Multikulturalizmin Azərbaycan örnəyi

 

Multikulturalizm çox mədəniliyi, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə, inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya, olan multikulturalizm, tolerantlığın təcəssümüdür. Onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

Alim Fəridə Cəbrayılovanın fikrincə müasir Azərbaycan mədəniyyətinin təhlili göstərir ki, problemlərə siyasi, fəlsəfi yanaşma iki səviyyədə özünü göstərməlidir: o, yəni multikulturalizm dünyanı və onun mədəniyyətini anlamalıdır. Azərbaycanda müxtəlif mədəniyyətlər, şüur tipləri mövcuddur. Bütün müasir mədəniyyətlər kimi Azərbaycan mədəniyyəti vətəndaş cəmiyyəti şəraitində multikultural xarakter daşıyır. Qloballaşma və hüquqi dövlət quruculuğu bütün mədəniyyətlərdə multikultural xüsusiyyət yaradır. Mədəniyyətin milliliyi ilə yanaşı, multikulturalizm də bu sahəyə daxil olur. Bu isə keçmişə, mədəni, mənəvi irsə, tarixə yeni baxışlarla yanaşmağı tələb edir. Kütləvi süurda özünəməxsusluq dedikdə ənənəviliklə bağlılıq, müasirlik dedikdə isə qərbləşmə nəzərdə tutulur.

Hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyətin təşəkkülü zamanı mədəniyyətdə mədəni-milli identik, mədəni özünəməxsusluq və multikulturalizm arasında qarşılıqlı təsir güclənir. Tanınmış ictimai, siyasi xadim, görkəmli alim Rəbiyət Aslanova multikulturalizmin müasir qloballaşma və demoktatikləşmə dövründəki vəziyyətindən bəhs edərək göstərir ki, “multikulturalizm” konsepsiyası qloballaşma, müasir dünyada baş verən mədəni universalizasiya və unifikasiya meyillərinə əks olaraq, mədəni müxtəlifliyin ifadəsi olan bütün fenomenlərin (dil, din, adət-ənənə, sənət və s.) mühafizə və qayğısını bəşər mədəniyyətində harmoniyanın əsas şərti hesab edir. Uzun illər nümayiş etdirilən biganəlik mövqeyi tədricən yerli - lokal immiqrat mədəniyyətlərinə diqqət və qayğının beynəlxalq qurumlar səviyyəsində dəstək almasına qədər təkamül etmişdir.

Multikulturalizm, multikultural cəmiyyət son vaxtlar tez-tez müraciət olunan mövzulardandır.

Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc, yanaşı və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etməklə qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir.

Tarixi ənənələrə nəzər salsaq, görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmişdir.

Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini bildirmiş, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir.     

Müstəqil Azərbaycanda multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəzsiz rol oynayır.

Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq, dövləti təşkil edən - etnosdan - azərbaycanlılardan və bir sıra milli azlıqlardan: udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və digərlərindən təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamış və buna görə də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millətlərdən başqa respublikamızda öz tarixi, vətənləri olan ruslar, ukraynalılar, belaruslar, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar.

Təkcə Bakıda rusların, ukraynalılarn, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların iyirmidən yuxarı cəmiyyətləri və mədəniyyət mərkəzləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur.

Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni - Qırmızı Sloboda, Molokan kəndi İvanovka, udin kəndi Niç, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur. Etnik azlıqlar da yerli əhali ilə bərabər bütün hüquqlara malikdirlər.

Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli formalaşmışdır. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir.

Bu gün respublikamızda müsəlman icmaları ilə paralel olaraq dövlət qeydiyyatına alınmış 21 qeyri-müsəlman dini icmaların fəaliyyətini tənzimləyən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun icrasını həyata keçirən, nəzarət edən Azərbaycan Respublikası Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi mövcuddur. Adını qeyd etdiyimiz bu komitənin bir də əsas vəzifəsi respublika daxilində mövcud olan müxtəlif din və konfessiyalara bərabər şəkildə imkan və şərait yaratmaqdan ibarətdir.

Milli azlıqların hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas istiqamətlərindəndir. Tolerantlıq baxımından örnək bir dövlət kimi özünü təsdiqləyən Azərbaycan hazırda burada yaşayan bütün xalqların, səmavi dinlərə etiqad edənlərin azad yaşadığı bir dövlətdir. Milli mənsubiyyətindən, dinindən, dilindən, irqindən, mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında (maddə 25, 44) öz əksini tapmışdır. Azərbaycan Respublikasının milli siyasət konsepsiyası həmçinin aşağıdakı beynəlxalq aktlara əsaslanır:

- BMT-nin İnsan hüquqları haqqında ümumi Bəyannaməsi; İnsan hüquqlarının və əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası;

- BMT-nin “İqtisadi, sosial və mədəni hüquqları haqqında” Beynəlxalq Paktı;

- ATƏT-in insan meyarları üzrə konfransının Kopenhagen sənədi;

- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktı;

- Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş “Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi haqqında” Konvensiya.

Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq 15 may 2014-cü ildə “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti fərman imzalamışdır. Mərkəz azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqivistik müxtəlifliyin qorunmasını təmin etmək məqsədilə ardıcıl işlər görür. Azərbaycan dilində multikulturalizm modelləri tədqiq və təşviq edir. Mərkəz millətlərarası, konfessiyalararası və mədəniyyətlərarası münasibətlər sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsi və təbliği üzrə müxtəlif layihələr həyata keçirir.

Tarixdə ilk dəfə olaraq 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdur. Həmin tədbirin hər iki qurumun fəal üzvü olan Azərbaycanda baş tutması isə, təbii ki, böyük siyasi məna daşıyırdı. Respublikamız bu məsələdə liderliyini ötən illərdə qoruyub saxlamışdır. 2009-cu ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdır. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi. 2011-ci ilin aprel ayında Azərbaycanda növbəti möhtəşəm tədbir - Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında 2013-cü il may ayının 29-dan iyunun 1-dək Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu və 2015-ci il 18-19 mayda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır.

Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər.

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanınmasında əhəmiyyəti böyükdür. Bu isə dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Bu ölkədə yaşanan müsbət dəyərlərin dünyaya yayılması istiqamətində həmin dövlətdə təşkil olunan idman yarışlarının da böyük əhəmiyyəti var. İdman yarışları əslində elə toleranatlığı, sülhü təbliğ edir. Azərbaycan ilk Avropa oyunlarını təşkil etməklə həm də özünün tolerantlıq, dözümlülük dəyərlərini dünyaya bəyan etdi. Bu baxımdan “Formula-1” avtoyarışları üzrə Avropa Qran-Prisi, Şahmat Olimpiadası və bu il (2017) keçirilən IV İslam Həmrəyliyi Oyunları da böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, “Evrovision” mahnı yarışması, idman tədbirləri bir daha sübut edir ki, dünyanın aparıcı beyin, düşüncə mərkəzləri ölkəmizdəki bu maraqlı modeli qəbul edərək dünyaya nümunə olaraq göstərirlər.

Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanılması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr Azərbaycanda multikulturalizmin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlətin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.

Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılmışdır və bu proses davam etdirilməkdədir. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpası, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması, Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzinin yaradılması, dünyanın müxtəlif ölkələrində düyna şöhtərli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkillərinin sərgilənməsi məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir. Fondun digər bir xidməti Azərbaycanın Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşməsidir. Bu isə bəşəri multikulturalizmin ən ali nümunələrindən biri kimi dəyərləndirilə bilər.

2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi və bu istiqamətdə bir sıra elmi-kütləvi tədbirlərin keçirilməsi Prezident İlham Əliyevin ən uğurlu siyasətindən biridir.

Azərbaycanda “Multikulturalizm ili”nin elan edilməsi və bu çərçivədə həyata keçirilən tədbirlər dünyaya bir mesaj, Azərbaycanın bu regionda rolunu müəyyən edən bir faktordur. Biz bir körpü kimi, sanki dünyanın Şərqi ilə Qərbini mənən özümüzdə birləşdirmək iqtidarındayıq...

 

Cəmilə AĞAMALIYEVA,

Azərbaycan Dillər Universitetinin

Baş müəllimi.

 

Respublika.- 2017.-11 iyun.- S.5.