Azad, plüralist və
müstəqil mətbuat demokratik cəmiyyətin mühüm
komponentidir
Azərbaycan dövlət müstəqilliyini bərpa etməsinin 25 ili şanlı tarix yaratdı. Bu dövr hər sahədə dərin yeniləşmə ilə xarakterizə olunur. İslahatların dövrün tələblərinə uyğun təkmilləşdirilməsi yeni-yeni hədəflərə yol açmaqla, inkişafın Azərbaycan modelinə beynəlxalq baxışı daha da möhkəmləndirir. Bu gün böyük inam və qətiyyətlə demək olar ki, Azərbaycan islahatçı, dinamik inkişaf edən ölkədir, onun demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilir. Bu uğurlara yol açan əsas amillərdən biri isə iqtisadi və siyasi islahatların vəhdətliyidir. İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycan bu prinsiplərə sadiqliyini davamlı addımları ilə təsdiqləyib.
Demokratik cəmiyyətin əsas atributlarından biri olan mətbuatımız həqiqət carçısı kimi reallıqlarımızla birgə addımlayır. “Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir”. Dövlət başçısı İlham Əliyev bu fikirləri ilə ölkənin davamlı inkişafında azad mətbuatın rolunu bir daha yüksək qiymətləndirir.
1993-cü ildə BMT-nin Baş
Assambleyası 3 may tarixini Ümumdünya Mətbuat
Azadlığı Günü (World Press Freedom Day) elan edib. Bu qərar UNESCO-nun Baş Konfransının
işinin nəticəsi olub. Belə ki, 1991-ci ildə qəbul
edilmiş “Dünyada mətbuat azadlığının təmin
edilməsinə yardım haqqında” qətnamədə
Baş Konfrans azad, plüralist və müstəqil mətbuatın
istənilən demokratik cəmiyyətin mühüm komponenti
olduğunu tanıyıb.
Möhtərəm
Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi,
müasir dünyada inkişaf etmiş ölkələrdə
azad medianın vəziyyəti hər bir ölkənin
inkişaf səviyyəsini göstərir. Qarşıdakı
dövr üçün əsas hədəf isə Azərbaycanı
gələcəkdə inkişaf etmiş ölkələr
sırasında görməkdir. Belə
olan təqdirdə Azərbaycanda media ilə bağlı məsələlər
ən yüksək səviyyədə öz həllini
tapmalıdır. 25 illik müstəqillik
tarixinə malik olan Azərbaycanın həqiqətlərinin
carçısı olan mətbuat bütün dövrlərdə
üzərinə düşən missiyanı daha təkmil
islahatlar əsasında yerinə yetirməklə
bugünkü inkişaf səviyyəsinə gəlib
çıxıb. Müstəqilliyimizin
ilk illərində digər sahələr kimi, mətbuatda da
yaşanan problemlər məlumdur. Həmin
dövrdə azad, müstəqil mətbuatdan danışmaq
qeyri-mümkün idi. Mətbuat
azadlığı hər addımda boğulur, jurnalistlərə
təzyiqlər göstərilirdi. 1993-cü
ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışından sonra ölkədə həyata
keçirilən ardıcıl islahatlar nəticəsində
söz və məlumat azadlığını məhdudlaşdıran
bütün maneələr də aradan qaldırıldı,
kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən
qanunvericilik təkmilləşdirildi, mətbuatın
maddi-texniki bazası möhkəmləndirildi. Ən əsası, senzuranın ləğvi demokratik
cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttini
müəyyənləşdirdi.
Azərbaycanın 25 illik
müstəqillik tarixi hər sahədə keçilən
yolun aydın ifadəsini yaradır. Ulu Öndər Heydər Əliyevin
dahiyanə və uzaqgörənliklə müəyyənləşdirdiyi
siyasət nəticəsində qarşıdakı il arxada qalan ildən hər zaman daha möhtəşəm
uğurlarla zəngin olur. Məhz bu
reallıqların təbliğində əsas missiyanı yerinə
yetirən yazılı və elektron KİV-in inkişafı
önəmlidir və vacibdir. “Azərbaycan
KİV-in sayına görə MDB və Şərqi Avropa
ölkələri arasında lider mövqedə dayanır”
fikri təbii ki, günümüzün reallıqlarına əsaslanır.
Bu gün Azərbaycanda 40-dan artıq gündəlik,
200-dən artıq həftəlik və aylıq qəzet fəaliyyət
göstərir. Ölkə ərazisində
10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası
yayımlanır. Azərbaycan internetin tam
azad olduğu ölkədir. Bircə
faktı qeyd etmək kifayətdir ki, ölkədə internet
istifadəçilərinin sayı 80 faizdən çoxdur.
Cəmiyyətin informasiya tələbatının
ödənilməsi üçün bütün zəruri
imkanlar mövcuddur.
Dünya informasiya məkanına
sürətlə inteqrasiya edən Azərbaycanın bu sahədə
təcrübəsi yüksək səviyyədə təqdir
olunur. Ötən
il ölkəmizin Dünya Xəbər
Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri Təşkilatının XVI
Baş Assambleyasına ev sahibliyi etməsi də səbəbsiz
deyildi. Asiyanın 31 ölkəsindən 39 agentliyin 77,
Avropanın 23 ölkəsindən 30 agentliyin 51, Afrika qitəsinin
16 ölkəsindən 16 agentliyin 25, Amerika qitəsinin 7
ölkəsindən 9 agentliyin 17, habelə Avstraliyanın 3
agentliyini təmsil edən 4 nümayəndəsinin
qatıldığı tədbirdə medianın aktual problemlərinə
işıq salındı. “Bu tədbirin
Bakıda keçirilməsini həm də müstəqil
medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin
və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin
göstəricisi hesab edirik. Bu, hökumətimiz
üçün prioritetlərdən biridir və
düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki
nailiyyətlərimiz bizim media azadlığı ilə
yanaşı, bütün digər fundamental azadlıqların
təmin edilməsinə müvəffəq olduğumuzu
nümayiş etdirir” söyləyən dövlətimizin
başçısı İlham Əliyev “Ölkə əhalisinin
sayı təqribən 10 milyon nəfərdir və Azərbaycanda
sosial mediadan istifadə edənlərin sayı 2 milyondur. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda
azad medianın inkişafı çox uğurlu olub. Biz məqsədimizə nail olmuşuq və bu 25 il ərzində
siyasi və iqtisadi islahatlarla yanaşı, transformasiya
keçmiş sahələrdən biri demokratik inkişaf
istiqamətindəki islahatlar olub” fikirləri ilə təcrübə
mübadiləsinə verilən önəmi diqqətə
çatdırmışdır.
Ölkəmizin
ayrı-ayrı sahələrdə qazandığı
uğurlara diqqət yönəldən Prezident İlham
Əliyev hər bir ailənin üzvünə çevrilən
internetdən istər ölkə daxilində, istərsə də
dünyada cərəyan edən proseslər barədə
dolğun məlumatların əldə olunması
imkanlarının genişliyini önə çəkərək,
mətbuatın üzərinə düşən vəzifəni
bir daha qeyd etmişdir. İnkişaf, tərəqqi hər sahədə
mütləqdir. Təkmil islahatlar, yeniliklər
bütün sahələri əhatə edir. Təbii ki, bu yeniliklərin, onların
qazandırdığı nailiyyətlərin ölkə və
dünya ictimaiyyətinə çatdırılması
yazılı və elektron KİV-dən böyük məsuliyyət
tələb edir. Cənab İlham Əliyev
vurğulamışdır: “Bir dövlət
başçısı və siyasətçi kimi əminəm
ki, medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə
təhlil edilməlidir. Çünki medianın
rolu gündən-günə artır və bununla
yanaşı, məsuliyyət də artır. Biz bir çox hallarda media tərəfindən
işıqlandırılan hadisələrin gərginlik, qan
tökülməsi və qarşıdurma
yaratdığının şahidi oluruq. Bu
səbəbdən əməkdaşlıq dəyərlərinin
təşviqi baxımından xəbər agentliklərinin və
medianın dəstəyi olduqca əhəmiyyətlidir. Bununla siyasətçilər ümumbəşəri
dəyərlərin müdafiəsi üçün yeni
imkanlar əldə etmiş olurlar. Bununla dəyərlərin
təşviqində bizə daha ardıcıl və fəal
olmaq fürsəti verilmiş olur. Bəzən
mediada gördüklərimiz və oxuduqlarımız
reallıqdan fərqlənir. Bunu şəxsi
təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin
Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə
malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz
bu və ya digər eyni hadisə onun kim tərəfindən
təqdim edilməsindən asılı olaraq, bəzən fərqli
şəkildə çatdırılır. Bu səbəbdən
biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının
şahidi oluruq. Yaxın Şərq,
müharibələr, Avropa, postsovet məkanı - burada eyni
hadisə fərqli şəkildə təqdim edilir. Yəni biz burada siyasi motivlər və müəyyən
mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin
şahidi oluruq. Hadisələrin gedişi
müəyyən çərçivəyə
salınır, təqdim edilməli olan məsələlər
müəyyənləşdirilir, digər mövzular isə
qadağan edilir”.
Belə tədbirlərin hər bir
ölkə üçün əhəmiyyətini önə
çəkən cənab Prezident İlham Əliyev bu vacib məqamı
xüsusi qeyd etmişdir ki, hamımız azad medianın tərəfdarıyıq:
“Hamımızın, xüsusilə də 70 il Sovet
İttifaqının tərkibində yaşamış Azərbaycan
kimi dövlətlərin doğru məlumata ehtiyacı var. O
dönəmdə yalnız vahid rəsmi siyasət və vahid
ideologiya mövcud idi və bizim heç bir məlumata
çıxışımız yox idi. Təkcə
bizim deyil, bütün ölkələrin və xalqların həqiqətən
nələrin baş verdiyi ilə bağlı məlumat əldə
etmək hüququ var”.
Azərbaycanın 25 illik
müstəqillik tarixinin güzgüsü olan mətbuat hər
zaman dövlətin diqqət və qayğısı ilə əhatə
olunmuş, davamlı islahatlar, həyata keçirilən tədbirlər
inkişafı daha da stimullaşdırmışdır. Ulu Öndər
Heydər Əliyevin siyasi kursunu hər sahədə uğurla
davam etdirən Prezident İlham Əliyev “Hüquqi dövləti
mətbuatsız təsəvvür etmək
qeyri-mümkündür” söyləməklə bu istiqamətdə
bir-birindən əhəmiyyətli addımlar
atmışdır. Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına dair Dövlət Konsepsiyasının qəbulu,
bu sənədə uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil
şəraitinin yaxşılaşdırılması ilə
bağlı imzalanan ardıcıl sərəncamlar və s. bu
diqqət və qayğının davamlılığından
xəbər verir.
Davamlı addımlar bir daha bu
reallığı ortaya qoyur ki, ölkədə güclü,
müstəqil, obyektiv informasiya daşıyıcısı
olan, insanların informasiya almaq ehtiyacını ödəyən,
onları beynəlxalq aləmdə, respublika daxilində
baş vermiş hadisələr barədə düzgün məlumatlandıran,
eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət
nümayiş etdirən, milli maraqların təəssübkeşi
olan mətbuatın formalaşması və inkişafı
dövlətin media siyasətinin əsas fəlsəfəsini
təşkil edir.
Günümüzün əsas
tələbi dünya informasiya məkanına inteqrasiya istiqamətində
davamlı addımlar atmaqdır. Məqsəd qeyd
olunduğu kimi, ölkə reallıqlarını, ən əsası
başlıca problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini
dünya ictimaiyyətinə çatdırmaqdır.
Dövlətimizin başçısı İlham Əliyevin
qeyd etdiyi kimi, mövcud imkanlar bu kimi məqsədlərə
yüksək səviyyədə nail olmağa əsas verir:
“XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin
mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da
kəskinləşdirir. Biz buna hazır
olmalıyıq, biz öz reallıqlarımızı dünya
birliyinə çatdırmalıyıq. Burada
əlbəttə ki, əsas vəzifəni ilk növbədə
dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də
çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ədalətli mövqeyimizi dünya birliyinə
çatdırsınlar. Müxtəlif dillərdə
internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər
dünya birliyinə çatdırılmalıdır.
Belə olan halda biz informasiya mübarizəsində daha da
böyük uğurlara nail ola biləcəyik.
Hər halda, son illər ərzində Azərbaycan
informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox
böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir.
Ona görə də biz buna hazır
olmalıyıq”.
Qarşıda duran vəzifələrin
icrasında jurnalist peşəkarlığı və məsuliyyəti
vacib amil kimi önə çəkilir. Müasir
dövrün informasiya-kommunikasiya texnologiyaları əsri
olduğunu nəzərə alsaq, bu məsələnin
aktuallığı daha qabarıq şəkildə
özünü büruzə verir. “Müasir cəmiyyətdə,
internet dövründə hər hansı bir yalan məlumatın
ömrü uzun ola bilməz” söyləyən
dövlətimizin başçısı cənab İlham
Əliyev obyektivliyin və qərəzsizliyin əsas prinsip
kimi öndə saxlanılmasını, məsuliyyətin daha
da artırılmasını vacib məqam kimi diqqətə
çatdırır: “Jurnalistlərin peşəkarlığı,
məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi
- bütün bu məsələlər çox vacibdir”.
Ölkənin hərtərəfli
inkişafı dövlət siyasətinin əsasında
dayanır. Uğurlu təkmil islahatlarla yanaşı, hər
ilin konkret bir sahənin adı ilə bağlanması da bu
inkişafı stimullaşdırır. Ötən il ölkəmizdə “Multikulturalizm ili”, bu il isə
“İslam Həmrəyliyi İli” elan edilib. Müxtəlif
sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın
zəngin maddi-mənəvi irsə və tolerantlıq ənənələrinə
malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.
“Multikulturalizm ili” çərçivəsində keçirilən
tədbirlərdə multikulturalizmin həyat tərzinə
çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq
nümunəsi olaraq daha geniş tanıdılmasının
vacibliyi, eləcə də ayrı-ayrı ölkələrdəki
müxtəlif multikultural modellərə xas fəlsəfi,
sosial, siyasi və digər aspektlərin Azərbaycan
reallığında təhlili və təşviqinin əhəmiyyəti
daha aydın nəzərə çarpdı. Qərblə
Şərqin qovşuğunda yerləşən Azərbaycan
bu körpü rolunu uğurlu addımları ilə zənginləşdirir,
yeni əlavələr edir.
Cənab İlham Əliyevin
qeyd etdiyi kimi, hər bir dövlətin gücü onun iqtisadi
qüdrəti ilə yanaşı, həm də milli və
dini birlikləri ilə ölçülür. Millətlərarası,
dinlərarası münasibətlərin sağlam istiqamətdə
inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər
həqiqətən öyrənilməyə və təbliğ
olunmağa layiqdir. Ulu Öndər Heydər Əliyevin
“Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət
quraraq, bütün bəşəri dəyərlərdən
istifadə edərək, ümumbəşəri dəyərlərin
xalqımız üçün və milli mentalitetimiz
üçün, mənəviyyatımız üçün
uyğun cəhətlərini götürüb tətbiq edərək
heç vaxt dilimizdən, adət-ənənələrimizdən
ayrıla bilmərik və imtina edə bilmərik” tezisinin
davamı olaraq dövlətimizin başçısı
İlham Əliyevin söylədiyi “Azərbaycanın təcrübəsi
hesab edirəm ki, əslində, multikulturalizm
ideyalarının təbliği üçün çox dəyərli
və qiymətlidir. Çünki bir daha demək
istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir.
Nisbətən yeni anlayış olmasına
baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan
bir anlayışdır” fikirləri ölkəmizdə mədəniyyətlərin
sintezinin mövcudluğunun təsdiqidir. Multikulturalizm
meyillərinin gücləndirilməsi üçün səylərin
birləşdirilməsi, birgə addımların
atılması vacib şərt kimi diqqətə
çatdırılır. Bu fikirlər, həmçinin
cənab İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi
İli” elan edilməsi ilə bağlı Sərəncamında
da öz əksini tapıb. Azərbaycan
tolerantlıq mühitinin təşəkkül tapmasına,
multikulturalizmin, mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin
dünyada təbliğinə böyük töhfələr
vermişdir. Azərbaycanın İslam aləmində
qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci
ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin
paytaxtı elan olunmasında öz ifadəsini
tapmışdır. IV İslam Həmrəyliyi
Oyunlarının 2017-ci ildə Bakı şəhərində
keçirilməsi ilə bağlı qərar isə ölkəmizin
İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində
növbəti əməli addımlar atması
üçün əlverişli şərait yaradır.
Ölkəmiz bu il
növbəti mötəbər idman tədbirinə ev sahibliyi
edəcək. Nəzərə alınsa ki, idman eyni zamanda
siyasətdir, bu halda bu kimi tədbirlərə ev
sahibliyi edən ölkəmizin malik olduğu imkanlar daha
aydın nəzərə çarpır. Nazirlər Kabinetinin
2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında dövlətimizin başçısı İlham
Əliyev bu məqamı xüsusi vurğulamışdır:
“Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi
Oyunları idman tədbiridir, səhv edir. Bu,
böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir,
bu, böyük ictimai hadisədir. Bu, bir
daha Azərbaycanı müstəqil, öz dəyərlərinə,
İslam dəyərlərinə sadiq ölkə kimi, eyni
zamanda, müasir ölkə kimi göstərir və bu gün
İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab
olacaq. Çünki onlar İslam
haqqında rəy formalaşdırırlar ki, İslam geridə
qalmış sivilizasiyadır. Onlar öz
imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm
müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində
rəy formalaşdırırlar ki, İslam dünya
üçün təhlükədir, İslamı terrorizmlə
eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər,
xalqları dinə görə bölürlər, müsəlman
qaçqınlarına qarşı hörmətsizlik edirlər.
Avropa İttifaqına üzv olan bəzi ölkələrin
rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul
etməyə hazırıq, ancaq müsəlmanları yox.
Bu, faşizmdir və faşizm harada yaranıb
biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb.
Ona görə, İslam Həmrəyliyi Oyunlarının
çox böyük mənası var. Biz bu Oyunları
keçirməklə bir daha gücümüzü,
imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə
sadiqliyimizi nümayiş etdirəcəyik,
çalışacağıq ki, İslam aləmini birləşdirək.
Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə
qarşı qoymaq istəyənlər öz hədəflərinə
çatmamalıdırlar”.
Azərbaycanın davamlı
inkişafı reallıqdır. Ölkəmizin müstəqillik tarixində
qazandığı uğurların fonunda müəyyənləşdirilən
yeni hədəflər “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında öz əksini
tapıb. Azərbaycanı qarşıdakı
illərdə inkişaf etmiş ölkələr
sırasında görmək əsas hədəflərimizdəndir.
Dövlətimizin başçısı cənab İlham
Əliyev digər sahələr kimi, mətbuatda da dünya təcrübəsindən
bəhrələnməyi əsas vəzifə kimi
qarşıya qoyur: “Bizim şəraitimizə, milli adətlərimizə
uyğun ən mütərəqqi təcrübə Azərbaycanda
tətbiq edilməlidir. Ona görə inkişaf
etmiş ölkələrin, xüsusilə, demokratik
inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi
bizim üçün çox maraqlıdır, cəlbedicidir.
Biz bu təcrübədən istifadə edirik və
edəcəyik”.
Ölkəmizin ev
sahibliyi etdiyi, tərəfdaşlığa və dostluğa
xidmət edən beynəlxalq səviyyəli tədbirlər
malik olduğumuz imkanların təqdimatı ilə
yanaşı, təcrübə mübadiləsinin
aparılmasına, hər bir ölkənin inkişaf
strategiyasını öyrənməyə əlavə imkanlar
yaradır. Dünya Xəbər Agentliklərinin V Konqresinə,
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının XVI Baş Assambleyasına UNESCO-nun
baş direktoru xanım İrina Bokovanın videomüraciətində
bu fikir öz əksini tapmışdır: “Bu, gələcək
fəaliyyətimizin uğurunun başlanğıc nöqtəsidir.
Biz insan hüquqları və ləyaqəti,
qanunun aliliyi və yaxşı idarəetmə, demokratiya və
davamlı inkişaf naminə müstəqil, etik və
plüralist medianın vacibliyinə inanırıq. Keyfiyyətli jurnalistika cəmiyyətlər
üçün heç vaxt olmadığı qədər
vacibdir və onun başlıca vəzifəsi əsasən
böhran və münaqişələr zamanı cəmiyyətin
etibarlı informasiyaya tələbatını ödəməkdən,
onun maraqlarını təmin etməkdən, söz
azadlığı üçün əlverişli zəmin
yaratmaqdan ibarətdir”.
“Media müxtəlifliyi və
plüralizm fərdi idealları zənginləşdirmək,
ümumi mədəni təcrübəni müxtəlif rəylər,
hekayətlər və informasiya ilə dərinləşdirmək
imkanı yaradır. Bu cür vasitələrlə sərhədlər
aşılaraq ölkələr arasında mədəniyyətlərarası
dialoq təşviq edilir, azad mətbuat və fərqli rəylərin
təmin olunmasını mümkün edən ifadə
azadlığı möhkəmlənir” söyləyən
UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida isə
vurğulamışdır ki, biz, həmçinin bilməliyik
ki, xəbər agentlikləri məlumatın əldə edilməsi
və mübadiləsində əsas iştirakçı
olaraq qalır.
Medianın rolu dəqiq,
obyektiv xəbər verərək azad düşüncəni
ifadə etməklə ictimai maraqlara xidmət göstərməkdən
və xüsusən də böhran, münaqişə
zamanı cəmiyyətin maraqlarının keşiyində
durmaqdan ibarətdir. Ümumiləşdirmə aparsaq, həqiqətlərin
olduğu kimi ölkə və dünya ictimaiyyətinə
çatırılması əsasdır ki, bu missiyanı da mətbuat
yerinə yetirir. Fikrin hansı səviyyədə
formalaşması mətbuatın öz funksiyasını
hansı səviyyədə yerinə yetirməsindən
asılıdır. Obyektivlik, qərəzsizlik
və dövlətçilik prinsiplərinin qorunduğu halda
hansısa yanlış, mənfi fikir yaradan məlumatdan
danışmaq mümkünsüzdür. Digər tərəfdən,
bu günümüzün əsas
çağırışlarından birinin informasiya təhlükəsizliyinin
təmin edilməsi olduğunu da nəzərə alsaq,
yazılı və elektron KİV-lərlə sosial media
arasında rəqabətin artdığı müasir
dövrümüzdə jurnalistikanın inkişaf problemləri
ilə yanaşı, hər dövlətin milli təhlükəsizliyi
ilə eyni səviyyədə dəyərləndirilən,
ictimai rəyin formalaşdırılmasında başlıca
aparıcı rola malik informasiya təhlükəsizliyinin
qorunması bütünlükdə cəmiyyətin,
insanların vətəndaşlıq borcu olmalıdır.
Əsas diqqət yetirilən
sahə isə müasir jurnalistikaya ciddi təsir göstərən
sosial şəbəkələrdə yerləşdirilən
informasiyaların ölkələrarası əməkdaşlığın
genişləndirilməsindəki rolunu və əhəmiyyətini
düzgün dərk etmək və məsuliyyətlə
yanaşmaqdır. Həyatımızın ayrılmaz
parçasına çevrilən, cəmiyyətin hər
üzvünü hadisələr haqqında məlumatlandıran
internetin ictimai rəyin formalaşdırılmasındakı
rolu böyükdür. Əsas məsələ
isə internetdən istifadə zamanı informasiya məsuliyyətini
əsas tutaraq, məlumatların ictimaiyyətə
çatdırılmasında, auditoriyanın
formalaşdırılmasında peşəkarlığı
artırmaqdır. “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ermənistan Respublikası Silahlı
Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik
tədbirləri haqqında” Sərəncamı ilə
informasiya təhlükəsizliyinin təminatının
prioritet olduğunu bir daha önə çəkən möhtərəm
Prezidentimiz İlham Əliyev bildirmişdir ki, əsassız,
ictmai rəyi əks etdirməyən təxribat xarakterli məlumatların
qarşısının alınmasında güclü vasitə
olan informasiya təhlükəsizliyinin təminatı Azərbaycan
həqiqətlərinin olduğu kimi dünyaya
çatdırılması baxımından daha önəmlidir:
“İnformasiya təhlükəsizliyi də indiki dövrdə
çox vacibdir... Bizə qarşı informasiya
müharibəsi aparılır. Bu həqiqətdir... Bu informasiya müharibəsinin aparılması
işində, əlbəttə ki, ilk növbədə erməni
lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan
reallıqlarını danmaq, Azərbaycanı geridə
qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim
etmək cəhdləri ilk növbədə erməni lobbisinin
çirkin əməllərindən qaynaqlanır”. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin
inkişafına dair 2014-2020-ci illər üçün Milli
Strategiya”da da informasiya təhlükəsizliyi sahəsində
vahid dövlət siyasətinin parametrləri əksini
tapır. Bu sahədə hüquqi
bazanın təkmilləşdirilməsi, ölkənin milli
informasiya məkanının, o cümlədən informasiya təhlükəsizliyini
təmin edən sistemin inkişaf etdirilməsi dövlət
siyasətinin əsas istiqamətləri kimi diqqətdə
saxlanılır.
Azərbaycanın
uğurlarına qısa baxış bu reallığı təsdiqləyir
ki, hər bir sahənin inkişafı təkmil islahatların
həyata keçirilməsindən asılıdır. Azərbaycanın
1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından başlanan inkişafı
davamlıdır, dayanıqlıdır. Son
13 ildən artıq müddətdə bu siyasətin möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi Azərbaycana daha möhtəşəm
uğurlar qazandırır. Azərbaycan dünyanı
bürüyən maliyyə və iqtisadi böhran
dövründə təkmil islahatları ilə diqqət mərkəzində
olmuş, bir-birindən önəmli beynəlxalq tədbirlərə
ev sahibliyi etməklə inkişaf modelini təqdim
etmişdir. Hər sahədə uğurlu
addımların atılması təbii ki, ölkəmizin
iqtisadi qüdrətinə əsaslanır. Ulu Öndər Heydər Əliyevin
“İqtisadiyyatı güclü olan dövlət hər
şeyə qadirdir” tezisi bütün dövrlərdə
öz aktuallığını qoruyur və yeni hədəfləri
şərtləndirir. Azərbaycanı
qarşıdakı illərdə inkişaf etmiş ölkələr
sırasında görmək, yüksək gəlirli dövlətə
çevirmək istəyimiz də bu tezisdən irəli gəlir.
Möhtərəm Prezidentimiz İlham
Əliyevin vurğuladığı kimi, biz daim irəliyə
baxmalıyıq.
Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın qarşısında geniş üfüqlər açır. Atdığı addımları, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələri, ən əsası yerləşdiyi coğrafi mövqeyi ilə dövlətlər, xalqlar arasında körpü rolunu hər zaman qoruyan Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir. Düşünürük ki, “İslam Həmrəyliyi İli” çərçivəsində istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda keçiriləcək tədbirlər Azərbaycanın bu gerçəkliklərinə işıq salacaq. Kütləvi informasiya vasitələri dövlətçilik maraqlarını öndə saxlayaraq, həmrəylik nümayiş etdirib cəmiyyətin düzgün məlumatlandırılmasında daha fəal olacaq, öz missiyasını yüksək səviyyədə yerinə yetirməyə səy göstərəcək. Bu əminliyi yaradan təbii ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi düşünülmüş siyasət və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurlu davamı nəticəsində mətbuat üçün yaradılan geniş imkanlardır. Azərbaycanın müstəqillik tarixinin hər bir səhifəsini vərəqləmək və əldə olunan uğurları ictimaiyyətə çatdırmaq mətbuatın gündəlik işi olmalıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda dövlətimizin başçısı İlham Əliyev “İyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik” söyləyərək, dərin islahatlarla zəngin olan inkişaf strategiyamızın uğurlarına və perspektivlərinə bir daha işıq saldı.
Vüqar RƏhimzadƏ,
“İki sahil” qəzetinin Baş redaktoru,
YAP Siyasi Şurasının üzvü.
Respublika.- 2017.-11 iyun.- S.4.