Ulu öndər Heydər Əliyevin xilaskarlıq
missiyası
15 iyun Milli
Qurtuluş Günüdür
Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rol oynayan, müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin 1993-1994-cü illərdə “Qayıdış”, “Xilaskar”, “Müstəqillik” və “Ədəbiyyat” adlı dörd kitabı nəşr edildi. Əslində bu adi kitab adları deyil, böyük bir siyasətçinin sistemləşdirilmiş siyasi-elmi konseptual baxışlarının məcmusudur. Adlarını çəkdiyim bu dörd kitab Azərbaycanın “DÖVLƏTÇİLİK KİTABI” və “DÖVLƏTÇİLİK SİYASƏTNAMƏSİDİR”. Həqiqətən də, ümummilli liderimiz xalqın təkidli tələbiylə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını öz üzərinə götürdü və müstəqilliyimizin beynəlxalq siyasi əsaslarını möhkəmləndirərək onun əbədiliyinə təminat verdi.
Heydər Əliyevin baxışlar sistemində müstəqillik konsepsiyasının fəlsəfi mahiyyətində Azərbaycan milli, mənəvi və psixoloji gerçəklikləri, vətən, dövlətçilik, suverenlik amilləri dayanır. Müstəqilliyə aparan yol isə öz qaynağını millilikdən, milli tarixdən, milli yaddaşdan və milli şəcərədən alır.
Tarixin müxtəlif mərhələlərində kataklizmlər, fəlakətlər və qarşıdurmalar zamanı xalqın köməyinə həmişə və hər yerdə məhz yaddaş və onun özündə əbədiləşdirdiyi şəxsiyyət çatıb. Azərbaycan xalqının yaddaşında əbədiləşən belə bir MÜDRİK ŞƏXSİYYƏT isə ulu öndər Heydər Əliyev idi. Görkəmli siyasi xadim Heydər Əliyev Azərbaycan xalqı qarşısında tarixi vəzifənin məsuliyyətini qəbul etdi və 1993-cü il iyunun 15-də Bakıya gələrək xilaskarlıq missiyasını qətiyyətlə həyata keçirdi.
1990-cı illərin əvvəllərindən Azərbaycanın ictimai-siyasi həyatında baş verən hakimiyyət böhranı, xaos və gərginlik 1993-cü ilin may-iyun aylarında son həddə çatdı, ölkə vətəndaş müharibəsi və hətta müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldı və Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Bu, əsl mənada, milli hərəkata çevrildi və nəticədə, Azərbaycanın o zamankı dövlət rəsmiləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları alt-üst oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin coğrafiyasının genişlənməməsi və daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. İndi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasına son qoydu.
Keçən əsrin 90-cı illərinin siyasi mənzərəsini xarakterizə edən öndərimiz qeyd edirdi ki, daxili çəkişmələr, toqquşmalar nəticəsində 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi və böyük fəlakət - ərazicə parçalanmaq təhlükəsi qarşısında durmuşdu. Belə bir şəraitdə Azərbaycana həm Ermənistanın təcavüzü güclənmiş, həm xarici qüvvələrin təzyiqi artmış, həm də daxili qarşıdurmalar yüksək həddə çatmışdı. Bu məsələləri şərh edən Heydər Əliyev bildirirdi ki, 1993-cü ildə biz Azərbaycanda baş verə biləcək vətəndaş müharibəsinin qarşısını böyük çətinliklə aldıq. Ancaq daxildə yaranmış qruplaşmalar və qanunsuz silahlı dəstələr hakimiyyət uğrunda mübarizəni yenə də davam etdirdilər. Məhz bu qanunsuz silahlı dəstələrin, ayrı-ayrı siyasi qrupların bu cür dağıdıcı fəaliyyəti nəticəsində 1994-cü ilin oktyabr ayında, 1995-ci ilin mart ayında Azərbaycanda silahlı dövlət çevrilişinə cəhdlər göstərilmiş, bunların qarşısı alınmışdır. Ancaq terrorçu qruplar, dəstələr sonralar da Azərbaycanda təxribatlar və terror aktları həyata keçirməyə cəhdlər etmişdilər. Xarici ölkələrin xüsusi xidmət orqanları Azərbaycanda bir neçə təxribat əməliyyatı keçirmiş, 1994-cü ildə Bakı metropolitenində iki dəfə güclü partlayış törədilmişdir. Biz bunların hamısının qarşısını ala bilmişik (Heydər Əliyev. Sülh və təhlükəsizlik naminə. Bakı, 2000, s. 125).
Həmin dövrdə Heydər Əliyevin dediyi kimi, bütün hərbi nizam-intizam qaydalarına riayət edən dövlətin və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərən, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn qüvvələrlə mübarizə aparan milli ordunun formalaşması əsas vəzifələrdən idi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə çalışan Heydər Əliyev monolit ordu yaratdı. Buna baxmayaraq “ağıl olan yerdə zora ehtiyac yoxdur” prinsipini əsas götürərək atəşkəsə nail oldu. Heydər Əliyevin bu siyasəti həm Azərbaycan, həm də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi.
Heydər Əliyev iqtisadi, hərbi, siyasi, mədəni quruculuğa dövlətçiliyin əsas komponenti kimi baxmaqla yanaşı, onların hamısına eyni dərəcədə qayğı göstərir və bununla da yuxarıda sadalananların hər hansı birinin diqqətdən kənarda qalmasını dövlətçiliyin qüsuru hesab edirdi. Heydər Əliyev sübut etdi ki, dövlət və dövlətçilik ayrı-ayrı hissələrdən komponentlərdən deyil, komponentlərin işlək kompleksindən ibarətdir.
Ümummilli lider özünün nadir, yalnız dahi şəxsiyyətlərə xas olan siyasi bacarığı gücünə ölkəni hərbi çevriliş cəhdlərindən, vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi. Xalqı yenidən vahid məfkurə ətrafında birləşdirdi. Azərbaycan yalnız Heydər Əliyevin qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın dünya birliyindən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz beynəlxalq aləmdə özünə layiqli yer tutdu. Ulu öndər Heydər Əliyevin gəlişi ilə bizim qurtula bildiyimiz ən böyük problemlərdən biri də separatçılığın, Azərbaycanın parçalanmasının qarışısının alınması oldu. Məhz onun yeritdiyi siyasət nəticəsində Azərbaycan adlı məmləkət xanlıqlara və quberniyalara parçalanmadı.
Ulu öndərin qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu prosesinin əsası qoyuldu. Milli ordunun formalaşması, nizamlı silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olundu. Heydər Əliyevin qayıdışından sonra Azərbaycanın taleyi ilə pərdəarxası oyunlara son qoyuldu, bütün qanunsuz silahlı qruplar ləğv olundu, əhalidə və qeyri-qanuni yaradılmış dəstələrdə olan silahlar yığıldı və dövlət kriminallaşmaqdan xilas edildi. Bu da dövlət quruculuğu prosesinin uğurla aparılmasına geniş şərait yaratdı. Dövlət müstəqilliyi qorunub saxlandı. Müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı, ölüm hökmü və senzura ləğv edildi, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı, əlifba islahatı həyata keçirildi.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi: “Bütün Azərbaycan xalqı o illəri təhlil edərkən bir daha gördü ki, Azərbaycanın inkişafında, müstəqilliyin möhkəmləndirilməsində, qorunub saxlanılmasında, bügunkü vəziyyətə gətirilib çıxarılmasında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Əgər o, 1993-cü ildə Naxçıvandan Bakıya qayıtmasaydı, Azərbaycan öz dövlət müstəqilliyini itirə bilərdi. İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”. Beləliklə biz meydan eyforiyasından, xaosdan, hərc-mərclikdən, qanunsuz silahlı dəstə və birləşmələrdən... qurtulduq! Ölkədə sabitlik və əmin-amanlıq yarandı!
Vaxtı ilə Nəriman Nərimanov yazırdı ki, mən Azərbaycan neftinin gəlirinin bir faizinin Azərbaycanda qalması üçün Serobrovski ilə düz bir il danışıqlar apardım. Heydər Əliyev erası Azərbaycanın təbii sərvətlərindən, coğrafi-strateji mövqeyindən milli maraqlara uyğun istifadə edilməsinə yönəldilmiş beynəlxalq iqtisadi sazişlərin imzalanması və həyata keçirilməsi dövrüdür. Azərbaycan bunun sayəsində böyük siyasi məna kəsb edən bir sıra qlobal iqtisadi proqramların reallaşmasında aparıcı rol oynayır. Məhz yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inamdan istifadə edilərək 1994-cü ilin sentyabrında 15-də ölkədən 33 iri neft şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi” adlı ilk neft müqaviləsi imzalandı. Bununla Heydər Əliyev sübut etdi ki, Azərbaycan xalqı öz maddi-mənəvi sərvətlərinin sahibidir. Bununla da biz asıllıqdan qurtulduq. Vaxtı ilə ABŞ-ın Prezidenti Bill Klinton deyirdi ki, Heydər Əliyev yalnız Azərbaycanı deyil, dünyanı idarə etmək gücünə qadir olan bir siyasətçidir. Həqiqətən də güclü şəxsiyyətlər idarə olunmur, idarə edir. Ona görə də, Heydər Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində biz idarə olunan dövlətdən müstəqil siyasət yeridən, idarə edən dövlətə çevrildik. Daha doğrusu, ulu öndərimizin sayəsində kənar, yabançı qüvvələr tərəfindən idarə olunmaqdan qurtulduq.
Böyük öndərin qayıdışı ilə başlıca qayəsini müstəqillik, dövlətçilik, demokratiya, tərəqqi, dünyəvilik, milli mənəvi dəyərlər, xalqın dili, tarixi və mədəniyyəti kimi ümumbəşəri dəyərləri təşkil edən yeni milli ideologiyanın — Azərbaycançılıq məfkurəsinin Heydər Əliyev modelinin əsası qoyuldu. Heydər Əliyev zəkası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını “Azərbaycançılıq” məfkurəsi ətrafında birləşdirdi və Azərbaycan diasporunun yaradılmasını təmin etdi.
Böyük ideoloq Heydər Əliyevin bu kamil konsepsiyasından da aydın görünür ki, milli ideologiyanın başlıca qayəsi xalqda Vətən sevgisi tərbiyə etməkdir. İnsanların siyasi baxışlarından, fikir ayrılığından, təhsil səviyyələrindən asılı olmayaraq hamı bir sağlam ideya ətrafında birləşməlidir ki, bunun da adı azərbaycançılıqdır. Göründüyü kimi, azərbaycançılıq bir qövmün, bir sinfin, bir partiyanın, hətta bir millətin ideologiyası deyil, o, Azərbaycanda yaşayan bütün millətlərin ideologiyasıdır. Ulu öndər azərbaycançılıq məfkurəsinə gətirdiyi yenillik və kamillik ondan ibarətdir ki, o, ictimai şüurla, milli şüur və dövlətçilik şüuru arasında harmoniya yarada bildi. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycançılıq ideologiyasının Heydər Əliyev modeli millətimizin ən mükəmməl və ən kamil istiqlal bəyannaməsidir.
Ulu öndərimizin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Məlumdur ki, hisslər və ehtiraslar, inkvizisiya və irtica önə keçəndə müasir silahlar - toplar və tanklar üz-üzə dayanır, adamlar şəhid olur, torpaq da insan kimi əsir düşür, girov götürülür, Xocalı kimi, Şuşa kimi, Laçın kimi, Ağdam kimi, Füzuli kimi... Hətta kataklizmlər və tragik situasiyalar zamanı svilizasiya nümunələri hesab edilən mədəni abidələr, heykəllər belə erməni vandalizminin, erməni qurşununun qurbanına çevrilir; Natəvanın, Bülbülün, Üzeyir Bəyin, Vaqifin heykəlləri kimi.
Müdriklər, aqillər masa arxasında əyləşəndə isə tanklar, toplar öz yerini sivilizasiyaya, intellektə və ağıla verir. Ağıl hissləri və ehtirasları, tankları və topları kənara itələyir, söz və diplomatiya silahına üstünlük verir. Yalnız bu zaman şəhidlər olmur, qara tabutlar evlərə girmir, genetik kod və şəcərə sağlamlığını, torpaq isə bütövlüyünü qoruyur.
Heydər Əliyev də Dağlıq Qarabağ münaqişəsini sivil yolla, ağlın və intellektin gücü ilə həll etməyə üstünlük verdiyindən silahları susdurub, atəşkəsə imza atdı. Milli öndər ən ağır və taleyüklü məsələni hisslərdən və ehtiraslardan uzaqda, ağlın və intellektin gücü ilə həll etməyi Amerikadan, Lissabondan, eləcə də bütün Avropadan dünyaya bəyan etdi və sübut etdi ki, Azərbaycan Prezidenti və Azərbaycan xalqı müdriklik və böyüklük göstərərək erməni təcavüzünün qarşısını qan tökmək yolu ilə deyil, sülh yolu ilə almaq istəyir. Azərbaycan bu illərdə dünyanın nəhəng dövlətləri ilə sıx münasibətlər qurdu, Avropa Şurasına və bir sıra beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olundu. Beləliklə də biz bir millət olaraq təklənməkdən qurtulduq. Hələ 1970-ci illərdə Azərbaycanda, 1980-ci illərdə isə bütün sovetlər məkanında elmin və təhsilin inkişafında böyük xidmətləri olmuş Heydər Əliyev müstəqillik şəraitində açılan yeni imkanlardan bəhrələnməklə qazanılmış nailiyyətləri daha da möhkəmləndirmək və inkişaf etdirmək mövqeyindən çıxış edir və deyirdi: “İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin. Güman edirəm ki, bizim alimlər, müəllimlər, təhsil sahəsində ixtisaslaşmış institutlar bu işlərin öhdəsindən gələcəklər”. Göründüyü kimi, ulu öndər Heydər Əliyev təhsilin inkişafına kompleks yanaşır və maarifçiliyin təsisatı ilə bağlı hər hansı bir qərar qəbul edəndə tələsmirdi. Birincisi, ona görə ki, “intellekt istehsal edən” təhsil müəssisələrində xalqın “yaddaş məktəbi”ndən “təfəkkür, düşüncə məktəbi”nə keçidi”n əsası qoyulurdu və bu yalnız müvafiq dövlət orqanının işi deyildi. Ulu öndərin təbirincə desək, “təhsil ictimai hadisə, hətta mən deyərdim ki, ümumxalq işidir. Deməli, xalq bu prosesdən kənarda qalmamalıdır”.
İkincisi, Heydər Əliyev Qərb təhsil sistemini bir ehkam, bir stereotip və şablon kimi Azərbaycanın təhsil sisteminə tətbiq etməyin tərəfdarı deyildi. Bunun üçün dünyanın ən müasir təhsil sistemi öyrənilməli, onun gücü və gücsüzlüyü üzə çıxmalı, ən mütərəqqiləri Azərbaycanın təhsil dövriyyəsinə daxil edilməli idi.
Üçüncüsü, ümummilli lider Heydər Əliyev təhsil sahəsində uzun müddət əldə edilmiş təcrübədən də imtina etmək fikrində deyildi və onların da yeni təhsil siyasətində öz əksini tapmasının tərəfdarı idi.
Dördüncüsü, ulu öndərimiz dövlətin yeni təhsil siyasətində xalqımızın milli maraqlarının, adət-ənənələrinin, milli psixologiyasının, milli mentalitetinin, Azərbaycançılıq ideologiyasının, bir sözlə, Qərblə Şərq təhsil sisteminin sintezindən doğan yeni, modern bir təhsil sistemi yaratdı. Beləliklə, elm, təhsil və maarif sahəsində milliliyimizi, milli kimliyimizi, milli mentalitetimizi itirməkdən qurtulduq.
Bu gün ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev ulu öndərin müəyyən etdiyi strateji siyasi xətti uğurla həyata keçirir. Son illərdə möhtərəm Prezidentimizin imzaladığı fərman və sərəncamlar islahatlar epoxasının, intibahın nümunəvi tarixi sənədələridir. Həmin sənədlər regionların sosial-iqtisadi inkişafında, səhiyyənin, elmin, təhsilin, maarif və mədəniyyətin tərəqqisində, insanların həyat səviyyəsinin, maddi rifah halının yüksəlməsində çox böyük əhəmiyyət kəsb edir.
Xalqın yaddaş təqvimində elə günlər əbədiləşir, həmişəyaşarlıq statusu qazanır ki, onlar millətin tarixində və taleyində mühüm rol oynayır. Bu mənada 15 iyun bu millətin tarixində və müstəqillik bioqrafiyasında xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdiyindən bizim bu günü Qurtuluş Günü kimi bayram etməyimizə tam haqqımız və səlahiyyətimiz çatır.
Cəlal
QASIMOV,
Dövlət
Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyasının əməkdaşı,
professor.
Respublika.-
2017.-15 iyun.- S.8.