Görkəmli alim, fədakar pedaqoq və ictimai xadim

 

Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Mehdixan Yusif oğlu Vəkilov 1902-ci il iyunun 15-də Qazax mahalının Salahlı kəndində anadan olmuşdu. Onun atası Yusif ağa Vəkilov olduqca işgüzar və həyatsevər, qayğıkeş, gözəl saz çalan, dövrünün qabaqcıl şəsiyyətlərindən olmuşdur. Onun insani keyfiyyətləri hər iki oğlu—Mehdixanın və Səmədin təbiətində öz təcəssümünü tapmış və onlar xeyirxah nəcib əməlləri ilə xalqın elmi-mədəni inkişafında xüsusi rol oynamışlar.

Mehdixan Vəkilov olduqca mənalı və ibrətamiz həyat yolu keçmişdir. Kənd ibtidai məktəbini bitirdikdən sonra təhsilini Tiflis pansionatında davam etdirmişdir. O, Qazax seminariyasının ilk məzunlarından biri olmuşdur. Milli seminariya gənc Mehdixanın dünyagörüşünün formalaşmasında, mühüm rol oynamışdır. M.Vəkilov 1926-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı, elmlərin əsaslarına yiyələndiyi müddətdə də vurğunu olduğu müəllimlik peşəsindən ayrılmamış, eyni vaxtda Balaxanı, Binəqədi və Suraxanı məktəblərində müəllimlik fəaliyyətini davam etdirmişdir. Xatırladaq ki, həmin illərdə Sabunçu-Balaxanı neft mədənlərində fəhləlik edən, sonra xalq yazıçısı olan Mirzə İbrahimovun və görkəmli alim M.Sultanovun ilk müəllimlərindən biri Mehdixan Vəkilov olmuşdur. M.Vəkilov Pedaqoji İnstitutu bitirdikdən sonra, 1931-1934-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim işləmişdir. O, 1934-1938-ci illərdə Azərbaycan Xalq Maarifi Komissarlığının inspektoru, 1938-1941-ci illərdə isə Azərbaycan SSR XKS nəzdində incəsənət işləri idarəsinin müdiri və eyni vaxtda Tarix İnstitutunda şöbə müdiri vəzifəsində işləmiş, doğma yurdun çiçəklənməsi, elmin, mədəniyyətin inkişafında yorulmadan çalışmışdır.

Böyük Vətən Müharibəsi başlayarkən M.Vəkilov Təbriz şəhərinə göndərilir və orada nəşr edilən “Vətən yolunda” qəzeti redaksiyasında fəaliyyət göstərir. Onun “Vətən yolunda” və “Azərbaycan” qəzetlərində nəşr olunan onlarla məqalələrində imperializmin müstəmləkəçilik zülmü, ona qarşı çevrilən milli-azadlıq mübarizəsinin perspektivləri, faşizm təhlükəsinə qarşı dünyanın mütərəqqi qüvvələrinin fəal mübarizə aparmaları məsələləri əsaslı şəkildə öz əksini tapmışdır.

M.Vəkilovun müharibənin ilk dövründə yazdığı “Cavanşir”, “Minin və Pojarski” adlı əsərləri onun vətənpərvər, istedadlı bir tarixçi olduğunu göstərir. Müəllif zəngin qaynaqlar əsasında Azərbaycan hökmdarı və sərkərdəsi, uzaqgörən Cavanşirin 7-ci əsrin ikinci yarısında xalqımızın ərəb istilaçılarına, yadelli işğalçılara qarşı apardığı qəhrəman mübarizəsindən bəhs edərək döyüşçülərimizi faşizm üzərində qələbəyə ruhlandırır. Müəllif nəzərə çatdırırdı ki, Cavanşir səriştəli hakim kimi nəinki ölkəsinin müstəqilliyini qoruyub saxladı, habelə onun iqtisadiyyatının dirçəldilməsinə, sənətkarlığın inkişafına nail oldu, görkəmli alimləri öz ətrafına topladı, elmin inkişafına xüsusi diqqət yetirdi.

M.Vəkilov Ağstafa Rayon Partiya Komitəsinin I katibi olanda da doğma diyarın inkişafı, xalq təhsili və mədəniyyətinin tərəqqisi yolunda əzmlə fəaliyyət göstərib. XX əsrdə xalqımızın yaratdığı qüdrətli iqtisadi potensialın, habelə böyük mütəxəssislər ordusunun yaradılmasında onun xüsusi rolu olmuşdur.

1946-1956-cı illərdə Bakı Dövlət Universitetində müəllim işləyən M.Vəkilov gənclərin elmlərə yiyələnməsi və yüksək əxlaqi keyfiyyətlər uğrunda tərbiyə olunmasına xüsusi diqqət yetirmişdir. Yaxşı xatırlayıram, 50-ci illərin əvvəlində görkəmli filosof Heydər Hüseynovun “XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” adlı çox qiymətli əsəri M.C.Bağırovun əsassız tənqidinə məruz qaldıqda tələbələr bu məsələyə münasibətini bildirməyi M.Vəkilovdan xahiş etdilər. O, böyük cəsarətlə bildirib ki, Şeyx Şamil əsl xalq qəhrəmanıdır, xalqının azadlığı uğrunda 40 il çar imperiyasına qarşı mübarizə aparmışdır. O, heç vaxt ingilis casusu olmamışdır. H.Hüseynovun kitabında dünya azadlıq mübarizəsinin parlaq səhifələrindən birini təşkil edən Ş.Şamilin qəhrəmanlıq mübarizəsinə xüsusi yer verilmişdir. Gec-tez ədalət öz yerini tapdı.

Millət və vətən yolunda qeyrətlə çalışan Mehdixan müəllimin fəaliyyətinin son 20 ili Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlıdır. 1956-1962-ci illərdə universitetin rektoru kimi məsul vəzifədə işləyərkən bacarıqlı təşkilatçı, gözəl ictimaiyyətçi və qayğıkeş rəhbər kimi bütün kollektivin hörmətini qazandı. Mehdixan müəllimin təşəbbüsü ilə bir sıra vacib ixtisaslar üzrə kadr hazırlayan dekanlıqlar, kafedralar, laboratoriyalar yaradılmış, yeni tədris korpusu və yataqxanalar inşa edilmişdir. Kadrların hazırlanması işi əsaslı surətdə yaxşılaşdırılmış, vacib ixtisaslar üzrə müdafiə şuraları yaradılmışdır. O, uzun müddət kafedra müdiri və professor vəzifələrində çalışmışdır. Görkəmli alim, 1954-cü ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, onlarla tarixçinin yetişməsində yaxından iştirak etmişdir.

Mehdixan müəllimin bütün mənalı həyatı, 55 illik elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti doğma xalqına xidmətin parlaq nümunəsidir. Dərin fəlsəfi təfəkkürə, ensiklopedik biliyə, yüksək erudisiyaya, əsl natiqlik məharətinə malik olan bu şəxsiyyətin məruzələri, çıxışları dinləyiciləri sanki ovsunlayırdı, onun qaldırdığı problemlər adamları düşünməyə, yaxşı işləməyə istiqamətləndirirdi. Mehdixan müəllim həm də tanınmış tədqiqatçı alim idi. O, ictimai-sosial inkişafın ən mürəkkəb problemlərindən olan mədəni quruculuq sahəsində, Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri tədqiq edən ilk azərbaycanlı alimlərdən birincisi olmuşdur. Azərbaycanda xalq maarifinin, mədəniyyətinin inkişafı problemi üzrə 40 ilə yaxın müddətdə tədqiqat aparmış, 50-dən çox elmi əsəri, məqaləsi çap olunmuş və hamısı da maraqla qarşılanmışdır. Onların içərisində Azərbaycanda qadın maarifçiliyi və mədəni inqilab, “Azərbaycanda universitet təhsili tarixindən (1919-1930-cu illər)” bəhs edən əsərləri xüsusilə böyük əhəmiyyət kəsb edir.

M.Vəkilovun yazdığı “1920-1940-cı illərdə Azərbaycanda mədəni inqilab” adlı monoqrafiyası istər istifadə olunan qaynaqların zənginliyi, istərsə də çıxarılan nəticələrin elmiliyi baxımından olduqca dəyərlidir. Müəllif əsaslandırdı ki, həmin illərdə Azərbaycan bütün Şərqdə ən qabaqcıl ictimai fikir, elm və mədəniyyət ölkəsinə çevrildi, savadsızlığa son qoyuldu, böyük ziyalılar ordusu yarandı. Elə bunun nəticəsində müharibənin gedişi zamanı müstəqil Azərbaycan Elmlər Akademiyası yarandı.

M.Vəkilovun 73 illik mənalı ömür yolu o qədər də hamar və rəvan olmayıb. Gərgin mübarizələr, elmi axtarışlar sayəsində öz məqsədinə nail olub. Görkəmli filosof Aristotel yazmışdır: “Xoşbəxtlik o adama nəsibdir ki, o, həyatdan razı olsun” bu sözlər bütünlükdə Mehdixan müəllimə aiddir. Yüksək amallarla, nəcib əməllərlə yaşayan bu böyük insana Xan deyə müraciət edilməsi təsadüf deyil. Bəy-xan nəslindən olan Mehdixan ağayana adam olmaqla, sözünün əsl sahibi idi.

Unudulmaz xalq şairimiz Səməd Vurğunun formalaşmasında və yetişməsində böyük qardaş kimi Mehdixan müəllim böyük zəhmət çəkmişdir. 30-40-cı illərin təlatümlü, qanlı-qadalı repressiya illərində o, Səmədi qorumuş, onu ağıllı məsləhətləri ilə həmişə ruhlandırmışdır. Şairin “Komsomol” poemasındakı Cəlal surətinin əsas prototiplərindən biri Mehdixan Vəkilovdur.

Azərbaycan K(b)P XIX qurultayında M.C.Bağırov xalq şairi Səməd Vurğunu hədələyərək “sən ləngimədən kommunizm əlifbasından başlamalısan, yoxsa məhv olacaqsan” sözlərilə onu hədələməsi sevimli şairin gərgin sarsıntı keçirməsinə səbəb olmuşdur. Mehdixan müəllim yazır ki, mən o ağır günlərdə Səmədlə dəfələrlə görüşüb onu bu sarsıntıdan xilas etməyə çalışdım, Bağırovun ağlını itirdiyini və xalqdan büsbütün uzaq düşdüyünü bildirdim, şair Səməd də dediklərimi təsdiqlədi.

Mehdixan müəllimin 1986-cı ildə çap olunmuş “Ömür dedikləri bir karvan yolu” adlı xatirə kitabı Səməd Vurğuna xatirəsinə həsr olunmuş dəyərli bir əsərdir. Mehdixan müəllimin fəlsəfi təxəyyülünün, qüdrətli qələminin məhsulu olan bu əsərində S.Vurğunun yaradıcılıq uğurları, ədəbi döyüşlər burulğanında tutduğu prinsipial mövqeyi təfərrüatı ilə oxucuya çatdırır.

Həmin qiymətli əsərin önəmli məziyyətlərindən biri Vəkilovlar nəslinin soykökünün araşdırılması və oxucuya çatıdırılmasıdır. Tarix nəsillərin varisliyi, bir-birini əvəz etməsi deməkdir. Çar və Sovet imperiyaları ayrıseçkilik siyasəti yeridərək uzun illər boyu tariximizi saxtalaşdırmış, istiqlal hərəkatında canlarını fəda edən milli demokratların adlarını belə çəkməyi yasaq etmişdi.

M.Vəkilovun kitabını oxuduqca rişələri XVI-XVII əsrlərə gedib çıxan Vəkilovlar nəslinin Azərbaycan tarixində önəmli yer tutduğunun şahidi oluruq. General İbrahim ağa Vəkilov bir çox ordenlərlə, onun oğlu Qalib Vəkilov I Cahan müharibəsində şücaətə görə “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdilər.

Uzun müddət marksizm-leninizm nəzəriyyəsini tədris edən M.Vəkilov bu ideyanın çürüklüyünü hiss edirdi. Onun qardaşı oğlu istedadlı yazıçı Vaqif Səmədoğlu yazır ki, bir dəfə əmimdən zarafatla tələbələrə nəyi tədris etdiyini soruşduqda gülə-gülə “şəriət dərsi” deyirəm cavabını vermişdi. Belə bir cavab həmin məfkurənin böyük alimə yad olduğunu təsdiqləyir.

Bir faktı da xatırladaq ki, Azərbaycan İstiqlal Hərəkatından söz düşərkən Mehdixan müəllim iftixar hissi ilə vurğulayırdı ki, bu hərəkatın bayraqdarı “Müsavat” partiyası olmuş və onun divan üzvlərindən 5 nəfər Vəkilovlar nəslinin nümayəndələri idi.

M.Vəkilovun S.Vurğunun altı cildlik seçilmiş əsərlərinə yazdığı giriş sözü də Azərbaycan ədəbiyyatına qiymətli töhfədir.

M. Vəkilov respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Azərbaycan Ali Sovetinin deputatı, Ali Sovetin sədrinin müavini kimi səmərəli fəaliyyət göstərmiş, insanlara təmənnasız köməklik göstərmişdir. Mehdixan müəllim deyərdi ki, insan dünyanın əşrəfidir.

Professor Mehdixan müəllim qəddi-qaməti, uca boyu, qıvrım, dümağ sıx saçları, gülərüz, mehriban baxışları ilə çoxlarından fərqlənirdi. Həmişə zirvədə dayanmağı bacaran müdrik insan idi. Təkrarolunmaz dünyaduyumuna, şirin söhbətə, incə yumora, şair təbiətinə malik şəxsiyyət idi. Təsadüfi deyildir ki, Azərbaycanın görkəmli şair və yazıçıları, elm və mədəniyyət xadimləri onunla dostluq edər, onların iştirakı ilə tez-tez universitetlərdə tədbirlər keçirilərdi.

M.Vəkilovun yeri həmişə görünür, adı ehtiramla çəkilir. Onun zəngin elmi-pedaqoji və ictimai fəaliyyəti xalqına sədaqətlə və məhəbbətlə xidmətin parlaq təcəssümüdür. 1975-ci ilin oktyabrında əbədiyyətə qovuşan bu böyük insana Tanrıdan rəhmət diləyirik.

 

Xəlil KÖÇƏRLİ,

Tarix elmləri doktoru, professor,

respublikanın Əməkdar müəllimi.

 

Respublika.- 2017.-11 iyun.- S.6.