil müəllim də iştirak
edir. Səfər proqramı çərçivəsində
o, Azərbaycan nümayəndə heyəti ilə birgə bu
ölkənin Bern, Sürix və paytaxt Cenevrə şəhərlərində
olmuş, İsveçrə Konfederasiyasının o vaxtkı
prezidenti cənab Otto Ştislə görüşdə
iştirak etmişdir.
1998-ci ildə TASİS təşkilatı onu
Böyük Britaniyanın Bristol şəhəri
yaxınlığındakı Beylbruk kollecinə bir neçə
aylıq tərcümə işinə dəvət
etmişdir. Orada həmin vaxt MDB ölkələrindən
göndərilmiş mütəxəssislərə
britaniyalı alimlər mühazirələr oxumuşlar.
Günün ikinci yarısında isə bu gələnlərə
Qabil müəllim ingiliscə danışıq ifadələri
öyrədirdi. Orada tədris hissə müdiri
cənab Kris Tomasın köməyi ilə 300 km-lik məsafədə
olan paytaxt Londonda “Madam Tüssonun mum heykəllər mərkəzində”
və “Şerlok Holmsun ev-muzeyi”ndə olmuş, oradakı xatirə
kitabında mötəbər qonaq kimi qeyd yazmışdır.
Beylbruk kolleci ona da sertifikat vermişdir. Bu ölkənin iki
görkəmli yazıçısının vətəni olan
həmin ölkədə olması tədqiqatçının
təxəyyülünü xeyli dərəcədə təravətləndirmişdir.
Bu dahi ədiblərin yaradıcılıqları üzrə
müxtəlif illərdə elmi işlər yazması,
onların romanlarında təsvir olunan mənzərələri
öz gözləri ilə görməsi onda böyük təəssüratlar
yaratmışdı.
Onun xarici ölkələrə səfərləri
arasında ən uzunmüddətli və ən
maraqlısı İREX beynəlxalq elmi mübadilə təşkilatının
xətti ilə ABŞ-ın Şimali İllinoys Universitetində
bir ilə yaxın təcrübə keçməsi və tədqiqat
aparması olmuşdur. Onun qaldığı akademik şəhərcik
Dekalbı əhatə edən bu böyük ali məktəbdə
aspirant, magistr və bakalavrlara dərs dediyi zaman qonşu şəhərlər
olan Sikamor və Rokfordda yerləşən qruplar da televiziya
kanalları vasitəsilə onun olduğu auditoriyaya
qoşulurdular. Oradakı tələbələri
bizdəki əcnəbi dillərin öyrədilməsi
metodlarından daha çox, yalnız adlarını
eşitdikləri Nizami və Füzuli
yaradıcılığı maraqlandırırdı. Odur ki,
Qabil müəllin sonda suallar üçün
ayırdığı dəqiqələri hər dəfə
daha da artırmalı olurdu. Onun ingilis dilində xeyli səlis
danışması oradakı aparıcı mütəxəssislərin
də dərin rəğbətinə səbəb olmuşdu.
Bu ölkədə sürücülük vəsiqəsi
aldıqdan sonra o, Dekalbdan səksən kilometrlik məsafədə
yerləşən Çikaqo meqapolisində yerləşən
“Malkolm-Eks kolleci”ndə də şənbə günləri dərs
keçmişdir. ABŞ-da tanış olduğu qabaqcıl
test üsulu metodunu o, vətənə qayıtdıqdan sonra
öz doğma Universitetində də tətbiq etmişdir.
Qabil Əhmədovun son beynəlxalq təcrübəsi
Vyana Universitetinin rektoru professor Alfred Ebenbauerin şəxsi dəvəti
ilə Avstriyaya səfəri ilə bağlı olmuşdur. ABŞ-a, Britaniyaya olan səfərlərinə nisbətən
bu, daha qısa müddətli, yəni cəmi bir neçə
həftəlik olsa da, həmin ali məktəbin Germanistika və
Türkologiya fakültələrində onun Azərbaycan, rus və
ingilis-amerikan ədəbiyyatından ingilis dilində
keçdiyi dərslərin bir qismini Azərbaycanın Avstriyadakı
səfırliyinin o dövrdəki məsul əməkdaşı
Nəsimi Ağayev sinxron şəkildə ingiliscədən
almancaya tərcümə etmişdir. Bu 2003-cü ildə
olmuşdur.
Hazırda 70 illik yubileyini qeyd edən
ədib öz namizədlik işini ingilis
yazıçısı və dramaturqu Con Pristlinin (1894-1984) bədii
nəsrinin tədqiqinə (1992) həsr etmiş, doktorluq
dissertasiyasında isə Artur Konan Doylun (1869-1930) dedektiv
yaradıcılığının kompleks təhlili ilə məşğul
olmuşdur. Hər iki qərb yazıçısı barədə
o, müxtəlif illərdə monoqrafik kitablar da dərc
etdirmişdir.
Ədibin həyat yoldaşı Gülsüm
xanım filologiya üzrə fəlsəfə doktorudur. Mahir
piano ifaçısı olan bu xanım məşhur bəstəkar,
professor Oqtay Rəcəbovun sinfini bitirmişdir. Onların iki
oğlu da ali təhsillidirlər.
Biz Qabil Əhmədovu yubileyi münasibətilə
təbrik edir, ona möhkəm cansağlığı, yeni
yaradıcılıq uğurları diləyirik.
Abbas ABBASOV, Bakı Dövlət
Universitetinin
ingilis dili kafedrasının
müdiri, professor.
Respublika.- 2017.- 7 iyun.- S.6.