Unudulmaz gülüş ustası
...O, Azərbaycan Dəmiryol məktəbini
bitirəndən sonra bir müddət Biləcəri deposunda maşinist köməkçisi
işləyir. O zaman
21 yaşlı gənc
nə vaxtsa Azərbaycan gülüş
sənətinin aparıcı
lokomotivlərindən birini
idarə edəcəyini
ağlına belə gətirmir. Ali təhsilli aktyor olmasa da, teatr
səhnəsi, daha sonra böyük ekran sənət məktəbini əvəz
edir. Bəxş etdiyi mənalı gülüş bu gün ekranda geniş yer alan mənasız hərəkətlərdən, ya
da kompüter qrafikasından deyil, canlı aktyor oyunundan yaranır.
Sənətkar kimi yetişməsində,
şöhrət tapmasında
Ana televiziyamız sayılan Azərbaycan televiziyası və Azərbaycan radiosu təsirsiz ötüşmür.
İstər mavi ekranda, istərsə də radio dalğalarında
təqdim etdiyi komik tiplərlə şöhrət qazanır.
O, sənət fəaliyyətində
Cahangir Zeynalovun, Mirzə Ağa Əliyevin, Ağahüseyn
Cavadovun gülüş
məktəbinin ənənələrini
ləyaqətlə yaşadır,
inkişaf etdirir. Yaradıcılığında realizmə, bəzən bədii qroteskə, bəzən də satirik karikatura boyalarına üstünlük
verir.
Musiqili Komediya
Teatrının səhnəsində
gülüş ustası
kimi sənətkar şöhrəti tapır.
“Arşın mal alan”da Soltan
bəy, “O olmasın, bu olsun”da Məşədi
İbad , “50 yaşında
cavan”da Orduxan, “Həmişəxanım”da Cəbi
Cüməzadə, “Haradasan,
ay subaylıq”da Novruzəli, “92 dəqiqə
gülüş” trilogiyasında
Sonqulu kimi rolları həmişə
hərarətli tamaşaçı
alqışları ilə qarşılanır.
Milli kinomuzdakı
duzlu-məzəli rolları
da hamıya yaxşı tanışdır.
“Ulduz”da Möhsünü,
“Alma almaya bənzər”də Məmmədəlini,
“Onun bəlalı sevgisi”ndə Qaraxalovu, “Şirbalanın məhəbbəti”ndə
Şirbalanı kim xatırlamır?!
Bu obrazların
unudulmaz ifaçısı
Hacıbaba Bağırovun
iyunun 12-də anadan olmasının 85 ili tamam olur.
Hacıbaba Ağarza
oğlu Bağırov
1932-ci il iyun ayının 12-də Bakı
şəhərində fəhlə
ailəsində anadan olub. Gənc yaşlarından teatra olan həvəsi onu 1947-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrı
nəzdindəki aktyor
studiyasına gətirir.
Teatrda görkəmli sənət
korifeylərindən dərs
alan H.Bağırov
1950-ci ildə Lənkəran
Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq
fəaliyyətinə başlayır.
1960-cı ildə C.Cabbarlı
adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunur.
Bu kollektivdə
C.Cabbarlının “Almaz”ında
Fuad, S.Vurğunun “Komsomol poeması”nda Şahsuvar kimi müxtəlif səpkili rollar oynayır. Hacıbaba Bağırov
1962-ci ildə Musiqili Komediya Teatrına dəvət alır. Və bu teatrın
səhnəsinə gəlişilə
sənət yolunda yeni bir səhifə
açılır. Teatrın səhnəsində
bu gün də yaddaşlarda yaşayan unudulmaz obrazlar yaradır. 1989-cu ildə Bakı Tənqid-Təbliğ Teatrını
yaradır. 1996-cı ilədək
teatrın direktoru və bədii rəhbəri vəzifələrində
çalışır. 1996-cı ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru,
bədii rəhbəri
olur. Hacıbaba Bağırovun mədəniyyətimizin
inkişafı naminə
göstərdiyi xidmətlər
daim yüksək qiymətləndirilib. 1974-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri
adlarına layiq görülür. 1998-ci ildə
isə “Şöhrət”
ordeni ilə təltif olunur. 2001-ci ildə “Bankir adaxlı” tamaşasına
görə “Qızıl Dərviş”
mükafatını alır.
Hacıbaba Bağırov
2006-cı il oktyabr ayının 4-də Bakıda
vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.
Kinorejissor Ağarza
Quliyev 1964-cü ildə
həmssenaristi olduğu
“Ulduz” filminin çəkilişlərinə başlayır. O, filmin əsas rollarından olan Möhsünə səhnədə bu obrazın əsas ifaçısı Əməkdar
artist İmamverdi Bağırovla bərabər,
onun dublyoru Hacıbaba Bağırovu da dəvət edir. Hamı Möhsün rolunun əsas ifaçısı
sayılan İmamverdi
Bağırovun çəkiləcəyini
gözləyir. Lakin Əlahəzrət Uğur
Hacıbaba Bağırovun
üzünə gülür.
Sınaq çəkilişlərinə
baxdıqdan sonra kinorejissor onun namizədliyinin üzərində
dayanır. Beləliklə,
Hacıbaba Bağırov
ilk dəfə 32 yaşında ekranda görünür.
“Ulduz” filmindəki uğurlu debütdən sonra nədənsə aktyor yenə kadr arxasında qalır.
1966-cı ildə “İstintaq”,
1968-ci ildə isə
“Qanun naminə” filmində yalnız epizodik rollarda görünür. 1975-ci ildə
kinorejissor Arif Babayevin quruluş verdiyi “Alma almaya
bənzər” filmində
ikinci dərəcəli
rol olan Məmmədəli obrazına
çəkilir. Əsasən
teatr aktyoru kimi tanınan Hacıbaba Bağırovun
“Alma almaya bənzər” filmində ekran poetikasına dərindən bələdliyi
aydın görünür.
O, yaradıcılıq üslubuna sadiq qalaraq oynadığı tipi lakonik cizgilərlə
canlandırır, tipin
iç dünyasını
daha çox qabartmağa çalışır.
“Alma almaya
bənzər” filmində
Hacıbaba Bağırov
o zaman 12 yaşlı məktəbli Cəmil Quliyevlə bərabər kamera qarşısında dayanır. İllər sonra məktəbli Cəmillə Hacıbaba Bağırovun çəkiliş
meydançalarında yenidən
görüşəcəyini heç kim düşünmür...
Azərbaycan televiziyası Hacıbaba Bağırovun aktyor yaradıcılığında xüsusi yer tutur. Müxtəlif illərdə televiziya
tamaşalarında, xüsusi
populyarlığı olan
“Səhər görüşləri”ndə,
“Mavi işıq” gecələrindəki komik
tiplərlə aktyor yeni tamaşaçı sevgisi qazanır.
1984-cü ildə rejissor
Lütfi Məmmədbəyovun
yazıçı-drammaturq Altay Məmmədovun pyesi əsasında hazırladığı “Kişilər” televiziya tamaşasındakı İnşallah
rolu aktyorun növbəti yaradıcılıq
uğuru sayılır.
İnşallah obrazında
o, realizmə xüsusi
diqqət verir, zahiri effektlərə uymur. Aktyorun tamaşaçıda yaratdığı
satirik gülüş
nifrətdən uzaqdır.
Hacıbaba Bağırov
tipi dinamikada təqdim edir, hər epizodda yeni-yeni xarakterik xüsusiyyətlərini canlandırır.
“Kişilər”dəki tiplər
qalereyasında Hacıbaba
Bağırovun İnşallahı
fərqli xüsusiyyətlərilə
yadda qalır.
Yaradıcılığı
boyu müxtəlif sənət intriqaları Hacıbaba Bağırovun
da aktyor həyatından yan keçmir. Qərəzli intriqaların nəticəsində
tez-tez gözlənilməz
zərbələrə tuş
gəlir. Baş rolun ifaçısı kimi çəkiləcəyi
filmlərə nədənsə
maliyyə vəsaiti tapılmır. Bu gün bir daha
o filmlərin vaxtı
ilə Hacıbaba Bağırovun ifasında
çəkilmədiyi faktından
milli kinomuz, əlbəttə ki, çox itirir...
Hacıbaba Bağırov
aktyor tapıntılarıyla,
zəngin həyati müşahidələr və
bədii ümumiləşdirmələrlə
yaratdığı obrazlara
xüsusi canlılıq
verirdi. O, ifa tərzi ilə güldürməyi də,
düşündürməyi də bacarırdı. Aktyorun ekran yaradıcılığında mürəkkəb qrim elementləri olmasa da, satirik tiplərin
hər biri orijinal xüsusiyyətlərilə
yadda qalır. Hamının yaxşı
tanıdığı tiplər
Hacıbaba Bağırovun
nəhayətsiz yaradıcılıq
fantazasiyası ilə
tamaşaçı gülüşü
yaradır.
Hacıbaba Bağırov
yaradıcılığı boyu yaratdığı tiplər qalereyasında istər geyimdə, istər danışıqda,
istərsə də səhnə mizanlarında
klassik gülüş
ustalarını təqlid
etmir. Roldan-rola fərdi yaradıcılıq
üslubunu yaradır.
Bu üslub Hacıbaba Bağırovun
sənətkar axtarışlarından
qaynaqlanır. O, gülüş
yaratmaq naminə şablonlaşmış ifadə
vasitələrindən istifadə
etmir. Təqdim etdiyi hər tipə sənətkar imzası ilə həyat verir.
Hacıbaba Bağırovun
aktyor oyununda peşəkar rejissor “mən”i aydın görünür. Obraz yaradıcılığında aktyor Hacıbaba Bağırovu rejissor Hacıbaba Bağırov üzvi şəkildə tamamlayır. Onun yaratdığı hər
tip neçə sənətkar nəsli üçün canlı örnək, əvəzsiz
ustad nümunəsidir.
Bu gün də unudulmaz aktyor tamaşaçılara
bəxş ediyi sənətkar gülüşündə
yaşayır. Bu sənətkar gülüşünün
ömrü isə əbədidir...
Hatəm ƏSGƏROV
Respublika.-
2017.- 9 iyun.- S.7