Tarixi gün
15 iyun Milli
Qurtuluş Günüdür
Ümummilli lider, milli dövlətçiliyimizin
memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi
və idarəçilik fəaliyyəti tariximizdə müstəsna
yer tutur. Ulu öndər Azərbaycan tarixində yeni parlaq səhifə
açan nadir şəxsiyyət olmuşdur. 1993-cü ilin
yayında Azərbaycan xalqı son imdad yeri kimi öz
böyük oğlu Heydər Əliyevə üz tutanda da
ölkəmiz “olum, ya ölüm” dilemması
qarşısında qalmışdı. Heydər Əliyev Azərbaycanı
yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi,
sabitlik və təhlükəsizliyin qarantı oldu,
respublikamızı inkişafa, firavanlığa doğru
addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir
dövlətə çevirdi.
Heydər Əliyev siyasətçi
və dövlət xadimi kimi şərəfli missiyanı
gerçəkləşdirdi: müstəqil Azərbaycan dövlətinin
memarı oldu və bu tarixi öz əməlləri ilə
yazdı. Heydər Əliyevin həyatı və fəaliyyəti
Azərbaycan tarixinin bir hissəsi və bəlağətsiz
deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir.
Bu şəxsiyyətin həyatını öyrənmək,
onun gördüyü işlərin, reallaşdırdığı
layihələrin tarixi əhəmiyyətini dərk etmək
özü böyük bir tarix məktəbini bitirmək deməkdir.
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən
artıq dövrdə ölkənin həyatında,
xalqının taleyində elə bir əzəmətli rol
oynayıb ki, bu, əsrlər boyu unudulmayacaq.
Respublikamızın hər bir bölgəsində Heydər Əliyevin
quruculuq fəaliyyətinin silinməz izləri var. Ulu öndər
həmişə həyatı boyu xalqa arxalanmışdı:
“Mənim həyat amalım bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, mənəvi inkişafına
xidmət olub. Bu yolda bütün gücümü və iradəmi
yalnız müdrik və qədirbilən xalqımdan
almışam, ən çətin anlarda, ən mürəkkəb
vəziyyətlərdə yalnız və yalnız xalqıma
arxalanmışam. Bu da mənə dözüm, iradə verib
və bütün uğurlarımı təmin edib”.
Müstəqil Azərbaycan dövlətinin
keçdiyi sınaqla, dövlətçiliyimizin ən
ağır günlərində Heydər Əliyevin göstərdiyi
qətiyyət bu sözlərdəki həqiqəti dəfələrlə
təsdiqləyib. Heydər Əliyevin Azərbaycanla, xalqı
ilə bağlı arzuları bitib-tükənməz, Vətənə,
xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi
Azərbaycan qədər geniş idi. O, dünyanın
hansı nöqtəsinə gedirdisə, Azərbaycanı, onun
problemlərini də ürəyində aparırdı. Heydər
Əliyev Vətən üçün, xalq üçün
doğuldu. Vətənin, xalqın tərəqqisi,
inkişafı, azadlığı, müstəqilliyi
üçün çalışdı və bu yolda
ömrünü şam kimi əritdi.
Böyük amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Heydər Əliyev əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində gördüyü işləri ilə xalqının qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Heydər Əliyev yolunun bu gün davam etməsi, Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir.
Müasir Azərbaycanın yaradıcısı və fədakar oğlu öz həyatının mənasını doğma xalqına xidmətdə görürdü, bu məqsədlə gecə-gündüz çalışırdı. Ulu öndərin mənalı ömür yolu Vətənə sədaqət nümunəsidir. Bütün dünya bunu görüb, dərk edib və lazımınca qiymətləndirib. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin işlərini, onun dəyərli irsini örnək kimi qəbul edirdilər. Çünki onlar hələ sovetlərin zamanından Heydər Əliyevin nələrə qadir olduğunun şahidi idilər. Təkrarsız təşkilatçılıq qabiliyyətinə malik olan ulu öndər o zamankı imperiyanın yeritdiyi siyasəti yaxşı dərk edirdi. Moskvada işləyərkən bu siyasəti milli mənafelərə uyğunlaşdırmağı bacarırdı. O, zamanı qabaqlayaraq respublikamızın gələcək siyasəti, müstəqilliyi üçün təməl hazırlayırdı, Azərbaycanın intibahına səy göstərirdi, milli iqtisadiyyatımızın dinamik inkişafından ötrü əlindən gələni edirdi. Xüsusən ən müxtəlif sahələrdə işləyəcək kadr potensialını yaratmaq Heydər Əliyev fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Birmənalı olaraq qeyd etmək olar ki, Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı başının üstünü almış bütün bəlalardan qorudu. Respublikamızın müstəqilliyini bərpa etdikdən sonra yaşadığı keşməkeşli və mürəkkəb dövr daim xatirimizdədir. Xüsusən 1993-cü il heç birimizin yadından çıxmayacaq. O vaxt respublikamızın başının üstünü qara buludlar alanda çoxları gələcəyə ümidini itirmişdi. Ölkə parçalanıb məhv olurdu. Xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtmış, təlatümlü və məcrasından çıxmış ölkəni xilas etmək naminə fədakarlıq göstərmiş ulu öndər müasir tariximizin yeni bir səhifəsini yaratdı. Müstəqil Azərbaycan dövlətini daxili və xarici təhlükələrdən xilas edərək onu inkişaf və tərəqqi yoluna çıxardı. Ölkəmizdə bərqərar olan sabitlik, həyatın bütün sahələrində qazanılan uğurlar Heydər Əliyevin məhz dahi şəxsiyyət olduğunu göstərdi. Bu sabitlik və əmin-amanlıq sayəsində nəhəng islahatlar həyata keçirildi. Qərb standartlarına uyğun qanunvericilik aktları qəbul edildi. Həyata keçirilən iqtisadi islahatlar respublikamızın hərtərəfli inkişafına təkan verdi. Biz bu gün dərin iftixar hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Azərbaycanın çox zəngin və şərəfli tarixi var. Bu tarix öz yaddaşında xalqın taleyini müəyyənləşdirmiş nadir şəxsiyyətləri əbədi yaşadır. Heydər Əliyev onların ən görkəmlisi, ən qüdrətlisidir. Təkcə Azərbaycanın deyil, bütün dünyanın taleyinə həlledici təsir göstərən nəhəng siyasətçilər və dövlət xadimləri arasında Heydər Əliyev öz dühası, müdrikliyi ilə xüsusi yer tutmuş, hələ sağlığında ikən əfsanəyə dönmüş, bəşəri miqyasda tanınmışdır.
Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın indiki, eləcə də, gələcək nəsilləri üçün əbədi örnək olacaqdır. Ulu öndər canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycan bəxş etdi. Ən yeni tariximizin son 40 ildən artıq bir dövrü onun şərəfli adı, nəhəng siyasi fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu illərdə ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər inkişaf və tərəqqi xalqımızın müasir milli dəyərlərinin formalaşması Heydər Əliyev dühasının bəhrəsidir. Biz çox xoşbəxtik ki, qismətimizə onun kimi nadir şəxsiyyətlə, qüdrətli lider və dövlət rəhbəri ilə eyni dövrdə yaşamaq səadəti düşmüşdür.
Heydər Əliyev ikinci dəfə respublika rəhbəri seçildiyi dövrdə Azərbaycanın sosial-iqtisadi, ictimai-mədəni həyatı dərin tənəzzül keçirirdi. Heydər Əliyevin rəhbərliyə gəlişi ilə respublikada böyük dirçəliş, işgüzarlıq və yaradıcılıq əhval-ruhiyyəsi yarandı. Hər yerdə geniş quruculuq işləri başlandı, durğunluq aradan qalxdı, qısa vaxtda Azərbaycan keçmiş İttifaqın davamlı inkişaf edən respublikasına çevrildi. O illərdə hər hansı bir azərbaycanlının yolu İttifaqın hansı guşəsinə düşürdüsə, hamının - rəhbər işçilərin də, sıravi insanların da Heydər Əliyevin fəaliyyəti haqqında necə heyranlıqla danışdığının şahidi olurdu. Təsadüfi deyil ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-80-ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Bu gün təkcə xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər, tarixçilər və politoloqlar ümummilli liderimiz Heydər Əliyevi müasir, müstəqil Azərbaycan dövlətinin həqiqi memarı və yaradıcısı sayır.
Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Zaman keçdikcə Heydər Əliyev ucalığını, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha qabarıq və aydın görürük.
Bu gün Heydər Əliyevin sönməz ideyalarının layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə uğurla addımlayırıq. Dövlət başçısı ulu öndərin müəyyən etdiyi strateji siyasi xətti uğurla həyata keçirir.
Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ulu öndər əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.
Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və bəlağətsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir tarix məktəbini bitirmək deməkdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var.
Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri sadalamaqla bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün sıralarımızda olmasa da, onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Heydər Əliyev fövqəlbəşər bir düha kimi xalqın əbədi məhəbbətini qazandı. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə heykəl ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideallarını öz yolunda mayaka çevirəcəkdir. Heydər Əliyev irsi hələ uzun illər xalqımızın müstəqillik yolunu işıqlandıracaq.
Heydər Əliyev dünyanın nadir insanlarından idi. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.
Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.
Elçin HƏŞİMOV,
Nərimanov
MKTB-nin rəisi.
Respublika.-
2017.-14 iyun.- S.6.