Milli dövlət modelini
formalaşdırmış lider
15 iyun Milli
Qurtuluş Günüdür
Azərbaycan xalqı tarixən milli dövlət qurmaq uğrunda davamlı mübarizə aparsa da, yalnız ötən əsrin sonlarında uzunmüddətli istiqlal mübarizəsinin məntiqi yekunu olaraq bu arzusuna qovuşmuşdur. Xalqımızın qəlbində əsrlər boyu silinməz iz salmış, onu mübarizə ruhunda kökləmiş milli dövlətçilik idealının gerçəkliyə qovuşması isə, ilk növbədə, milli lider amili ilə bağlıdır. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider Heydər Əliyev xarizmatik lider kimi xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür.
Minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmişlər. Böyük siyasi lider daim öz cəsarəti, çevik qərarları, ən çətin şəraitlərdə optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev də məhz bu keyfiyyəti ilə xalqın arzusunda olduğu milli dövlət modelini formalaşdırmış, onun daimiliyini, əbədiliyini təmin etməklə ümummilli liderlik zirvəsinə yüksəlmişdir.
1991-ci il oktyabrın 18-də istiqlaliyyətini bərpa etmək şansı qazanmış Azərbaycanın ilkin mərhələdə üzləşdiyi ağır və mürəkkəb proseslər təsdiqlədi ki, müstəqilliyi yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik səriştəsi sayəsində qoruyub saxlamaq olar. Bu mənada, 1993-cü ilin iyun ayınadək xalqımız demokratik, hüquqi və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu tam gerçəkləşdirə bilməmişdi. Həmin zaman kəsiyində ölkə iqtisadiyyatında tənəzzül prosesi dərinləşir, inflyasiyanın səviyyəsi gündən-günə yüksəlir, əhalinin sosial rifah halı pisləşirdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyilə Naxçıvandan Bakıya qayıtması və Ali Məclisin sədri seçilməsi onun, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın xaosdan qurtulması və davamlı inkişaf yoluna qədəm qoymasıdır. Böyük strateq məhz bu mərhələdən müstəqilliyi BMT tərəfindən hüquqi baxımdan tanınmış Azərbaycan dövlətçiliyini faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Bütün səylərini səfərbər edərək Azərbaycanın dövlət müstəqilliyini, sadəcə, şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmağa nail oldu. Müstəqilliyin bir çoxlarının düşündüyündən də uzun və çətin yol olduğunu yaxşı bilən ulu öndər Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırdı. Ali Sovetin sədri seçildikdən sonra ulu öndər Heydər Əliyev ona göstərilən etimadı əməli işlə doğrultmağa çalışacağını vurğulayırdı: “Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını vəhdət tutaraq əlimdən gələni edəcəyəm”.
Heydər Əliyevin lider kimi gücü və qüdrəti həm də onun zamanında elan etdiyi məqsəd və vəzifələrin real həyatda praktik tətbiq imkanları ilə ölçülür. Bu mənada, ümummilli lider müstəqil Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxaran mütərəqqi iqtisadi modelin banisi kimi də ehtiramla xatırlanır. Bu iqtisadi inkişaf modeli irəli sürülərkən heç də mövcud dünya ölkələrinin təcrübəsi Azərbaycana köçürülməmiş, respublikanın zəngin təbii resursları, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyi, geniş tranzit-kommunikasiya imkanları, habelə tarixi təsərrüfatçılıq ənənələri, spesifik xüsusiyyətləri nəzərə alınmışdır.
Böyük strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyət nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına yeni təkan vermişdir. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının gerçəkləşməsinə, dayanıqlı siyasi sabitliyə, iqtisadi və milli təhlükəsizlik maraqlarının beynəlxalq səviyyədə təminatına real zəmin formalaşdırmışdır.
Ötən əsrin 90-cı illərinin əvvəllərindəki iqtisadi tənəzzül insanların həyat səviyyəsinin ümumiləşmiş göstəricisi aşağı düşmüşdü. Lakin 1995-ci ildən Azərbaycan iqtisadiyyatının dirçəlməsi sahəsində görülmüş ardıcıl işlər sayəsində əhalinin gəlirləri də tədricən artmağa başlamış, habelə əhalinin rifahının yaxşılaşdırılması sahəsində ardıcıl proqramlar yerinə yetirilmişdir. Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır.
Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli ilder Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Bunun nəticəsidir ki, 1995-2003-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir. 1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Dövlət Proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır.
Ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı” özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Eyni zamanda, sahibkarlığa dövlət maliyyə dəstəyinin hüquqi əsaslarının formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqlənmiş, strukturu formalaşdırılmışdır. Fondun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır. Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmışdır. Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məsələsinə də xüsusi diqqət yetirən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması özəl sektora dəstək istiqamətində mühüm addımlardan biri olmuşdur. Şuranın əsas məqsədi Azərbaycanda sahibkarlığın inkişafına nail olmaq, sahibkarların dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir.
Ümumilikdə, ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar ölkədə yeni iqtisadi sistemə uğurlu keçidi təmin etməklə yanaşı, davamlı tərəqqini də təmin etmişdir. Heydər Əliyevdən sonra onun siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev son illərdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan dövlətlərindən biri kimi tanınır.
Keçid dövrünü başa vuran respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illərdə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Bu məqsədlərə nail olmaq üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.
Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda regionun ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətinə çevrilmişdir. Respublikamız qlobal böhranın təsirlərinin hələ də qabarıq duyulduğu bir şəraitdə sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Cəmiyyətin bütün sahələrində özünü göstərən dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da özünü qabarıq büruzə verir. Ən başlıcası, bu gün Azərbaycan cəmiyyətinin bütövlüyü və monololitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır.
Məhəmməd MUSAYEV,
“ArchiCO
Engineering Group”
MMC-nin direktoru.
Respublika.- 2017.-15 iyun.- S.8.