“Cənub qaz dəhlizi” yekun mərhələyə qədəm qoyub

 

“21-ci əsrin layihəsi” adlandırılan “Cənub qaz dəhlizi” uğurla irəliləyir. Bu, Avropanın enerji xəritəsini dəyişdirəcək bir layihədir və onun həyata keçirilməsi nəticəsində Azərbaycan qazı ilk dəfə olaraq birbaşaböyük qitə”nin bazarlarına nəql olunacaq. Başqa sözlə, bu layihə Avropaya yeni qaz mənbəyi təklif edirenergetika strukturunu şaxələndirməyə imkan verir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı giriş nitqində demişdir: “Tezliklə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi həm bizim, həm də bu layihədə iştirak edən və bu layihədən gələcəkdə xeyir götürəcək bütün tərəflər üçün önəmlidir. Mən əminəm ki, 2017 - ci il bu baxımdan həlledici il olacaqbiz gələn il TANAP layihəsinin açılışını qeyd etməliyik”. Hazırda bu istiqamətdə çox mühüm işlər görülür.

“Cənub qaz dəhlizi” ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz ixrac ediləcək. “Şahdəniz-2”dən ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi nəzərdə tutulur ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq.

Xəzərdən mavi yanacaq sualtı xətlərlə Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalına çatdırılacaq. Azərbaycan qazının Avropaya uzun yolu buradan başlayır.

“Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin imzalanmasının 20 ili tamam olan gün terminalda qoyulub. Bu dəhliz bir-birinə calanan üç nəhəng boru kəmərindən ibarət olub İtaliya torpağınadək 3500 kilometr məsafə qət edəcək. Hazırda bu kəmərlərin hər üçünün çəkilişində işlər nəzərdə tutulan qrafikə uyğun irəliləyir. “Şahdəniz-2” layihəsilə bağlı işlər də dənizdə və quruda öz qaydasında gedir.

İlk qazın Türkiyəyə 2018-ci ilin sonlarında, Avropaya isə 2020-ci ildə çatdırılacağı gözlənilir.

 

AVROPA “ŞAHDƏNİZ” QAZININ YOLUNU GÖZLƏYİR

 

Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyiŞahdənizyatağıdır. Prezident İlham Əliyev bunu vurğulayaraq demişdir: “Cənub qaz dəhlizi”nin resurs bazasını nəhəng “Şahdəniz” qaz yatağı təşkil edir... “Şahdəniz” layihəsi sayəsində biz özümüzü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi təqdim etdik. Bu gün Azərbaycanın, - “Şahdəniz” və digər yataqların, - təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir. Bu, nəhəng layihədir və şübhəsiz ki, “Şahdəniz” yatağının birinci mərhələdəki istismarı “Cənub qaz dəhlizi” layihəsinin təməlini qoydu”.

“Şahdəniz-2” layihəsinə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusunun (“İstiqlal” və “Heydər Əliyev” qurğuları) qazdığı 26 quyu, 500 kilometr uzunluğunda sualtı boru xətlərinin çəkilişi və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir.

Hazırda “Şahdəniz-2” layihəsi üzrə bütün işlərin - mühəndis, təchizat və tikinti işlərinin ümumilikdə 90 faizindən çoxu tamamlanıb. Xatırladaq ki, tikinti işləri Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ), Bibiheybət ərazisindəki ATA (“AMEK-Tekfen-Azfen”) sahəsində, Səngəçal terminalında aparılır. Yataqda quraşdırılacaq hər iki platformanın dayaq blokları artıq dənizdəki daimi yerinə göndərilib. Birinci qurğu BDÖZ-dən Xəzərə keçən il sentyabr ayının 1-də Prezident İlham Əliyevin iştirakı ilə yola salınıb. Digər platformanın dayaq bloku isə dənizə bu il mart ayının 15-də göndərilib.

Keçən il tikintinin ən qızğın vaxtlarında Azərbaycanda əsas müqavilələr üzrə işə 24 000-dən çox insan cəlb olunmuşdu ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşları idi. Bu, inşaat işlərinin miqyasını göstərən başlıca faktlardan biridir.

 

BİRİNCİ SEQMENT

 

“Cənub qaz dəhlizi” hazırda genişləndirilməkdə olan Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) başlanır. Genişləndirmədən sonra bu kəmərin ötürücülük gücü üçqat güclənəcək. Başqa sözlə, məqsəd boru xəttinin ildə 7 milyard kubmetr olan ötürücülük gücünü daha 16 milyard kubmetr artırmaqdır.

Qeyd edək ki, mövcud CQBK 2006-cı ilin sonlarında istifadəyə veriləndən bəri “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazı Azərbaycana və Gürcüstana çatdırır. Türkiyəyə isə qaz 2007-ci ilin iyul ayından nəql olunur.

CQBK-nın yolu Səngəçal terminalından başlanır. Kəmər Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya Azərbaycan qazını Ərzurumadək aparan 280 kilometrlik əlavə kəmər birləşdirilir. Səngəçaldan Ərzurumadək uzanan bu boru xətti bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Əslində, reallaşmaqda olan “Cənub qaz dəhlizi”nin möhkəm bünövrəsi, uğurlu başlanğıcı məhz bu kəmərdir.

2014-cü il sentyabrın 20-də “Cənub qaz dəhlizi”nin təməlqoyma mərasimindəki çıxışında Prezident İlham Əliyev demişdir: “2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisitarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır. Bu kəmərin yeni xəttinin tikintisi əslində bu gün başlayır. Azərbaycan artıq “Cənub qaz dəhlizi”nin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir”.

Bəs kəmərin genişləndirilməsi nədən ibarətdir. Əslində bu, genişmiqyaslı bir layihədir. Belə ki, mövcud CQBK ilə yanaşı, 489 kilometr uzunluğunda yeni bir kəmər tikilir. Bu xəttin 424 kilometri Azərbaycanın və 63 kilometri Gürcüstanın ərazisinə düşür. 48 düymlük yeni kəmərin başlanğıcı Hacıqabul rayonu ərazisindəki Muğan məntəqəsidir.

CQBK-nın genişləndirilməsi layihəsinə bir sıra yeni qurğuların tikintisidaxildir. Bunlar biri Azərbaycanda, digəri Gürcüstanda yerləşən iki aralıq ərsinləmə stansiyası, biri Gürcüstanda, 5-i Azərbaycanda olmaqla 6 siyirtmə stansiyası, beynəlxalq sərhədlərdə təzyiqsalma və nəzarət-ölçmə stansiyalarıdır. Bundan əlavə, kəmərin Gürcüstan hissəsində hər birinin gücü 120 MVt olan iki kompressor stansiyası tikiləcək.

Bu ilin əvvəlinə Azərbaycanda xəttin 239 kilometr uzunluğunda boruları artıq qaynaq edilib, 207 kilometr boru xəndəyə endirilib və onların üstü torpaqla örtülüb. Planlaşdırılmış 5 üfüqi istiqamətdə qazma işləri tamamlanmaqdadır.

Gürcüstan ərazisində keçən ilin sonunadək kəmər xəttinin inşası, demək olar ki, başa çatmışdı. Borular qaynaq edilmiş və onların xeyli hissəsinin üstü örtülmüşdür. Şərqi Kür ərazisində tunel tikintisi başa çatıb, boru kəmərinin inşasına isə bu ilin dördüncü rübündə başlanacaq.

 

BİRLƏŞDİRİCİ HALQA

 

TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) marşrutu Türkiyənin Gürcüstanla sərhədindəki Posof mahalından başlanır. Bu kəmər Türkiyənin ərazisində 21 vilayətdən keçərək 1850 kilometr məsafə qət edəcək və Yunanıstanla sərhəddəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.

TANAP-ın təməli 2015-ci il martın 17-də Qars vilayətinin Səlim rayonunda qoyulub. İndiyədək tikintidə işlərin 65 faizdən çoxu görülüb. İlk qazın Türkiyəyə 2018-ci ildə çatdırılacağı gözlənilir. Beləliklə, TANAP Azərbaycan qazını Türkiyədəki istehlakçılara çatdıracaq.

TANAP üzrə hökumətlərarası sazişi 2012-ci ilin iyunundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi isə prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda imzalamışdır. Bu, Azərbaycanın və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkləşən layihədir.

Cari ilin martın 17-də Türkiyənin Qars vilayətinin Səlim rayonunda TANAP-ın təməli qoyuldu. Həmin vaxtdan başlanan tikinti işlərində irəliləyiş davam edir.

TANAP “Cənub qaz dəhlizi”nin CQBK ilə TAP (Transadriatik Qaz Boru Kəməri) arasında yerləşən birləşdirici halqası və ən böyük hissəsidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəməri “Cənub qaz dəhlizi”nin “onurğa sütunu” adlandırmışdır.

Kəmərin ilkin örtücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq. Qeyd edildiyi kimi, bu həcmin 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri Türkiyəyə nəql ediləcək. Lakin sonrakı illərdə TANAP daha çox qaz ötürəcək. Onun 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə 31 milyard kubmetr qaz nəql etmək imkanı olacaq.

Azərbaycanda ən iri neft-qazixrac layihələrinin, o cümlədən “Şahdəniz”in operatoru olan BP şirkəti TANAP-ı dəstəkləyənlər sırasındadır. Şirkətin yaydığı açıqlamaların birində deyilir: “TANAP dünyada ən mühüm strateji kəmərlərdən biridir. Onun Şərq ucunda isə dünyanın ən iri qaz yataqları var - Azərbaycan və Yaxın Şərq, onun Qərb ucunda isə dünyanın ən iri bazarlarından biri var - Avropa. TANAP bu ikisini birləşdirən mühüm bir layihədir və ona görə də BP və digər şirkətlər bu layihəni və onun operatoru olan ARDNŞ-in planlarını dəstəkləyir”.

 

UZAQ SAHİLLƏRƏDƏK

 

“Cənub qaz dəhlizi”nin sonuncu seqmenti TAP-dır. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında imzalanıb. Kəmərin təməli isə keçən ilin mayında Yunanıstanın Saloniki şəhərində qoyulub.

TAP Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində TANAP-la birləşəcək. Buradan TAP-ın Yunanıstan və Albaniya ərazisi ilə keçən yolu başlanacaq. Beləliklə, şərqdən qərbə istiqamət götürən kəmər Adriatik dənizinin sahilinə çataraq və dənizin dibi ilə uzanacaq. İtaliyanın Puqlia bölgəsində kəmər quruya çıxacaq. İtaliya torpağında TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi şəbəkəyə qoşulacaq.

TAP boru xəttinin ümumi uzunluğu təxminən 878 kilometrdir. Onun marşrutunun 550 kilometri Yunanıstandan, 210 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçir. Qalan kiçik hissə isə İtaliyada quru ərazidə yerləşir.

Layihənin İtaliyada bitməsinə baxmayaraq, gələcəkdə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə təbii qazın ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm də ondadır ki, Yunanıstan-Bolqarıstan interkonnektoruİon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

 

DÜNYANIN DƏSTƏKLƏDİYİ LAYİHƏ

 

Prezident İlham Əliyev “Cənub qaz dəhlizi” kimi nəhəng qazpaylayıcı infrastrukturun yaradılmasında Azərbaycanın bundan əvvəl həyata keçirdiyi neft ixracı layihələrinin bünövrə olduğunu vurğulayıb: “Artıq 7 ölkə - Azərbaycan, Gürcüstan Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliyaAlbaniya “Cənub qaz dəhlizi”nin üzvüdür. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro, BosniyaHerseqovina isə layihənin növbəti mərhələsində bizim tərəfdaşlarımız olacaq... Bu, həqiqətən də XXI əsrin layihəsidir və onun dəyəri 40 milyard dollardır. Bu layihə Azərbaycan tərəfindən irəli sürülüb və tərəfdaşlarımız, Avropa Komissiyası tərəfindən dəstəklənib. Hətta son iki il ərzində neftin qiymətlərinin aşağı olduğu bir vaxtda bu layihə uğurla həyata keçirilironun icrası ilə bağlı bizim maliyyə öhdəliklərimizin ödənişi baxımından heç bir gecikmə olmamışdır”.

Artıq üçüncü dəfədir ki, hər ilin fevralında Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurasının iclası keçirilir. Builki toplantıda da şuranın bütün üzvlərinin iştirakı ilə qəbul edilmiş yekun bəyanatda Azərbaycanın rolu bir daha qeyd olunmuşdur.

Məşvərət Şurasının toplantılarına Bakının ev sahibliyi etməsinin bir səbəbi də ondan qaynaqlanır ki, “Cənub qaz dəhlizi” Azərbaycanın təşəbbüsü, liderliyi ilə həyata keçirilən layihədir. Həm də Azərbaycan bu layihəni tərəfdaşlıq etdiyi ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə, beynəlxalq təşkilatlarla birlikdə icra edir. Başqa sözlə, Azərbaycan artıq dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb.

Qazanılan uğurlarda əməkdaşlığın və tərəfdaşlığın əhəmiyyətini Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Sevçoviç də təsdiqləyib: “Düşünürəm ki, irəliləyişə təkcə kəmərin keçdiyi ölkələrdə göstərilən böyük səylər, görülən işlər sayəsində deyil, həm də bu masa ətrafında yaradılmış yaxşı yaradıcı mühit, mütəmadi məlumat mübadiləsi, bu cür genişmiqyaslı layihə ilə bağlı davamlı olaraq çıxan problem və çağırışları həll etmək üçün göstərilən səylər sayəsində nail olunub”.

“Cənub qaz dəhlizi” Məşvərət Şurasının üçüncü toplantısı zamanı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə İtaliyanın “Leonardo” şirkətinin icraçı direktorubaş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq SOCAR-la həmin şirkət arasında əməkdaşlığa dair memorandumun imzalanması Azərbaycanın beynəlxalq əməkdaşlığına daha bir nümunədir.

“Cənub qaz dəhlizi” barədə bu il martın 16-17-də keçirilən V Qlobal Bakı Forumunda da geniş bəhs edilmişdir.

Monteneqro Prezidenti Filip Vuyanoviç demişdir: “Biz “Cənub qaz dəhlizi” layihəsinin sürətləndirilməsində maraqlıyıq. Bu layihə Adriatik məkanı üçün böyük əhəmiyyət kəsb ediriqtisadi əməkdaşlığın əsas komponentidir. Biz bu istiqamətdə səylərimizi davam etdirməyə hazırıq”.

Albaniya Prezidenti Buyar Nişani isə bununla bağlı fikrini belə ifadə etmişdir: “Ötən müddət ərzində siyasi təmaslar getdikcə artıb. Biz gücümüzü Avropa üçün mühüm əhəmiyyətə malik “Cənub qaz dəhlizi” layihəsinin reallaşmasına yönəltmişik. Əsas məqsədimiz bu sahədə Azərbaycan ilə daha yaxından işləməkdir”.

“Cənub qaz dəhlizi”nin təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycandır. Lakin bu cür nəhəng layihələr digər ölkələrlə sıx əməkdaşlıq və tərəfdaşlıq şəraitində həyata keçirilir, beynəlxalq dəstəkdən bəhrələnir. “Cənub qaz dəhlizi”nin belə etibarlı tərəfdaşları da, böyük dəstəyi də var.

 

Tofiq ƏBDÜLHƏSƏNLİ,

 

Respublika.- 2017.-11 iyun.- S.5.